Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-10 09:43:00
Yaxşı müəllim ola bilərdim - Tanınmış jurnalist

“Hakimə dedim ki, möhtərəm hakim, mən Azərbaycan dövlətindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət etməyəcəm” “Zahid Orucun o səmimiyyətini indiyədək unutmamışam” “Dənuz Bakyala bir-iki “sehrli söz” deyəndən sonra birdən ayıldı ki, artıq müsahibə verib”

AzEdu.az Modern.az-a istinadən tanınmış jurnalist Elşad Paşasoyun müsahibəsini təqdim edir.

Elşad Paşasoy 10 may 1974-cü ildə  Yardımlı rayonu, Bilnə kəndində anadan olub. Lənkəran Dövlət Universitetinin filologiya fakültəsini bitirib . 1999-ci ildən mətbuatdadır . "Ekspress", "Ekspert", "Ulus", "Ulu Turan" qəzetlərində işləyib. 1999-cu ilin sonlarından indiyədək "Yeni Müsavat" qəzetində çalışır. Ailəlidir, 2 övladı var. 

- Elşad bəy, necə oldu ki, yolunuz jurnalistikaya düşdü?

- Qafar bəy, sualınız məni düz 22 il əvvələ apardı. 1997-ci ilin elə bu vaxtlarıydı. Xidmət etdiyim hərbi hissənin yaranması münasibətilə keçirilən tədbirə Bakıdan böyük bir nümayəndə heyəti gəlmişdi. Onların içərisində şair Cabir Novruz, professor Vaqif Arzumanlı, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas və digər bir çoxları var idi. AzTV-nin çəkiliş qrupu əvvəlcə əsgərlərdən müsahibə almaq istədi. Hərbi hissədəki tədbirlərdə fəal olduğuma görə komandir mənim danışmağımı istədi. Fikirlərimi Cabir Novruzun necə diqqətlə dinlədiyini indiyədək xatırlayıram. Hissə komandiri polkovnik Elxan Qəniyev yaxşı alındığını görəndə dedi ki, Paşayev klubda keçiriləcək tədbirdə də çıxış eləsin. Təbii ki, komandirin sözündən çıxa bilməzdim. Amma bu dəfə bir az fərqli çıxış etməyə qərar verdim. Geniş auditoriya qarşısında necə şövqə gəldimsə, sonda özümün yazdığım “Yaşasın Milli Ordu” şeirimi də söylədim və bol alqış qazandım. Çıxışdan sonra Aqil bəy gəlib mənim boynumu qucaqladı, xoş sözlər dedi və cibindən bir kağız çıxarıb nömrələr yazıb verdi, “hərbi xidməti bitirəndən sonra zəng elə, gəl yanıma, səndən yaxşı jurnalist olar” söylədi. 3 ilə yaxın xidmət etdikdən sonra tərxis olundum. Aqil bəyə zəng etməyə üç ay tərəddüd elədim, dedim bəlkə də məni unudub. Amma ilk zəngimdə “bəs, sən hardasan” deyib az qala məni məzəmmət elədi. Bu diqqət məni bir az cəsarətləndirdi və rayondan Bakıya gəldim. “Azərbaycan” nəşriyyatındakı redaksiyada görüşdük, çox səmimi söhbətimiz oldu, məni dinlədi, bir sıra məsləhətlərini verdi. Qarabağdan danışanda kövrəldi. Növbəti gedişimdə mən Aqil Abbasa öz şeirlərimi aparmışdım, biri də onun kövrəldiyi ana həsr olunmuşdu. Bir neçə gün sonra şeirlərim “Ədalət” qəzetində dərc olundu. Aqil bəy məsləhət gördü ki, 1999-cu ilin yanvarından qəzetdə işə başlayım. Ancaq bir neçə gün sonra təsadüfən tələbə yoldaşımla rastlaşdım, bu yaxınlarda vaxtsız dünyadan köçən dəyərli dostumuz, AMEA-nın Tarix İnstitutunun əməkdaşı Hakim Qəmbərli ilə. Hakim bəy təklif elədi ki, “Ekspress”də bir yerdə işləyək. Mən də Aqil bəyin xeyir-duasını aldıqdan sonra jurnalistika fəaliyyətinə “Ədalət”dən deyil, “Ekspress”dən başlayası oldum. 

- Uzun müddətdir “Yeni Müsavat”da işləyirsiniz. Bu qəzetə gəlişiniz necə oldu? 

- Düzdür, 20-ci ildir ki, “Yeni Müsavat”dayam. “Ekspress”də cəmi bir neçə ay işlədim. O zaman çox fəal və məhsuldar olduğumu görən qəzet rəhbərliyi gənc jurnalist olmağıma baxmayaraq, məni hətta Əbülfəz Elçibəyin məhkəmə prosesinə göndərmişdi. Siyasət meydanının qaynar vaxtı idi, gah mətbuat konfransları, gah aksiyalar, gah müsahibələr... Lakin nə baş verdisə, qəzetin rəhbərliyi dəyişdi, Qənimət Zahid öz komandası ilə “Ekspress”ə gəldi. Xəbər aldım ki, köhnə heyətin əksər üzvləri ixtisar olunacaq və siyahıda mənim də adım var. O zaman qəzetin təsisçisi olan rəhmətlik Müşfiq Səfiyevlə görüşüb bunun səbəbini öyrənmək istədim. Dedim ixtisarlar hansı əsasla aparılır, deyilsin. Çünki şəxsən mən qüsursuz işləmişəm. Məni dinləyəndən sonra dedi ki, get, işinə davam et, narahat olma. Ancaq hörmətimi izhar edərək dedim ki, çox sağ olun, qəzet rəhbərliyinin belə ədalətsiz münaisbətindən sonra mən burada işləyə bilmərəm. Beləcə, ərizəmi yazıb işdən çıxdım. Bir müddət işsiz qaldım. Bu zaman həmkarlarımdan biri “Ana Vətən” qəzetində iş təklifinin olduğunu söylədi. Getdik və qəzetin baş redaktoru Zahid Orucla görüşdük. Zahid bəy bizi olduqca səmimi qarşıladı. Bu qəzetdə işləməyim mümkün olmasa da, Zahid Orucun o səmimiyyətini indiyədək unutmamışam. Bəlkə də məni – 3 il orduda xidmət etmiş bir gənci heç bir səbəbsiz işsiz qoyan müxalifətçi baş redaktorla müqayisənin nəticəsində yaranıb bu təəssürat...

Az sonra “Ekspress”in baş redaktoru Rizvan bəyin “Ekspert” qəzeti ilə yola davam etməsi nəticəsində bizim də işsizliyimizə son qoyuldu. Bir müddət sonra isə “Ekspert”də maliyyə problemləri yarandı və yenə iş yeri axtarışına çıxdım. Paralel olaraq “Ulus”, “Ulu Turan” qəzetlərinə yazılar yazmağa başladım. Ancaq günün birində “Ulus”un baş redaktoru dedi ki, sənin “Ulu Turan”da çap olunan “Gün gələcək Rəsul Quliyev İlyas İsmayılovla rəqib olacaq” məzmunlu yazın yaxşı qarşılanmayıb. Bununla da mənə demək istədi ki, sən daha bizimlə işləyə bilməzsən. O zaman Rəsul Quliyevlə İlyas İsmayılov həmsədr idilər, ancaq mən onların ayrılcağını yazmışdım, çox keçmədi proqnozlar doğruldu. Vəziyyəti belə görəndə ordan da uzaqlaşdım və çox təəssüf ki, sonradan “Ulus” rəhbərliyi bu yazının “qisas”ını məndən aldı. Belə ki, qəzetdə çap olunmuş “Yurdçu jurnalistlər” siyahısında mənim də adımı salmışdılar. Hansı ki, Qənimət Zahid məni “Yurd”çu olmadığım üçün “ögey” əməkdaş bilib ixtisar siyahısına salmışdı. Sonradan “Ulus”un bu yazıya imza qoymuş əməkdaşı etiraf etdi ki, mənim adımı ora əlavə etmək göstərişi rəhbərlikdən gəlib. Ən acınacaqlısı bilirsiniz nə idi? Sonradan KXCP-nin rəhbərliyində təmsil olunan Bəybala Əbil “Yurd həqiqətləri” kitabını nəşr etdirəndə “Ulus”da çap olunan qondarma siyahını da kitabına əlavə etdi. Mən partiyaya gedib Bəybala Əbilə etirazımı bildirdim, ancaq nə faydası? Beləcə, həm mətbuatda, həm də siyasətdə bir sıra iddialı şəxslərin nə qədər “ciddi” işlərlə məşğul olduğunu gördüm o illərdə.

1999-cu ilin sonlarında “Yeni Müsavat”a bir yazı təqdim etdim, çap olunacağına ümid eləmirdim. Çünki “Yeni Müsavat” çox populyar və tirajlı, həm də sayseçmə imzaları öz ətrafında birləşdirdiyinə görə bu qəzetdə nəinki çalışmağı, hətta çap olunmağı real saymırdım. Ancaq bir neçə gün sonra redaksiyaya gəldikdə o zaman baş redaktorumuz Rauf Arifoğlunun müavini olan Qabil Abbasoğlu məni görən kimi “qardaş, sən hardasan?” deyib məzəmmət elədi. Redaktor Şirzad Məmmədlidən xahiş elədi ki, məni “test eləsin”, siyasi biliyimi yoxlasın. “Test”dən keçdim və o vaxtdan bu qəzetdə çalışıram. 

- Jurnalistikamızın vəziyyəti barədə danışmağınızı istərdik. Çatışmayan cəhətlər nələrdir?

- Etiraf etmək lazımdır ki, medianın maddi-texniki bazası bu illər ərzində ciddi şəkildə inkişaf edib. Vaxtilə bir xəbəri hazırlamağın özü belə, xeyli vaxt aparırdı. İndi internetin verdiyi geniş imkanlar da öz sözünü deyir. Eyni zamanda, KİV-ə Dövlət Dəstəyi Fondunun da dəstəyi danılmazdır. Ancaq bütün bunların fonunda nədənsə çox hallarda biz “jurnalistikanın qızıl vaxtları”ndan danışarkən keçən illərə istinad edirik. Axı indiki imkanlar o zaman yox idi, elə isə niyə keyfiyyətcə çox irəli gedə bilmirik? Burada obyektiv və subyektiv səbəblər var. Media orqanlarının kəmiyyətcə artması fonunda keyfiyyətin aşağı düşməsi narahatlıq doğurur. Bəzən özünü sayt rəhbəri adlandıran şəxsin böyük iddialarını gördükcə, onun müəllifi olduğu hansısa yazını xatırlaya bilməyəndə illərini mətbuata həsr etmiş həmkarlarımızın nələr keçirdiyini başa düşmək heç də çətin olmur. Gərək insanın iddiaları ilə imkanları tərs mütənasib olmasın, əksi olanda inkişafda axsama baş verir. Bu isə son nəticədə jurnalistikanın imicini zədələyir. Beləcə, oxucu mediaya inamını itirir, jurnalistikaya istedadlı kadrların gəlişində səngimə baş verir, peşəkarlar mətbuatdan uzaqlaşır. Mən hesab edirəm ki, əmək kitabçasına çap mediasındakı stajı yazılmayan, qəzet məktəbini keçməyən jurnalist bir az da jurnalistikanın “bəxtsiz cavan”ıdır. Qəzet məktəbinin üstünlükləri danılmazdır və bu mərhələni keçənlər “müdafiə” mərhələsini adlayırlar. Bu mənada biz gərək internet mediasını inkişaf etdirməklə yanaşı, ən azı kadr bankının zəngin olması üçün çap mediasını da yaşadaq. Bu, həm də gələcək nəsillər üçün, tarixi mənbə olaraq çox vacibdir. 

- Bir çox həmkarınız zamanla jurnalistikadan ayrıldı. Siz də nə zamansa bu sahədən getmək barədə düşünmüsünüz? 

- Jurnalistin, xüsusilə də dəst-xətti ilə seçilən, fərqli üslubu, yazı texnikası olan hansısa həmkarımızın jurnalistikada uzaqlaşması əslində faciəvi hadisədir. On illərini yazıya həsr etmiş qələm, klaviatura adamının günün birində yazılarına “stop” deməsi asan qərar deyil. Bu, özünüifadəyə “dur” demək qədər çətin seçimdir. Məncə, mətbuatda sözünü demiş simaların geri qayıdışı üçün düşünmək gərəkdir. Məsələn, mən bu yaxınlarda oxudum ki, bir sıra tanınmış diktorlarla AzTV-də görüş olub və onların təcrübəsindən istifadə olunmasına qərar verilib. Bu xəbər məni çox sevindirdi. Hələ uşaq ikən həmin aparıcılara həsədlə baxardım, onların məlahətli səsinin sehrinə düşərdim, səlis nitqini təqlid etməyə çalışardım. Belələrinin təcrübəsindən niyə istifadə olunmasın ki? Məncə, çap mediasının təcrübəli isimləri - hansı ki, uzun müddətdir kənara çəkiliblər – də hansısa şəkildə əməkdaşlığa cəlb olunmalıdır. Bəlkə elə onların yeni bir qəzetdə toplanması, imzalarının görünməsi, yazılarını stimullaşdırmaq üçün dövlət tərəfindən də dəstək verilə bilər. Onlar yeniyetmə və gənclərə jurnalistikanı sevdirə, ölkəmizə yeni imzalar qazandıra bilərsə, niyə də bu təcrübədən istifadə olunmasın? Özümə gəldikdə, hələ ki, özümü mətbuatdan ayrı təsəvvür eləmirəm. Əgər küçədə, metroda, xeyir-şərdə tanımadığın şəxslər yaxınlaşıb səmimi görüşür, yazdıqların haqqında xoş sözlər deyirsə, deməli, sən bu sahədə lazımsan, xidmətini davam etdirməyə borclusan. Bir gün görsəm, yazdıqlarım heç kimi maraqlandırmır, yaxud yaza bilmirəm, o zaman çıxıb gedəcəyəm. Haraya, onu bilmirəm... 

- Övladlarınıza qarşı çox tələbkarsınız? 

- Açığı, bir sıra hallarda çox tələbkar olduğumu düşünürəm. Hətta öz-özümə deyirəm ki, axı, uşaqların günahı nədir, onları bu qədər sıxıram? Onsuz da çiyinlərindəki çantaların ağırlığı onların qədd-qamətini əyir, dərsliklərin yükü beyinlərini yorur, ətraf aləmdəki mənfiliklər uşaq həyatlarına istər-istəməz təsir göstərir. Ancaq digər tərəfdən təcrübəyə istinad edərək deyirəm ki, yox, uşaq hələ sərbəst həyata hazır olmadığı üçün ona ifrat azadlıq vermək üzməyi bacarmayan insanı dəryaya atmağa bənzər hal olar. Vaxtilə atamın bizə qarşı tələbkarlığını düşündükcə baxıram ki, mən o qədər də tələbkar deyiləm. Onu da qəbul edirəm ki, məhz vaxtilə həm evdə, həm də məktəbdə müəllimim olan atamın tələbkarlığı sayəsində həyatda nələrəsə nail olmuşam. Ona görə də uşaqlara qarşı qədərincə tələbkar olmaq onları təkcə yaxşı övlad deyil, həm də mükəmməl vətəndaş kimi yetişdirmək deməkdir. Ailədəki tələbkarlıq məktəbdəki ilə paralel gedəndə boşluq yaranmır və neqativlər ortaya çıxmır. Sadəcə övladlarıma kifayət qədər vaxt ayıra bilmədiyimə görə özümü qınayıram. Bizim peşəmiz bir az hərbi, bir az da kəşfiyyat sahəsinə bənzəyir, hər zaman ayıq-sayıq olmalısan, informasiya ovlamalı, operativliyi əldən verməməlisən. Belə olan halda şəxsi həyat istər-istəməz arxa plana keçir, o cümlədən uşaqların asudə vaxtları. Sağ olsunlar, artıq bu rejimə adət ediblər.   

- Müsahibələrinizdən danışmağınızı istərdik. Ən məşhur müsahibiniz kim olub? 

- Əslində bu suala daha obyektiv cavabı əlahəzrət oxucu verə bilər. Geridə qalan illər ərzində müsahiblərim və müsahibələrim çox olub. Onların hər biri əziyyətlə başa gəldiyi üçün bir-birindən ayırmağa çətinlik çəkirəm. Fəaliyyətim boyu çalışmışam ki, müsahibin fikirlərini heç vaxt təhrif etməyim. Bunu öncə özümə yaraşdırmamışam, həmçinin qarşımdakının siyasi mənsubiyyətindən, mövqeyindən asılı olmayaraq, onun fikirlərinə hörmətlə yanaşmışam. Jurnalistikamızın ağsaqqal nümayəndəsi, hamımızın müəllimi Şirməmməd Hüseynovla həmsöhbət olmaq zövq verir. Ondan aldığım müsahibələri oxuyanda həm də tariximizi daha dərindən öyrənirik. Elə həmsöhbətlərim olub ki, geniş danışmaq imkanı olmasa da, jurnalistika fəaliyyətimdə yaddaqalan olub. Məsələn, mərhum prezident Heydər Əliyevlə Milli Parkdakı söhbətimizi unutmamışam. Prezident İlham Əliyevlə də həmsöhbət olmaq şansım yaranıb və xoş təəssüratlarım var. “Böyük 20-lər”in Antalya zirvəsi isə mənimçün xüsusilə yaddaqalan oldu. Azərbaycandan yeganə qəzetçi olaraq həmin zirvədə iştirak edirdim. Tədbirin gedişində Azərbaycanın Birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevadan bəlkə də ölkə mediasının ilk nümayəndəsi olaraq açıqlama almaq fürsəti qazandım. Mehriban xanım da Azərbaycandan gəldiyimi biləndə çox səmimi şəkildə suallarımı cavablandırdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətimiz də böyük səs-küy doğrumuşdu. Antalyada olarkən Türkiyə mediasının suallarını cavablandırmaqdan imtina edən Dəniz Baykala yaxınlaşıb bir-iki “sehrli” sözlər deyəndən sonra birdən ayıldı ki, artıq müsahibə verib. Qayıtdı ki, “iyi qəzetəçisənmiş, məni danışdırdın”. Bunlar təbii ki, xoş duyğulardır.  

- Özünüzün də dəfələrlə oxuduğunuz müsahibələriniz olubmu? 

- Düzü, siyahı çox genişdir. Şəxsən mən hansısa müsahibimin bir gün həyatdan köçməsinə sakit yanaşa bilmirəm,  ağrı ilə qarşılayıram. Elə bilirəm ki, belə həmsöhbətlərin dünyadan getməsi ilə jurnalistikanın imkanları da azalır. Mən illər öncə müsahibələrimin bir qismini toplayıb, dostlarım köməyi ilə “Bir bazar günü” kitabını nəşr etdirdim. Artıq o müsahiblərimdən bir çoxu dünyasını dəyişib: Vəfa Quluzadə, Cavad Heyət, Sabir Azəri, Məmməd Aslan, İsaxan Aşurov, Elton Quliyev, Nizami Süleymanov, Sirus Təbrizli, Məhəmməd Hatəmi, Almurad Əliyev.

Ən səs-küylü müsahibəm Sirus Təbrizli ilə olmuşdu: qışın çovğununda qarın içərisinə girmişdi, sonra hovuzda üzmüşdü müsahibənin gedişində. Bununla da gənclərimizə sağlam həyat tərzini seçməyi təbliğ eləməyə çalışmışdı. Hətta başı üstə dəqiqələr uzunu qalmışdı, hamımızı heyrətləndirmişdi. Vaxtilə keçmiş təhsil naziri Misir Mərdanov mətbuata açıq məmurlardan biri idi və mənim onunla bir neçə maraqlı müsahibəm olmuşdu. Eyni zamanda, 22 il Azərbaycanın Baş naziri işləmiş Artur Rasizadə ilə də ilk müsahibəni də deyəsən, elə keçən il mən aldım.  

- Bir çox ölkədə olmusunuz, hansında jurnalistikanın vəziyyəti sizi qane edib? Azərbaycanla müqayisə etmisiniz?

- Mənim nəzərimdə Türkiyə mediası çox irəli gedib və bizim öyrənəcəyimiz, əxz edəcəyimiz çox şeylər var. Son illərdə Türkiyə tele-radio və qəzetlərinin redaksiyalarında olarkən, həmçinin onlarla birlikdə tədbirlərə qatılarkən bu üstünlüyü açıq şəkildə müşahidə etmişəm. Hətta türkdilli ölkələrdən, o cümlədən dünyanın digər ölkələrindən gəlmiş media mənsubları ilə müqayisədə qardaş ölkədəki həmkarlarımızın çox irəli getdiyi qənaətindəyəm. Məncə, Azərbaycan mediasında peşəkarlığın artırılmasına diqqət yetirməklə yanaşı, azadlıqların sərhədlərinin daha da konkretləşdirilməsinə də ehtiyac var. Media insanların “qurşaqdan aşağı” vurulmasına alət olmamalıdır. Eyni zamanda bu sektorda çalışan hər kəs bilməlidir ki, jurnalistika varlanmaq üçün vasitə rolunu oynamır, bütün sahələrdə olduğu kimi, burada da qırmızı xətti keçmək olmaz. Fikrimcə, jurnalist öncə vətəndaş olmalıdır. Əgər vətəndaşlıq prinsipi peşəyə qurban verilərsə, o halda nəticə çox ağır olar, hətta bu, vətənə xəyanətə qədər apara bilər. Başqa bir vaxtda bəlkə də bunun üstündən keçmək olardı. Amma xüsusilə də ərazilərimizin işğalı şəraitində biz olduqca diqqətli olmalıyıq. Azərbaycan jurnalistikasının potensialı yüksəkdir, yetər ki, ondan düzgün və yerində istifadə olunsun. Bir ölkədə ki, mediaya böyük vəsaitlər ayrılır, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atılır, orada medianın inkişaf etməməsi ən azı insafsızlıq olar. Ancaq mediaya əngəllər də aradan qaldırılmalıdır, onun reklam bazarına diqqət yetirilməlidir ki, jurnalistika özü ayaq üstə dayanmağı bacarsın, onsuz da kifayət qədər qayğıları olan dövlətin üzərində əlavə yükə çevrilməsin.  

- Heç Azərbaycandan kənarda yaşamaqla bağlı fikirlərə düşmüsünüz? 

- Heç vaxt! Özümü Azərbaycandan kənarda təsəvvür edə bilmirəm. Adam doğulduğu yeri-yurdu necə yad ölkə ilə dəyişə, yaxud doğmalarından min km-lərlə kənarda rahat yaşaya bilər? Bu mənada mühacirətdə yaşayanları çox da qınamağın tərəfdarı deyiləm. Hesab edirəm ki, qürbətdə ömür sürməyin üstünlükləri ilə yanaşı, ağırlıqları da var. Mən Bakıda ola-ola az qala hər həftə kəndimiz yuxuma girir, ildə bir neçə dəfə baş çəkməyəndə bağrım yarılır. Torpaqları işğalda olan bacı-qardaşlarımızın nə çəkdiyini bu mənada yaxşı anlayıram. Xarici ölkələrdə uzağı beş gün qalandan sonar artıq ürəyim “atlanır”. 

- Jurnalistikada sizə nələri qazandırdı? 

- Jurnalistika ürəyimin sözünü imkan dairəsində demək, düşüncələrimi ictimai fikrə çatdırmaq, geniş auditoriyada tanınmaq şansı verdi, çoxsaylı dostlar qazandırdı. Eyni zamanda, varlığı ilə qürur duyduğumuz dövlətimizdən mənzil hədiyyə aldıq, Prezidentlə həmin mərasimdə səmimi söhbət etmək fürsəti də tarixi hadisədir. Bundan əlavə, jurnalistika ölkənin vitrinində olası çox saylı ziyalılar, siyasət və incəsənət adamları ilə ünsiyyət imkanı verdi. Vaxtilə efirdən həsrətlə baxdığın adamlarla yanaşı dayanmaq, onlarla həmsöhbət olmaq çox xoş duyğudur. 

- 2010-ci ildə deputatlığa namizədliyinizi vermişdiniz, gələcək seçkilərdə də namizəd olmağı düşünürsünüz?

- Bəli, 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən namizəd olmuşdum və imkanlarım çərçivəsində, dostların, yaxınların, sadə, zəhmətkeş insanlarımızın dəstəyi ilə yaxşı bir kampaniya keçirə bildik. O zaman mən bu seçkiyə həm də sınaq testi kimi baxırdım, imkanlarımı müəyyənləşdirmək, xalqın reaksiyasını yoxlamaq istəyirdim. Xalq şairi Sabir Rüstəmxanlı ilə mübarizə aparmaq çox xoş idi. Təəssüf ki, o zaman yerlərdə seçkiyə haram qatanlar oldu. Hətta mənim imza vərəqələrimin 450-sini “saxta” elan etsələr də, sonradan MSK bu yanlışlığı aradan qaldırdı və mən sonadək mübarizəmi davam etdirdim. Mən bu mübarizəyə qatılmaqla seçici fəallığının artmasına töhfəmi vermiş oldum. Yeni simaları görəndə seçicinin seçkiyə marağı daha da artır. Məhz bunun nəticəsində xeyli səs topladım. Hətta bir sıra məntəqələr çətin vəziyyətə düşmüşdülər. O zaman qazandığım səslərin rəsmi protokolda yazıldığından dəfələrlə çox olduğunu hər kəs bildi. Amma mən Apellyasiya Məhkəməsində hakimə dedim ki, möhtərəm hakim, mən Azərbaycan dövlətindən Avropa insan Haqları Məhkəməsinə şikayət etməyəcəyəm, bunu bir vətəndaş olaraq özümə rəva bilmirəm. Amma yetər ki, yerlərdə hüquqları pozulan seçicilərimin və nümayəndələrimin haqları bərpa olunsun. Düzdür, mən sözümü tutdum, amma hakim ilkin qərarı dəstəklədi…

Növbəti seçkilərlə bağlı qərar verməmişəm. Həyat davam edir, bəlkə elə bir şərait yetişdi ki, namizəd olmağım zərurətə çevrildi. Amma hələ ki, mətbuatda da xalqa və dövlətə xidmətimizi davam etdiririk.   

- Jurnalistikada ilk yazınızı xatırlayırsınız? 

- Onu da deyim ki, mən hələ orta məktəbdə oxuyanda jurnalist olmaq arzusundaydım. Sinfimizdəki divar qəzetinin redaktoru olaraq yazılar yazıardım. Sonralar Yardımlıda çap olunan “Yeni kənd”, ardınca “Zirvə” qəzetlərində yazılarımın dərc olunmasının sevincini yaşadım. Düzdür, ilk olaraq şeirlərim çap olundu. Amma sonradan məqalələr də yazmağa başladım. “Tariximizə aparan yollar adlı” məqaləni indiyədə xatırlayıram. İlk yazımın qonorarını alanda isə açığı çox sevinmişdim. Necə deyərlər, zəhmətimin bəhrəsiydi axı. Jurnalistika təhsili almağıma isə xarici dil məsələsi mane oldu. Bizim məktəbdə xarici dil müəllimi olmadığından sənədlərimi filologiyaya təqdim etdim. Ancaq yuxarıda dediyim kimi, dəyərli Aqil Abbas “ürəyimi oxudu” və məni uşaqlıqdan sevdiyim sahəyə dəvət etdi. Bəlkə də mən yaxşı müəllim, ticarətçi, ya əkinçi ola bilərdim. Çünki zəhmətə qatlaşmaqdan heç vaxt çəkinməmişəm. Özümü bütünbu sahələrdə sınamışam da. Ancaq harda olsam, yəqin ki, nələrsə yazacaqdım. Necə ki, o zaman yazırdım ki:

Göylərdə ulduzlar bax, almaz-almaz,

Bu gecə yazmasam, yazamasam olmaz!

Düzdür, mətbuata gəlişimdən sonra şeirə əlvida dedim, amam hər halda özümü məqalələrimdə ifadə etməyə çalışdım. 

- Boş zamanlarınızı necə dəyərləndirirsiniz? Mütaliəyə zaman ayıra bilirsiniz?

- Mənim mütaliəyə həvəsim kəndimizdəki natamam orta məktəb illərindən başlayıb. Hətta o zaman özüm üçün kitabxana yaratmışdım. Kənd və məktəb kitabxanasındakı kitabları da həvəslə oxuyurdum. Orta təhsilimi qonşu Vərgədüz kəndində aldığım illərdə də mütaliəm yerində idi. Ali təhsil illərində, hətta əsgərlikdə də kitablardan ayrı düşmədim. İndiyədək xatırlayıram, məzuniyyətdən dönərkən hərbi hissəyə apardığım kitablar oğurlananda bərk dilxor olmuşdum. Təbii ki, jurnalistikanı mütaliədən kənarda təsəvvür etmək olmaz. Geniş informasiya məkanını, operativ xəbərləri izləmək artıq vərdişə çevrilib. Lakin bədii ədəbiyyata da yer ayırmağa çalışıram. Sonuncu dəfə italiyan yazıçı Dino Bussatinin “Tatar çölü” romanını oxumuşam və zövq almışam. Klassiklərimizdən Cəlil Məmmədquluzadəyə tez-tez müraciət edirəm. Elə bilirəm ki, Cəlil yaradıcılığı üstündən uzun illər keçsə də, yenə aktualdır. Eyni zamanda, gənclərimizin də yaradıcılığını izləməyə çalışıram. Hesab edirəm ki, ailədə övladların kitaba sevgisi ilk növbədə valideynin kitaba münasibətindən qaynaqlanır. Valideynini daim əlində telefon görən övlad da təbii ki, kitab-dəftərə yox, İpad-a meyl salacaq. Yaxşı xatırlayıram, hələ 7-8-ci siniflərdə olanda hər günorta gözüm evimizin yuxarısındakı təpədə olardı, poçtalyonumuz rəhmətlik Xıdır kişinin atla gəlişini həsrətlə gözləyərdim. Atam xeyli qəzet-jurnala abunə olduğu üçün mən də səbirsizliklə “poçt yolu”na baxardım. “Pioner”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetləri, “Elm və həyat” jurnalı, daha sonra “Gənclik” jurnalı. Mənim oxuduğum bunlar idi. Mən elə bilirəm ki, qəzetlərə maraq elə Xıdır kişi dünyaya dəyişəndən sonra azaldı, çünki daha o poçt yolu ilə qəzet-jurnal gəlmədi... Kim bilir bəlkə elə məndə jurnalistikaya marağı da həmin “poçt yolu” aşılamışdı. Və bəlkə də bu gün poçt xidməti canlansa, neçə-neçə yeni jurnalistləri qazana bilərdik...