Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-14 05:00:41
“AMEA əməkdaşları baş girləməklə, mənasız işlərlə məşğuldurlar” - Qulu Məhərrəmlinin “Təhsil resepti”

“Təhsil resepti” rubrikasının növbəti həmsöhbəti media eksperti, professor Qulu Məhərrəmlidir.

Azərbaycan təhsil sistemi ilə bağlı fikirlərini AzEDU.az saytı ilə bölüşən Qulu Məhərrəmli kifayət qədər ciddi nüanslara toxunub. O, şagirdlərin vətəndaş kimi yetişə bilmədiyini vurğulayıb:

“Təhsil sistemimizdə o qədər çatışmazlıqlar var ki... Amma bunun bir həlli var: Bütövlükdə sistem dəyişməlidir. Həm orta, həm ali məktəblərdə təhsilə yanaşma tərzi dəyişməlidir. 1990-cı illərin əvvəllərində, yəni  müstəqilliyə  qovuşanda Sovet tipli məktəblərdən başqa özəl məktəblər də yaradıldı və bunlar ölkəyə xeyli yeniliklər gətirdilər. Sadəcə, bizdə təhsilə yaradıcı münasibət olmadı. Problemlərin çoxu bundan  qaynaqlanır. Müəyyən bürokratik sistem var. Orta məktəb təhsilindən danışanda, o sistemdən kənara çıxmaq olmur. Dövlət məktəbləri, Təhsil Nazirliyinin nəzdində olan məktəblər var. Bəs, biz niyə orta məktəbi bitirən şagirdləri vətəndaş kimi görə bilmirik?! Çünki təhsil ilk növbədə insan yetişdirir. İnsanın başqa canlılardan fərqi ictimai düşüncəyə sahibliyi, cəmiyyətin üzvü olmasındadır. Biz  isə bunu ortaya çıxara bilmirik”.

Təhsil sitemimizdə  müəyyən ağırlıq, ləngərlik olduğunu qeyd edən professor bunun səbəblərini izah edib:

“Son vaxtlar test imtahanı ilə bağlı ortaya çıxan yanaşmalar, uşaqları orta məktblərdən ayırmaq və  konkret fənlər üzrə hazırlaşdırmaq - təhsil sistemində o qədər problemlər var ki... Elə sistem qurmaq  lazımdır ki, təhsil məcburi olmaqla yanaşı, həm də cazibədar olsun. Şagirdləri cəlb etsin. Onlar təhsil almağa can atsınlar. Valideynlər də ona bu şəkildə dəstək olsunlar. Problemlər çoxdur. Sadəcə sistemi və münasibəti dəyişmək lazımdır.

Mənə elə gəlir ki, təhsillə bağlı çox konkret danışmaq lazımdır. Bu məsələ bütün cəmiyyətlərdə qaldırılıb. Diqqət etsək, hələ 19-cu əsr üçün  pedoqoji sistemdə nə qədər böyük problemlərə toxunulduğunu görərik. Aydın olar ki, indi bizim nümunə kimi göstərdiyimiz Avropa təhsil sistemi bu yerə gələnə qədər nələrdən keçib.  Orta məktəblə bağlı bir sıra  yaxşıya doğru olan eksperimentlərə baxmayaraq, təhsil sitemində bəlli ağırlıq, ləngərlik var. Məsələn, kurikulum sistemi gəldi. İndi isə ondan geri çəkilmə müşahidə olunur. Bu eksperimentlər bütövlükdə təhsil sitemini zədələyib. Yeni şərait, ictimai münasibətlər təbii ki, təhsilə də yeni yanaşma tələb edir. Hər şeyə elmi yanaşma olmalıdır”.

O, Azərbaycan universitetlərindəki Baloniya sistemini çox maraqlı şəkildə müqayisə edib:

“Azərbaycanda Baloniya sisteminin mahiyyəti sadəcə anlaşılmadı. Hesab edin  ki, biz bir yerə toxum atırıq, amma o torpaq həmin toxumu yetişdirmək gücündə deyil.  Bir sistemin yarımçıq şəkildə tətbiq olunması mümkün deyil. Onu tətbiq etmək üçün əlverişli mühit olmalıdır. Biz tələbələri məcburi şəkildə dərsə gətiririk, amma ona keyfiyyətli dərs verə bilmirik. Əgər balların toplanması ilə bağlı sərbəst sistem olmalıdırsa, biz tələbələri məcbur edirik. Azərbaycanda son illərdə ali təhsil sistemində iki yeni təhsil ocağı görünüb. Bunların biri Qafqaz, digəri isə Xəzər Universiteti idi. Onlar çox yeniliklər gətirdilər. Xəzər Universiteti bu işləri  indi də davam etdirir. Bu sistemlə indi mövcud olan universitetlərimiz  və ya sıradan çıxmış özəl ali məktəblərimiz arasında nə fərqlər var idi? Fərq onda idi ki, Qafqaz və Xəzər Universitetində təhsil daha keyfiyyətli idi. Onların məzunları  istehsalat prosesində  çox yararlı idi və tələb var idi. Məsələ isə təhsil sisteminin düzgün qurulmasında idi. Dərslər tələbənin marağına, təhsilin öyrədilməsinə, onun bir mütəxəssis kimi ortaya çıxmasına səbəb olurdu.  Sistemimizə çoxşaxəli elmi yanaşma lazımdır”.

Q.Məhərrəmli jurnalistikada kadr hazırlığı məsələsinə də diqqət çəkib:

“Jurnalistika da bizim ümumi təhsil sisteminin içindədir. Ona gərə də sistemdəki üstünlüklər də, kəm-kəsirlər burada da görünür. Məndən olsa, jurnalistika təhsil sitemini tamamilə yeniləyərdim. Əvvəllər jurnalistikaya qəbul olan tələbəyə təkcə jurnalist olmağı öyrətmək  xeyli geridə qalmaq demək idi. Mənə elə gəlir ki, bu fakültənin adı dəyişməli, profilləri genişlənməlidir. Çünki informasiya cəmiyyəti yeni informasiya texnologiyalarının ortaya çıxmasıdır. Kommunikasiyanın bu dərəcədə genişlənməsi təhsilə də geniş yanaşma tələb edir. Biz jurnalistika fakültəsində yalnız mətbuat üçün reportyorlar, redaktorlar yetişdirməməli,  həm də kino, xüsusilə də sənədli filmi, reklam işini öyrətməli, kommunikasiyanın digər platformaları üçün mütəxəssislər hazırlamalıyıq. Hazırda piar mütəxəssislərinə böyük ehtiyac var. Marketinq tədris edilməlidir. Fakültədə heç olmasa, 6-7 ixtisas olmalıdır. Çünki bəzən ruhu jurnalistika ilə uyğun olmayan tələbələr olur. Amma o, buranı bitirəndən sonra yaxşı reklam, pr  mütəxəssisi ola bilər. Marketinqi yaxşı idarə edə, kino sahəsində işləyə bilər. Ona görə də bunlara fərqli yanaşmaq lazımdır”.

Q.Məhərrəmli əksər elmi-tədqiqat müəssisələrinin baş girələməklə məşğul olduqlarını vurğulayıb:

“Fikrimcə, AMEA qurum olaraq sovet təhsil sisteminin məhsuludur. Amma o sistemdə özünü kifayət qədər doğrulda bilir. Çünki həmin sistemdə elmə kifayət qədər diqqət, vəsait ayrılırdı.  Məşhur bir məsəl var: İkinci dünya müharibəsindən sonra SSRİ-nin yeni beşillik üçün büdcəsi təyin olunanda Stalin tələb edir ki, yazılan rəqəm dörd dəfə artırılsın. Yəni, o dərk edir ki, elm olmadan dünya ilə ayaqlaşmaq mümkün deyil. Bizdə də akademiyanın institutlarında vəziyyət fərqlidir. Bəziləri normal tədqiqat aparır, o biri ümumiyətlə, baş girləməklə məşğuldur. Əməkdaşlar mənasız işlərin icrası ilə məşğuldurlar. Beləcə ortaya bir nəticə çıxmır.

Dəqiq  istehsalatla bağlı olan elmi tədqiqat müəssisələri onlar müxtəlif layihələri reallaşdıırmalıdırlar. Bunun üçün böyük bir proqram qurulmalıdır. Həm də mütləq şəkildə dünya elmi ilə inteqrasiya olmalıdır. Bizim elmi tədqiqat institutlarımız bu gün hansı problemi həll edir?! Bunlar bir-birinə nə dərəcədə uyğundur? Hansı səviyyədə fəaliyyət göstərirlər? Bunların  hamısına ciddi yanaşılmalıdır. Biz 10 000-12 000 əməkdaşı saxlayaq ki, bunlar 250-300 manat maaşla başlarını girləsinlər və nəticədə çox qeyri-effektiv işlər görülsün. Elmə bu cür yanaşma doğru deyil.  Hesab edirəm ki, bu sahədə lider Bakı Dövlət Universitetidir. Onun elmi araşdırma istiqaməti var. Bəzi fakültələrin nəzdində yaxşı laboratoriyalar var. Onlar doğrudan da ortaya elmi layihələr qoyurlar. Məsələn, naotexnologiya ilə bağlı vəs. Yaxşı qrantlar alınır, müəyyən elmi tapşırığı yerinə yetirə bilirlər. Amma təəssüf ki, bunu bütün ali məktəblər haqqında demək çətindir”.

Professor elmin bizim cəmiyyətdə tələbata çevrilmədiyini təəssüf hissi ilə qeyd edib:

“Mənə elə gəlir ki, sistem dağılıb. Orta məktəblərdə əvvəlki tələb və mühit yoxdur. Şagirdlərin bir çoxu 7-8-ci siniflərdə məktəbdən ayrılırlar. Yalnız müəyyən qrup imkanlı valideynlər uşağının hayındadır. Çünki bəzi proseslər  göstərir ki, bu dəqiqə elmli, zəkalı olmağa təlabat yoxdur. Ona görə də orta məktəbi bitirən uşaqların çoxu biznes sahəsinə gedir. Elmi uğurla, gələcəyin elmini ələ almaqla bağlı elə də böyük planlar qurulmur. Mən müşahidələrimdə hiss etmirəm ki, uşaqlar iyirmi il bundan əvvəlki kimi gələcəyə can atsınlar. Bilik, gözəl mütəxəssis təəssüf ki, bizim cəmiyyətdə tələbata çevrilməyib. Çox subyektiv meyillər var ki, onlar təhsilin özünə də, mütəxəssisin ortaya çıxması ilə bağlı tendensiyalara da bir qədər mənfi yanaşmağı şərtləndirir. Buna görə əgər yaxşı mütəxəssisə tələbat olsaydı, o zaman akademiya da, başqa elm-təhsil müəssisələri də fərqli çalışardılar. Tələbat olmayan şeyin ardınca  heç vaxt güclü axın olmur. Məsələn, nəyə görə sovet vaxtında təhsilə can atırdılar? Çünki bilirdilər ki, ali məktəbi bitirdikdən sonra təyinatla gedib işləyəcək, karyera quracaqlar. İndi isə o yanaşma  yoxdur”.

Q.Məhərrəmli Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyi ilə bağlı elmi tədqiqat institutları tərəfindən görülən işlərə də aydınlıq gətirib:

“2018-ci il “Xalq Cümhuriyyəti” ili elan olunub, ölkə prezidentinin sərəncamı var. Amma deməzdim ki, xüsusi işlər görülür. Tarix İnstitutunda ordan-burdan arxivlər gətirilir, bu, yaxşı tendensiyadır. Amma yenə Cümhuriyyət məsələsi ayrı-ayrı fədakar insanların çiynindədir. Yenə də ortada Şirməmməd Hüseynov, Cəmil Həsənli, Firdovsiyə Əhmədova, Nəsiman Yaqublu, Nəsib Nəsibli, Aydın Balayev, Ramiz Abutalıbov və adlarını çəkmədiyim bir çox başqa fədakar insanlardır. Asif Rüstəmlinin adını isə xüsusi qeyd etməliyəm.  Bunlar yenə axtarışlarını davam etdirirlər. Amma sistemli tədbirlər planı qoyulsun, millət də fəal iştirak etsin, belə bir meyil duyulmur. Məsələn, Türkiyənin Ankara  Universiteti bununla bağlı elmi simpozium planlaşdırır. Azərbaycandan da mütəxəssislər dəvət olunub. Bu, çox yaxşıdır. Amma ölkəmizdə cümhuriyyət havası duyulmur. Bu, adamı çox məyus edir. AXC bizim şərəfli tariximiz, qürurumuzdur. Bizi dünyaya  tanıdan, Azərbaycan adını coğrafiyadan çıxarıb ona siyasi məzmun verən bir prosesdir. Yüz  ildə, min ildə ortaya çıxan nadir tarixi hadisədir. Ümid edirəm ki, heç olmasa bundan sonra elmi tədqiqat müəssisələrimiz və  mediamız bu məsələyə lazımi diqqəti göstərəcək”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları