Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-19 13:26:00
“Valideyn övladının depressiv vəziyyətdə olduğunu aşkarlamalı idi”- İntihara fərqli baxış  

Bakı şəhər Səbail rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı  və onun ardınca 109 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi F. Ə.-nin intihara cəhd etməsi mediada kifayət qədər müzakirə olundu. Məsələ sosial şəbəkələri də silkələdi; kimisi məktəb direktorunu günahlandırdı, kimisi də yeniyetmənin sinif yoldaşları və valideynini…

“Ola bilər, valideyn uşağı bu hadisəyə təhrik edəcək müəyyən davranışlar sərgiləyib. Yaxud, bildiyi hansısa təhlükəni önləmək üçün addım atmayıb”.

Deputat Fazil Mustafa isə məsələ ilə bağlı bu fikirdədir. Düşüncələrini AzEdu.az-la bölüşən millət vəkili bildirib ki, burada valideynin yalnız mənəvi məsuliyyətindən söhbət gedə bilər:

“Valideyn yalnız hadisənin təşkilində rolu sübut edildiyi təqdirdə məsuliyyət daşıya bilər. Bu, hüquqi baxımdan əsaslandırılmalıdır.

Düşünürəm ki, ailələrdəki problemlərin yükünü məktəbə yönəltmək yanlışlıqdır. Çünki məktəb müəyyən mənada təlim-tərbiyə verir. Amma ailə ilə əlaqəyaradılmayanda, ailənin məktəbə qarşı aqressiyası olanda bunu etmək də mümkün olmur. Çünki heç vaxt valideyn müəllimin uşaq üzərində avtoritetini üstün tutmağa maraq göstərmir. Buna görə də problemlər qarşılıqlıdır”.

“Kimsə uşaqların necə böyüdüyünün  fərqində deyil”

Deputat məsələ ilə bağlı  valideynin mənəvi məsuliyyətlərini də sadalayıb:

“Ola bilər ki, valideyn uşağı bu hadisəyə təhrik edəcək müəyyən davranışlar sərgiləyib. Yaxud, həyatında bildiyi təhlükəni önləmək üçün addım atmayıb.

Cəmiyyətin isə bu məktəbliyə təsiri azdır. Çünki cəmiyyətin ailə institutuna münasibətində müəyyən problemlər var.  Xüsusilə də bəzi qurumlar ailə institutunun dinamikasını doğru təqib edə bilmirlər. Ailələrdəki vəziyyət ona görə acınacaqlıdır ki, kimsə uşaqların necə böyüməsinin fərqində deyil. Bu, valideynin üzərinə düşən yükdür. Xarici ölkələrdə valideyn bu yükü çəkə bilmədikdəonu dövlət öz üzərinə götürür. Bunun üçün bir əlçatanlıq olmalıdır. Bizdə bələdiyyə qurumları olmadığına və birbaşa aşağı qurumlarla insanların fəaliyyəti zəiflədiyinə görə, problem yaranır. Bunlar bir-biri əlaqəli məsələlərdir”.

“Valideyn övladının ən azından, depressiv vəziyyətdə olduğunu aşkarlamalı idi”

Psixoloq Roza Kazımlı isə məsələnin psixoloji tərəflərini izah edib. Bildirib ki, məktəb şagirdin ikinci ailəsi olmalı və o, ailəsində görmədiyi sevgi, diqqəti burada hiss etməlidir:

“Mənim üçün burada bir nəfər deyil, hər kəs günahkardır. Anasının bir neçə dəfə ailə qurmasında övladının heç bir günahı yoxdur. Yəqin ki, ailədə övlada qarşı laqeydlik olub. Bəlkə də,o şagird özünü yaşıdları kimi aparmayıb. Amma onu düzgün yola çəkmək üçün güvəndiyi insanların dəstəyi lazım idi. Bir yeniyetmə qıza bu cür davranmaqla çox üstünə gəldilər.

Təbii ki, əsas günah valideyndədir. Çünki o, öz uşağını tanımalı, ən azından onun depressiv vəziyyətdə olduğunu aşkarlamalı idi. Təəssüf ki, hazırda məktəb psixoloqları Biologiya, Riyaziyyat müəllimləridir. Oxuyan və ixtisaslı mütəxəssis barmaqla sayılacaq qədərdir. Amma, məktəb psixoloqu laqeyd olsa da, ortada bir övlad var idi və onun depressiv vəziyyəti ilə maraqlanmaq lazım idi. Problem hər kəsdə idi. Müəllim valideynlə əl-ələ verməlidir. 7 il bunun üçün az vaxt deyildi. Laqeydlik kompleks şəkildə olub. Məhz valideyndən başlayaraq müəllim, direktor, psixoloq, hətta şagirdlərə də gedib çıxıb”.

“Dərsimizi yalnız aqressiya üzərində öyrənirik”

Psixoloq hadisəni həm də bir dərs adlandırıb:

“Təəssüf ki, biz dərsimizi yalnız aqressiya üzərində öyrənirik.  Bəlkə insanlar indi biraz mərhəmət öyrənərlər. Onlarda bir qorxu yaranar, anlayarlar ki, insanla bu cür davranmaq olmaz.

Elina yeniyetmə olub. Bu dövrdə uşaqlar intihara çox meyilli olurlar. İnsan depressiyada olanda, intihara meyil hiss edilir. O, əvvəlcə bir-iki dəfə deyir ki, mən özümü öldürəcəyəm.  Bunu eşidən insanlar diqqətli olmalı idilər. Şagird intihar  barədə xəbərdarlıq edilirsə, mütləq onun yaxınına məlumat verilməli idi”.

Psixoloq valideynlərə övladlarını bu kimi hallardan qorumaq üçün göstərişlər də verib:

“Əvvəla, intihar evdə qlobal mövzu olmamalıdır. Siqnal haradan gəlirsə, öncə o məsələni həll etməliyik. Bir insan “suisid” – “intihar” anlamında işlənən beynəlxalq tibbi termin - haqda çox danışırsa, mövzunu qəti yox etmək üçün bunu açıq-aşkar demək olmaz. Ona “qətiyyən bunu etmə”deyilməməlidir. Sadəcə,şüuraltına yeritmək üçün nümunə çəkilə bilər: “filankəs özünü öldürmüşdü. Amma bunun çox yaxşı çıxış yolları var idi. O insan yaşasaydı, bir peşə sahibi olar, ailəsinə dəstək göstərərdi.İndi isə anası əzab çəkir”. Beləcə, uşaq vicdanı ilə hiss etməlidir ki, o, tək deyil, asılı olduğu insanlar var.

Ən çox buna üzülürəm: insanlarda mərhəmət, sevgi qalmayıb. Hər kəs bir-birindən maddi və mənəvi  istifadə edir. Hörmət, qayğı-heç biri qalmayıb. İntihar cəhd edən insan ən azından valideynlərini düşünməli idi”.

Psixoloq məktəblərdə hadisənin təkrarlanma ehtimalını əsas gətirərək məktəblərdə  nəzarəti gücləndirmək lazım olduğunu bildirib:

“Yeniyetmələr təqlidə meyilli olurlar. Problemli uşaqlarakopleks şəkildə müdaxilə olunmalıdır. Amma bununla bağlı şagirdin özünə xəbərdarlıq edilməlidir. Çünki onlar özlərini qətiyyən digərlərindən fərqli hiss etməməlidirlər”.

QEYD: Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihə çərçivəsində hazırlanıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları