Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-12 13:25:14
Yazın məktəblərə gətirdiyi xəstəliklər: Pediatr valideynlərə çağırış etdi

“Mövsümün dəyişməsi ilə əlaqədar uşaqlarda allergik rinit, konyuktivit xəstəlikləri oyanır. Uşaqların gözləri qızarır. Uşaq körpə vaxtı raxit keçiribsə, onda spazmofiliya inkişaf edə bilər. Havaların dəyişməsi ilə bəzən valideynlər uşaqların geyiminə fikir vermirlər. Günəşin parıltısını görən kimi nazik geyindirməyə başlayırlar”.

Bunu AzEDU.az-a Azərbaycan Tibb Universiteti Tədris-Terapevtik Klinikasının pediatrı Surxay Musayev deyib.

Onun sözlərinə görə, Bakıda hava küləkli olduğuna görə uşaqlarda həm də bronxit əlamətləri, kəskin virus infeksiyaları, məsələn, pnevmaniya, qızdırma halları baş verə bilər: “Bir də günəş şüalarının artması ilə bağlı xroniki xəstəliklər özünü göstərir. Birazdan qida məhsullarının qəbulu ilə əlaqədar da problemlər olur. Bəzi valideynlər küçələrdən, haradan gəldi müxtəlif məhsullar- kolbasa, peçenye, vafli alırlar. Qış deyil, küçədə bunların satışı olmamalıdır! Bunlar təbii ki, onu keyfiyyətinə təsir edir. Belə olan halda uşaqlarda müxtəlif ishal, ürəkbulanma, qusma halları baş verir. Hətta bəzi hallarda zəhərlənmələr də ola bilər. Ona görə valideynlər indiki havada ehtiyatlı olsunlar. Bunların hər biri müşahidə oluna bilən xəstəliklərdir. Xəstəliklərin əksəriyyəti valideynlərin uşaqların geyiminə fikir vermədiyi üçün olur. Bronxit, pnevmaniya, müxtəlif mənşəli öskürəklər ola bilər. Xroniki tonzillitlər angina şəklində fəallaşa bilər.

19325105a4f35ef3e44c.jpg

Qışdan çıxmış uşaqlardır. Bu il elə sərt qış keçmədi, amma hər halda qış qışdır. Uşaqlara bədənlərinin möhkəmləndirilməsi üçün polivitaminlər verilə bilər, əgər virus ehtimalı varsa virus, öskürək əleyhinə preparatlar verilməlidir. Əsas odur ki, onların orqanizmini möhkəmləndirilməsinə, vitaminlə terapiyaya ciddi fikir vermək lazımdır”.

Pediatr əlavə edib ki, burada məktəb həkimlərinin üzərinə böyük yük düşür: “Birincisi maarifləndirici söhbətlər aparılmalıdır: həm valideyn, həm uşaqlarla, həm də müəllimlərlə. Bəzən çöldə günəş parıldayan kimi pencəyi də çıxardırlar.  Anlamaq lazımdır ki, hələ buna vaxt var, tezdir. Uşağın burnu axırsa, hər hansı əlamətləri varsa, məktəbə getməmələri məqsədəuyğundur. Həkim, valideyn və müəllimlər şagirdlərlə bu işləri aparmalıdır. Məktəblərdə yoxlamalar mütəmadi olaraq keçirilməlidir. Məktəb həkiminin vəzifələri var. Xəstələr aşkar olduqda lazım gəlsə, poliklinikaya və ya xəstəxanaya göndərilməlidir. Onlara mütəxəssislər baxmalıdır”.

Əsmər Qabil