Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-14 06:45:55
Adı asteroidə verilən azərbaycanlı alim: “Astronomiya sahəsində çox geri qalmışıq”

 

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının keçmiş direktoru, professor Əyyub Quliyev Azərbaycan elmində ilkə imza atan alimlərdəndir.

Beynəlxalq Astronomiya İttifaqının və Avroasiya Astronomiya Cəmiyyətinin üzvüdür. Astronomiya və astrofizika sahəsində dünyada tanınan alimlərdəndir. Hazırda Bakıda həm elmi, həm də pedaqoji fəaliyyətini davam etdirir.

Bir faktı da qeyd edək ki, o, hazırda adı asteroidə verilən yeganə yaşayan azərbaycanlıdır.

Professor həm bu, həm də çağdaş astronomiya tədrisinin problemləri barəsində maraqlı məqamlara toxunub.

AzEDU.az  saytına danışan astrofizik alim, professor,  AMEA-nın müxbir üzvü Əyyub Quliyev orta məktəblərdə bu fənnin tədris olunmadığını təəssüf hissi ilə bildirib:

“Orta məktəblərdə astronomiyanın tədrisi məni qane etmir. Ümumiyyətlə, bu fənni yaxşı keçmirlər. Astronomiyanın dərs saatlarını fizika, riyaziyyat və digər fənlərə həsr edirlər. Buna görə də uşaqlar universitetə gələndə astronomiya haqda bilikləri aşağı səviyyədə olur. Həmin fənnin tədrisinə diqqət xeyli artırılmalıdır. Çünki o, müasir elmlərdən biridir. Dərs saatları artırılmalıdır. Məktəblərin teleskopla təmin olunmasına çox ehtiyac var. Universitetlərdə dərnəklər açılmalıdır. Belə olsa, uşaqlar axşamlar teleskopla səmanı müşahidə edə bilərlər. Bu, onlarda fənnə maraq oyadar. Müəyyən insanların astronomiyaya dırnaqarası münasibəti var. Bu, təbii ki, məni çox narahat edir. Respublikamızda iki astronomiya rəsədxanasının olmasına baxmayaraq, vəziyyət hələ də eynidir. Tələbələr ali məktəbə gələndə onların astronomiya bilikləri çox aşağı səviyyədə olur. Astronomiya Azərbaycan Pedaqoji Universitetdə, Bakı Dövlət Universitetində, Bakı Mühəndislik Universitetində, Naxçıvan Dövlət Universitetində tədris olunur. Digər ali təhsil müəssisələrində fənnin tədrisi ilə bağlı bilgim yoxdur”.

 

eyyub.jpg

 

Professor astronomiya sahəsində Azərbaycanın digər ölkələrdən xeyli geri qaldığını vurğulayıb:

“Ümumiyyətlə, bizdə Ukrayna və Rusiyadakına nisbətən bu sahədə çox böyük gerilik var. Həvəsli astronomların sayı çox azdır. Başqa respublikalara gedəndə görürsən ki, klublar var. Bakıdakı “Planetarium”un fəaliyyətini mən xüsusilə qeyd etmək istərdim. O, astronomiyanın təbliğində böyük rol oynayır. Məktəblilərin ora gedib müasir filmləri izləməsi yaxşı olardı. Astronomiya elmi Nəsrəddin Tusidən sonrakı dövrlərdə inkişaf edib. Bütün dünyada astronomların səviyyəsi bərpa olunmalıdır. Bunun üçün isə hər şey orta məktəbdən başlayır. Dərnəklərin, teleskopların olması çox vacibdir. Şagirdlərin teleskop haqda minimal bilikləri belə yoxdur”.

Adının asteroidə verilməsi məsələsinə də toxunan alim, buna hansı uğurun səbəb olduğunu açıqlayıb:

“Məndən başqa digər azərbaycanlıların adı da asteroidə verilib. Amma mən həyatda olan azərbaycanlıların arasında yeganə belə adamam. Nəsrəddin Tusi, Hüseyn Cavid, Nizami Gəncəvi, Müslüm Maqomayevin adını daşıyan səma cisimləri də var. Təxmini 11-12 adamın adından istifadə olunub. Söhbət təkcə asteroidlərdən getmir. Həm də planetlərin üzərindəki kraterlərə Ay, Mars Merkuriyə də alimlərin adı verilib. Asteroidin mənim adımı daşıması məsələsinə gəldikdə isə bu, 2007-ci ilə təsadüf edir. Bizim dostlarımız olan Ukrayna astronomları Şamaxı rəsədxanasının fəaliyyətini izləyirdilər. O zamanlar mən rəsədxananın rəhbəri idim. Onlar rəsədxanada çox böyük inkişaf getdiyini gördülər. Bunu nəzərə alaraq, Beynəlxalq Astronomiya İttifaqına müraciət etdilər. Beləcə, 2007-ci ildə bir asteroid mənim adımı aldı”.

Lamiyə  Süleymanlı