Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-15 15:23:00
Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi   

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 15-də beş dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.

DİM-dən AzEdu.az-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanlarının aparatı, onların tabeliyində olan qurumlar, yerli bölmələr və məhkəmələrdə olmaqla elana çıxarılan vəzifələrin 36-sı dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 23-ü isə B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini, inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Energetika Nazirliyində şöbə müdiri, Əmlak Məsələləri Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdirinin müavini vəzifələridir. Ümumilikdə isə Əmlak Məsələləri Dövlət Komitəsində 4 vəzifə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 44 vəzifə, Energetika Nazirliyində 7, Sumqayıt Apellyasiya Məhkəməsində 1 vəzifə, Hesablama Palatasında 3 vəzifə olmaqla 59 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə aprelin 15-dən mayın 15-i saat 18:00-dək (30 gün müddətində) mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.