Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-01 15:20:00
Savaş müxbiri: “Sinif otaqlarının içindəki sobalara, partaların çəkməcələrinə bomba yerləşdirilmişdi, yeməyə çörək yox idi” 

Ağır hərbi əməliyyatların aparıldığı yerlərdə xidmət göstərən və həqiqətləri dünyaya çatdıran jurnalistlər digər peşə sahiblərindən həyata baxış tərzlərinə görə fərqlənirlər.

Kimisi bu bölgələrdə gördüklərini illərdir, unuda bilmir, kimisi isə şahidlik etdiyi gərçəkləri xatırlamamağa çalışır.

Son illərdə dünyada baş verən hərbi əməliyyatları yaxından izləyən CNN Türk müxbiri İsmail Umut Arabacı və TRT Türkün hazırda təqaüddə olan xəbər operatoru Gürsel Çelikkanat savaşda qalibin olmadığını bir daha təsdiq edən acı xatirələri AzEdu.az-la bölüşüblər.

İsmail Umut Arabacı Yaxın Şərqin müharibə zonalarında kəşfiyyat bölgələrində çalışıb. Liviya, Gürcüstan, Suriya, Yaxın Şərq və İraqda baş verən qanlı döyüşlərə şahidlik edib.

O, müharibə şəraitində olan ərazilərdə həyatda qalıb, yaşamağa davam etməyin olduqca çətin olduğunu qeyd edir:

“Xidmətdə olduğumuz bir çox bölgələrdə başımıza dəhşətli hadisələr gəlib. Qəddafinin hərbi kəşfiyyat qrupu tərəfindən saxlanılmışıq. Əsir olduğumuz  3 gün ərzində öldürüləcəyimizi düşünürdük. Hətta bir-birimizdən halallıq da istəmişdik. Oturub edamınızı gözləmək doğrudan da fərqli duyğudur.

Bundan başqa, Suriyada üstümüzə güllə yağdırıldı, təyyarə bombardmanlarının arasında qaldıq. Belə bölgələrdə jurnalist kimi çalışmaq çox çətindir”.

Müharibə və yetim qalan uşaqlıq

“Hər bir uşaq qayğıya möhtacdır. Lakin Suriyada minlərlə uşaq yetim qalıb. Onlar ağır döyüşlərdə valideynlərinin ya hər ikisini, ya da birini itiriblər. Ailələrin heç bir gəliri yoxdur. Təhsil bir tərəfə, yeməyə yemək, içməyə su belə tapa bilmirlər. Yardım qurumları tərəfindən onlara kömək olunmasa, həyatda qalmaları mümkünsüzdür. Qışda isə vəziyyət daha da pisləşir. Onların sığına biləcəyi hər hansı təhlükəsiz bölgə yoxdur. Yağış yağanda palçığa, çamura bulaşırlar. Bu bölgələrdə uşaq olmaq çox çətindir”, – deyə müsahibimiz təəssüflə bildirib.

Dağıntılar arasında can verən TƏHSİL

İsmail Umut müharibə olan hər bölgədə təhsil sisteminin çökdüyünü söyləyərək fikrini əsaslandırır:

“Əsgərlər hücum etdikləri bölgələrdə geniş binaları ələ keçirməyə üstünlük verirlər. Xəstəxanalara, məktəblərə daha çox insan sığa bildiyi üçün hərbiçilər bu binalara dərhal əl qoyurlar. Belə olduğu təqdirdə də təhsildən əsər-əlamət qalmır. Müharibə şəraitində olan bütün ərazilərdə vəziyyət belədir. Ən son “Zeytun budağı”  əməliyyatına qatılmışam. Türk əsgərlərinin arxasınca biz də əraziyə daxil olduq.  Məktəblərdə böyük dəliklər açılıb, siniflərin içindəki sobalara, partaların çəkməcələrinə bombalar yerləşdirilib. Tədris müəssisələri bambaşqa yerlərə dönüb.  PKK Afrindəki məktəblərin hamısını əsgəri binalara çevirib. Atışmalar baş verdiyinə görə ailələr gizlənməyi seçirlər. Bu cür bölgələrdə təhsilin davam etməsi mümkünsüzdür.

Hərbi əməliyyatların aparılmadığı bölgələrə köçənlər orada məktəbə getmək şansına sahiblənirlər. Təxminən, 120 min uşaq bu məktəblərdə oxuyurlar. Burada dərs deyən müəllimlərin maaşları isə Türkiyə tərəfindən ödənilir”.

Suriyadakı bir çox məktəblərdə olan savaş müxbiri orta təhsil müəssisələrində dərslərin nizamsız aparıldığını diqqətə çatdırıb:

“Dərslər rəsmi tədris planına uyğun aparılmır. Burada yardım qurumlarının açdığı məktəblər fəaliyyət göstərir.

Savaş zonalarında uşaqlar oyun oynayıb, isti yeməklərdən dadmaq  istəyirlər. Onların yaşamaq üçün əraziləri yoxdur. Ələ keçirilən binalar qərargaha çevrildiyi üçün qarşı tərəf hücuma keçəndə xəstəxanalar, məktəblər vurulur.

Suriyanın İdlib şəhərinə həddindən artıq köç var. Normalda bir evdə 3-4 adam yaşayırsa, burada bir binada 40-60 insan qalır. Təyyarə bir evi vuranda təəssüf ki, insan itkisi də çox olur”.  

Tarixə şahidlik edənlər

“Suriyada rus təyyarələrinin hücumu zamanı bomba yaxınlığımızda partladı. “Zeytun budağı” əməliyyatında  PKK-çılar üstümüzə atəş açdılar. Mərmilər o qədər yaxından keçirdi ki, həmin səsləri açıq-aydın şəkildə eşidə bilirdik. Görüntüləri sonradan izləyəndə necə sağ qaldığımıza inana bilmədim.

Müharibələrə könüllü olaraq gedirik və burada yaşananları insanlara çatdırırıq. Heç kimi məcburən savaşa göndərmirlər. Çətin şərtlərdə ölümlə burun-buruna çalışır, tarixə şahidlik edirik. Son illərdə baş verən müharibələri canlı izləmişik. Savaş müxbirliyi çətin olduğu qədər işini sevən biri üçün gözəl peşədir” – deyərək əslində, peşəsi ilə qürür duyduğunu da deyir.

Müsahibimiz hazırda Suriyadakı vəziyyəti belə şərh edib:

“Hazırda Suriyada bir çox bölgələrdə həyat normallaşmağa başlayıb. Təhsil universitet deyil, orta məktəb səviyyəsində davam etdirilir. Bir çox suriyalı ali təhsil almaq üçün  Türkiyədəki universitetlərə yerləşdirilib”.

Gürsel Çelikkanat , TRT Türkün təqaüddə olan xəbər operatoru

1993-cü ildə Star Tv-də çalışdığı zamanlarda  Qarabağ müharibəsində şahidlik etdiyi hadisələrdən danışır:

“Bu zamanlarda Qarabağda atəşkəs tez-tez pozulurdu. 1992-ci ildə Ermənilərin azərbaycanlıları qətlə yetirdiyi Xocalı faciəsindən sonra bizi bu ərazilərə göndərmək qərarına gəldilər.

Müharibə şəraitinin necəliyi hər kəsə bəllidir. Yemək, su və bütün ərzaqlar məhdud sayda, təmizlik isə yox səviyyəsində idi. Yuyunmağa yer olmadığından bizdən müxtəlif qoxular gəlməyə başlamışdı. Təmizlənmək və işə fasilə vermək üçün cəbhədən ayrılıb, Bakıya qayıdırdıq”.

Eyni tank, müxtəlif hədəf

“Cəbhədə rus tankları pul müqabilində düşmən cəbhələrini bombalayırdılar. İşin maraqlı tərəfi, eyni tankın bir gün sonra bizim tərəfi bombalamasıydı.

Ağdamda müharibəni izləyəndə tanımadığımız insanların tərk etdikləri evlərində yatdıq. Kəndlər gecə boyunca durmadan atəşə məruz qalırdı. Qaçmağımızı gözə alıb ayaqqabı, papaq və paltolarımızla yatırdıq” ,– deyə müsahibimiz əlavə edib.

Qazax cəbhəsi, 1993-cü il

Gürsel Çelikkanat Qazax cəbhəsində  çalışdığı zaman başına gələnləri belə xatırlayır:

“Bir təpənin üzərində azərbaycanlı topçu, bir- iki kilometr qarşıda isə erməni top və tankçıları vardı. Təpə təhlükəli yerdə olduğundan qarşıdan aydın şəkildə görünürdük. İlk erməni bombası təxminən, 100 metr sağıma, ikincisi isə sol tərəfimə düşdü. Bunları bir-bir lentə almışam. Sən demə, atılan bombalar bizim hazırda olduğumuz yeri təsbit etmək üçün sınaq atəşi xarakteri daşıyırmış. Durbinlə bizi izləyən erməni topçusu sinus, cosinus, tangens, cotangens və s. hesabları aparırmış”.

“Boom” səsi, təndir çörəyi, mürəbbə və cem...

“Çəkiliş edəndə birdən “boom” deyə bir səs eşitdik. Huşumu itirdim, qulaqlarım isə dəhşətli dərəcədə uğuldayırdı. Dərin, uzun səssizlik və hüzur hiss etdim. Sanki yerdə 10 saatdır, yatırmış kimi 10-15 saniyə ərzində “uzun filmlər” gördüm. Anam yanıma gəldi, halbuki, illər öncə ölmüşdü. Mənə təndir çörəyinin üzərinə yaxdığı mürəbbə  gətirmişdi.

Özümə gələndə qulaqlarımdakı səslərin necə dəhşətli olduğunu indiki kimi xatırlayıram. Kamera və obyektiv toz-torpaq içindəydi. Aldığım sürətli və dərin nəfəsin səsi videoya yazılmasın deyə məşq edirdim. Dönəndə bu qədər qorxduğumu kimsə hiss etməməli idi. İnsanın belə vəziyyətdə belə çevrəsini önəmsəməsi çox qəribədir.

Digər bomba 6-7 metr yaxınlığımıza düşdü. Öldüyümü düşünmüşdülər. Mənsə ancaq güldüyümü və obyektivin şüşəsini təmizlədiyimi xatırlayıram” – deyə dərin təəssüflə sözünü yekunlaşdırır.

Bu gün dünyanın bir çox yerində savaşın törətdiyi faciələr yaşanmağa davam edir. Minlərlə insan həyatını itirir, insan hüquqları tapdanır, uşaqların əllərindən isə gələcəkləri oğurlanır.

Müharibənin görünən və görünməyən tərəflərini, dünyada yaratdığı faciəvi hadisələri  baş verənlərə canlı şahidlik edən insanların dili ilə çatdırmağa davam edəcəyik.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları