Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-23 14:56:00
“Kasıb ailələrin uşaqları bağçaların elektronlaşmasından sonra da çöldə qalacaqlar”  

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt bağçalarındakıtəlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi, uşaq qəbulunda şəffaflıq və digər məsələlərə həsr olunan müşavirə keçirilib. 

Müşavirədə İcra Başçısı Eldar Əzizov bağça müdirlərinə uşaqların qəbulunda neqativ hallara yol verilməməsi ilə bağlı ciddi xəbərdarlıq edib. Bildirib ki, artıq bu məsələlər nəzarətə götürülüb. Bu ilin sonuna kimi bağçalara qəbul elektronlaşdırılacaq və bu istiqamətdə işlər davam edir.

Bəs, bugünəcən qapalı məkan kimi fəaliyyət göstərən uşaq bağçaları belə şəffaf qəbul prosesinə nə dərəcədə hazırdır?

“Elektronlaşmadan öncə şəffaflıq üçün çalışmaq lazımdır”

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil menecmenti, “İndigo” uşaq bağçaları şəbəkəsinin rəhbəri Rasif Dünyamalıyev bildirib ki, əslində, bu elektronlaşma çoxdan həyata keçirilməli idi. O, bu prosesi artıq gecikmiş və mühüm addım hesab edir:

“Elektronlaşmadan öncə bağçaya qəbulun şəffaf olması üçün çalışmaq lazımdır. Bağça müdirləri bəzi azyaşlıları qəbul edir, digərlərinə isə boş yer olmadığını deyirlər. Çünki buradakı uşaqların qeydiyyatını onlardan başqa heç kim aparmır. Elektron sistem olmadığından, İcra Hakimiyyəti belə bağçadakı uşaqların dəqiq sayından xəbərsizdir.Yalnız fiziki olaraq gedib görmək, müfəttiş göndərməklə kifayətlənir. Direktorlar da bundan yararlanıb, o yerləri başqa üsullarla valideynlərə təklif edirdilər. Fikrimcə, elektron sistem prosesin şəffaflaşmasına kömək edəcək”.

“Övladını dövlət bağçasına  100 minlik maşınla gətirən valideyn var”

Amma Rasif bəyinarahat edən başqa məsələdir. Düşünür ki, dövlət uşaq bağçaları sosial yönümlü bir layihədir və ölkəmizin xanımlarının məşğulluğa cəlb olunmasına hesablanıb. Amma ədalətsizlik bu prosesdə balansı pozub:

“Dövlət bağçası ona görə var ki, aztəminatlı ana işləmək üçün övladını harasa qoya bilsin. Orta əməkhaqqısı təmin olunan insanlar isə övladlarını özəl bağçalara yerləşdirə bilərlər. Azərbaycanda övladınıözəl müəssisələrəimkansızlıqdanqoya bilməyən ailələr az deyil. Bu uşaqlaradövlət məktəbəqədər təhsil müəssisələrində də yer tapılmır. Çünki onların yerini imkanlı ailələr tutub. Direktor da yerləri pul qarşılığında kiməsə satıb.

Fikrimcə, imkanlı şəxs övladını özəl müəssisəyə yerləşdirməlidir ki, aztəminatlı ailələr də dövlətin sosialyönümlü tədbirindən yararlansınlar. Bu gün dövət bağçasına övladını 100 minlik maşınla gətirən valideyn var. İmkanı varsa, niyə o, aztəminatlı ailədən olan uşağıın yerini tutmalıdır? Elə getsin özəl sektora dəstək versin də! Dövlət də onun əvəzinə imkansız ailənin övladına xidmət etsin. Bu, daha ədalətli olar”.

“Bu xidmətdən sosial təminatı zəif vətəndaşlar yararlanmalıdırlar”

O, buna görə də məktəbəqədər müəssisələrə qəbulun həm də göndəriş əsasında aparılmasını təklif edir:

“Bağçaya ilk növbədə Məşğulluq idarələri, Dövlət Sosial Müdafiə Fondunun sosial mərkəzlərinin xüsusi göndərişi iləmüraciət edən şəxslər qəbul olunsunlar. Qalan boş yerlər isə digər insanlara təklif edilsin. Bu xidmətdən sosial təminatı zəif vətəndaşlar yararlanmalıdırlar.

Yəni, qəbul elektronlaşdırılmaqla yanaşı, həm də göndəriş əsasında aparılmalıdır. Bu gün internetə çıxışı olanlar gəliri ən azından orta əməkhaqqından yüksək olanlardır. Deməli, gəliri orta əməkhaqqından aşağı olan ailələrin uşaqları elektronlaşmadan sonra da çöldə qalacaq.

Onlayn qəbul Bakı Şəhər İcra Hakimiyyətinin prosesə nəzarətini asanlaşdırmaq üçündür. Çünki onlaynın bizim deyil, yalnız İcra Hakimiyyətinin görə bildiyi pərdə arxası da var. Yalnız məlumatları daxil etdikdən sonra bağçada yer olub-olmaması barədə deyilir. Dövlət məktəblərinə qəbulda da eyni problem yaşandı. I sinfə qəbul elektronlaşdırılanda azyaşlıların repetitorları proses barədə öncədən məlumatlı idilər. Sistem açılan kimi öz  yanlarına hazırlığa gələnləri qeydiyyatdan keçirdilər. Övladımı qeydiyyatdan keçirmək istəyəndə gördüm ki, artıq sinifdə yer qalmayıb. Bağçalarda da eyni poroses təkrarlanacaq. Bunun qarşısını almaq üçün filtrləmə mütləqdir”.

Bağçalara elektron qəbul prosesinin illərdir gecikməsinin səbəbini isə Rasif Dünyamalıyev sadəcə keçmiş icra başçısının yanaşmasında görür və düşünür ki, bu sistemin qurulması üçün 1-2 ay kifayətdir:

“Hətta elektron sistemi daha da təkmilləşdirmək olar. Təklif edirəm ki, dövlət bağçasına qeydiyyatdan keçirilən hər uşağın qeydiyyat kartı olsun. Bağçaların girişində kartəsaslıqeydiyyat sistemi yaradılsın. Beləcə bütün məlumatlar İcra Hakimiyyətində toplanar. Uşağın bağçaya davamlı gəlib-gəlmədiyi də məlum olar”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları