Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-25 17:56:46
Jurnalistikanın magistraturasına imtahan verənlərə tövsiyələr: “Sərbəst olub, bizi dost saysınlar”  

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura pilləsinə qəbul olmaq üçün müraciət edə bilərlər. 

Həmin bakalavrlar 2019-cu il aprelin 16-dan 25‑dək Dövlət İmtahan Mərkəzinin (DİM-in) internet saytında qeydiyyatdan keçməli və 2019-cu il mayın 1-dən 3‑dək qabiliyyət imtahanı verməlidirlər.

Qabiliyyət imtahanı bir neçə  mərhələdən ibarətdir: İlk olaraq bakalavrın dövri mətbuatda çap olunan məqalələrinə baxılır, sonra onun dünyagörüşü və bilik səviyyəsi yoxlanılır. Sonda isə tələbəyə redaktə etməsi üçün material verilir.

AzEdu.az jurnalistika ixtisasının magistratura səviyyəsi üçün keçirilən qabiliyyət imtahanında ekspert kimi iştirak edən, Əməkdar jurnalist,Mətbuat Şurasının İdarə Heyətinin üzvü və “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin müsabiqə mərhələsi ilə bağlı fikirlərini alıb.

O sözlərində müsabiqə mərhələsini yüksək qiymətləndirdiyini vurğulayıb:

“Hesab edirəm ki, bu, çox vacib şərtdir. Qabiliyyət tələb edən sahələrdə bu cür imtahanın olması lazımlıdır. Yaradıcılıq elə sahədir ki, insanın daxili potensialını ortaya çıxarır.

İmtahan verəcək tələbələridə başa düşmək lazımdı. Düşünürəm ki, onlardan böyük bir material tələb etmək doğru deyil. Sadəcə, bu sahəyə həvəsləri varsa və bədii təfəkkürü, cümlə quruluşu, fikir ifadə etmək bacarığı  yerindədirsə buna müsbət  yanaşmaq lazımdı.

Bədii yaradıcılıqlarını ortaya qoymaları üçün müəyyən yazılarının olmasını müsbət qiymətləndirirəm. Cəhd edib, kiçik də olsa, məqalə yazsınlar. Ola bilər yaxşı olmasın, amma çalışsınlar. Birinci dəfə alınmasa, ikincidə alınacaq. Media orqanları ilə əməkdaşlığa üstünlük versinlər.

Nəzəriyyə ilə praktikanın vəhdəti mükəmməl mütəxəssis yetişməsində   böyük amildir. Yaradıcılıq sahəsində olanların praktikası olmalıdı. Təcrübəyə daha çox üstünlük verilməlidi.

Qabiliyyət imtahanı dedikdə tələbələr psixoloji cəhətdən gərginlik keçirib, narahat olurlar.

Mən özüm qabiliyyət imtahanında iştirak etmişəm, hətta komissiya sədri olmuşam. Tələbələrin sərbəst olmaqlarını arzulayıram, çəkinməsinlər.

Görürsən ki, magistr namizəddə kifayət qədər potensial, yaradıcılıq qabiliyyəti var, amma onu ortaya çıxarmaqda çətinlik çəkir. Psixoloji sıxıntı gərginlik buna imkan vermir. Arzu edirəm ki, tələbələr  sərbəst olsunlar, bizi özləri üçün dost və həmkar hesab etsinlər. İstəyirik ki, həmkarlarımız peşəkarlardan, yaxşı və nümunəvi jurnalistlərdən ibarət olsun. Dövlətini, vətənini sevən  insanlar olsun”.

Qeyd edək ki, bu gün jurnalistika ixtisasının magistratura səviyyəsinə qabiliyyət imtahanı üçün son qeydiyyat tarixidir.

Şüküfə Suleymanlı