Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-08 10:25:21
Buraxılış imtahanının nəticələri nə vaxt elan olunacaq? –RƏSMİ  

Aprelin 7-də  Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib.

İmtahanda 27.659 şagird iştirak edib.

Məlum olduğu kimi I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni, abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. 

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanının cavablarının yay qəbul imtahanı keçirilənədək elan olunacağını açıqlayıb.

Abituriyentlər və valideynlər isə nəticələrin bu qədər gec açıqlanmasından narahatdırlar.

Mövzuyla bağlı DİM-dən AzEdu.az-a bildiriblər ki, imtahanda yazılı tapşırıqlar tətbiq edilir. Şagirdlərin sayının çox olmasını nəzərə alaraq bu tapşırıqların yoxlanmasına uzun müddət tələb olunur.

Bu səbəbdən, nəticələrin may-iyun aylarında elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, aprelin 8-dən etibarən dünənki imtahanda iştirak edən şagirdlərin imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb.

XI sinif buraxılış imtahanları 1 mərhələdə keçirilir. Şagirdlər Azərbaycan (rus) dili, Riyaziyyat və Xarici dil (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri) fənlərindən ümumilikdə 85 sualcavablandırmalıdır.

Tədris dili üzrə oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq +5 qapalı) və dil qaydalarına dair 10 qapalı tapşırıq, cəmi 30 tapşırıq təqdim olunur.

Riyaziyyatdan həllinin yazılması tələb olunan 7 açıq tapşırıq+ ənənəvi formada olan 5 açıq tapşırıq+13 qapalı tapşırıq, cəmi 25 tapşırıq təqdim olunur.

Xarici dildən dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq);

Oxuyub-anlama mətninə dair (publisistik və ya bədii) 8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq) ;

Dil qaydalarına dair 16 qapalı tapşırıq, cəmi 30 tapşırıq təqdim olunub.

Hər fənn üzrə maksimal bal 100, ümumilikdə maksimal bal isə 300-dür.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları