Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-16 11:14:18
“Uşaqlarını rus bölməsində oxutdurub, bədbəxt etməsinlər” - Sabiq təhsil nazirindən çağırış

Hər bir ailə övladının xarici dildə səlis danışmasını arzulayır. Bəziləri bunun üçün kurslara müraciət edir, digərləri isə hələ uşaqkən fərdi müəllimlərin köməyindən faydalanırlar. Müşahidələrə əsasən, son illərdə rus bölməsinə müraciət edən şagirdlərin sayı durmadan artır.

Orta məktəblərdə ayrıca rus bölmələrinin fəaliyyət göstərməsi də onların bu arzularının reallaşmasına şərait yaradır. Amma rus bölməsinə olan bu maraq cəmiyyəti çox təhlükəli tendensiya ilə üz-üzə qoyur. Belə ki, rus bölməsində təhsil alan uşaqların əksəriyyəti Azərbaycan dilində danışa bilmir, fikirlərini izah etməkdə çətinlik çəkirlər. Məsələ burasındadır ki, uşaqlarını rus bölməsinə qoyan ailələrin bəzilərində heç kim rus dilini bilmir. Hazırda aşağı siniflərin tədris proqramlarının kifayət qədər mürəkkəbləşdiyini nəzərə alsaq, şagirdin bilmədiyi, məlumatsız olduğu bir dildə ev tapşırıqlarını sərbəst şəkildə necə hazırlaması sual doğurur. Həmçinin, onların oxuduğu sinifdə şagirdlərin 50%-i rusdilli ailələrin uşaqları olduğundan, bəzən yoldaşları ilə münasibətlərində problem yarana bilir. Bu həmin uşaqlardan daha çox, elə rus dilli uşaqların özlərinə də çətinlik yaradır, onların vaxt itkisinə səbəb olur.

firudin.jpg

Məsələ ilə bağlı AzEDU.az-a danışan sabiq təhsil naziri, professor Firudin Cəlilov qeyd edib ki, azərbaycanlıların rus bölmələrində təhsil almasını müsbət qarşılamır: “Bir azərbaycanlının rus dilini öyrənməsi xeyirlidir. Bəs, uşaq rus dilini necə öyrənməlidir? Məktəblərdə rus və ingiliscə xarici dil kimi yaxşı tədris olunmalıdır. Valideynlər çalışmalıdırlar ki, uşağın dili xarici dil kimi mənimsəməsini əsas götürsünlər. Uşaqlarını rus bölməsində oxutdurub, bədbəxt etməsinlər! Tutaq ki, həmin şəxs universiteti qurtarıb mütəxəssis olduqdan sonra kəndə, hansısa bölgəyə vəzifəyə təyin olundu. O, ana dilində yazıb oxuya bilmirsə, necə işləyə bilər? Bunun bu cür fəsadları çox olur. Təhsil naziri olduğum vaxtlarda lazım olan müəyyən işləri görmüşəm. Amma həmin vaxtlarda vəziyyət başqa idi. Bu mövzuda heç bir əmrim olmayıb. Çünki həmin vaxtlarda xalqda milli oyanış var idi. Hətta valideynlər rus bölməsində oxuyan uşaqları çıxarıb Azərbaycan bölmələrinə qoyurdular. Bir ilin içində 10-larla rus məktəbi bağlanmışdı”.

 

Qeyd edək ki, Azərbaycanda 4472 orta məktəbdən 340 -ında tədris rus dilində aparılır ki, bu da onların 7,6 faizini təşkil edir. Həmin 340 məktəbdə isə 90 min şagird rus dilində təhsil alır. Bu isə bütün şagirdlərin 6,3 faizi deməkdir. Bakı üzrə 310 ümumi təhsil müəssisələrindən 141 -də tədris Azərbaycan dili ilə yanaşı rus dilində aparılır. Bu, Bakıdakı ümumi şagird sayının 17 faizini təşkil edir. Həmçinin ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində də bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur.

Nəzrin Cavid