Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-23 10:15:00
Jurnalistikanın magistraturasına maraq azdır – Cəmi 14 nəfər...  

Jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq üçün ümumilikdə 14 nəfər ərizəsini təsdiqləyib.

Bakalavrlar aprelin 16-dan 25‑dək Dövlət İmtahan Mərkəzinin (DİM-in) internet saytında qeydiyyatdan keçməli və 2019-cu il mayın 1-dən 3‑dək qabiliyyət imtahanı verməlidirlər.

Bəs hansı ixtisaslar üzrə təhsil alan bakalavrlara jurnalistika üzrə magistratura təhsili almaq hüququ verilir?

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, jurnalistika istiqamətinə daxil olan ixtisaslaşmaları ixtisasından asılı olmayaraq bütün bakalavrlar seçə bilərlər. Bundan başqa, Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”nda etdiyi dəyişikliyə əsasən, humanitar və sosial ixtisaslar qrupuna “İdman jurnalistikası” ixtisaslaşması da əlavə edilib. Əgər respublikanın hansısa ali təhsil müəssisəsində bu ixtisaslaşma üzrə magistr hazırlığı aparılarsa, idman sahəsində jurnalistlik fəaliyyəti ilə məşğul olmaq istəyənlər həmin ixtisaslaşmanı da seçə bilərlər.

Magistraturaya qəbul imtahanının birinci mərhələsində humanitar və sosial ixtisaslar qrupu üçün müəyyən edilmiş minimum müsabiqə şərtlərini ödəyərək ikinci mərhələyə buraxılan və jurnalistika üzrə magistr ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar DİM tərəfindən elan olunacaq vaxtda qeydiyyatdan keçməli və şifahi qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanına gələrkən bakalavrlar dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət İmtahanı Komissiyasına təqdim etməlidirlər. Bu imtahandan “məqbul” qiymət alan bakalavrlar imtahanın ikinci mərhələsində jurnalistika üzrə 44 saylı proqramı seçə bilərlər.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına, o cümlədən, idman jurnalistikası ixtisaslaşmasına qəbul olmaq istəyən, nəticələri qəbul imtahanının birinci mərhələsi üzrə DİM tərəfindən müəyyən olunan müsabiqə şərtlərini, həmçinin TOEFL IBT (minimum 83 bal) və ya IELTS (minimum 6.5 bal) imtahanı üzrə tələbləri ödəyən bakalavrlar isə qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisəsinin müəyyən etdiyi qəbul prosedurlarındankeçməlidirlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən bakalavrlar jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları