Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-12 07:09:37
“Maaşlar bir az da artsa, elmə gələn oğlanların da sayı çoxalar” - AMEA-nın institut direktoru

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə oğlanların elmə marağının azalması, bu sahədə getdikcə yaranan gender bərabərsizliyi, “Xalq Cümhuriyyəti” ili ilə bağlı gördükləri işlər barəsində danışıb.

AzEDU.az həmin fikirləri sizinlə bölüşür:

Professor əvvəlcə elmə gələn gənclər arasında oğlanların sayca azlığı ilə bağlı fikirlər barəsində danışıb:

“İnkar edə bilmərəm, bu il bizim doktoranturaya imtahanda 3 nəfər iştirak edirdi; iki qız, bir oğlan. Konkret Fəlsəfə İnstitutundan danışıram, ümumiləşdirmirəm. Akademiyanın doktoranturasında TOEFL imtahanı verirlər. Hamı“4” aldı, fəlsəfədən isə “5”. Bunlar, yüksək qiymətlərdir. Bu o deməkdir ki, aralarından bir oğlan, iki qız yaxşı nəticə göstərdilər və biz də onları qəbul etdik. Hətta bir qız müsabiqəyə düşməsə də, imtahan qiymətləri yüksək oldu. Hesab edirəm, böyük rəqəmlərlə danışanda yaxşı olar ki, gender balansı gözlənilsin. Çox bilikli qızlar görürük, onlardan da çox keyfiyyətli filosof çıxır. Qadınların elmə marağı daha çoxdur. Fikrimcə, oğlanlarda elmə maraq gənclikdə yox, sonradan yaranır. Söhbət fəlsəfədən gedir, riyaziyyat, fizikadan yox. 22-23 yaşında oğlanın fəlsəfəyə marağı o qədər də böyük olmur. Yaşlılar daha çox meyllidir bu sahəyə. İkinci məqamı da qeyd etmək istərdim: bəlkə də oğlanları real həyat daha çox maraqlandırır. Onlar istəyirlər bizneslə, informasiya mübadiləsi, internet, kompüterlə məşğul olsunlar. Qızlar isə gənclikdə daha sakit, kitaba meylli olurlar. Daha dəqiq araşdırmaq lazımdır”.

İ.Məmmədzadə fəlsəfənin gələcəyi dərk edən bir  elm, çətin vəzifə  olduğunu vurğulayır:

“Elə filosoflar var ki, heç fəlsəfəylə məşğul deyillər. Amma sonra ədəbiyyatdan, digər elmdən fəlsəfəyə gələn çox olur. Yaş artdıqca çoxunu baxışlar, ideologiyalar, idea toqquşmaları və s. maraqlandırır. Deməzdim ki, filosoflar yüksək maaş alır. Amma digər tərəfdən məni təəccübləndirər ki, onlar pula çox meyilli olsun. Filosoflar ruhla daha çox maraqlanırlar, nəyinki real işlərlə. Axır vaxtlarda akademiya maaşları müəyyən mənada çoxalıb, düşünürəm ki, daha çox olsaydı elmdə oğlanların sayı artardı.”

Onun sözlərinə görə, Azərbaycanda fəlsəfə elmi deyilənlərin əksinə olaraq, bu gün inkişafdadır:

“Bunu ona görə demirəm ki, mən direktoram və ya filosofam. Söhbət ondan gedir ki, xarici əlaqələrimiz genişdir. Avropa, Rusiya universitetləri, fəlsəfə institutlarında-hər yerdə bizim əməkdaşlarımızın əsərlərini çox hörmətlə qarşılayırlar. Onlar bizim konfranslarda iştirak edirlər. Biz ora gedirik. Bizim alimlərimiz, filosoflarımız tez-tez xarici jurnallarda çap olunurlar. Deməzdim ki, bu məni tam qane edir. Söhbət müəyyən bir hissədən gedir. Bilirəm ki, çox dəyərli filosof nadir hallarda yetişir. Digərləri keyfiyyətli ixtisası bilən olmalıdır. Vaxtilə Hegel demişdi ki, filosoflar və bir də fəlsəfə professorları var. Professorlar dərs deyirlər, filosoflar isə həqiqəti axtarırlar. Bu deməkdir ki, professorlar çox olmalıdır, dərin düşünən filosoflar isə azlıq təşkil edir. Belə filosoflar dünyada da azdır. Axır vaxtlarda ictimai elmlər dünyada böhran vəziyyətindədir. İctimai elmlərdə fənlərarası əlaqələr qurmalıdır. Filosof ideologiyanı bilməlidir. Bəlkə də fizika və riyaziyyatı da. İşlər aparılır. Çalışırıq bu məsələni ortadan götürək. Fənlərarası işlərə daha çox diqqət edirik. Ən azı Rusiya Akademiyasının Fəlsəfə İnstitutunda yaxşı bilirlər ki, biz fənlərarası istiqamətdə müəyyən işlər aparırırq. Onlarla bir neçə böyük, dərin kitabımız çıxıb. Bizim institut multikulturalizm və mədəniyyətlərin dialoqu məsələləri ilə məşğuldur. Həm də keyfiyyətli işlərimiz var. 2017-ci ildə mənim həm ingilis, həm də Azərbaycan dilində kitabım çap olunub. Və onun Almaniyaya bağlı olması üçün səfirlik istəyir onu orada alman dilində çap etsin. Bu reallıqdır ki, belə maraq tək mənə deyil. Bir neçə filosofumuza var”.

Cümhuriyyətlə bağlı suallarımızı cavablandıran professor bildirib ki, bununla bağlı bağlı nəzəri seminarlar keçirilir:

“Özüm də “Maarifçilik və Cümhuriyyət” mövzusunda çıxış etmişəm. Cümhuriyyət hansısa mənada 19-cu əsr maarifçiliyinin əsasıdır. Seminarlar diskussiya şəraitində keçir. Sonra Parisdə böyük konfrans keçirtməyə hazırlaşırıq. Cümhuriyyətin 3 lideri orada dəfn olunub. Fransanın Nitsa şəhərində Sofiya-Antipolis və Sarbonna Universitetləri ilə əməkdaşlıq edirik. Fransız alimləri də orada iştirak edəcək. Bu, çox maraqlı bir hadisədir. Bir konfransımız da olub. 2017-ci ildə bir kitab da çap etmişik. Mirzəbala Məmmədzadəyə həsr olunub. Bu mövzularda bir neçə kitab çap olunacaq. Çalışırıq saya önəm verməyək. Əsas odur daha keyfiyyətli əsər olsun. Açığı deyim axır vaxtlarda maraqlı kitablarımız olub”.

Əsmər Qabil