Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-05 09:26:00
“Damla və Üzeyirin mahnılarını dinləyənlərin çoxunun dünyagörüşü geniş  deyil” – Xaricdəki tələbəmiz  

Musiqi həyatımızın ayrılmaz hissəsidir. Dünyada hər bir xalqın  özünəməxsus musiqi mədəniyyəti  mövcuddur. Musiqi  insanları birləşdirən, onların qarşılıqlı anlaşmasını təmin edən universal dildir.

AzEdu.az budəfəki, yazısında xaricdə təhsil alan gənclərimizdən ən çox dinlədikləri musiqiləri, həmçinin, Azərbaycanda hazırda musiqiyə olan münasibətin necəliyi barəsində fikirlərini  öyrənib:

İtaliyanın LaSapienza Universitetinin tələbəsi  Abdulla Həsənli müasir Azərbaycan estradasını dinləmədiyini bildirib:

“Müasir dövrdə mahnılar  reytinq və ya “toy tutmaq” üçün yazılır. Ona görə də nəticədə yüzlərlə səviyyəsiz mahnılar ortaya çıxır. Damla və Üzeyir Mehdizadənin mahnılarına qulaq asan gəncliyi isə qəbul etmirəm. Onsuz da müasir səviyyəli gənclik onları dinləmir.Çünki, həqiqətən də o cür mahnıların nə musiqi səviyyəsi, nə də sözləri var. Ümumiyyətlə, müasir Azərbaycan estradasını dinləmirəm. Çünki, doğrudanda mahnı yoxdur. Azərbaycanın klassik estradasını, xalq və bəstəkar mahnılarına qulaq asıram. Onu da bildirim ki, mahnılarını sevərək dinlədiyim müğənnilərŞövkət Ələkbərova, Rübabə Muradova, Flora Kərimovadır. Həmçinin,  türk sənət musiqisini də sevərək dinləyirəm.  Müasir  musiqilərə qaldıqda  isə əsasən xarici ifaçıların mahnılarına qulaq asıram. Amma konkret olaraq dinlədiyim xarici ifaçı yoxdur”.

Hollandiyanın Tilburq Universitetinin tələbəsi Səbuhi Osmanov isə müasir Azərbaycan müğənnilərinin çoxunu dinləmədəyini vurğulayıb:

“Sosial media  və mətbuatda  Damla və Üzeyir Mehdizadənin mahnılarına tez-tez rast gəlirəm. Amma müasir Azərbaycan müğənnilərinin çoxunu dinləmirəm. Ümumiyyətlə,daha çox öncəki nəsil müğənnilərin mahnılarına qulaq asıram.

Fikrimcə,gənclərin musiqi zövqünə ən böyük təsir göstərən amil ətraf çevrə və ünsiyyətdə olduqları insanlardır.

Onu da bildirim ki, xüsusi olaraq dinlədiyim istər azərbaycanlı, istərsə də əcnəbi müğənni yoxdur. Gənclərə tövsiyəm odur ki, fərqli növ musiqiləri dinləməyə maraq göstərsinlər”.

Macarıstanın Szeged Universitetinin tələbəsi İbad Bayramovun sözlərinə görə, müasirAzərbaycan musiqisinə heç vaxt qulaq asmayıb:

“Fikrimcə, musiqi bir mənanı ifadə etməlidir. Musiqini dinlədiyimiz zaman sözləri insanlarıdüşündürməlidir. Həmçinin, musiqi ritmik də olmalıdır.Sözlərindən əlavə arxa plandakı nəğmə dinləyəni atmosferə salmalıdır. Azərbaycan və Türkiyə musiqilərini demək olar ki, heç vaxt dinləməmişəm. Onu da qeyd edim ki, orta məktəbdə oxuduğum müddətdə musiqiləri atmosferə görə qulaq asırdım. Amma hazırda isə atmosfer ilə yanaşı sözləri də mənim üçün  çox önəmlidir.  Dil biliyimin inkişafı üçün  əsasən fransız musiqilərinə qulaq asıram. Fikrimcə, bir dili öyrənmək üçün ən başda həmin dildə olan musiqiləri dinləmək lazımdır”.

Macarıstanın Szeged Universitetində təhsil alan Fərid Hüseynov da müasir Azərbaycan musiqilərinə qulaq asmadığını bildirib:

“İnsanlar dinləmək üçün mahnı seçimi etdiyi zaman 2 amildən təsirlənir: fərdi musiqi zövqü və dünyagörüşü… Ümumiyyətlə,zövq hər kəsin özünəməxsus cəhətlərindən biridir. Damla və ya Üzeyir Mehdizadənin mahnılarını dinləyən kütlənin əksəriyyətinin dünyagörüşü geniş  deyil. Onu da bildirim ki, həm yerli, həm də xarici musiqilərə qulaq asıram. Müasir azərbaycanlı ifaçılardan xüsusilə bəyəndiklərim azdır. Amma tamamilə fərqli tərzdə ifaçı olmalarına baxmayaraq ən çox dinlədiyim Nahidə Babaşlı və Okaberdir”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları