Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-22 09:35:00
“Bizdəki rezidentura təhsilini başqa ölkələrlə müqayisə etmək mümkün deyil, çox şikayət eşidirəm”- “Ağ xalatlı” problem

Tibb təhsili dünyanın istənilən ölkəsində uzunmüddətliliyi, tədris proqramının çətinliyi ilə fərqlənir. Ölkəmizdə də Azərbaycan Tibb Universitetinə  qəbul balının kifayət qədər yüksək olması bura bilik və məntiq səviyyəsi yüksək tələbələrin cəlbinə yol açır. Azərbaycanda tibb təhsili almaq istəyənlər 6 il bakalavr, sonra isə ixtisasdan asılı olaraq, 2 ildən 5 ilə qədər rezidentura təhsili almalıdırlar. Bakalavr illərində tələbəyə həm kliniki, həm də baza fənləri tədris edilsə də, rezidentura oxumayan məzun ixtisas sahibi ola bilmir.

Maraqlıdır, bəs, ATU-da dərs deyənlər rezidentlərin bilik və bacarıqları, tədrisin keyfiyyəti barədə hansı fikirdədirlər?

“Rezidenturada lazımi vəsait və inventarın az, hətta hər kəs üçün əlçatan olmaması da problemdir. Məsul şəxslərin tələbələr üçün alınan müasir vəsaitlərdən istifadəyə məhdudiyyət qoyması barədə şikayətləri də çox eşidirəm”

Bu sözlərin müəllifi Nəsimi Vahabov Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının assistentidir.

O, AzEdu.az-a açıqlamasında tələbələrinin rezidentura dönəmində qazandıqları bilik və bacarıqlar, həmçinin, onların sonradan hansı keyfiyyətlə tətbiq olunması,  barədə danışıb:

Əsas fikri isə bu olub:  Rezidentura təhsili ölkəmizdə yenidir, cəmi 8 ildir, tətbiq edilir.

Qeyd:

Rezidenturanın tətbiq olunduğu 2011-ci ilə qədər Tibb Universiteti məzunları 2-3 il müddətinə internatura keçməli idilər. Bu zaman məzun uyğun ixtisas üzrə tibb müəssisəsində təhsil alırdı. Bu təhsilin rezidenturadan əsas fərqi isə o idi ki, tələbənin hansı ixtisas üzrə oxuyacağını müəyyənləşdirmək üçün hər hansı qəbul imtahanı keçirilmirdi. İxtisasların verilməsində tələbənin semestr qiymətləri müəyyən rol oynasa da, bu, bəzən şans məsələsi olurdu. Qəbulda insan faktorunun qeyri-şəffaflığa yol açdığı hallar da az baş vermirdi…

“Rezidentura obyektivliyi ön plana çıxardı”

Nəsimi Vahabovun fikrincə, istənilən köklü dəyişiklik ilk illərdə mükəmməldən uzaq olur. Bu səbəbdən ölkəmizdəki rezidentura təhsilinin bəzi axsamaları başadüşüləndir:

“Amma rezidentura imkan verdi ki, məzunlar istədikləri ixtisaslara öz bilik və əziyyətlərinə uyğun sahib olmaq şansı əldə etsinlər. İnsan faktoru minimum olduğu üçün obyektivlik ön plana keçdi. Rezidenturanın mövcudluğundan narazı ola bilmərəm.

Sözsüz ki, müəyyən axsamalar var. Rezidentura təhsilinin keyfiyyəti mütəxəssislər, yəni, kuratorların bilik və təcrübəsindən, həmçinin maddi-texniki bazadan asılıdır. Hər ikisinin inkişaf etdirilməsi üçün davamlı işlər aparılır. Hələ ki, rezidenturanı inkişaf etmiş ölkələrin bakalavr və bakalavr sonrası təhsil sistemləri ilə müqayisə etmək mümkün deyil. Amma aidiyyatı hər kəs görülən bu məqsəd üçün can yandırsa, yaxın illərdə müəyyən ixtisaslarda iddia ortaya qoymaq olar”.

“Tələbələrimizin əlində yerli ədəbiyyatı çox az görə bilirik”

Onun sözlərinə görə, əslində, ölkəmizdə əksər cərrahi ixtisasların vəziyyəti nisbətən qənaətbəxşdir. Terapevtik ixtisaslar arasında da vəziyyəti qənaətbəxş olanlar var. Nüfuzlu, inkişaf etmiş ölkələrlə aramızdakı əsas fərq isə maddi-texniki baza və öz dilimizdə müasir ədəbiyyatın xeyli qıt olmasıdır:

“Bu gün tələbələrimizin əlində çox az yerli ədəbiyyat görə bilirik. Əsasən, Türkiyə türkcəsində fənn kitabları, alman, ingilis dilində ixtisas ədəbiyyatlarını görmək mümkündür.

Lazımi vəsait və inventarın az, hətta hər kəs üçün əlçatan olmaması da başqa bir problemdir. Məsul şəxslərin tələbələr üçün alınan müasir vəsaitlərdən istifadəyə məhdudiyyət qoyması barədə şikayətləri də çox eşidirəm”.

Bilik səviyyəsinin yaratdığı uçurum…

Amma Nəsimi həkim istənilən halda Azərbaycanın heç vaxt mütəxəssis sarıdan problemi olmayacağını düşünür. Səbəbi isə:

“Çünki bilik səviyyəsi yüksək olan tələbələrin sayı ilbəil artır. Amma təəssüf ki, heç oxumayanların sayının artdığını da qeyd etməliyəm. Müəyyən mənada orta bilik səviyyəsinin azaldığını, bu baxımdan uçurum olduğunu demək mümkündür”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları