Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-11 09:44:29
Məşhur ziyalıların unuda bilmədiyi kənd müəllimləri - NOSTALJİ XATİRƏLƏR

Orta məktəb müəllimləri insanı şəxsiyyət kimi formalaşdıran əsas simalardandır. Gələcəkdə professor, siyasi xadim, dövlət adamı, iqtisadçı, məşhur yazıçı və s. olmasına baxmayaraq, hamı orta məktəb müəllimlərini hər zaman xatırlayır. Hər dəfə onlarla rastlaşdıqda yenə də özlərini şagird kimi hiss edirlər.

Ziyalılarımızdan bir neçəsi AzEDU.az-a açıqlamasında unuda bilmədikləri, onların həyat yollarına  işıq saçan orta məktəb  müəllimləri haqqında danışıblar:

rafiq-eliyev-1.jpg

Rafiq Əliyev : (professor, Lütfi Zadənin elmi varisi): “Ağdamın Novruzlu kəndində mənə birinci sinifdə dərs deyən Qərənfil müəllimə var idi. O hər zaman xatirimdədir. Onu heç vaxt unutmadım. Amma sonradan əlaqəmiz itdi. Bir dəfə, tədbirlərin birində çıxış etdim və mənə cəmi 4 ay dərs deyən o müəllimənin də adını çəkdim. Sonda bir nəfər mənə yaxınlaşdı. Dedi, mən Qərənfil müəllimənin oğluyam, o, bu gün də durur. Bu məni çox sevindirdi. Daha çox minnətdar olduğum bir müəllimim də var, onun haqqında hər zaman danışmışam. Onuncu sinfi qurtaranda hamı elə bilirdi ki, mən universitetin filologiya, yaxud buna oxşar fakültəsinə daxil olacağam. Çünki o zaman qəzetlərdə, jurnallarda ara-sıra şeirlərim çıxırdı. Təbii ki, Ramiz Rövşənin şeirlərindən deyildi. Həvəskarın yazdığı şeirlər idi. Hərdən qəzəl də yazardım, daha doğrusu, oxşadardım. Amma müharibə görmüş fizika müəllimim Kamal müəllim məni istiqamətləndirdi.  Dedi ki, sənin potensialın ədəbiyyatdan çox kibernetikaya uyğundur. Halbuki, o zaman kibernetika qadağan edilmişdi. Onu “sarı iblis” adlandırırdılar. Çünki o zaman Vinnerin kibernetikaya aid sarı cildli kitabı çıxmışdı. Mən bu seçimə görə o müəllimimə bu gün də minnətdaram. Yenidən şansım olsaydı, bir daha bu sahəni seçərdim. Ona görə ki, özümü burada daha yaxşı tapıram.

320756.jpg

Məmməd İsmayıl (Türkiyədə çalışan professor, şair):  “İki müəllimi hörmət və sayqıyla xatırlamalıyam. Onlardan birincisi vaxtıylə mollalıq etmiş, sonra müəllimliyə başlamış Cavad müəllimdir. Məktəbə ilk başlayanda solaxaydım. Xasiyyətimdə qalsa da, yazı-pozuda solaxay olmamamın tək səbəbkarı Cavad müəllimin əlindəki  zoğal çubuğudur. Barmaqlarımın ucunda mən hələ də o çubuq zərbəsinin sızıltısını hiss edirəm, amma bəhrəsi solaxaylıqdan sağaxaylığa keçməyim olacaqdı… Birinci sinfi bitirəndə anam Cavad müəllimin yanına gedib, “a bavası, Məmmədin boyu balacadır, həm də solaxaylığından yazını da yaxşı yaza bilmir, bəlkə onu birinci sinifdə saxlayasan”, -deyəndə rəhmətlik, “uşağın yanında belə şeylər söyləmə, sinifdə qalsa pisikəcək, ömrü boyu onun acısını çəkəcək”, - deyəcək və məni ikinci sinifə keçirəcəkdi…

Bəlkə o il sinifdə qalsaydım, pisikib özümə gəlməyəcəkdim.

İkinci müəllimim isə ədəbiyyat dərsimizə girən İmamverdidir. Əgər əl yazılarım gerçəkdən də xoşa gəlirsə, bu, birbaşa o kişinin xidmətidir. Elə muncuq kimi gözəl xətti vardı ki! Hey özümü ona oxşatmağa çalışır, onun kimi gözəl yazmağa həvəslənirdim…Bu da sonralar öz bəhrəsini verəcəkdi. Günlərin bir günü mənə sinif divar qəzetini hazırlamağı tapşıracaqdı. İkidən-birdən divar qəzeti çıxarmamışdım, kömək edəcək bir adam da yox idi. Amma çalışıb tapşırığı yerinə yetirəcəkdim və müəllimimin elə xoşuna gedəcəkdi ki, sonra məktəb divar qəzetinin də redaktoru mən olacaqdım. Bilirsinizmi, bu nəyin hazırlığıymış? Aradan 30 il keçdikdən sonra jurnallar arasında Azərbaycan mətbuatı tarixində tirajına tiraj çatmayacaq “Gənclik” və “Molodost” jurnallarının baş redaktoru olmağımın!

4c44689ed674c997de44be93da62d3d5.jpg

Vaqif Bəhmənli (şair) : - Bir müəllimim vardı, adı Firdovsi idi. Füzulinin Seyidəhmədli kəndindən gəlmişdi. İndi o kənd erməni işğalındadı. Bizə riyaziyyatdan, həndəsədən dərs deyirdi, amma ədəbiyyatı da çox gözəl bilirdi. İlk dəfə o mənə Rəşad Nuri Güntəkinin “Çalıquşu” və Mayn Ridin “Başsız atlı” romanlarını verdi. Təxminən, 6-7-ci siniflərdə oxuyurdum. Mən o romanların hərəsini üç gecə-gündüzə oxuyub bir həftədən sonra oldum kitab ölüsü.

Sonra məktəbimizə qonşu Yağlıvənd kəndindən Həkimxan müəllim gəldi. O da riyaziyyatdan dərs deyirdi. Amma o da mənimlə ədəbiyyatdan danışırdı. Maraqlı insan idi, Həkimxan müəllim.... İndinin özündə də məndə məktəb illərindən bir adət qalıb: çətin işlərin əsas yerlərini asanlıqla düzüb-qoşuram, ən sonda ilişirəm. Orta məktəbdə, riyaziyyat dərslərində də elə idi; mürəkkəb tənlikləri həll edirdim. Amma sonuncu sadə əməliyyatı yerinə yetirə bilmirdim. Niyə? Təsəvvür eləyin, tutaq ki, çətin düsturu həll etmişəm, sonda altını yeddiyə vurmaq lazımdı ki, cavabı mexaniki olaraq yerinə qoyasan. Bax, onu edə bilmirdim. Vurma cədvəlini bəlkə, indi də səlis bilmirəm... Gözümü döyə-döyə çaşıb duruxduğum anlarda Həkimxan müəllim boynumun üstünü kəsdirib tələb edərdi  ki, cavabı yazım. Deyərdi, bəyəm bilmirsən, altını yeddiyə vuranda neçə edir?! Mən də hər şeyi həll eləmişəm. Deyə də bilmirəm ki, altını yeddiyə vuranda neçə edir, onu  bilmirəm. O boyda məktəb sona qədər bilmədi ki, mən vurma cədvəlini bilmirəm.

8c4cb8395f8e53ddad14a08b5396a3ff.jpg

Elçin Hüseynbəyli-(yazıçı) : (Müəlliminin adını çəkməsə də onunla bağlı heç zaman unutmadığı bir əhvalatı danışır):

 Bunu “İlk öpüş” adlı hekayəmdə də yazmışam. Yazmayacaqdım, amma bir dostum yadıma saldı, soruşdu ki, sən canı, sən o vaxt Anaidi öpmüşdün?! Hekayədə qızın adını Aybəniz kimi vermişəm. Əsl adı Anaid olub, Hadrutdan idilər, atası Mahmudlu stansiyasında işlədiyi üçün bizimlə birgə oxuyurdu. Yeddinci sinifdə oxuyurduq. Bir sinif yoldaşım xəbər yaymışdı ki, mən pəncərədən baxıb gördüm ki, Elçin Anaidi öpür. Xəbər sürətlə yayıldı. Mənim də məsələdən xəbərim yox. Futbol oynamağı, çayda çimməyi sevən bir adamam, onun dediyi vaxtda yəqin, haradasa futbol oynamışam. Axırda sinif rəhbərimizin də qulağına çatdı. Məni də, Anaidi də, o oğlanı da lövhənin qabağına çıxardı. Əvvəlcə məndən soruşdu ki, elə iş olub? Dedim, yox. Sonra qızdan soruşdu. O da inkar elədi. Axırda bu oğlanın yanına gəlib soruşanda o, nə deyəcəyini bilməyib ağladı. Elə bunda idi ki, sinif rəhbərimiz onun üzünə bir şillə vurdu. Həmən götürülüb sinifdən qaçdı. Mən onda da, sonradan da düşündüm ki, niyə o qədər uşaqların içində o, məhz məni dedi. Çünki yeddinci sinifdə oxumağımıza baxmayaraq, sinifdə o qədər bicəngə uşaqlar var idi ki, onlar artıq cinsi yetkinlik mərhələsinə çatmışdılar. Evləndirsəydin, həmən evlənərdilər. Amma mənim adımı çəkməyi məni də, hamını da təccübləndirdi. Sonra düşündüm ki, “peç” in yanında bunu huş aparıb, yəqin, yuxu kimi bunu görüb...

814387.jpg

Elçin Mirzəbəyli (şair, jurnalist): “Müəllimlərimlə dost olmuşam. Daha dəqiq desəm, onlar mənimlə öz dostları, tay-tuşları kimi davranırdılar. Hər birini yaxşı xatırlayıram. Dil-ədəbiyyat müəllimim Səmayə xanım, tarix müəllimlərim Mahir, Dilqəm, Ceyhun, fizika müəllimim Rza, riyaziyyat müəllimim Səadət bəy...

Sinifimiz fizika-riyaziyyat təmayüllü idi. Buna baxmayaraq, Rza müəllim hər gün məni lövhəyə çağırar, əvvəl dərsi soruşar, sonra isə yeni şeirimi oxumağı xahiş edərdi. Rza müəllim mənim ədəbi və musiqi zövqümün formalaşmasında müstəsna rol oynayıb. Dostlarıyla birlikdə məni o zaman 2-ci mikrorayonda yerləşən kiçik mənzilinə dəvət edər, klassik musiqinin şedevrləri ilə tanış edərdi. Bax, Şopen, Motsart, Cüzeppe Verdi..., Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirovun əsərlərini məhz Rza müəllimin tövsiyyəsi ilə dinləyirdim. İndi harada olduğunu, çalışdığını bilmirəm. Amma hər zaman xatırlayıram. Orta məktəb müəllimlərimdən ən çox xatırladığım digər şəxs isə sinif rəhbərimiz Səadət bəydi...

Onun mənə verdiyi həyat dərsini hələ də unutmamışam. 8-ci sinifdə oyurdum. Məktəbin ümumi dəhlizindən riyaziyyat fənni üçün hazırlanmış xüsusi kabinetə dar bir dəhliz açılırdı. Bu dar dəhlizdə dayananda isə məktəbin ümumi dəhlizini görmək olmurdu. Sinif yoldaşlarımla zarafatlaşırdıq. Birdən Fuad adlı sinif yoldaşım məni ümumi dəhlizə doğru möhkəmcə itələdi və sinif rəhbərimizlə toqquşduq. Hər ikimiz yerə yıxıldıq. Səadət müəllim məni lövhənin qarşısına çıxarıb kimin itələdiyini soruşdu. Və hər “bilmirəm” sözündən sonra uzun barmaqları üzümdə güllə kimi açılırdı. Hər iki yanağımda barmaqlarının izi qalmışdı. Sinif yoldaşlarım şoka düşmüşdülər. Fuad qorxudan partanın altına girmişdi. Dərs bitdikdən sonra Səadət müəllim gözləməyimi istədi. Düşündüm ki, yəqin ürəyi soyumayıb, yenə döymək istəyir. Amma gözlədiyimin əksi baş verdi. Başımı sığallayıb dedi ki, düz elədin demədin... və üzr istədi..

Elmin Nuri