Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-26 15:00:50
ABŞ-dan fantastik təqaüd təklifi alan Cavid: “Ölkəm üçün hər hansı rolumun olmasını arzulayıram” - FOTOLAR  

Cavid Əlizadə: Azərbaycanda müəllimin bizə hər şeyi hazır verməyinə öyrəşmişik”

Bu sözlər ABŞ-ın Lafayette Kollecindən 74 min dollar təqaüd təklifi  alan Cavid Əlizadəyə məxsusdur.

AzEdu.az-ın əməkdaşı ABŞ-la yanaşı, dünyanın bir sıra universitetlərindən təqaüd təklifi alan Cavid Əlizadə ilə söhbət edib.

ARAYIŞ: 19 yaşlı Cavid ƏlizadəMingəçevir şəhərində anadan olub və təhsilini IX sinfə kimi burada davam etdirib. Xaricdə təhsili ən böyük arzularından biri sayan Cavid, istəyinə IX sinfin sonunda, Böyük Britaniyada orta məktəbə qəbul olunduğu zaman çatır.

İngiltərədə orta təhsilini əla qiymətlərlə başa vuran həmyerlimiz, xarici ölkədə Biologiya olimpiadasında qızıl, gümüş, bürünc, Kimya olimpiadasında gümüş, Riyaziyyat olimpiadasında isə qızıl medal qazanıb.

Öncəliklə, Caviddən 74 min dollar təqaüd məsələsinə aydınlıq gətirməsini istədik. O, cavabında təqaüdün, yalnız təhsil haqqına şamil edildiyini deyir:

“74 min dollar təhsil haqqıma edilən güzəştdir. Bu pul təqaüd şəklində ödənilməyəcək, sadəcə, kollec məni təhsil haqqından azad edib”.

Müsahibimiz hansı ixtisas üzrə təhsilini davam etdirəcəyinə hələ qərar verməyib:

“Hansı ixtisası seçəcəyimdən tam əmin deyiləm. Amerikada sizə bu istiqamətdə seçim azadlığı verilir.İngiltərədə elm üzrə həm “İmperial College London”, həm də “University College London”un iki fakültəsində oxumaq üçün müsbət cavab almışam. Avstraliyada da fərqli fakültələrdən təklif gəlib. Qəbul edəcəyim təqdirdə, təhsilimi Türkiyənin Qoç Universitetinin Tibb fakültəsində də davam etdirə bilərəm”.

Cavid söhbət əsnasında Britaniyanın orta məktəblərindəki qəbul prosesi ilə bağlı məlumat da verir:

“Uğurlarımı həm Azərbaycan, həm də İngiltərədə üzərimdə əməyi olan müəllimlərimə borcluyam. Ancaq Britaniyada əldə etdiyim nəticələrə görə, dünyanın bir sıra universitetlərindən müsbət cavab almışam.

İngiltərədə oxuduğum orta təhsil müəssisəsi“Cardiff Sixth Form College” çox seçilən məktəbdir. Burada şagirdin akademik profilinə diqqət edirlər. Məktəbə bir sıra imtahan və müsahibələrdən keçdikdən sonra qəbul oluna bilmişəm. Bundan əvvəl İngiltərənin “CATS Cambridge” məktəbində oxumuşam. Ümumilikdə, Böyük Britaniyada 3 il təhsil almışam.

Burada təhsilə yanaşma çox fərqlidir; müəllimlər səni düşünməyə məcbur edir, məntiqi əlaqələndirmələr istəyirlər. Fərqlənmək üçün təkcə yaxşı oxumaq kifayət etmir, hərtərəfli olmalısan.

Müsahibə zamanı bu müəllimlər üçün sənin dünyaya baxış tərzin çox önəmlidir. Qarşındakıları məsələlərə necə yanaşdığın, suallara necə cavab verdiyin maraqlandırır. Çox çətin sual versələr belə onlara cavab yox, nəticəyə necə gəldiyin, düşünmə prosesin maraqlıdır.

“İngiltərədə demək olar ki,testdən istifadə edilmir”

Müsahibimiz Azərbaycan təhsil sistemində əzbərçiliyə meyil edilməsiylə bağlı fikirlər səsləndirib:

Təbii ki, mövzunu yaxşı bilməlisən. Amma İngiltərədə təqdim olunan suallar səni düşündürür. Mövzuları sintez edib,  məntiqi mühakimə yürütmək tələb olunur. Bu ölkədə testdən demək olar ki, istifadə edilmir. Azərbaycanda müəllimin hər şeyi qarşımıza hazır şəkildə qoymasına öyrəşmişik. Orada isə iş yalnız öz üzərinə düşür ki, bu da səni müstəqil edir.

Mentalitet fərqinə gəlincə isə cəmiyyətə inteqrasiya bir qədər zaman alır. Bu da dost çevrənin formalaşmasına təsir göstərir. Tez adaptasiya olduğum üçün ciddi problemlərlə qarşılaşmamışam”.

Cavid iki ölkənin müəllimləri arasındakı fərqlərdən də bəhs edib:

“Ölkəmizdə kifayət qədər fədakar müəllimlərimiz var. Təhsil səviyyəsinin yüksək olması Britaniyada pis müəllimin olmadığı anlamına gəlmir. Müəllimlik müqəddəsdir və o sənəti hər kəs bacarmır. Yaxşı pedaqoq olmaq istedad tələb edir. Britaniyadakı müəllimlər sənə yetkin fərd kimi yanaşır, çox gözəl münasibət qururlar. Bir qayda olaraq, nə sualın varsa, cavab verməyə hazırdırlar. Eyni zamanda, tələbəni ruhlandırmağı da unutmurlar. Dərs keçmək tərzləri ölkəmizdəki metoddan çox fərqlidir. Qısası, britaniyalılar işlərini çox sevirlər”.

Müsahibimiz Azərbaycanda təhsilin inkişafı istiqamətində bir sıra təkliflər edib:

Vətənimə bağlı insanam. Hər insan ölkəsində qalmağı istəyər. Azərbaycanın inkişafında rolumun olmasını arzulayıram.

Ölkəmizdə təhsilin inkişaf etməsi üçün məsələyə kökdən, ibtidai siniflərdən yanaşılmalıdır. Uşaqlarda təhsilə,elmə qarşı sevgi,maraq oyadılmalı, onların cəhdi qiymətləndirilməlidir. Bu işdə ailələrin də rolu böyükdür. Hər şey evdən başlayır. Elmə yönəlməyimdə anamın rolu danılmazdır. Bu prosesdə mənə mənəvi dəstək olan atama sonsuz borcluyam. Onlarsız indiki mən olmazdım. Bu cür müsahibələr də gənclərin üzərində ruhlandırıcı effektə malikdir. Bunun bir parçası olmaq məni çox sevindirir. Ölkəmizin gələcəyi və inkişafı üçün təhsil və elm həddindən artıq önəmlidir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları