Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-13 10:19:00
Azərbaycan dili və ədəbiyyat dərslərində müasir təlim texnologiyalarından istifadə

Bu, şagirdlərin mövzunu daha yaxşı mənimsəməsinə şərait yaradır

Təcrübə göstərir ki, eyni metodlardan istifadə dərsi cansıxıcı edir, şagirdin fənnə marağını azaldır. Bu baxımdan mən Azərbaycan dili və ədəbiyyat dərslərində interaktiv təlim metodlarından geniş istifadə edirəm. Yeni təlim metodlarından istifadə ilə əlaqədar “Fəal və interaktiv təlim/tədris metodları” mövzusuna həsr olunmuş üç mərhələdə “Öyrədənlərin öyrədəni” kursunu keçmişəm. Dərslərimin rəngarəng, maraqlı, düşündürücü olmasında bu treninqlərin böyük əhəmiyyəti vardır.

Yeni təlim texnologiyalarının üstün cəhətlərini professor Ə.Ağayev belə göstərir: “...dərs tam fəallıq şəraitində keçir, təkcə müəlllim deyil, şagirdlər də yaradıcılıq axtarışında olurlar, müstəqil düşüncə tərzi formalaşır, təşəbbüskarlıq, yeniliyə meyillilik güclənir”.

Yeni təlim texnologiyaları bir sıra xüsusiyyətləri ilə ənənəvi təlim metodlarından fərqlənir: şagirdlərin tədqiqat fəaliyyətinə cəlb edilmələri, müəllim tərəfindən problemli şəraitin yaradılması, biliklərin şagirdlər tərəfindən müstəqil əldə edilməsi və s.

 Müasir təlim metodları ilə işləmək üçün aşağıdakıların nəzərə alınmasının böyük əhəmiyyəti vardır:

1.Fəal təlim üçün iş formalarının müəyyənləşdirilməsi.

2.Fəal dərsin mərhələləri.

3.Fəal dərsin strukturu.

Dərslərimdə fəal təlimin fərdi iş, cütlərlə iş, böyük və kiçik qruplarla iş formalarından istifadə edirəm. Hər bir formada fəal dərsin aşağıdakı mərhələlərinə əməl etməyə çalışıram:

1.Düşünməyə yönəlmə - şagird mövzu ilə əlaqədar biliklərini xatırlayır, fəallaşır. Onlarda mövzuya maraq yaradıram.

2.Dərketmə - yeni biliklərin öyrənilməsi.

3.Düşünmə - yeni biliyi möhkəmləndirmək üçün testlər, tapşırıqlar, əvvəlcədən hazırlanmış kartoçkalar üzərində iş.

Dərsə başlayarkən motivasiyadan istifadə edirəm. Motivasiyada problem yaradıram, problemlə bağlı şagirdlər öz fikir və fərziyyələrini irəli sürürlər.

Tədqiqatın təşkilində problemin həlli istiqamətində sinfə iş tapşırıram, əvvəlcədən hər bir qrup üçün işçi vərəqələri hazırlayıram. İş formasını özüm seçirəm.

Məlumatın mübadiləsində verilən tapşırıqla əlaqədar şagirdlər öz aralarında fikir mübadiləsi aparır, müstəqil fikirlər irəli sürürlər. Təbii ki, hər qrupun cavabı eyni olmur. Hansı qrupun cavabının daha dolğun, daha dəqiq olduğunu qeyd edirəm.

Məlumatın müzakirəsi və təhlilində qruplar işçi vərəqini lövhəyə yapışdırır, ümumi fikri müəllim və şagirdlərə çatdırırlar.

Nəticənin çıxarılması mərhələsində dinlədiyim fikirlərə, nəticələrə münasibətimi bildirirəm, əgər yanlış fikir varsa düzəliş edir, istiqamət verirəm, sonra ümumi nəticə çıxarırıq.

Tətbiqetmə mərhələsində əldə olunan biliklərə əsaslanaraq sinifdə və ya evdə verdiyim tapşırıqlar yerinə yetirilir. Bu mərhələdə kartoçka və testlərdən, BİBÖ metodundan istifadə edirəm.

Qruplarda iş aparan zaman müqayisə metoduna üstünlük verirəm. Bu metod oxşar anlayışların, fikirlərin, obrazların və s.  fərqləndirilməsi üçün daha əlverişlidir. Müqayisə zamanı əvvəlki bilik yada salınır, mövzu daha da möhkəmlənir, şagirdlər daha çox məlumatlar əldə edirlər.

Mən dil dərslərində ən çox çoxmənalı sözlər və omonimləri,  dörd cür yazılan -i  və -ın şəkilçilərinin omonimliyini, fellərdə omonim şəkilçilər, tabesiz mürəkkəb cümlələrin məna əlaqələri, tabesiz mürəkkəb cümlələrlə həmcins xəbərli sadə cümlələrin bəzi oxşar və fərqli cəhətini aydınlaşdırmaq üçün müqayisə metodundan istifadə edirəm.

 Ədəbiyyat dərslərində də bu metodun böyük əhəmiyyəti vardır. Bəzi obrazların mənimsədilməsində, məsələn, “Xeyir və Şər” mənzum hekayəsində Xeyir və Şərin, “Dədə Qorqud” və “Koroğlu” dastanlarının və s. əsərlərin müqayisəsi şagirdlərin mövzunu daha yaxşı mənimsəməsinə şərait yaradır.

 Dərslərimdə fənlərarası inteqrasiyadan, rollu oyunlardan, klaster, karusel, Venn diaqramı, BİBÖ, beyin həmləsi və s. kimi interaktiv təlim metodlarından da geniş istifadə edirəm. Bəzi hallarda şagirdləri axtarmağa, düşünməyə, mühakimə yürütməyə öyrətmək məqsədilə hər qrupun özünə test tərtib etdirirəm. Bəzən  mövzuya aid (məsələn, tabesiz mürəkkəb cümlə) şagirdlərə mətnlər tərtib etdirirəm, sonra mətnə ad vermələrini tapşırıram.

Qloballaşan, daim irəliyə - yeniliyə doğru can atan dünyamızı bu gün ən müasir informasiya və kommunikasiya texnologiyaları - İnternet, elektron poçt və qlobal rabitə imkanları olmadan təsəvvür belə etmək mümkün deyil.

İKT artıq təhsil sistemində də özünün geniş tətbiqini tapmaqdadır. Yeni texnologiyanın bilavasitə təlimə, öyrətmə və öyrənmə prosesinə gətirilməsi isə fəal dərsin imkanlarını xeyli genişləndirib. Hazırda elə müəllim təsəvvür etmək çətindir ki, dərslərində İKT-dən istifadə etməsin.

İKT-nin köməyi ilə bir dərs prosesində müxtəlif hazırlıqlı şagirdlərə fərqli yanaşma və adaptasiyalı öyrətmə sistemini tətbiq etməklə qavrama qabiliyyətlərinə uyğun tapşırıqlar vermək mümkündür. Müəyyən fənlər üzrə məsələlərin, tədqiqat xarakterli çalışmaların həllində belə qruplaşdırma xüsusi effekt verir. Kompüter qarşısında duran şagird materialın verilmə və mənimsənmə sürətini rahat şəkildə tənzimliyə bilir, onun özünə inamı artır, bu isə təlimə əlverişli psixoloji atmosfer verir. Müəllimin verdiyi suala sinifdəki şagirdlərin hamısı kompüter vasitəsilə eyni zamanda cavab verməklə dərs prosesində aktiv iştirak edir, müəllimlər isə dərs boyu uşaqların aktivliyini istədikləri kimi qoruyub saxlaya bilirlər.

Müasir təlim metodlarından və İKT-dən istifadə sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird arasında, şagirdlərin öz aralarında və məktəblə ailə arasında qarşılıqlı əlaqələr qurmağa imkan yaradır.

Hər bir müəllim müasir təlim üsullarından istifadə edərək səmərəli öyrənmə və şagirdlərin təhsildə təşəbbüskarlıq göstərməsi üçün təlimat proqramı hazırlaya və tətbiq edə bilər. Müasir təlim metodlarından və İKT-dən istifadə cəmiyyətin dəyərli vətəndaşları olmağa hazırlaşan, fəal və hər şeylə maraqlanan  şagirdlərin təhsil aldığı siniflərin yaradılmasında müəllimlərə yol göstərəcəkdir. Bu isə dünyanın hər yerində təfəkkürə üstünlük verən müəllimlərin heç vaxt bitib-tükənməyən axtarışları deməkdir. 

Təlim metodları içərisində interaktiv metodlar xüsusilə səmərəlidir. İnteraktiv təlim metodları - müəllimin iştirakı ilə şagirdlərin müxtəlif informasiya mənbələri və ya bir-biri ilə qarşılıqlı fəaliyyət prosesində yeni biliklər əldə etməyə imkan verən təlim üsullarının və dərs formalarının məcmusudur. Bu qayda ilə qazanılan biliklər şagirdlərin yaddaşında uzun müddət qalır və onlar tərəfindən hər hansı bir təcrübə kimi istifadə olunur. 

İnteraktiv metodlara ədəbiyyatın tədrisinin elə metodları aid edilir ki, onlar şagirdlərin dərslik materialı (mənbələr, sənədlər, xəritələr, illüstrasiyalar, tədqiqatçıların ziddiyyətli fikirləri, səs yazıları, video materialları) ilə, eləcə də ətraf aləmin reallıqları və təzahürləri ilə (rollu oyunların, müxtəlif hüquqi və münaqişəli vəziyyətlərin müzakirəsinin, layihələrin tərtibinin, müsahibələr aparılmasının və s. köməyi ilə) sərbəst iş prosesini təmsil edir, nəticədə onlarda əsasən şagirdlərdə yeni biliklər yaranır.

Müəllimlər dərs formasını seçərkən şagirdlərin marağını nəzərə almalı, İKT-dən istifadə etmək bacarıqlarının yüksək səviyyədə olması üçün texniki təminatı lazımi materiallarla zənginləşdirməli, dərsə yaradıcı yanaşmalı, məzmun standartlarına əsasən dərsin məqsədini müəyyənləşdirməli,  şagirdlərin biliyi tədqiqat yolu ilə əldə etmələri üçün interaktiv təlim prosesi qurmalıdırlar. Müəllim məktəblinin daxili aləmini görməyi, şagirdlərinin qarşılaşdığı vəziyyətin problemliyini dərindən hiss etməyi, təlim prosesində təşkilatçı, əlaqələndirici və tərəfdaş funksiyalarını yerinə yetirməyi,  həll yollarını axtararkən uşaqların buraxdıqları səhvlərə qarşı dözümlü olmağı bacarmalıdır. (Azərbaycan müəllimi qəzeti)