Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-09 12:43:00
Harvard Universitetinin elmi işçisi:  “Həkim olmasaydım, sahib olduğum ağıl, çəkdiyim əziyyətlə milyonlar qazana bilərdim”-MÜSAHİBƏ

İkram Rüstəmov: “Heç vaxt insan həyatı ilə reytinq qazanan verilişlərə çıxmaram”

Həkimlik cəmiyyət üçün ən yararlı peşələrdən hesab olunur. Rus akademik Bilibinin sözləriylə desək, həkimliyi öyrənmək insanlığı öyrənməkdir. Statistik məlumatlara əsasən, yaşadığımız ölkədə 30 mindən çox təbib çalışır.

AzEdu.az həkimlərin gözü ilə təhsili şərh edən “Doktor” layihəsini davam etdirir. Xatırladaq ki, layihə çərçivəsində xaricdə təhsil alan yüksək dərəcəli mütəxəssislərin müsahibələrinə yer verilir.

Layihənin budəfəki qonağı İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsinin məzunu, Harvard Universitetinin Boston Uşaq Xəstəxanasının elmi işçisi, psixiatr İkram Rüstəmovdur.

AzEdu.az İkram Rüstəmovla müsahibəni təqdim edir.

Müsahibin dili ilə TƏQDİMAT: “Mən, İkram Rüstəmov  Tibb elmləri üzrə fəlsəfə doktoruyam. Uşaq və yeniyetmə psixiatriya sahəsində mütəxəssisəm. İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində bakalavr  təhsili almışam. Eyni fakültədə uşaq psixiatriyası, psixiatriya və nevrologiya üzrə rezidentura pilləsində təhsilimi davam etdirmişəm. 1 il İstanbulda fəaliyyət göstərdikdən sonra Bakıda bir sıra xəstəxanalarda çalışmışam. 2012-ci ildən bu günə kimi Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının müəllimiyəm. Bundan başqa ATU-da müəyyən inzibati vəzifələrim də var”.

-İkram bəy, orta təhsilinizi 8-ci sinfə qədər Laçında almısınız. İstərdim, bu illər barədə təəssüratlarınızı, xatirələrinizi bizimlə bölüşəsiniz...

-7 il Laçın rayon 2 saylı tam orta məktəbdə təhsil almışam. Bu illər birmənalı şəkildə həyatımın ən gözəl çağları idi. Bəlkə də hazırda Laçına əlimiz çatmır deyə belə fikirdəyəm. Ümumiyyətlə, torpağa bağlı insanam və hər kəsin doğulub boya başa çatdığı yeri unutmamalı olduğunu düşünənlərdənəm. Bəzilərinə görə insanın vətəni doğuldu yer  yox, doyduğu yer olsa da, bu yanaşma ilə razılaşmıram. Vətən elə insanın doğulduğu yerdir. Laçın mənim üçün acılı-şirinli xatirələrlə doludur və həyatımın ən səmimi günləri orda keçib.

Laçında oxuduğum məktəbdə təhsilin səviyyəsi çox yüksək idi. Bakıda təhsil aldığım məktəb ən səviyyəli orta təhsil müəssisələrindən biri olsa da, müəyyən adaptasiya problemlərini saymasaq, əziyyət çəkmədim.

-Hazırda sinif yoldaşlarınızla əlaqələriniz varmı?

-Təbii ki, hamıyla əlaqəmiz olmasa da, 8-10 nəfərlə mütəmadi olaraq görüşürük. Müəllimlərimizlə bağlı ancaq xoş xatirələri, onlara hörmət etdiyimizi, müəllim adının nə dərəcədə qiymətli olduğunu xatırlayıram. Küçədən müəllim keçəndə qaçıb ağacın arxasında gizlənərdik və onu görməyə utanardıq. Pedaqoq bizim üçün əlçatmaz idi və müəllimlərimiz  bu adı şərəflə daşıyırdılar. Bizim gəncliyimiz SSRİ dövrünün sonlarına təsadüf edir. Bizdən sonra SSRİ dağıldı.

Laçında keçən hər yazı xatırlayıram. Yadımdadır, nərgiz, bənövşə açardı və onlardan  müəllimlərimizə dəstə bağlayardıq. Sinifdə qız-oğlan münasibətləri olduqca qapalıydı. İndiki kimi seriallara baxıb, pozulmuş gənclik yox idi. Əgər kimsə kimisə sevirdisə belə bunu gizli şəkildə edirdi. Təəssüf ki, 90-cı illərdə cəmiyyət olaraq ciddi reqressiyaya uğradıq.

-Qeyd etdiniz ki, orta təhsil aldığınız dövrlərdə sinifdə qız və oğlanların bir-birlərinə münasibətləri fərqli olub. Lakin hazırki dövrlə müqayisədə dəyişən sadəcə oğlan-qız münasibətləri deyil. Müəllimlərə göstərilən rəftarda da müəyyən fərqlər hiss olunur. Cəmiyyətin əsaslı dəyişikliyə məruz qalmasına əsasən hansı psixoloji amillər təsir edir?

-Bu, bir qədər çətin sualdır. Çünki səbəb kimi sadəcə, bir amildən söz açmaq mümkün deyil. Bunda mühitin, rejimin, iqtisadi vəziyyətin, ədəb-əxlaq dəyərlərinin, ər-arvad münasibətlərinin dəyişməsinin təsiri var. Əvvəlki cəmiyyətlərdə ata faktoru dominat idi və ailə üzvləri ona tabe olub ataya hörmət edirdi. Hazırda isə ailədə kimin dominant olduğu bilinmir. Hamı bir-birinə qarışıb və geniş ailələr artıq yoxdur. Heç zaman gördüyümü tənqid etməyin və keçmişlə özümüzü ovutmağın tərəfdarı olmamışam. Hər dövrü gözəlləşdirmək insanın öz əlindədir. Allah insana ağıl veribsə, o, ən azından , öz mühitini dəyişdirə bilər. Belə bir misal da var: Hər kəs öz evinin qarşısını süpürsə, hər yer təmiz olar. Amma biz gözləyirik ki, kimsə gəlib bizim qapımızın ağzını da süpürsün.

Əsaslı dəyişiklikdə medianın birmənalı rolu var. Azərbaycan televiziya kanallarında baxmağa veriliş qalmayıb. Sosial tədqiqat aparsanız, görəcəksiniz ki, Azərbaycanda yaşayan ailələrin əksəriyyəti ya türk, ya da rus kanallarına baxır. Bizdə yüksək reytinq yığan bəzi verilişlər isə insanların həyatları üzərindən populyarlıq qazanan proqramlardır. İnsan hekayəsini acındıraraq, onun duyğularına toxunaraq bundan reytinq qazanırlar. Bunun bizə nə faydası var? Biz orda gördüyümüz acınacaqlı hekayələrdən nə götürürük?!

-Cəmiyyətin köklü dəyişikliyə məruz qalmasında insan həyatından reytinq qazanan verilişlərin rolu olduğunu vurğuladınız. Yəqin, razılaşarsınız ki, bir çox həkimlər də özlərini qeyd etdiyiniz verilişlər vasitəsilə reklam edirlər...

-Həyatım boyu elə verilişə çıxmamışam, çıxmaram da. Çünki həkimin ən gözəl reklamı nə TV, nə də internetdir. Ən gözəl reklam onun insanlar arasında qazandığı hörmət və xəstənin xəstəni gətirməsidir. Həkimlik  xidmət sahəsidir və bunun reklam olunmasına pis baxmıram. Sadəcə, əxlaqsız reklamın əleyhinəyəm. Məsələn, yalandan sırf pasiyent çəkmək üçün özünü şişirtmək, bir reseptə eyni tərkibli 3 dərman yazmaq, əməliyyat olunmayacaq xəstəni əməliyyat etmək, müalicəsiz də sağalması mümkün olan xəstələri kurs-kurs müalicələrə cəlb eləmək əxlaqsız reklamın bir növüdür. Lakin bizim insanlar da ciddi şəkildə həkimlərin üstünə gəlirlər. Jurnalistlərlə həkimlərin arası heç yoxdur. Media işçiləri tibb işçiləri haqqında yazmağa bəhanə axtarırlar. Başa düşmək lazımdır ki, problem sırf həkimlərdə deyil. Bir çox sahələrə aid də əxlaqsız nümunələr göstərmək olar. Meşə çaqqalsız olmaz. Bunun fonunda məsələyə “bütün həkimlər qəssabdır, zalımdır, xordur”, deyə yanaşmaq doğru deyil.

1985-ci ildən bu günə kimi hələ də oxuyuram. 5 mindən çox səhifəsi olan kitablarımız var. Türkiyədə 70 min səhifəlik ədəbiyyat bazasından ixtisas imtahanına girmişdik. Bütün bunları edib, sonra gəlib əxlaqsızlıq edəcəyəmsə, o əziyyəti çəkməyə dəyməz. Həkim asan yetişmir. Əksər insan həkimin ona borclu olduğunu, təmənnasız onların qulluğunda durmalı olduğunu zənn edir. Söhbət insan canından gedir və anlamaq lazımdır ki, hər zaman səhv ola bilər. Səhv olanda isə həkimi asıb-kəsirlər.

-Doktor, siz dediklərinizi sadəcə, peşəkar həkimlərə aid etmək olar. Nəzərə alsaq ki, Azərbaycanda yüksək ixtisaslı həkimlərin sayının o qədər də çox olmadığı deyilir...

 -Bu fikirlə razılaşmıram. Yaxşı həkimlərimiz az sayda deyil. İllər boyu dövlət xəstəxanalarında savadlı həkimin işə girməsi çətin olub. Bir şeyi hərisliklə, həsrətlə istəmək çox zaman müvəfəqqiyyətlə nəticələnmir. Olduğun vəzifədə işini tam gör, alnına yazılıbsa, gerisi qarşına çıxacaq. Bəzən bu çox da yaxşı xüsusiyyət hesab olunmur. Bəzi şansları qaçırmağa səbəb olsa da, ümumilikdə insanın yaşamağı üçün rahat cəhətdir. Çünki hərislik insanı yorur.

-Tibb təhsilinizi Türkiyədə aldığınızı qeyd etdiniz. Azərbaycan Tibb Universitetində oxumamağınızın xüsusi səbəbi varmı?

-Türkiyədə bakalavr pilləsində tibb təhsili almağım valideynlərimin yönləndirməsi nəticəsində oldu. Bəzən, yaxınlarım orada təhsilin zəif olduğunu desələr də,  sonradan qərar verməkdə yanılmadığımı anladım. Universiteti bitirməyimdən 16 il keçib. Bu illər ərzində tələbələrimin məsələlərini həll edəndə sual verirlər ki, bunlar necə yadınızda qalıb. Bu mənada, bakalavr təhsilimiz çox yaxşı idi.

-Hazırda ATU-da müəllim kimi çalışırsınız. Azərbaycan tibb təhsilini necə şərh edərdiniz?

-Azərbaycan tibb təhsilində sovetdən qalma qalıqlar çoxdur. Son dövrlərdə aparılan islahatlar ciddi şəkildə dünya tibb təhsili ilə uyğunlaşmağa gətirib çıxaracaq. İnkişafda professor Gəray Gəraybəylinin rolu danılmazdır. Şəxsən yaxından tanıdığım rektorumuzun səmimiyyətinə inanırıq və dəstəkləyirik. ATU-da onun rəhbərliyi ilə ciddi islahatlar gedir. Bəzi məsələlər isə normal olaraq yavaş dəyişir. Ona görə ki, oturuşmuş rejimi kökdən dəyişə bilməzsiniz. Bunun üçün sistemi yıxıb yenidən qurmaq lazımdır. Bu isə zaman tələb edən bir şeydir və ağrılıdır. Hazırda əlimizdə olanları nə şəkildə müasirləşdirə bilərik deyə düşünməliyik. Hər şey sürətli irəliləyə bilmədiyindən bəzən tələbə və müəllimlər narazılıq edirlər. Amma nə dəyişiklik edilirsə, keyfiyyətli tibb təhsili formalaşdırmaq üçün edilir.

Amerikada xüsusi qurum var ki, həkimlərin beynəlxalq sertifikasiya ilə məşğuldur. Quruma akreditasiya olunmuş universitetlərin məzunlarına Amerikada həkimlik etmək hüququ verilir. Hazırda ATU akreditasiyadan keçməsə də, bu istiqamətdə çalışmalar aparılır. Qeydiyyatdan keçmək o deməkdir ki, həmin ali məktəbin verdiyi tibb təhsili dünya səviyyəsindədir. Ona görə də sistemi birdən-birə dəyişmək üçün nə o qədər büdcəmiz, nə də maddi-texniki bazamız var. Yavaş-yavaş da olsa, islahatlar davam etdirilir. III kurslara qədər yeni sistem tətbiq olunub. Məsələn, bəzi kafedralar ləğv edildi, dərs proqramlarında müəyyən dəyişikliklər olundu və yeni kitablar nəşr edildi.

Klinik sahələrdə təcrübələrin keçirilməsində ciddi problemlər yox səviyyəsindədir.  Tətbiq olunan kurasiya siteminə də dəyişiklik olundu. Məsələn, tələbə əvvəl 1 həftə təcrübə keçirdisə, artıq hər həftə keçir.

 

- Dünya tibb təhsilində həkimin testlə qiymətləndirilməsi düzgün hesab olunmur. ATU-da bu istiqamətdə də gələcəkdə dəyişiklərin aparılması nəzərdə tutulubmu?

-Bəli, bu sistemin də dəyişilməsi planlaşdırılır. Müəyyən dərslərin imtahanlarının  şifahi olma ehtimalı var. İdarə heyəti elə sistem qurmağa çalışır ki, bu “bazar” olmasın və obyektiv, savada uyğun qiymətləndirilmə aparılsın. Bir həkimi testə tabe tuta bilməzsiniz. Test imtahanlarında tələbə sualları əzbərləyib cavab verirsə, bu onun savadını ölçmür. Artıq 2 il yarımdır ki, imtahanlarda açıq suallardan istifadə olunur, yəni sırf test sistemi yığışdırılıb. Ümumi uğur göstəricilərində azalma olsa da, tələbəyə faydalılığı daha çoxdur.

-Məlumdur ki, ATU-ya yalnız yüksək balla qəbul olunmaq mümkündür. 600-dən yuxarı bal toplayıb ATU-ya daxil olan tələbə ümidləri doğrulda bilirmi?

- 650-700 balı savadsız adam yığa bilməz. Tibb Universitetinə də savadsız insanın daxil olması mümkün deyil. ATU-nun hazırda həmin zəkalı adamların qabiliyyətinə uyğun təhsil verdiyini isə söyləmək olmaz. Bunun dəyişməsi üçün ciddi işlər görülür.

-Bəs müəllim kimi həmin tələbələrdən narazılığınız nədir?

-Emosional müəlliməm. İxtisasına meylsiz uşaq görəndə dərs keçməyə həvəsim olmur. ATU-da praktiki dərsləri tədris edirəm. Tələbə qaib yazılmasın deyə məcburi dərsə gəlibsə, müəllim də istər-istəməz həvəsdən düşür. Dərslərdə təhsildə alternativ metodlardan istifadə edərək xəstə-həkim simulyasiyasını tətbiq edirəm. Tibb təhsili ağırdır. Bu təhsilin yükünü hamının çiyinləri qaldıra bilməz. Dünyada da tibb fakültələri bir çox gəncin kobud dildə desək, “başını yeyib”.

-Harvard Universitetinin Boston Uşaq Xəstəxanasının elmi işçisisiniz. Bu yerdə istərdik, Amerikada da tibb təhsili ilə bağlı təcrübələrinizi bölüşəsiniz…

-Harvard Universitetində dərs deməmişəm, daha çox elmi-tədqiqat işlərində iştirak etmişəm. Oradakı tələbələrlə də ünsiyyətdə olmuşam. Ümumiyyətlə, proqrama Amerika Milli Sağlamlıq İnstitutunun qrant layihəsi çərçivəsində Amerikada yaşayan türk əsilli professorun təklifi ilə qoşulmuşam. Professor mənə yazdı, tanışlıq üçün Bakıya gələcəyini bildirdi. Təbii ki, mən də böyük məmnuniyyətlə qəbul elədim. Qonağımızı qarşıladıq, ümumi vəziyyətlə, bizim psixoloji mərkəzin potensialı ilə tanış elədik. Daha sonra qrant layihəsi hazırlandı və Amerika Milli Sağlamlıq İnstitutuna təqdim edildi. Sonra birlikdə Vaşinqtona gedib, orada da tibbi ehtiyaclarımızdan bəhs etdik. İnanın, orada demək olar ki, heç kəsin Azərbaycanla bağlı məlumatları yox idi, Amerikada çox adam ölkəmizi tanımır. Nə isə, layihənin qəbul olunması üçün orda çıxış etdim – Azərbaycanı, ölkənin imkanları və ehtiyaclarını izah etdim. Beləcə, müəyyən mərhələləri keçdikdən sonra nəhayət layihə qəbul olundu. Layihə çərçivəsində 5 il boyunca 10 nəfər mütəxəssis 6 aya yaxın bir müddətdə Harvardda – Boston Uşaq Xəstəxanasında elmi praktika keçdik. Harvarda birinci mən, daha sonra isə 9 nəfər də getdi. Proyektin Orta Asiya üzrə koordinatorluğunu da mənə tapşırmışdılar. Əlavə olaraq, layihə çərçivəsində həkimlər hər il İstanbulun Koç Unversitetində 15 günlük tədqiqat metodikası və Fransada elmi praktiklarda iştirak etdilər. Həmçinin, proyektin icrası müddətində Azərbaycanda psixi sağlamlıq və neyroinkişaf xəstəlikləri üzrə iki böyük konfrans keçirdik.

-Tibb təhsilinin çətinliyindən bəhs edərkən, bu təhsilin yükünü hər çiynin qaldıra bilmədiyini vurğuladınız. Övladlarınızın necə, həkim olmağını istəyərdinizmi?

-Oğlum hazırda VII , qızım isə V sinifdə oxuyur. Birinin 10, digərinin 12 yaşı var. Onlar həkim olmaq istəmirlər. Amma belə qərar versələr, mane olmaram.

Həkimlik sənətdir. Hara getsən, işin olduğuna görə ən azından ac qalmayacaqsan. Bundan başqa, prestijli sahədir və dünyanın istənilən ölkəsində həkimə hörmət var. Həkimlik müqəddəsdir. Açığı xanımların bu sənətə yiyələnmələrinin çox tərəfdarı deyiləm. Qızım  həkim olmaq istədiyini desə, bunu 2 dəfə fikirləşərəm. Çünki uzun prosesdir və qadın çiyinləri üçün ağırdır. Qadın ailədə həm tərbiyəçi, həm ana, həm həyat yoldaşıdır. Onun gecə 3-də qanaxmalı xəstəyə müdaxilə etdiyini düşünün. Bunu çox yaxşı edən qadın həkimlərimiz var. Amma bu sahənin qadın yaradılışına zidd olduğunu düşünürəm.

-Övladınızın həkim olmasına etiraz etməməyinizin səbəblərindən biri kimi həkimliyin gəlirli peşə olduğunu söyləmək olarmı?

-Həkim sənətinin gəlirli sahə olması çox yanlış düşüncədir. Həkimlikdən qazanılan pulu qazanmaq üçün o kitabları oxumaq axmaqlıqdır. Təhsilimi bitirib yüksək ixtisaslı kadr olanda, orta məktəbdə məndən qat-qat zəif oxuyan dostum, bir holdinqdə CEO işləyirdi. İnsanların gözünə həkimin qazancı çox batır. İstanbulda çalışdığımız ərəfələrdə travmatoloq dostumun necə əziyyət çəkdiyinin şahidi olmuşam. Gecə əməliyyatları, qanaxmalar, çıxıqlar və s. Fiziki olaraq çox ağır ixtisasdır. Mən ağır növbələrim olmadığına görə evimdə yatanda, o xəstə əməliyyat edirdi. Çəkdiyi əziyyəti görəndə deyirəm ki, o adam milyon da qazansa, halaldır. Yetişdiyi statusa gəlib çıxmaq üçün oxumaq bir yana, fiziki olaraq çox əziyyət çəkib. Üstəlik, bunları yoxsulluq içində edib. İndi onun qazandığı 3-5 manat hamının gözünə batır. Qaz-vurub qazan dolduran, rüşvət yeyən, onun-bunun haqqına girən insan heç kimin diqqətini çəkmir. Əksinə, deyirlər ki, yaxşı bacarığı var və yaxşı ailə saxlayır.

Həkim kənddə də olsa, pul qazanır. Həkim olmasaydım, sahib olduğum ağıl, çəkdiyim əziyyətlə və oxuduğum kitablarla hazırda milyonlar qazana bilərdim. Gəncliyim, əyləncə həyatım olmadı.  Dostlarım gəzəndə mən imtahana hazırlaşmalıydım. Çünki bizim imtahana 1 gün qabaq hazırlaşmaq yetmirdi, 1 ay öncədən hazırlaşmalı idin. Kitabda hər nöqtəni, ən kiçik detalı belə sizdən soruşa bilərdilər. 1 dərsdən 59 alsaydıq, 1 ili təkrar oxumalı idik. Tibbi və hüququ oxumaq çox çətindir.

-Uşaqlarınızın təhsilinə önəm verən valideyn olaraq sistemdə hansı məqamlardan narazı qalmısınız?

-Oğlumu əvvəl dövlət məktəbinə yazdırdım. Lakin müəllim ilə kiçik bir anlaşmazlıq yaşandı. Oğlum həmin müəllimin yanına hazılığa getmirdi deyə, müəllim bir gün sonranın dərsini soruşub cavablaya bilməyəndə uşağı tənbeh edirmiş. Oğlum danışır ki, həmin dərsi hələ keçməmişik deyəndə, müəllim hazırlığa gəlsən, sən də bilərdin deyirmiş. Bir dəfə, iki dəfə... Sonra uşaq gəlib dedi ki, ata, məni hazırlığa göndər. Dərslərində hər nə qədər yaxşı olsa da, müəllimin digər suallarına cavab vermək üçün hazırlığa getmək istəyirdi. Sonra elə alındı ki, müəyyən səbəblərdən Amerikaya gedəsi olduq. Orada oğlumu məktəbə yazdıranda məndən soruşdu ki, ata, burda da müəllim şagirdlərin üstünü qışqırır? Bu, artıq Azərbaycan təhsil sisteminin uşağın dilindən şərhi idi. Dedi ki, məktəbdə mənim üstümə çox qışqırırdılar. Oğlum olduğu üçün tərifləmirəm, amma həqiqətən məktəbin qabaqcıl şagirdlərindən biri olub: həm davranışları, həm də bilik səviyyəsi ilə.

-Valideyn iclaslarında iştirak edirsinizmi?

-Düzünü desəm, valideyn iclasında cəmi bir dəfə iştirak etmişəm. Lakin xanımım davamlı iştirak edir. İclaslarda əsas şikayətlər müəllimlərin keyfiyyətsizliyi və uşaqların nadincliyindən olur. Mənsə düşünürəm ki, əslində problemin mənşəyi, ailələrdə hörmətin azalmasıdır. Təsəvvür edin, “Kurtlar vadisi” ilə böyüyən uşaqlar indi artıq gəncdirlər. Türkiyədə gənc  cinayətkarların sayının gündən-günə artmasının elə bir səbəbi də budur. Çünki uşaqlar həmin filmləri sanki yaşayaraq izləyirlər. Bizim vaxtımızda belə deyildi: ayda bir dəfə “Brüs Li” göstərərdilər, ya yox... Bizdə baxandan sonra uzağı küçədə bir-iki dəfə təpik atardıq, qurtarardı. Mütləq şəkildə uşaqları bu tip filmlərdən uzaq tutmaq, onları düzgün şəkildə yetişdirmək lazımdır. Mən demirəm ki, ideal valideynəm, lakin bəzi yazılmamış qaydalara da əməl etmək vacibdir.

-İdeal valideyn demişkən, sizcə, ümumiyyətlə belə anlayış varmı? Əgər varsa, valideyn kimi ideallaşmağın sirri nədədir?

-Həmişəki sözümü deyəcəyəm:  yaxşı ata-ana olmağın yolu yaxşı ər-arvad olmaqdan keçir. "Mən övladım üçün yaşayıram" məntiqi ən bərbad məntiqdir. Əgər evlilik məhəbbəti öldürməyibsə, o ailə xoşbəxt  ailədir. Deməli, həmin ailədə sağlam uşaqlar yetişəcək. Bir kişi ki, hər gün başını götürüb evdən qaçır, ya da evə gec gəlir, yaxud da qadın bütün gününü sosial şəbəkələrdə, “şoppinqlərdə” keçirirsə, belə vəziyyətdə böyüyən uşaq heç vaxt sağlam olmayacaq. Təbii ki, həmin ailələrdən psixoloji baxımdan sağlam uşaqların çıxması mümkündür, amma bu göstərici statistik olaraq çox aşağıdır.

-O zaman üzvləri azərbaycanlı olan ailələrə nəzər yetirsək, psixoloji baxımdan xəstə uşaqların sayının çox olduğu qənaətinə gəlmək olar. Çünki, təcrübələr göstərir ki, ölkəmizdə sevib ailə quran cütlüklərə təsadüfən rast gəlinir…

-Bəli, Azərbaycanda psixoloji xəstə uşaqların sayı az deyil. Amma çox qəribə tendesiya var: deməli, bizim toylarda təxminən, 300-400 nəfər iştirak edir. Bu 400 adamın ən rahat 350 nəfəri toy günü boyunca ən azı bir dəfə “Allah xoşbəxt eləsin” deyir, yeni evlənən  cütlüyə  dua edir. 350 adam  dua edər də, ölkədə bu qədər bədbəxt ailəmi olar? Fikir verin, evlənən 10 ailədən 8-i bədbəxtdir. Onlardan 2-si xoşbəxt olar, ya olmaz… Deməli, dua edən 350 nəfər bunu ürəkdən etmir. Çünki Allahın bu qədər duanı qəbul etməmə ehtimalı yoxdur. Heç olmazsa, 50-nin duası gerçəkləşər də! (red: gülür)

Deməyim odur ki, biz cəmiyyətdə sanki səmimiyyətimizi itirmişik. Məsələn, həkimə gələn xəstənin 10 nəfərindən 8-i düşünür ki, birdən həkim mənə firma dərmanı yazar, artıq analizlərə göndərər, zərər verər və s. Ona görə bizdə xəstələr həkimə gedəndə əksər vaxtlarda “tapşırılırlar”. Həkimin dostu – tanışı, yaxını varsa ona tapşırırlar ki, filankəsin qohumuna yaxşı baxsın. Şəxsən mənə o sözü deyən xəstəni qovuram.

-Yeri gəlmişkən, uşaq psixiatriyası sahəsində ixtisaslaşmısınız. Müraciət edənlərin arasında məktəb yaşlı uşaqlarla ən çox hansı problemlər müşahidə olunur?

-Məktəb yaşlı uşaqlarda təşviş pozuntuları daha çoxdur. Yazma-oxuma pozuntuları, ailə problemlərinə bağlı emosional məsələlərə də rast gəlinir.

Psixi pozuntulara valideyn günahı kimi baxmaq düzgün deyil. Pozuntu qarın ağrısı, böyrək şişi kimi bioloji xəstəlikdir. Xəstəliyin artması və ya azalmasında psixososial faktorların da rolu var. İnsan yaxınını itirib depressiyaya düşübsə, bu həmin hadisə səbəbindən baş vermir. Sinir sistemində depressiyaya meyillilik olduğu üçün baş verir. Problem sadəcə xəstəliyi ortaya çıxarır. Valideynin özündə problem görməyi də normal hal deyil.

-Müşahidə etdiyimiz qədərilə duyğusal və həssas birisiniz. Maraqlıdır, insanlarla mütəmadi çalışan psixiatr olaraq özünüz necə, sevginin mövcudluğuna inanırsınız?

-Son dövrlərə qədər qadın-kişi arasında yaşanan eşq münasibətinin dərinliyinə çox da inanmırdım. Lakin həyatımda və ətrafımda baş verən bəzi hadisələrdən sonra yavaş-yavaş inamım yarandı. Əslində, hesab edirəm ki, ən gözəl sevgi Tanrıya qarşı olan sevgidir, çünki o, heç vaxt səni tərk etmir. İnsana bel bağlamaq çürük ağacdan asılmaq kimi bir şeydir: hər an oradan düşmə təhlükəsi ilə üz-üzəsən. Hətta tutunduğun budağın heç vaxt qopmama ehtimalı olsa belə, buna zəmanət verə bilmirsən. Sevgi, deyərdim ki, güvənsizlikdir. Ən güclü və həqiqi sevgi isə, məncə, qarşılıqsız olandır. Sevginin mahiyyət olaraq nə olduğunu soruşursunuzsa, mütləq qarşılıqsız olmalıdır. Çünki bir insan sevgisinin qarşılığını gözləyirsə, mənə görə o, artıq həqiqi sevgi deyil.

Bu hissin, təbii ki, təhtəlşüurla da əlaqəsi var...

-Əlbəttə! Ziqmund Freydə görə, ümumiyyətlə hər şey birbaşa şüuraltıdan asılıdır – bizim davranışlarımızı idarə edən odur. Bəs yaxşı, nakam sevgi nədir? Ola bilər ki, birini qarşılıqsız sevərsən və yaxud da birlikdə uzun müddət vaxt keçirdikdən sonra ayrılasan. Bu iki vəziyyət bir-birindən tamam fərqlənir, çünki psixoloji faktorlar da fərqlidir. İki gənc bir-birini sevir və müəyyən səbəblərdən, tutaq ki valideynlərin narazılığı ilə ailə qura bilmirlərsə, bunun psixoloji təsiri başqadır və gerçək sevgi deyil. Əgər birini sevirsənsə, burax ata-ananı, bacı-qardaşı – heç kim sənin qarşında dura bilməz. Mən bu düşüncədə olan adamam. Cəmiyyətdə hər kəsin bu cür vəziyyətlərə hazırlıqlı olmaması da ayrı psixoloji nüansdır. Nə üçün davamlı olaraq musiqilər, şeirlər ən çox məhz sevgiyə həsr olunur?! Çünki həqiqi sevgi yoxdur və ya çox azdır. O dövlərdə sevgi ona görə gözəl idi ki, gizəmli, sirli idi. Sevgi əlçatan olmadığı üçün sevgililər tez qovuşmurdular. Baxın, bir növ şəkərburaya bənzəyir - əvvəllər şəkərburanı yalnız Novruz bayramında yeyərdik, indi isə hər vaxt yeyə bilirik. Deməyim odur ki, nə isə əlçatan olanda sanki dəyərdən düşür. Bəlkə də romantik insan olduğum üçün belə düşünürəm, bilmirəm. Misal üçün, turistlə dolu bir dənizdə çimməyin yerinə, dağ başında sakitcə təbiəti izləmək mənim üçün daha xoşdur. Təbiət qoynunda fikrə dalmaq, kitab oxumaq və ya təbiət qoynunda uzanmaq məni daha çox xoşbəxt edir. Yəni hər kəsin həyatdan bir gözləntisi var. Psixologiyada nəyisə birtərəfli şərh edə bilməzsən, hər şey individualdır, fərdidir.

-Bu qədər həssas məqamlara toxunduğunuz və kifayət qədər duyğusal biri olduğunuzdan, istərdik sonda sizə bu sualı ünvanlayaq:  Bu ixtisasa yiyələnməyinizə və peşəkar kimi yetişməyinizə çəkdiyiniz əziyyətlərə görə peşmansınız?

-İşimi sevirəm. İndiki ağlım olsaydı, həkim olmazdım. Ədəbiyyatşünas və ya şərqşünas olardım. Köhnə şairliyim var  və ədəbiyyata da çox bağlı insanam.

Hazırda İrvin D.Yalomun “Nitşe ağlayanda”əsərini oxuyuram.

Azərbaycan ədəbiyyatının və musiqisinin aşiqiyəm. Musiqiçi olmasam da, 2 il musiqi məktəbində tar çalmışam. Ədəbiyyatşünas da deyiləm, amma həvəskar olaraq şeirlər yazıram.

Nəzrin Rüstəmova

Nəzrin Cavid

Bu bölməyə aid digər xəbərlər
2020-03-04 12:01:00
2020-02-07 09:12:00
2019-06-18 12:39:00
2019-04-09 12:43:00
2019-03-14 15:00:00
2018-08-31 09:56:19
2018-07-24 11:42:51
2018-07-23 14:40:00
2018-07-23 11:45:00
2018-04-05 11:29:57