Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-10 06:18:57
Azərbaycan elmində yeni bəla: “Magistraturaya bir nəfər də olsun, oğlan gəlmir”

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu elm və təhsillə bağlı fikirlərini bildirib. 

O, AzEDU.az-a oğlanların elmə marağının azlığı, dissertasiya mövzuları, Cümhuriyyətlə bağlı hansı işlərin görülməsi haqqında danışıb.
Akademikin sözlərinə görə, oğlanların elmə marağının azalmasının səbəbləri sırasında ilk növbədə, maddi təminatı göstərmək olar. Gənclər daha çox pul olan yerə üz tuturlar: “Magistraturaya qəbul elan etmişik. Amma bir nəfər də olsun, oğlan gəlməyib. Gələcəkdə bunun mənfi təsirləri ola bilər. Cəmiyyətdə tarazlıq olmalıdır. İndiyə kimi magistraturaya iki qəbul olub. İkisində də yalnız xanımlar iştirak edib. Hətta buna akademiyanın Rəyasət Heyətində təsdiq olunanda da etirazlarını bildiriblər. Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov məsələ qaldırdı ki, bu, mənfi fəsadlara gətirib çıxaracaq. Amma bu faktdır, nə etmək olar? Bir müddət repetitor işləmişəm. Uşaqları hazırlaşdıranda görmüşəm ki, qızlar oğlanlara nisbətən yaxşı oxuyurlar, davamiyyətləri yaxşı olur, universitetə daha çox onlar qəbul olur. Uşaqlar indi ticarətə, pul olan yerlərə üz tuturlar. Akademiyada isə nə pul, nə də yüksək maaş var. Səbəblərdən biri bu ola bilər. Ola bilsin ki, oğlanlar daha çox dəqiq elmlərə üz tuturlar. Amma biz humanitar sahəyik. Bu sahəyə daha çox xanımlar gəlir. Bizim institutda əməkdaşların əksəriyyəti xanımlardır”.
Cümhuriyyətlə bağlı danışan direktor bildirib ki, AXC iliylə bağlı respublika konfransı keçirəcəklər:
“Cümhuriyyətlə bağlı sənədlərin əksəriyyəti nəşr olunub. Mən əski əlifba üzrə mütəxəssisəm. Fars dilini bilirəm. İmkan olsa öyrənəcəm ki, indiyədək çap olunmayan materiallar varsa, onları mütləq çap edək. Cümhuriyyətin sərəncamlarından biri dillə bağlı olub. Türk dilinin dövlət dili elan olunması ilə bağlı iyun ayında sərəncam verilib. Ona görə o dövrün dil siyasəti, dillə bağlı qərarları ilə bağlı da mövzu vermək istəyirik. Bu dövrlə bağlı materiallar Fransada ola bilər. Çünki mühacirlər Ceyhun Hacibəyli, Əlimərdan bəy Topçubaşov ora gediblər. O materialların da əksəriyyəti bizə gətirilib”.
Əsmər Qabil