Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-26 11:45:00
Nəsiminin şeir evində çoxlu otaq var - Mixael Hess

Məşhur alman alimi, Nəsimişünas Mixael Hess (Michael Hess) Almaniyanın nüfuzlu universitetlərində Azərbycan dilini tədris edir, Azərbaycan ədəbiyyatı haqqında mühazirələr oxuyur.

2000-2004-cü ildə Almaniya Elmi Tədqiqat Assosiasiyası tərəfindən Nəsimi divanlarının tərcüməsi layihəsinə cəlb edilib. 2009-cu ildə «Die Sprache des Menschengottes (Untersuchungen zu Imad əd-Din Nəsimis (d. ca. 1400) türkischem Divan» (Həqq əhlinin dili; İmadəddin Nəsiminin türkcə divanı üzərində tədqiqat) kitabını çap etdirib. Bundan sonra hürufizmdə hərflərinin simvolizmi proqramının işlənməsi üzrə elmi fəaliyyətə başlayıb.

Hazırda Nəsimi haqda monoqrafiya yazır.

– Müsahibələrinizin birində Nəsimi Azərbaycanın ədəbi dilinin inkişafında gördüyü işlərə görə Lüterlə, ideyaları uğrunda inamla mübarizəsinə görə Şillerlə müqayisə etmisiniz. Nəsimi Almaniyada yetərincə tanınırmı?

– Məncə az tanınır, hətta haradasa heç tanınmır desək, yerində olar. Avropada Nəsimişünaslıq hələ az inkişaf edib.

– Siz Nəsiminin əsərlərinin alman dilinə ən mükəmməl tərcüməçisi kimi də tanınırsınız. Əruz vəznində yazılmış şeirlərin alman dilinə tərcüməsi zamanı şeirin ahənginin və ya məna çalarlarının qorunması ilə bağlı problemlərlə üzləşdinizmi?

– Nəsimin şeirində həm məna çoxdur, həm bədii səviyyə fövqəladə yüksəkdir, üstəgəl şair bizə bugün belə hiss və emosiyaları təlqin eyləyir. Mən özümü qapı açan biri kimi görürəm. Nəsiminin şeir evində çoxlu otaq var, hamısı parlaq, dəbdəbəli, gözəl, zəngin. Bunların hamısını bir saatda layiqincə ziyarət eyləmək mümkün deyil. Ona görə mən bu otaqların bir neçəsinin qapısını itələməyə cəhd eylədim. Tərcümələrim qapı itələməsindən başqa bir şey deyildir. Alman oxucusu Nəsiminin təntənəli sarayına bir göz atıb baxsın ki, dini-fəlsəfi dərinlikdən, ruh və emosiya qüvvətindən kimi, bədii ifadələrdən hansı otaqda özünü qənaətləndirəcək şeylər vardır. Bütün otaqların gözəlliyini özü kəşf eyləməlidir. Әksər əhvallarda bir sətir tərcümə ilə Nəsiminin şerinin bir misrasının bütün dimensiyalarını verilə bilməz. Әksər hallarda bir sətir barədə yarım səhifə, ya da bir səhifə yazmaq olar. Lakin bu vaxt tərcümədən çıxılmış olardı.

– Hazırda Nəsimi haqda monoqrafiya yazdığınız bildirilir. Əsərdə Nəsimi yaradıcılğının hansı əsas məqamlarını vurğulamağı nəzərdə tutursunuz?

– Onları kitabda yazaram.

– Sizcə, Nəsiminin Qərbdə Azərbaycan mütəfəkkiri və şairi kimi tanıdılması üçün görülən işlər qənaətbəxşdirmi?

– Məncə, daha çox işlərin aparılması mümkün olardı.

– Bu il Azərbaycanda Nəsimi ili elan edilib. Tanınmış bir Nəsimişünas kimi yubiley tədbirlərində iştirak edəcəksinizmi?

– İnşallah.