Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-17 14:43:00
“Müəllimlər bəzən, şagirdlərdən pul yığmaqda bəlkə də  haqlıdırlar” - SORĞU  

Bəzən, məktəblərdə yaşanan müxtəlif neqativ halların şahidi oluruq.

Bu kimi hadisələrdən bir qismi   media və sosial şəbəkələrdə bəzən həftələrlə, günlərlə müzakirə mövzu olub.

Cəmiyyəti heç zaman şəhər və bölgə bölgüsünə görə ayırmaq olmaz. Lakin kütləvi şəkildə yayılan bir fikir var: şəhər məktəblərində rastlanan neqativlər–xüsusən də qeyri-leqal yollarla şagirdlərdən müxtəlif bəhanələrlə pul toplamaq- rayondakı təhsil ocaqlarında yaşana bilməz. Yəni, cəmiyyətdə o fikir yaranır ki, bir kənd məktəbində heç vaxt şəhər məktəbindəki qədər pul yığıla bilməz.

AzEdu.az bu məsələ ilə  bağlı ucqar kəndlərdə dərs deyən müəllimlər arasında kiçik sorğu keçirib:

Yardımlı rayonu Şıxhüseynli kənd orta məktəbinin Tarix-Coğrafiya müəllimi Posu Mansırlının sözlərinə görə,işlədiyi yerdə müəllimlərin şagirdlərdən pul yığmaq kimi  bir “adəti” yoxdur:

“Dərs dediyim tam orta məktəbdə müəllimlərin şagirdlərdən pul yığmasına rast gəlməmişəm. Onu da qeyd edim ki, digər qonşu məktəblərdə də bu kimi hallar müşahidə olunmur. Ümumiyyətlə, respublikamızın istər şəhər, istərsə də rayon məktəblərində müəllimlər şagirdlərdən pul yığmırlar. Müəllimlərin şagirdlərdən pul yığması istər qanuni, istərsə də dini cəhətdən qadağandır.  Yəni, heç bir müəllim şagirdlərdən pul yığıb, qanunsuzluq etməməlidir. Amma günümüzün reallığını nəzərə alsaq, müəllimlərin maaşı onların ehtiyaclarını ödəmək üçün kifayət etmir. Məhz ona görə də bəzi müəllimlər bu kimi proseslərə  əl atırlar. Yəqin ki, şagirdlərdən pul yığan müəllimlər səhv etdiklərininfərqindədirlər. Ümid edirəm ki, digər sahələrdə olduğu kimi, müəllimlərin də sosial vəziyyətinin yaxşılaşdırılması üçün addım atılar. Maaşı artırıldıqdan sonra şagirdlərdən pul yığan “müəllimlər” də əməllərindən əl çəkərlər”.

Gədəbəy rayonu Qızılqaya kənd tam orta məktəbinin Coğrafiya müəllimi Tural Topçuyev isə  deyir ki, əgər hər hansı məktəbdə müəllimlər şagirdlərdən pul yığırsa, ilk növbədə onun səbəbinimüəyyənləşdirmək lazımdır:

“Gədəbəy rayonunda müəllimlərə olan münasibət tamamilə fərqlidir. Rayonumuzda müəllim cəmiyyətin aparıcı qüvvəsi hesab olunur. İşlədiyim müddətdə isə müəllimlərin  şagirdlərdən pul yığmalarına rast gəlməmişəm. Amma bəzi müəyyən məsələlər var ki, onları nəzərə alsaq, müəllimlərin bəlkə də  şagirdlərdən pul yığmaqda haqlı olduqlarını deyə bilərik. Lakin  orta məktəblərdə müəllimlərin şagirdlərdən pul yığması düzgün deyil. Əgər hər hansı məktəbdə  bu cür hallar baş  verirsə, ilk növbədə,onun səbəbinimüəyyənləşdirmək lazımdır”.

Salyan rayonu Yenikənd kənd tam orta məktəbinin Fiziki tərbiyə müəllimi Seymur İbrahimov şagirdlərdən pul yığılmasının düzgün hal olmadığını vurğulayıb:

“Müəllimlər şagirdlərdən pul yığmamalıdır. Ümumiyyətlə, dərs dediyim orta məktəbdə bu kimi proseslərə rast gəlməmişəm. Onu da qeyd edim ki, heç kimin hünəri çatmaz ki, məndən də nəyəsə görə pul alsın”.

Lerik rayonu Vistən kənd orta məktəbinin Riyaziyyat müəllimi  Rusif Məmmədovun sözlərinə görə, kənd məktəblərində ümumiyyətlə, şagirdlərdən pul yığılmır:

“Respublikanın şəhər məktəblərində işləmədiyim üçün o qədər də məlumatlı deyiləm. Amma  kənd məktəblərində şagird və ya müəllimlərdən pul yığılmır. Həmçinin, dərs dediyim Vistən kənd orta məktəbində də bu kimi hallara rast gəlməmişəm. Qonşu kənd məktəblərində  çalışan müəllim yoldaşlarımın dediyinə görə onlarda daşagirdlərdən pul yığılmır. Amma eşitmişik ki, şəhər məktəblərində bayram öncəsi valideynlər “Whatsapp” qrupu açıb, yazırlar ki,  pul yığaq. Amma kənd məktəblərində bu kimi proseslər müşahidə olunmur”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları