Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-11 11:10:00
Şagirdlər buraxılış imtahanlarında  hansı halda Xarici dil fənnindən imtina edə bilərlər? – RƏSMİ CAVAB  

Aprelin 7-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının təhsil alan XI sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib.

Digər bölgələr üzrə buraxılış imtahanları aprelin 14 və 21-i tarixlərində keçiriləcək.

Şagirdlərə buraxılış imtahanında tədris dili, Riyaziyyat və Xarici dil fənnindən 85 tapşırıq təqdim olunur.

Məlum olduğu kimi, XI sinfi bitirənlər Xarici dil fənnindən məktəbdə onlara tədris olunan (2 xarici dil tədris olunursa, dərs saatı ən çox olan dildən) və məktəb tərəfindən "Şagird-məzun" sisteminə daxil edilən xarici dil fənnindən  imtahan verirlər.

Lakin bəzi məktəblərdə Xarici dil fənni, ümumiyyətlə tədris olunmur.

Bəs həmin məktəblərin şagirdləri buraxılış imtahanını necə verəcəklər?

Mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, Xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin məzunları istədikləri halda qəbul imtahanında bu fənn  üzrə imtahan verə bilərlər.

Bu halda abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını doldurarkən “Xarici dil” bölməsində istədikləri xarici dili seçib, imtahan üçün əlavə ödəniş edirlər. Ödəniş etmək üçün abituriyentlər tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

Qeyd olunan kateqoriyadan olan məzunlar Xarici dil fənnindən imtahan vermək istəmədikləri halda "Abituriyentin elektron ərizəsi" formasını doldurarkən “Xarici dil” bölməsində “Xarici dildən imtahan vermək istəmirəm” bəndini seçirlər. Bu zaman onların qəbul imtahanının birinci mərhələsindən toplaya biləcəkləri maksimal balları iki fənn (Azərbaycan və ya rus dili və riyaziyyat) üzrə toplanan balların cəmlənməsi əsasında müəyyənləşməklə 200 bal təşkil edir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları