Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-03 11:00:00
Həmid Herisçi Mirzə Cəlil mövzusundan şou düzəldib, oyun qurur”- SƏRT SÖHBƏT  

Bu il Prezident İlham Əliyevin Sərəncamı iləböyük nasir, maarifçi Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək.

Son günlər sosial şəbəkə və saytlarda Cəlil Məmmədquluzadə barədə bir sıra tənqidi və kəskin fikirlər əksini tapıb.

Mövzunun aktuallığını nəzərə alaraq,AMEA-nın  Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı, Mirzə Cəlil tədqiqatçısı Elxan Nəcəfova bir neçə sual ünvanladıq:

AzEdu.az Elxan Nəcəfovla qısa söhbəti təqdim edir:

– Son günlərdə sosial şəbəkə və saytlarda Cəlil Məmmədquluzadə haqqında yayılan fikirlərdən yəqin ki məlumatlısınız.Söhbət Cəlil Məmmədquluzadənin dərsliklərdə yer alan əsərlərinin redaktəsi və ya ədibin plagiat əsərlərinin olmasından  gedir...

– Bəli. Hər kəsə məlumdur ki, bu il böyük ədəbi mütəfəkkir Cəlil Məmmədquluzadənin 150 illik yubileyidir. Həmçinin, bu il Nəsiminin isə 650 illiyi, İsmayıl Şıxlının 100 illiyi ölkə səviyyəsində qeyd edilir. 2019-cu il dövlətimiz tərəfindən “Nəsimi ili” olaraq elan edildi. Ümumilikdə bu ilə “Ədəbiyyat ili” də demək olar.

İstərdik ki, ədəbiyyatımız üçün bu qədər önəmli olan belə bir ildə daha mütərəqqi düşünə bilək, araşdırmalar aparaq, hər üç ədəbi şəxsin yaradıcılığını faydalı tədqiqat obyektinə çevirək. Sözsüz, bu tipli araşdırmalar az-çox aparılır. Amma, təəssüf ki, bəzən hər üç ədəbi şəxsiyyətə qarşı xoşagəlməyən münasibətin şahidi oluruq. Onların yaradıcılığını ucuzlaşdıran, bayağılaşdıran addımların, fikirlərin izləyicisi olmaq məcburiyyətində qalırıq.

Qeyd etdiyiniz  məlumat isə Cəlil Məmmədquluzadə yaradıcılığına mütərəqqi yox, cəfəng və ziyanlı yanaşma tərzidir. Müəyyən bir qrupların  özlərini və fəaliyyət göstərdikləri saytların gündəmə gətirilməsi məqsədi daşıyır. Həmin qruplar, hansı ki, bir neçə nəfərdən ibarətdirlər,  hər il bir ədib haqqında həqiqətdən uzaq mövzular düz-qoş edirlər vəsosial şəbəkə istifadəçiləri arasında səs-küy yaradırlar. Xatırladım ki, bir neçə il əvvəl, Xəlil Rza, Bəxtiyar Vahabzadə, Səməd Vurğun və s. ədiblərimiz haqqında da bu məzmundapaylaşımlar edirdilər. Bu paylaşımlar ciddi yazıları deyil, çünki araşdırma və faktlar baxımından çox kasad fikirlərlə doludur. Tanış olduqca aşkar görünür ki, subyektiv və qərəzli yanaşmalardır.

– Şair Şəhriyar del Gerani iddia edir ki, Mirzə Cəlil xalqı aşağılayaraq tənqid edib və dərslikdən yazıçını öyrənən şagirdin beynində gələcəkdə ziyalının xalqı təhqir etdiyi fikirləri formalaşa bilər. Cəlil Məmmədquluzadənin araşdırmaçısı kimi, həmçinin müəllim olaraq  bu fikirlərə münasibətiniz necədir?

– Şəhriyar bəyin facebooksosial şəbəkəsi üzərindən bu fikirlərini oxumuşam. Yanaşma “Poçt qutusu” hekayəsi ilə bağlıdır. Deyir, Mirzə Cəlil əsərdə erməni uşağını bizim xalqdan üstün tutub. Təklif edir ki, bu əsər redaktə olunsun. Çünki əsər dərsliklərə salınıb və şagirdlərə mənfi təsir edir .Yanlış və absurd yanaşmadır. Mirzə Cəlildə redaktə olunmalı heç nə yoxdur. Bu məqamda müəllim olaraq cavab verim ki, orta məktəbdə bu əsər təhlil olunana qədər Mirzə Cəlil yaradıcılığı ilə bağlı şagirdə realizm və tənqidi realizm haqda məlumat tədris edilir. Bu yanaşma ilə yazılan əsərləri hansı şəkildə qavramaq lazım olduğu,müəllifin əsərdə nə demək istədiyi izah olunur. Etiraf edək ki, o dövrdə ermənilər və gürcülər bizdən daha çox oxumağa, təhsilə meylli idilər. Mətbuatları da, məktəbləri də, oxucuları da öyrənənləri də, yazıb-pozanları da bizdən çox idi. Bu da Mirzə Cəlili narahat edirdi. Realist yazıçı olaraq gördüklərinibədiiləşdirərək, süjet halına salaraq qələmə alırdı. Bununla da oxucuya özünü kənardan görmək imkanı qazandırırdı.

Əvvəldən axıra qədər oxucuya özünütənqid fikri aşılayan, insanların gözünü açmağa çalışan, savadsızlığı və cahilliyi tənqid edən, oxucunu yenilikçi olmağa, haqqını bilməyə səslənişlə dolu əsər haqda bu fikirdə olmaq ən yumşaq şəkildə desək, məsuliyyətsizlikdir. Görünür, Şəhriyar bəy əsərə bütöv yox, hər hansı detal üzərindən yarımçıq yanaşaraq fikir yaratmağa çalışır.  Hansı ki, Mirzə Cəlilin yaradıcılığına kompleks yanaşdıqda görər ki, ədib xalqımızı gözüaçıq olmağa, vətəni düşünməyə, dilimizi sevməyə, savadlı olmağa çağırış edir. Ədib “Vətən, vətən, vətən, millət, millət, millət, dil, dil, dil” deməklə məramını bizlərə çatdırıb. Mirzə Cəlil ermənidə vətən, dil təəssübkeşliyini görüb, özümüzdə bunları görmürdüsə, əlbəttə, təəssüflənirdi. Çox adama bəlli olan “Axund ilə keşişin vəzi” felyetonunu xatırlayaq. Orda keşiş nə deyir? Deyir ki, erməni millətinin dünyada üç sevgili balası var: vətən, millət  vədil. Nə qədər ki, biz həmin üç sevgili balaların yolunda fəda olmağa qadirik, nə osmanlı, nə kürd,nə də rus erməni millətinin bəqasına xələl yetirə bilməyəcəklər.

Qarışqalar at nalının altında əzilən kimi qüvvətli və bimürüvvət tayfaların yumruğunun altında paymal olublar: bununla belə erməni ölüm halında can verə-verə yenə deyib: vətən, millət, hayreniq!

Və ardınca Qurbanqulunun – azərbaycanlı dindarın vəzi verilir:

“Əgər bir şəxs yata, yuxusunda həcəmət görə, həmin şəxs dünyada heç bir bəlaya və naxoşluğa giriftar olmayacaq. Çaharşənbə, şənbə və tək günü qəbiristana və hamama getmək olmaz, çünki bu günlərdə əcinnə və divlər qəbiristana və hamama cəm olub qonaqlıq edərlər və həmin günlər bunların bayramıdır”.

Bilirsiz, bunlar reallıq idi. Bu reallıqları isə Mirzə Cəlil görür və yazırdı. Yaxşı ki, yazıb. Dilimizdə belə bir ifadə var:şillə ilə üz qızartmaq. Reallıqları gizlədib həmişə xəyalpərəstlik etmək olmaz. Zəhmət çəkib Mirzə Cəlili oxusaydıq, qüsurlarımızı düzəldə bilsəydik, indi həmin çatışmazlıqlara keçmişdə qaldı deyə bilərdik. Təəssüf ki, Mirzə Cəlilin o dövrdə xalqımızda gördüyü qüsurların əksəriyyəti yenə də qalıb. Demək,xalq olaraq Mirzə Cəlili tam mənimsəyə bilməmişik və yaxşı oxumamışıq. Arzu edərdim, Mirzə Cəlili oxuyanda  yaxşı ki, o qüsurlar müasir dövrdə  cəmiyyətimizdə yoxdur, bunlar artıq keçmişdə qaldı deyə bilək. Təəssüf, hələ də bunu deyə bilmirik. Beləliklə, Mirzə Cəlil bütün yaradıcılığı, əsərlərindəki ideyaları ilə günümüzdə də müasirdir. Buna görə də heç bir redaktəyə ehtiyac yoxdur.

– Mirzə Cəlilin milləti təhqir etməsiylə yanaşı, onun “oğru”yazıçı olduğu və yaradıcılığının orijinal olmadığı da iddia olunur.  Bu kimi fikirləri yayanlar şou yaradır, yoxsa bu iddialarda həqiqət payı var?

– Söhbət plagiatlıqdan və orijinalsızlıqdan gedirsə, ilk növbədə onu qeyd edim ki, iddialarda həqiqət yoxdur. Bu mövzuda tutarlı cavab verən çox dəyərli Mirzə Cəlil tədqiqatçıları oldu. Mətbuatda yazılar getdi. Bir neçə il əvvəl meydana çıxmış bu fikirlər Əsəd Cahangir və Həmid Herisçi tərəfindən kütləviləşdirildi. Əsəd Cahangir bu məsələdə tədqiqatı artırmağı daha qabarıq ön plana çəkir və  düşünürəm ki, haqlıdır. Tədqiqat  aparmaq elmi yanaşmadır və lazımlıdır. Həmid Herisçi isə bu mövzudan şou düzəldir, özünün də qeyd etdiyi kimi oyun qurur. Oyun qurduğunu Elçin Alıoğlu ilə debatda sonda özü də qeyd etdi. Həmin debatda Həmid Herisçi oyun oynadığını deməklə bu mövzuda mahiyyətini ifadə elədi. Həmid Herisçi Mirzə Cəlili orijinal olmamaqda, ədəbi oğurluqda günahlandırır. Təəssüf, çox təəssüf!Məncə, oyunbazlıqdan danışan  Həmid Herisçinin fikirlərini ciddiyə almamaq da olar. Qeyd edim ki, Həmid Herisçi özü plagiat verilişlər aparıb. Bəzən insan özündə olan vərdişi ətrafda daha çox axtarır.

Amma araşdırmaq lazımdırsa, araşdırılmalıdır. Yeri gələndə hər iki əsər müqayisəli tədqiqata cəlb olunmalıdır. Düşünürəm, bu olacaq. Mən də edə bilərəm, başqa birisi də. Nə qədər çox tədqiqat, təhlil olarsa, daha faydalı olar.

– Həmid bəyin dediyi kimi Mirzə Cəlildə plagiatlıq varmı? Gürcü yazıçısının əsəri ilə Mirzə Cəlilin əsəri arasında həqiqətən oxşarlıq müşahidə olunur?

– Cəlil Məmmədquluzadənin həyatını və yaradıcılığını xronoloji olaraq göz önünə gətirdikdə “Danabaş kəndinin əhvalatları” əsərinin yazıldığı il, Mirzə Cəlilin Tiflis ədəbi mühiti ilə daha fəal əlaqəsi  və s. deməyə əsas verir ki, plagiatlıqdan söhbət gedə bilməz. Qarşı tərəf qəribə bir yanaşma sərgiləyir. Guya sağlığında bu əsəri çap etdirməməsi Mirzə Cəlilin plagiatlığını göstərir.  Olduqca absurd yanaşmadır. Ədəbiyyatımızda onlarla yazıçının müxtəlif səbəblərlə sağlığında çap olunmamış əsərləri var. Mirzə Cəlil bu əsərini çapa verib, amma sağlığında çap olunmayıb. Bu haqda İradə xanım Musayeva mətbuatda faktlarla müsahibə verib. Əgər təsirlənməni qabardırlarsa, bu da normal irad deyil. Həm bizim, həm də dünya ədəbiyyatında təsirlənərək yazmaq həmişə olub. Süjet oxşarlığı, təsirlənərək yazmaq orta dövr ədəbiyyatının canıdır. Bir daha qeyd edirəm,bu hal həmişə olub. Söhbət YekaterinaQabaşvilinin “Maqdanın Lurcası” əsəri ilə Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” əsərindən gedirsə, mənim fikrimcə, bu iki əsərin süjet xəttində oxşarlıqdan söhbət gedə bilməz. Həmid Herisçi hər iki əsərdə eşşəklə bağlı əhvalatların olduğunu qabartmaqla fikrini əsaslandırmağa çalışır.Əsərlə tanış olduqda görünür ki, hər iki əsərdə ayrı-ayrı əhvalatlardan bəhs olunur. Qabaşvilinin “Maqdanın Lurcası”  o zamankı gürcü  kəndlərinin, Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” əsəri isə Azərbaycan kəndinin reallıqlarından bəhs edir.  Bir daha qeyd edirəm,  hər hansı ədibdən və ya əsərdən təsirlənmək yazıçı üçün qəbahət deyil və reallıqları olduğu kimi vermək xalqı aşağılamaq hesab olunmur. Hər hansı özləri üçün təəccüblü bir məqamı tapıb bundan şou düzəldənlər,  xalqımızı, ədəbiyyatımızı daha çox aşağılayır.

Bu cür yanaşmalar Mirzə Cəlilin sağlığında da olub, yəqin ki, həmişə də olacaq. Mirzə Cəlil isəçoxşaxəli yaradıcılığı ilə bütün bu şər-böhtana, naqis yanaşmalara özü cavab verib: “Vətən, vətən, vətən, millət, millət, millət, dil, dil, dil”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları