Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-14 13:44:31
Şagirdlərin özlərinə etdikləri pislik - "Burada valideynlər də vicdanlı olmalıdı"

 

Azərbaycanda orta məktəbi bitirənlər  universitetə kifayət qədər sosiallaşmış halda gəlmirlər. Orta təhsil müəssisələrinin özünü lazımı səviyyədə ifadə edə bilən şagirdlər yetişdirmədiyi təhsil ekspertləri tərəfindən dəfələrlə müzakirə olunub.

Bəs bunun səbəbləri nədir? Müəllimlərin məsələyə yetərincə diqqət yetirməməsi, yoxsa şagirdlərin məsuliyyətsizliyi? Özünüifadə bacarıqlarının formalaşmasında inşa yazılarının da rolu danılmazdır. Bəzi şagirdlər isə onu yazmaq üçün ya internetin, ya da hansısa tanışının köməyindən istifadə edir. Şagird inşasını özü yazmadıqda  itirdikləri nə olur?

Mövzu ilə bağlı AzEDU.az saytına danışan şair, jurnalist Elçin Mirzəbəyli şagirdlərin özünüifadə qabiliyyətinin qarşısını alan səbəbləri izah edib:

“Şagirdlərin özünü ifadə bacarığının qarşısını alan səbəblərin sayı kifayət qədərdir. Birinci səbəb ondan ibarətdir ki, Sovet təhsil sitemində şagirdin müxtəlif mövzularda özünü ifadə etməsinə imkan yaradılmırdı. Hazırda isə diskusiya və debat mədəniyyətinin formalaşmaması, diksiya qaydalarının tədris olunmaması, düzgün nəfəs almanın öyrədilməməsi, nitq mədəniyyətinin orta məktəblərdə ayrıca fənn kimi tədris olunmaması bunun səbəblərindəndir. Bu, yalnız məktəbdən qaynaqlanan problem deyil, kökü ailədən gəlir. Əksər hallarda, bizim mental düşüncəmiz milli dəyərimizi qorumaq üçün uğurlu vasitə olsa da, bəzən  bu mühafizəkar yanaşma bir çox problemlərə səbəb olur: Uşaqlara müxtəlif mövzular ətrafında öz fikirlərini ifadə etməyə imkan verilməməsi, istənilən məsələ haqda məntiqlə fikir yürütməyə çalışan uşağın fikirlərinin kəskin qarşılanması, valideynlərlə uşaqlar arasında ehtiyac duyulmayan pərdənin olması və s... Bu problemlər kompleks halındadır. Etiraf etmək lazımdır ki, onların aradan qaldırılması üçün inidiyədək müəyyən addımlar atılıb. Amma bu daha geniş yanaşma tələb edən bir məsələdir”.

O, şagirdlərə verilən inşa mövzularının müəyyən standart çərçivə daxilində olduğunu qeyd edib:

“Şübhəsiz ki, məktəblinin özünü ifadə edə bilməsi üçün inşa yazıları çox önəmlidir.  Amma söhbət ev tapşırığı kimi verilməyən, sinifdə yazılanlardan gedir. Uşaqlar inşa vasitəsilə ayrı-ayrı mövzular ətrafında öz fikirlərini bildirirlər. Amma inşa mövzuları məhdud çərçivə dirəsində olur. Sadəcə, vətən, ata, ana haqqında mövzularla yekunlaşır. Şagirdlərə imkan vermək lazımdır ki, həyatın bütün məsələləri ilə bağlı öz fikirlərini yürüdə bilsinlər, yalnız bir neçə standart mövzu ətrafında yazılar yazmasınlar. Müasir kommunikasiya vasitələri, təhsil, dərs yükü və s. kimi mövzulara yer vermək olar. Hətta onlara imkan yaradılmalıdır ki, tədris prosesində  olan, onları narahat edən məsələlər haqqında  fikirlərini də yazıya köçürə bilsinlər. Məncə, bu, onlarda olan komplekslərin aradan qaldırılmasına səbəb olar. Mövzu rəngarəngliyi də uşaqda buna maraq oyadar.

Amma yazılı özünüifadə vasitələri yetərli deyil. Şifahi özünüifadə vasitələrinə daha çox yer vermək, şagirdlərlə müxtəlif mövzularda diskusiyalar aparmaq lazımdır. Bu, dərsdənkənar da, dərs prosesində də ola bilər. Ədəbiyyat, tarixlə bağlı mövzulara yer vermək olar. Hətta tarixi faktların özünə belə uşaqların müxtəlif fikirləri öyrənilməlidir. Onun kitabda necə yazılması yox, uşağın mövzuya necə yanaşması önəmlidir. Şagirdlər hansısa tarixi hadisənin, bu gün baş verən proseslərin analitik təhlilini verə bilməlidirlər. Şagird nəyi doğru, nəyi və niyə yanlış hesab edir? Öz fikrini arqumentləşdirmək bacarığı çox vacibdir. Bu məqamların tədris prosesində yer almasına böyük ehtiyac var”.

O, inşasını özü yazmayan şagirdin ilk növbədə özünü aldatdığını və özgüvən əksikliyi yaşadığını vurğulayıb:

“Məktəbli inşanı özü yazmamaqla çox şey, ilk növbədə isə müstəqilliyini itirir. Əgər  gələcəkdə istənilən məsələ ilə bağlı qərar qəbul edəcəksə, onda artıq elə fikir formalaşıb ki, bu məsələləri onun yerinə kimsə həll etməlidir. Özünə olan inamını itirir. Bu isə çox vacib məsələdir. Bir uşağın özünü təsdiq etməsi üçün vacib məqamlardan biri özünə güvən hissinin mövcudluğudur. Bu yoxdursa, heç nə yoxdur. Valideynlər də bu məsələ ilə bağlı hər şeyə vicdanlı yanaşmalııdırlar. İmkan  verməməlidirlər ki, övladları internet və ya hansısa qohumunun  yardımından istifadə edərək inşa yazsın.

İnşasını özü yazmayan uşaq ilk növbədə özünü aldadır. Çünki bu, artıq onun yox, başqasının fikirləridir. Bu, əslində bir növ, plagiat, oğurluqdur. Eyni zamanda, məktəbi, müəllimi aldatmaq, öz gələcəyinə barmaqarası baxmaq deməkdir. Uşaqların yerinə valideynlərin hansısa məsələni həll etməsi qətiyyən yolverilməzdir. Söhbət təbii ki, tədris prosesindən gedir. Yardım etmək, istiqamət vermək olar. Amma həmin istiqamətdə də zorakılıq olmamalıdır. Sadəcə, izah etmək lazımdır. Valideyn çalışmalıdır ki, mövzu ilə bağlı övladının  fikrini ala bilsin. Bunun üçün çoxsaylı suallar verib, uşağın fikrini ortaya çıxarmaq olar. Bu, ondakı komplekslərin aradan qaldırılmasına kömək edə bilər”.

Millət vəkili Kamilə Əliyeva isə bunun səbəbini məktəblilərin bədii ədəbiyyatla maraqlanmamasında görüb:

“Düşünmürəm ki, inşaları uşaqlar kiməsə yazdırır. Çünki dərs prosesində keçirilən inşalar da olur. Müəllim bu cümlələrin uşaqlara aid olmadığını hiss edə bilər. Uşaqların özünü yaxşı ifadə edə bilməməsinə  gəldikdə isə mən bunun səbəbini bədii ədəbiyyatı oxumamaqda görürəm. Uşaqlar bədii ədəbiyyatla az maraqlanırlar. Buna görə də özünü ifadə etmə bacarıqları çox zəifdir”.

Təhsil eksperti Etibar Əliyev isə heç bəzi müəllimlərin də esse yaza bilmədiyini, yaradıcılığının olmadığını vurğulayıb:

“Esse şagirdin biliklərini nümayiş etdirməklə yanaşı, həm də onun dünya görüşünü ehtiva edən bir üslubdur. Dünya daha çox esse yazır. Müəllimlərimiz isə bunu bacarmırlar. Əgər müəllimlərə keçdikləri fənn üzrə esse yazmağı tapşırsaq, onların özləri də bunu bacarmayacaqlar. Müəllimlərin yeni dərsliklərdən istifadə etmək, proqrama yaradıcı yanaşmaq bacarığı olarsa, əlbəttə ki, bu, şagirdlərdə özünüifadə, yazı bacarıqlarının da formalaşmasına səbəb olar.  Uşaqlar yazıb, danışa bilmirlər.  Düşünə və danışa bilməyən böyük şagird toplumu formalaşdırılır. Bu, ölkənin qarşısına qoyulan bir sıra mühüm məqsədlərə çatmasına maneə törədir”.

O, məktəblilərin özünüifadə qabiliyyətinin olmamasını həm də test üsulu ilə əlaqələndirib:

“Bu üsullar çoxdan keçirilməli idi. Amma təəssüf ki, test buna imkan vermir. Testləşdirmə məktəbi təhdid edir. Məktəbdəki uşaqların biliklərinin sərbəst ifadəsini, eyni zamanda da düşünə bilmək qabiliyyətini geri çəkir. Buna müəllimlər ifrat testləşdirmədən uzaqlaşmalıdırlar. Öz fənlərini proqramlar üzrə mükəmməl tədris etsələr, şagirdlərin istər açıq, istər qapalı test tapşırıqlarını işləmə qabiliyyətləri yaxşılaşar. Müəllimlər çalışırlar ki, fənnin testlər vasitəsilə mənimsənilməsinə nail olsunlar. Bu isə mümükünsüz bir şeydir.”

İnşa yazmaqda çətinlik çəkən 7-ci sinif şagirdi Nüsrətli Ramal bunun səbəbini belə izah edib:

“İnşalarımı özüm yazmıram. Bu işdə, adətən,  qohumlarımın köməyindən istifadə edirəm.  Çünki inşanı başlasam da, ardını  gətirə, sonunu tamamlaya bilmirəm. Yazdığım fikirlər bir-biri ilə uyğunlaşmır. Danışanda fikrimi çatdırmaqla bağlı heç bir problemim olmur. Yalnız fikirlərimizi yazıya köçürməkdə çətinlik çəkirəm”.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları