Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-26 14:18:00
“Kurikulum olduqca zövqlü geyimdir, amma hələ ki, bizə yaraşmır”

Kurikulumun məqsədi ölkədə şagirdyönümlü təhsili qabardaraq ön plana çəkməkdir. Azərbaycanda “Kurikulum” terminindən ilk dəfə 1990-cı illərdə istifadə olunub. Orta təhsil müəssisələrində tətbiqinə isə 2008-ci ilin sentyabrından başlanıb.

Kurikulum Azərbaycanda 11 il öncədən tətbiq olunsa da, bu məsələ hələ də müzakirə mövzusu olaraq aktuallığını saxlayıb. Bəziləri onu təhsildə mütərəqqi hadisə adlandırsa da, tətbiqi ilə dərsliklərin çətinləşdiyini, şagirdlərin dərs yükünün ağırlaşdığını söyləyənlər də az deyil.

Kurikulum nədir?

Latın sözü olan “Kurikulum”un mənası “kurs”, “yol” deməkdir. Kurikulum biliklərinin təşəkkül tapması və inkişaf etməsi üçün 30 ilə yaxın vaxt lazım olub. Artıq ötən əsrin 60-70-ci illərində dünyada, xüsusilə də Amerikada kurikulum bir nəzəriyyə kimi formalaşmışdı.

Bəs bu proqramın lazımınca tətbiqi üçün müəllimlərin kurikulum bilgisi kifayət edirmi?

“Kurikulum olduqca zövqlü geyimdir, amma hələ ki, bizə yaraşmır”

AzEdu.az xəbər verir ki, bu sözləri “Şərq” qəzetinə kurikulum mütəxəssisi Günel Əliyeva deyib. O, suala cavab olaraq bildirib ki, hazırda əksər müəllimlərin kurikulum bilgisi yox dərəcəsindədir. Dediyinə görə, bugünəcən xeyli müəllimə təlim keçdiyindən, mövzu barədə fikirləri tamamilə reallığa istinad edir:

“Kurikulumu yaxşı bildiyini düşündüyümüz müəllimlərin bu istiqamətdə biliyi imtahan mövzularını əzbərləməklə 10 testi düzgün cavablamaqdan o tərəfə keçmir.

Bu gün xeyli qeyri-peşəkar kurikulum təlimçisi fəaliyyət göstərir. Təlimçi kurikulumu əzbərləyirsə, namizəddə günah axtara bilmərik. Müəllim peşəkar olanda tələbə də elmi dərk edərək öyrənir, əzbərləmir.

Əksər müəllimlər elə bilirlər ki, kurikulum yalnız kompüterlə dərs keçmək deməkdir. Əslində isə bu proqram müəllimin təfəkkür tərzi, dünyagörüşü, fərqli yanaşması ilə bilavasitə əlaqəlidir”.

O, müəllimlərin kurikulum bilgisinin az olmasının səbəbini  onların tədqiqat aparmağa meyil etməmələrində görür:

“Söz ehtiyatları azdır. Terminləri isə ümumiyyətlə, bilmirlər. Kurikulum müəllimlərin qorxulu yuxusudur. Halbuki, düzgün tətbiq olunan kurikulum olduqca mütərəqqi hadisə, təhsildə böyük yenilik və inkişaf deməkdir”.

“Kurikulumun dərin dünyasına vara bilmirlər”

Azərbaycanda kurikulumun tətbiqinə mane olan səbəblərə gəlincə isə Günel Əliyeva bildirib ki, bu problemin kökünü müəllimlərin kurikulumu dərk etmədən əzbərləməsində görür:

“Əksər müəllimlər özlərini inkişaf etdirmir, yeniliyi sevmirlər. Yenilik və dəyişiklik fərq yaradır. Bu fərq qarşısına əsas məqsəd olaraq şagirdə şəxsiyyət kimi yanaşmağı qoyub və hər cümləsində  hörmət, etibar, psixoloji dəstək, inkişaf, stimul sözləri ilə qarşılaşırıqsa, deməli, kurikulum ölkə təhsilində mütərəqqi hadisədir.

Biliyi öz fənnindən kənara çıxmayan, inteqrasiya imkanları olmayan müəllimin tədrisində kurikulumdan söhbət gedə bilməz. Hazırda kurikulumun tətbiqinə mane olan əsas səbəb düşüncələrimizin bu proqramdan çox uzaq olmasıdır.

Kurikulum olduqca zövqlü geyimdir, amma hələki, bizə yaraşmır. Axı, geyim insanı kifayət qədər yaraşıqlı göstərə bilər, amma dərk etmədən danışan insan haqda  “danışanadək gözəl idi” deyirlər. Fikrimcə, bu müqayisə kurikuluma yanaşmanı ifadə etmək üçün çox uğurludur. Biz kurikulumu geyiminə görə qarşılamışıq, amma onun düşüncələri,  həyata baxışı da olduqca geniş və ifadəlidir.

Əksər müəllimlər kurikulumun dərin dünyasına vara bilmirlər. Çünki kurikulumu sevməmək, onun təhsildə rolunu görməmək qeyri- mümkündür”.

“Müəllim bilmir, kurikulumu tətbiq etsin, yoxsa…”

Təlimçi öplkəmizdə kurikulumun tətbiqinə mane olan səbəbləri də ümumiləşdirib. Bildirib ki, bu səbəblərin başında müəllimərin kurikulum üzrə biliklərinin çox aşağı olması durur:

“Bundan əlavə, direktor və onların müavinləri kurikulumu qəbul edə bilmir, onu müasir və ənənəvi dərslə qarışdırırlar.

Əksər valideynlərin kurikulum barədə məlumatsızlığını da qeyd etmək istərdim. Onlar müəllimin işinə qarışır, müdaxilə edirlər. Təkid edirlər ki, müəllim sırf onların övladından dərs soruşsun. Beləcə, dərsin məntiqi dağıdılır. Müəllim bilmir, kurikulumu tətbiq etsin, yoxsa valideynlərin bir-biri ilə olan rəqabətini, “mənim uşağım” düşüncəsini aradan qaldırsın.

Ən ciddi problemlərdən biri də şagird düşüncəsinin ənənəvi fikirlərlə uyğunlaşmasıdır. Şagir istəyir ki, müəllim ondan yalnız dərs soruşsun. “Mən”, hətta “super-mən” eqosu məktəblilər arasındakı rəqabəti paxıllıq və qısqanclığa çevirib. Dialoji təlim əməkdaşlığı zəruri hesab edir. Belə düşüncə ilə böyüdülən uşaqlar isə başqaları ilə əməkdaşlığı sevmirlər. Bu, yanlış tərbiyə metodunun nəticəsidir. Qorxu ilə tərbiyə edilən uşağı sevgi və hörmətə alışdırmaq çox çətindir.

Və budur… Ailədaxili münaqişələr, uğursuz nigahlar, dünyagörüşü olmayan valideynlər, qeyri- peşəkar müəllim və iki yol arasında qalan şagirdlər...”

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları