Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-16 13:19:33
Cümhuriyyət parlamentinin müəllimlərin maaşı ilə bağlı xüsusi iclası – Etirazlar və tarixi çıxışlar

Gələn ay Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi tamam olur.

 AzEDU.az  2018-ci ilin həm də “Xalq Cümhuriyyəti” ili olmasını nəzərə alaraq, Cümhuriyyət parlamentinin müəllimlərin sosial rifahı, onların maaşlarının qaldırılması ilə bağlı növbəti yazını təqdim edir.

13 may 1919-cu il…. Cümhuriyyət parlamentinin sayca 37-ci iclası keçirilir. Bu, xüsusi iclasdır və məxsusi olaraq, müəllimlərin maaşlarının artırılmasına həsr olunub.

Çünki bundan əvvəlki  iclasda həm hökumət nümayəndələri, həm də məclis üzvləri bu məsələdə yekdil qərara gələ bilmədilər.

Ona görə də, sırf bu məsələ ilə bağlı ayrıca iclas çağırıldı. Tarixi iclasda çıxış edənlərin dil-üslubuna toxunmadan Cümhuriyyət parlamentinə xəyali də olsa, səyahət edək:

Rəis - Həsən bəy Ağayev. Katib - Mehdi bəy Hacınski.  İclas açılır saat 12.58 dəqiqədə

Rəis - İclas açılır. Növbədəki məsələ məarif nəzarəti xidmətçilərinin maaşlarının artırılması xüsusunda dünən müzkirəyə qoyulan layiheyi - qanuniyyənin mabədidir.

Əhməd Cövdət (Hümmət) - Əfəndilər! Dünənki məclisdə xalq müəllimlərinin maaşı parlaman tərəfindən artırıldığına görə bu hesabla qeyri müəllimlərin də maaşını artırmaq, onları da bu hala salmaq qərara alındı. Maliyyə - büdcə komisyonunun dünən axşam və bu gün səhər iki iclası oldu. Burada tutulan əsas budur ki, dərslər iki dərəcəyə təqsim edilir. Birinci dərəcə dərslər üçün əvvəlki layihəyə görə ali-ibtidai məktəblərdə 800 manat, ikinci dərəcə dərslər üçün 700 manat qərarlaşdırılmış idi. İndi isə hər dərsə yüz manat əlavə edilərək, birinci dərəcə dərs üçün 900 manat, ikinci dərəcə dərs üçün 800 manat verilmək qərara alındı.

Maliyyə budcə komisyonu bunu nəzərə alıb rica edir ki, məsələ təcili olduğundan təbdil və təğyir ediləcək şeylər buraya əlavə olunmasın. Çünki dünkü kimi bir maddəni başqalarını da ona nisbətlə artırmaq lazım gəlir. Dünən iki qanunnamə qəbul edilərkən birisi xalq müəllimləri maaşları, digəri müfəttişləri idi. Bu gün də ali-ibtidai məktəb müəllimlərinin maaşlarıdır.

Məlumdur ki, keçmişlərdə müəllimlər verdikləri dərsə görə deyil, yalnız maaş alırdılar. Yəni bir müəllim həm lisan, həm hesab, coğrafiya, tarix və sairə verirdi. Şimdi isə bu əsas dəyişmiş, gimnaziya və edadi məktəblərdəki kimi, hər müəllim öz ixtisası dairəsində dərs deyəcəkdir. Əvvəl necə dərs verən müəllim bir növ maaş alırdı. İndi hər dərsə görə maaş alacaqdır. Maarif nəzarəti təklif eləmişdi ki: tarix, lisan, coğrafiya, hesab və sairə bu kimi birinci dərəcə dərslər üçün 700, rəsm, tikiş kimi ikinci dərəcə dərslər üçün 600 manat. Maliyyə büdcə komisyonu bu dərslərin qiymətini artırıb, birinci dərəcə dərsləri 800 manat, ikinci dərəcə dərsləri 700 manat etmişdi. Dünənki qərara görə təkrar hər dərs üçün yüz manat artırıldı. Böylə ki, birinci dərəcə dərslər 900 manat, 2-ci dərəcə dərslər 800 manat oldu.

Bu qərar üzrə hər ayda müəllim 1350 manat dərs haqqı, 350 manat da mürəbbilik haqqı, cümlətani 1700 manat alır və həftədə 18 dərs verəcəkdir. Bir də yazı dərslərinin təshihi üçün 50 manat alacaqdır. Əlavə olaraq müəllimlərə haqq verilir ki, dərslər təqsim edildikdən artıq qalan dərsləri öz aralarında təqsim eləsinlər. Bu artıq dərslər üçün yuxarıdakı qərar üzrə məvacib alsınlar. Ali-ibtidai məktəblərin cünbundə sənət və ziraət şöbələri də vardır. Onların da ustalarına 1400 manat maaş, yüz manat ev kirayəsi, müavinlərinə 1000 manat maaş, 50 manat ev kirayəsi veriləcəkdir. Marinsk ünas məktəbləri də buraya daxildir.

Burada, məktəb müfəttişi barəsində yadımdan çıxdı söyləyim. Ona dərs qərarilə verilməyib, 1300 manat aylıq maaşı, 350 manat məktəbi idarə etmək haqqı və 200 manat da ev kirayəsi olmaq üzrə, ayda 1900 manat məvacib çıxır. Əgər məktəbin cünbündə sənət şöbəsi olursa 50 manat [onun] üçün alacaq. Demək məktəb müfəttişlərinin maaşı müəllimlərin maaşından iki yüz manat artıq olur.

Rəis - Bu xüsusda kim danışmaq istəyir. Söz Mehdi bəy Hacıbababəyovundur.

Hacıbababəyov (Müsavat) — Mən bugünkü stavkalar barəsində danışmaq istəyirəm. Çünki insafca yaxşı düzülübdür.

Dünən ibtidai xalq müəllimləri barəsində qanun qəbul edilibdir. Bir məsələ qaldı. Şəhər idarələri saxladığı ibtidai xalq məktəblərinin müəllimlərinə də yanvarın birindən maaş veriləcək ya yox? Bu əsaslı məsələdir. Ona görə təklif edirəm ki, şəhər idarələri ixtiyarında olan məktəblərə də qeyri kənd məktəbləri kimi yanvarın birindən verilsin. Əgər bələdiyyə idarələri bu təfavütü verə bilməsələr, o vaxt hökumət öz xəzinəsindən versin.

Rəis - Daha söz istəyən yoxdurmu? Kimin təklifi varsa, rica edirəm yazsın, versin. Söz istəyən yox isə axırıncı söz məruzəçinindir.

Əhməd Cövdət - Bircə ancaq demək ki...

Rəis - İki təklif var. Biri indi varid olan, biri də dünəndən qalan.

Əhməd Cövdət - Bir təklif Mehdi bəy Hacıbababəyov tərəfindən verilmişdir. (Təklifi oxuyur). "Bələdiyyələr təhti-məsarifində bulunan məktəblər və müəllimlərin maaşı lazımınca və ya bələdiyyə idarələri para buraxmağa müqtədir olmazlarsa, o vaxt müəllimlərin məvaciblərinə kəfli olmaq lazım gəlir. Mehdi bəy Hacıbababəyov".

Zənn edirəm bu təklif haman bir nəzəriyyədir. Bu qanun ilə səsə qoyulub qəbul olunmaz. Çünki bələdiyyə məktəbləri onun öz ixtiyarındadır; Qapdı ki, bələdiyyə idarələrinə kömək məsələsi, o da hökumətin borcudur. Necəki Gəncə, Bakı, Şəki və qeyri şəhərlər idarələrinə hökumət pul buraxmışdır. Bunu əlavə və daxil etməyə yer yoxdur. İkinci təklif (oxuyur). Maarif nəzarətində xidmət edənlər üçün faiz almaq əyər sərf edərsə, artırma məvacibindən sərfi-nəzər edib əsl məvaciblə almağa ixtiyarı vardır. S. M. Qənizadə".

Bu da o xidmətkarlar üçündür ki, az məvacib alarsa, faizlə almaya ixtiyarı olsun. Zənnimə görə bu qanuni o biri ilə qarışdırmaq çətindir. Biz dünən ələlümum maaşları artırdıq. Belə böyük bir qanun layihəsini qəbul edərkən bu gün də prinsip etibarilə ona zidd olan başqa bir layihə qəbul etməyin əleyhinəyik. Bunu da əlavə etməliyəm ki, bu layihə düzələrkən maliyyə büdcə komissiyonunda faiz əsası nəzərdə tutulmuşdur. Ona görə maliyyə büdcə komissiyonu bu təklifi qəbul etmir. Mən də iki layihənin biri-birinə qarışdırılması tərəfdarı deyiləm.

Rəis - Təklifləri birər-birər səsə qoyacağam. (Katibə) Mehdi bəy, oxuyunuz və tərcümə ediniz. Katib - Sultan Məcid Qənizadənin təklifini oxuyur.

Rəis - Səsə qoyuram. həmin təklifi hər kəs qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Kim əleyhinədir? Kim səs verməyib? Rica edirəm təklifə fikir verəsiniz və iştirak edəsiniz. 44 adamdan 30 səs verib iştirak edir. Ləhinə 4, əleyhinə 14, səs verməyən 7 bu otuz eylər. halbuki 44 nəfər məbus mövcuddur, çoxu iştirak etməyir. Təzədən səsə qoyuram. Kim təklifin ləhinədir, rica edirəm əlini qaldırsın. Ləhinə 4: kim əleyhinədir? 27, kim səs verməyib? 5 nəfər (Kystra). Sayın neçə məbus var. 44 nəfər mövcud məbusdan 36 iştirak edir. Qalanı iştirak etmir. Mən məcburam adbaad səsə qoyam. Siyahını gətirin. Kim bu təklifin lehinədir?

Katib - Rica edirəm fikir verəsiniz, iştirak edəsiniz, məclis uzanmaz və siyahi də oxunub adbaad çağırmağa məcbur olmarıq. Mən yenidən səsə qoyuram. Hər kəs oxunan təklifə tərəfdarsa, əlini qaldırsın. (Əllər qalxır). Ləhinə 7, kim əleyhinədir? (30), kim səs verməyib? 5. Ləhinə 7, əleyhinə 30, səs verməyən 5. Beləliklə, təklif qəbul olunmur.

Katib - Mehdi bəy Hacıbababəyovun təklifini oxuyur.

Rəis - Hər kəs bu təklifə tərəfdardır, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Ləhinə 7, kim əleyhinədir?

Əksəriyyət rəylə qəbul olunmur. Əhməd bəy layihəni maddəbəmaddə oxuyunuz.

Əhməd Cövdət - Birinci maddəni oxuyur.

Rəis - Məbus Ağamalov. Rica edirəm yerinizdən danışmayıb fikir verəsiniz. Oxuyanda fikir vermirsiniz.

Sonra səsə qoyanda deyirsiniz olmadı. Rica edirəm fikir verəsiniz. Əhməd Cövdət - (Birinci maddənin məbədini oxuyur).

Rəis - Birinci maddəni səsə qoyuram. Hər kəs bu maddəyə təfədardırsa, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət ilə birinci maddə qəbul olunur. 2-ci maddəni oxuyunuz.

Əhməd Cövdət - İkinci maddəni oxuyur.

Rəis - 2-ci maddəni səsə qoyuram. Kim tərəfdarsa, əlini qaldırsın. (Əllər qalxır). 2-ci maddə əksəriyyət rəylə qəbul olunur.

3-cü maddəni oxuyunuz.

Əhməd Cövdət - 3-cü maddəni oxuyur

Rəis - Üçüncü maddəni səsə qoyuram. Kim qəbul edirsə rica edirəm əlini qaldırsın. (Əllər qalxır). 3-cü maddə əksəriyyət ilə qəbul olunur. 4-ü maddəni oxuyun.

Əhməd Cövdət - Dördüncü maddəni oxuyur.

Rəis - Dördüncü maddəni səsə qoyuram. Kim qəbul edirsə rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyəti ilə 4-cü maddə qəbul olunur.

Əhməd Cövdət - 5-ci maddəni oxuyur.

Rəis - 5-ci maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). 5-ci maddə əksəriyyət ilə qəbul olunur.

Dalını oxuyunuz.

Əhməd Cövdət - Altıncı maddəni oxuyur.

Rəis - Səsə qoyuram. Altıncı maddəni kim qəbul edirsə, əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət ilə qəbul olunur.

Əhməd Cövdət — Yeddinci maddəni oxuyur.

Rəis - Səsə qoyuram. 7-ci maddə əksəriyyət ilə qəbul olunur.

Əhməd Cövdət - 8-ci maddəni oxuyur.

Rəis - 8-ci maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. 8-ci maddə əksəriyyət ilə qəbul olunur. 9-cu maddəni oxuyunuz.

Əhməd Cövdət - Doqquzuncu maddəni oxuyur.

Rəis - Səsə qoyuram. 9-cu maddəni qeydi ilə qəbul edən əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət ilə 9-cu maddə qeydilə qəbul olunur. Dalını oxuyunuz.

Əhməd Cövdət - Onuncu maddəni səsə qoyuram, qəbul edən rica edirəm əlini qaldırsın. Əksəriyyət rəylə onuncu maddə qəbul olunur. Dalını oxuyunuz.

Əhməd Cövdət — On birinci maddəni oxuyur.

Rəis — Səsə qoyuram. On birinci maddəni qəbul edən əlini qaldırsın. Əksəriyyət rəy ilə on birinci maddə qəbul olunur. Dalını oxuyunuz.

Əhməd Cövdət — On ikinci maddəni oxuyur.

Rəis - On ikinci maddəni qəbul edən əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəy ilə bu maddə qəbul olunur.

Əhməd Cövdət - 13-cü maddəni oxuyur.

Rəis — Səsə qoyuram, 13-cü maddəni qəbul edən əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət ilə bu maddə qəbul olunur.

Əhməd Cövdət - 14-cü maddəni oxuyur.

Rəis - 14-cü maddəni səsə qoyuram. Kim qəbul edir, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). 14-cü maddə əksəriyyət ilə qəbul olunur.

Əhməd Cövdət - 15-ci maddəni oxuyur.

Rəis - 15-ci maddəni səsə qoyuram. Qəbul edən, əlini qaldırsın. (Əllər qalxır), 15-ci maddə qəbul olunur.

Əhməd Cövdət - 15-cı maddəni oxuyur.

`Rəis - Səsə qoyuram, qəbul edən əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət ilə qəbul olunur.

Əhməd Cövdət - 17-ci maddəni oxuyur

Rəis - Səsə qoyuram, rica edirəm, qəbul edən əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət ilə qəbul olunur.

Əhməd Cövdət — Bundan sonra qanun layihəsi sənət məktəblərinə aiddir. Böylə sənət məktəbləri üç yerdə var. Gəncədə, Nuxada, Zaqatalada. Nəzarətin dediyinə görə Gəncə və Nuxadakı məktəblər hənuz hazır deyil, ancaq Zaqataladakı işləyir. Amma stavkalar hamıya görə indidən qəbul olunmalıdır. Nəzarətin rəylə bu məktəblərin stavkası edadilər kimi qəbul olunmalıdır. Ona görə keçirəm sənət məktəblərinə aid qanun layihəsinə (Oxuyur).

Bütün qanun layihəsi budur. Burada ancaq təbib müavininə 500 manat təyin edilmişdi. Fəqət, nəzarətin dediyinə görə bunlar panvyonda olduqlarından yeməkləri, içməkləri verildiyinə görə beş manat məvacib kifayət edər.

Rəis - Bu xüsusda kim danışmaq istər. Yoxsa səsə qoyaram. (Katibə) 1-ci maddəni oxu.

Katib - 1-ci maddəni oxuyur.

Rəis - Hər kəs birinci maddəni qəbul edirsə, əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəylə qəbul edilir.

Katib - İkinci maddəni oxuyur.

Rəis - Hər kəs 2-ci maddəyə tərəfdar isə əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəy ilə qəbul olunur. Katib — 3-cü maddəni oxuyur.

Rəis - 3-cü maddəni qəbul edən əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət ilə qəbul olunur.

Katib - 4-cü maddəni oxuyur.

Rəis - Dördüncü maddə tərəfdarı olan əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəy ilə qəbul olunur. 

Katib - 5-ci maddəni oxuyur.

Rəis - 5-ci maddəni qəbul edən əlini qaldırsın. (Əllər qalxır). Bu da əksəriyyət rəy ilə qəbul olunur.

Katib - Şimdi üsuli təlim və tərbiyə haqqında qanun layihəsidir. Nəzarət nümayəndəsinin dediyinə görə gələn sənədən təbdil ediləcəkdir. Bu sənədən maaşları verildiyi üçün qanunu qəbul etmək məcburiyyətindədir. (Oxuyur).

Rəis - Bu xüsusda danışmaq istəyən yoxsa, səsə qoyacağam.

Katib - Birinci maddəni oxuyur.

Rəis - Birinci maddəni səsə qoyuram. Kim qəbul edirsə, əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət ilə qəbul olunur.

Katib - 2-ci maddəni oxuyur.

Rəis - 2-ci maddəni səsə qoyuram. Qəbul edən əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət ilə qəbul olunur.

Katib - 3-cü maddəni oxuyur.

Rəis - Səsə qoyuram. Qəbul edən əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət ilə qəbul olunur.

Katib - 4-cü maddəni oxuyur.

Rəis - Səsə qoyuram, qəbul edən əlini qaldırsın. (Əllər qal-xır). Əksəriyyətlə qəbul olunur.

Katib — Bu qanun layihəsi də pedaqoji muzey barəsindədir. (Oxuyur).

Rəis - Qanun layihəsi barəsində danışmaq istəyən yoxsa, səsə qoyuram. Görünür yoxdur. hər kəs bu qanun layihəsini qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Deməli əksəriyyətlə qəbul olunur. Ali-ibtidai məktəblər barəsində olan qanun layihəsi qurtardı. İndi keçirik edadi məktəblərə.

Əhməd Cövdət - Bayaq dediyim kimi dərs haqqı barəsində müəyyən bir şey yoxdur. Maaşların artırılması barəsində təğyirat və təbəddülat olmuşdur. Nəzarətin bizə verdiyi layiheyi-qanuniyyəyə görə birinci dərslərə ayda səkkiz yüz manat, 2-ci dərslərə 700 manat veriləsiydi. Maliyyə-büdcə komisyonu 2-ci dəfə müzakirə edibdir. Sıfrı dəyişdi. Böylə ki, birinci dərslərə 1000 manat, ikinci dərslərə 900 təyin etdi. Həftədə 18 dərs hesabilə 1500 manat edir. Mürəbbilik üçün 450 manat. Beləlik ilə müəllim 1950 manat məvacib alacaqdır. Bundan başqa yazıları təshih etmək və fəzlə dərslər haqqı vardır. Bunun ilə bir yerdə müəllim cümlətani 2400 manat ala biləcəkdir. Birinci dərəcə dərslər təlimi 1950 manat, ikinci dərəcə dərslər 1800 manat təyin edilmişdir.

Məktəb müdirinə sənədə 1920 manat təyin edilmişdi. Altı dərsdə, hər dərs üçün 100 manat. Deməli, maliyyəbüdcə komisyonu qərar qoymuş ki, məktəb müdirinə 2200 manat məvacib, 300 manat mənzil haqqı, müfəttiş isə 2100 manat məvacib, 200 manat mənzil haqqı. həpsi 2300 manat. Ola bilər ki, bu məvacibdə onlara kifayət etməsin. Fəqət, nəzərdə tutulmalıdır ki, məvacib yanvarın birindən veriləcəkdir. Maliyyə-büdcə komisyonu yeni şeylər hazırlayıbdır. O ki, qaldı qulluqçuların məvacibi məsələsi, onlarınkı də keçmiş qulluqçular kimi məvacibləri artırılmışdı. Bu qanun həm zükur, həm də ünas məktəblərinə aiddir. Sinif xanımları bütün - bütün qaldılar və eylülün birindən hesab olunur. Bundan başqa sinif xanımlarına aid maddə barəsində deyə bilərəm ki, maarif nəzarəti bu barədə də xüsusi bir layihə tərtib vermişdir. Bu günlərdə parlamana təqdim edəcəkdir. Qaldı ki, xidmətlərin stavkası belədir.

Rəis — Oxunmuş layihə xüsusunda kim danışmaq istəyir? Danışmaq istəyi yox isə səsə qoyacağam. (Zəng çalınır - üzvləri bayırdan içəri çağırırlar)

Əhməd Cövdət - (Ruscaya tərcümə edir).

Rəis - Qanun layihəsini tamamən səsə qoyacağam. Cədvəlləri səsə qoyacağam. Hər kəs qanun layihəsini tamamilə qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəylə edadi məktəblərə aid layihə qəbul olunur. Dalını oxuyunuz.

Əhməd Cövdət - Qaldı iki qanun layihəsi. Biri darül-müəllimin, digəri də Bakı politexnik məktəbinə aiddir. Darülmüəlliminlər barəsində danışmaq lazım deyildir. Ancaq onu deyərdim ki, hər halda orta məktəb müəllimlərinin maaşlarından çox olacaqdır. Darülmüəlliminlərdə maaş dərsə görə verilməyibdir. Layihə budur. (Oxuyur). Darülmüəllimlərin yanında ibtidai məktəblər vardır. Onların da müəllimlərinə məvacib böylə qərar verilmişdir. (Oxuyur).

Rəis - Darülmüəllimin layihəsi xüsusunda kim danışmaq istəyir. Qanun layihəsinə etiraz yox isə səsə qoyuram. (Səslər: Qoy-qoy).

Əhməd Cövdət - Rusca da oxuyummu?

Rəis - Oxuyunuz.

Əhməd Cövdət - (Rusca oxuyur).

Rəis - Layihənin darülmüəlliminə aid hissəsini səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət ilə layihə qəbul olunur.

Əhməd Cövdət - Biri də Bakı Politexnik məktəbi xüsusundadır. Buraya maarif nəzarəti çox əhəmiyyət verir. Çünki, oranın müdiri və müəllimləri ali təhsil görmüş müəllimlər və mühəndislərdir. Ona görə məvacibləri də başqa müəllimlərdən artıq olmalıdır. O səbəbə layihəcə müdirə (3500) rubla maaş təyin olunmuşdur. (Oxuyur və tərcümə edir). Qurtardı.

Rəis - Oxunan cədvəllər barəsində kim danışmaq istəyir? Danışmaq istəyən yoxsa səsə qoyacağam. Qanun layihəsinin Bakı Politexnik məktəbinə aid hissəsini səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəylə layihə qəbul olunur. Maarif nəzarəti tərəfindən müəllimlərin və xidmətçilərin maaşlarını artırmaq xüsusunda verilən qanunun layihəsini tamamilə səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəylə qanun layihəsi təmamən qəbul olunur.

Məvaciblər yanvarın birindən hesab olunacaqdır. Növbədəki məsələ Məclisi-Müəssisan seçkiləri xüsusunda verilən qanun layihəsidir. Lakin komisyondan rica edirəm ruscasını əcnəbi fraksiyonlarına yollasınlar. Çünki onlar türkcə bilmədiklərindən layihəni oxumamışlar. Oxusunlar, sonra müzakirə edərik. Təzə qanunlardan ədliyyə nəzarəti tərəfindən gəlmiş həbsxanalarda müfəttişlər təyini xüsusundadır. O da lavayehi-qanuniyə komisyonuna gedir. Sonra təklif var ki, maliyyə-büdcə komisyonuna Nərimanbəyobun yerinə Ağabəy Rza bəy seçilsin. Bunu da yadınızda saxlayın ki, gələn iclasa seçəsiniz. İndi məsələlər bitdiyindən iclası qapayıram. İclas bağlanır saat 2.30 dəqiqədə.

Qeyd: Yazıda Azərbaycan Xalq Cümhuriyyətinin Parlanment stenoqramlarından istifadə edilib.

Hazırladı: Elmin Nuri