Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-03 10:00:00
Rüşvətə görə həbs olunan bağça müdiri ilə bağlı qərar elan edilib

Ali Məhkəmədə dələduzluq və rüşvətə təhrik etmədə təqsirləndirilən Təranə İmanovanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

AzEdu.az "Report"-a istinadən xəbər verir ki, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, T.İmanovanın kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, T.İmanova 2011-ci ildə Ağstafa rayon 5 nömrəli Körpələr evi uşaq bağçasının müdiri vəzifəsində çalışan zaman qohumu Elxan Ələkbərovun həyat yoldaşı Fəxriyyə Ələkbərovanı rayonun Tatlı kənd tam orta məktəbinə bacarığına və təhsilinə müvafiq işə düzəldə biləcəyini vəd edib, ondan 2500 dollar pul alıb.

Bundan başqa, o, 2013-cü ilin sentyabr ayında qohumu, rayonun Yaradullu kənd orta məktəbində direktor əvəzi işləyən İlahə Novruzovadan 6000 manat pul alıb, onu direktor vəzifəsinə təsdiq etdirəcəyinə vəd edib. Həmçinin T.İmanova İ.Novruzovanın kürəkənini də daimi işlə təmin etdirəcəyini vəd edib, ondan 2000 manat pul alıb.

T.İmanova 2014-cü ildə tanışı Fatma Həsənovanın oğlu Zaur Həsənovu Qazax rayonu ərazisində fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin mühafizə xidmətinə mühafizəçi vəzifəsinə düzəldə biləcəyini vəd edib, dələduzluq yolu ilə onun 2500 manat pulunu, qonşusu Elnarə İbrahimovanın isə 3500 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirib.

Həmçinin o, Tahirə Şabanovanın qızı Rəqsanə Əmirovanı müdir vəzifəsində işlədiyi bağçada işə düzəltməyi vədi verib və ondan 1500 manat pul alıb.

T.İmanova sonda vədinə əməl etməyib və vətəndaşların şikayəti əsasında saxlanılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.İmanova 4 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib.