Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-27 14:59:00
Bu universitetdə lazımsız dərslər keçirilir, digəri isə… - “İraq göz”dəkilər

AzEdu.az  “İraq göz” rubrikasını davam etdirir. Rubrika çərçivəsində xaricdə təhsil alan tələbə və məzun soydaşlarımızın Azərbaycan universitetləri haqqında qısa fikirlərini öyrənirik.

 Yəni, bu rubrikada özümüzə bir növ, iraqdan, iraq gözdən baxmağa çalışırıq...

 Qeyd edək ki, müsahiblərə bir çox ali təhsil müəssisələrinin adlarını təqdim etsək də, onlar yalnız məlumatlı olduqları universitetlər haqqında danışıblar…

 Yəni, hər hansı universitetin adının çəkilib-çəkilməməsi redaksiya heyətinin mövqeyini əks etdirmir.

 Türkiyənin “İbn Haldun” Universitetinin tələbəsi Murad Əhmədzadə:

 Xəzər Universiteti - Bu universitet Azərbaycanda  ən çox əcnəbi tələbələrin təhsil aldığı ali təhsil müəssisəsidir. Məhz ona görə də digər Azərbaycan universitetlərindən fərqlənir.  Burada əcnəbilərin təhsil alması azərbaycanlı tələbələrə də xarici dil biliklərinə yiyələnməsi üçün böyük  avantaj yaradır. Ali təhsil müəssisəsində keçirilən normadan artıq qeyri-ixtisas fənlərinin tədrisi tələbələrin dərslərə qarşı ciddiyyətinə mənfi təsir göstərir.  Həmçinin, tələbələrdə: "Bu tip fənlərin  ixtisasımızla əlaqəsi yoxdursa, niyə öyrənməliyik?" kimi haqlı üsyanlarına yol açır.  Təəssüf ki, bu kimi vəziyyət digər Azərbaycan universitetlərində də mövcuddur. Tələbələrdə qeyri-ixtisas dərslərinə azalan maraq isə semestr sonunda qiymətlərə də mənfi təsir edir.  

 Bakı Dövlət Universiteti - Azərbaycanın köklü və qədim universiteti olmaqla yanaşı tələbələrin ən çox problemlərlə üzləşdiyi ali təhsil müəssisəsidir.  Bakı Dövlət Universitetində yaşlı, yeniliyə açıq olmayan kadrlar çoxluq təşkil edir. Həmçinin, universitetdə tələbələrdə dərsə həvəs yaradan və onların keçirilən fənlərə maraq göstərməsini təşviq edən müəllim heyəti  azdır. Fikrimcə, bu da ali təhsil müəssisəsinin başlıca mənfi tərəfidir.

 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – Bu ali təhsil müəssisəsinin  tələbələrin sayının çoxluğunu nəzərə aldıqda, korpuslarının kifayət qədər böyük olmaması universitetin əsas problemidir. Həmçinin, universitetdə müəllimlə tələbələr arasında ünsiyyət yox dərəcəsindədir. Universitetdə təhsil alan dostlarımın ən çox gileyləndiyi məsələ isə, əcnəbi ali təhsil müəssisələrindən fərqli olaraq,faydalı seminarların təşkil edilməməsidir.Həmçinin, orada təhsil alan dostlarımın gileyləndiyi digər məsələ isə   müəyyən sahələr üzrə özünü təsdiqləmiş şəxslərin   universitetə dəvət edilməsi üçün rəhbərliyin heç bir addım atmamasıdır.

 Macarıstanın Debreçen Universitetinin tələbəsi Lamiyə Mahmudova:

 Azərbaycan Tibb Universiteti – Məndə olan məlumata görə, bu ali təhsil müəssisəsində təhsil alanlardan, universitetdə lazımsız dərəcədə çox imtahanlar təşkil olunur. Tələbələr universitetdə təşkil olunan imtahanlara görə çox sıxılaraq stress yaşayırlar. Ali təhsil müəssisəsində tələbələrə keçirilən praktikalar da qənaətbəxş hesab edilmir. Yəni, universitetdə keçirilən praktikalar tələbələr məzun olduqdan dərhal sonra  işə başlaması üçün yetərli səviyyədə deyil.

 Bakı Mühəndislik Universiteti-Fikrimcə, bu universitetdə yetərincə savadlı gənclərimiz təhsil alır. BMU-da təhsil alan dostlarımdan eşitdiyimə görə, tələbələrə yüksək səviyyədə təhsil verilir.  

 Xəzər Universiteti-Bu ali təhsil müəssisəsi özəl universitet olsa belə tələbələrə verdiyi güclü təhsili ilə seçilir. Fikrimcə, universitetin həm mühiti, həm də təhsili çox əladır.

 ADA Universiteti- Bu universitetdə imtahanların keçirilmə metodları dünyaca məşhur ali təhsil müəssisəsələrinin tətbiq etdiyi sistem əsasında keçirilir. Fikrimcə, universitetin həm mühiti, həm də tələbələrə verilən  təhsili yüksəkdir. Orada təhsil alan tələbələr xarici ölkələrə gedərək daha çox praktika əldə edib, dünyagörüşü qazanırlar. Həmçinin, ADA Universitetində tədrisin ingilis dilində olması, oranı digər ali təhsil müəssisələrindən üstün edən amillərdəndir.  

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları