Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-11 05:00:43
“Dövlət universitetləri özəlləşdirilsə, təhsilin keyfiyyəti artar” - Deputatlardan maraqlı təkliflər

Azərbaycanda ali təhsil müəssisələrinin əksəriyyəti dövlət universitetləridir. Azərbaycan Respublikasının “Elm haqqında” Qanununun 30-cu maddəsinə əsasən, dövlət təhsil müəssisələri özəlləşdirilməyə çıxarıla bilər.

Bu baş verərsə, təhsil sistemində hansı dəyişikliklərə yol açar?

Mövzu ilə bağlı AzEDU.az saytına danışan millət vəkili Asim Mollazadə dövlət ali təhsil müəssisələrin özəlləşərsə, dövlətin təhsil xərclərini azalacağını bildirib:

“Bu istiqamətdə daha geniş iş aparıla bilər. Dövlət təhsil müəssisələri özəlləşsə, dövlətin təhsil istiqamətində xərcləri müəyyən qədər azalar, özəl universitetlər daha sürətli inkişaf edər. Hazırda Azərbaycanda xeyli dövlət universiteti var. İnkişaf etmiş ölkələrdə belə ali təhsil müəssisələrinin sayı çox azdır, əksəriyyəti özəl universitetlərdir. Bunun üçün özəlləşdirilmə potensialı çoxdur.  Bir sıra xırda universitetlər özəlləşərək daha da güclənə bilərlər  və təhsilin keyfiyyəti artar. Dünyanın ən uğurlu universitetləri də elə özəl universitetlərdir”.

asim_mollazade_04114931920871515065786.jpg

Millət vəkili Fazil Mustafa isə ali məktəblərə muxtariyyət verilməli olduğunu qeyd edib:

“Əksər dövlət universitetləri özəlləşdirilməlidir. Ümumiyyətlə, Azərbaycandakı ali təhsil müəssisələrinin indiki şərtləri heç bir fayda vermir. Xüsusilə də tibb təhsili biabırçı vəziyyətdədir. Yaxşı kadr hazırlığı böyük problemdir. Bunlar ciddi şəkildə müzakirə olunmalıdır.

Çalışmaq  lazımdır ki, ali məktəblərə muxtariyyət verilsin. Onlar bu muxtariyyət vasitəsilə həm özlərinin rektor seçimini təmin edə, həm də maddi bazalarını yarada bilərlər. Müəyyən təhsil müəssisələri var ki, onlar özəlləşdirilərsə, daha çox fayda verə bilərlər. Dövlət də özəl sektoru dəstəkləməklə onların daha çox inkişaf etməsinə imkan yaratmalıdır. Onsuz da bu məsələlər müəyyən vəsaitlə həll olunur. Belə olsa, dövlətin pulu azalacaq. Bu halda müəssisə savadlı kadr yetişdirib  başqa yerlərə transfer edərək pul qazanmaqda maraqlı olacaq. Yaxud da özündə elə fərqli sistem formalaşdıracaq ki, kənardan gəlib burada oxumağa maraqlı olacaqlar. Bu istiqamətdə müəyyən işlər görülməlidir”.

f3206541-0c73-4091-8c63-db35929859c1.jpg

O, özəlləşmənin tələbə sayını azaltmayacağını vurğulayıb:

“Yaxşı təhsil versələr, əksinə, tələbənin  sayı artacaq. Əvvəlki Qafqaz  Universiteti də özəl idi, amma tələbənin sayı azalmamışdı. Yaxşı da təhsil verirdi. Keyfiyyətli təhsil verəndən sonra bunun nəyi pisdir?

Mənasız, səmərəsiz, səviyyəsiz təhsil tələbənin evini yıxır. Müəyyən yerlərdə dövlət nəzarəti saxlanıla bilər. Amma qalanlarında buna yol vermək olmaz”.

Millət vəkili universitetlərin tədqiqat mərkəzlərinə çevrilərək qazanc əldə edə biləcəklərini deyib:

“Ali təhsil müəssisələrinin qarşısına onların tədqiqat universitetlərinə çevrilməsi ilə bağlı tələb qoymaq lazımdır. Akademiya  tədqiqat müəssisəsi olmalıdır. Belə olsa, onlar kənardan müxtəlif kəşflər, ixtiralar hesabına pul qazanar, elmi potensialı gücləndirərlər. Biz bunu prinsip olaraq qəbul edirik. Amma bu işin başında olanlar nəyin səmərəli olduğunu daha yaxşı bilirlər. Eyni zamanda nəyin dövlət büdcəsinə nə qədər ziyan etdiyini də bilirlər”.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları