Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-10 05:00:33
“Qəbul imtahanındakı bu hal biabırçılıq, elmə təcavüzdür”- Tarixçi deputatın “Təhsil resepti”

AzEDU.az saytı “Təhsil resepti” rubrikası çərçivəsində Milli Məclisin deputatı, professor Fəzail İbrahimlinin çağdaş Azərbaycan təhsilinin problem və perspektivləri barəsində fikirlərini öyrənib. O, söhbətinə təhsil işçilərinin maaşlarının artırılması təklifilə başlayıb:

“Əvvəla təhsil işçilərinin maraqları kifayət qədər təmin olunmalı, maddi durumları yaxşılaşdırılmalıdır. Hər şey bundan başlayır. Dövlət başçısı tərəfindən dəfələrlə əməkhaqqı artırılıb. Amma böhrandan sonrakı dövrdə təbii ki, artım məsələsi kifayət qədər problem yaradır. Kifayət qədər zəhmət haqqı əldə etməyən, aldığı zəhmətlə yaşaya bilməyən heç vaxt öz işini ürəkdən görüb sona çatdıra bilməz. Bu məsələ diqqətdə saxlanmalıdır”.

 O, tədris proqramının yüngülləşdirilməsinə ehtiyac olduğunu bildirib:

“Bizim təhsil sistemində şagird və tələbələr kifayət qədər yüklənirlər. Bəzən, şagird proqramı təngənəfəsliklə yerinə yetirməli olur. Az, amma təmiz öyrətmək, proqramları yüngülləşdirmək lazımdır.

Bütün sahələrdə olan kitablar  yenidən təftiş olunmalıdır. Vətənpərvərlik tərbiyəsinə daha çox üstünlük verilməlidir. Çünki bu gün Azərbaycan müharibə vəziyyətindədir. Fikrimcə, tarixin fəlsəfəsinə çox diqqət yetirilməlidir. Bir faktı diqqətinizə çatdırmaq istəyirəm: İrəvanın verilməsinin nəzəri tərəfi 200 il əvvəl formalaşıb. İrəvan 1918-ci il mayın 29-unda verilib. Amma Yekaterina dövründə ermənilər paytaxt kimi oranı mövqe seçmişdilər. Çünki II Yekaterina deyir ki, işbacaran (indiki biznesmen) ermənilər paytaxtı, İrəvan şəhərini gözaltı etmişdilər. O, 1762-96-cı illərdə, yəni XVIII əsrdə hakimiyyətdə olub. XX  əsrin birinci yarısında artıq bu reallaşır. Bu artıq tarixin fəlsəfəsidir. İrəvan birdən-birə verilmir, əvvəlcə münbit siyasi şərait yaranır. Bundan əlavə,  Osmanlı dövlətinin burada iştirakı, məsələlərə münasibəti və s. diqqət mərkəzində olmalıdır. Uşaqların beynində, ruhunda fikir yaratmaq lazımdır”.

gdthtfhf.jpg

Professor dərsliklərinin yazılması üçün güclü mütəxəssislərə ehtiyac olduğunu qeyd edib:

“Dərsliklərin yazılmasında ciddi mütəxəssisə ehtiyac var. Çoxlu monoqrafiyalar, elmi əsərlər yazmaq lazımdır. Dərslik yazmaq üçün kifayət qədər mütəxəssisə ehtiyacımız var. Hər alim dərslik yaza bilməz. Bunun üçün tələb olunan şərtlər var.  Birincisi, pedaqoji təhsili və təcrübəsi olan adam lazımdır. Hər dərsliyin  öz  yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Məsələn, 6-cı və 10-cu sinif dərsliklərini yazmaq arasında kəskin fərq var. Bundan başqa proseslər nəzərə alınmalıdır. Hadisələr xronoloji ardıcıllıqla bərabər, həm də fəlsəfi istiqamətdə də təhlil olunmalıdır. Bütün bunlar hamısı ciddi, eyni zamanda da həllini tələb edən məsələlərdir”.

F.İbrahimli məzunların işə düzəlmək üçün yenidən test imtahanı verməsinə diqqət çəkərək, BDU-nun professor-müəllim heyətinin zəhmətinə inamın olmadığını vurğulayıb:

“Mənim heç vaxt  qəbul edə bilmədiyim bir məsələ var: tutaq ki, tələbə Bakı Dövlət Universitetini qırmızı diplomla bitirir. O, müəllim işləmək üçün yenidən Təhsil Nazirliyi sistemində test imtahanından keçməlidir. Bu, təhqiramiz yanaşmadır. BDU-nun professor-müəllim heyətinin çəkdiyi zəhmətə, tələbənin 4 il  ərzində oxuduğuna, aldığı qiymətə inam yoxdur. Yalnız bir testdən keçməsinə inam var. Bu inamsızlıq əhval-ruhiyyəsi aradan götürülməlidir. Belə şey olar?! Bu, dəhşət, fəlakətdir. Dünyanın heç yerində belə qayda yoxdur! Bu, Azərbaycana uyğun deyil! Diplom bu qədəri hörmətsiz durumdadır?! Universiteti qırmızı diplomla bitirənə də imkan yoxdur ki, gedib istədiyi yerdə işə düzəlsin. O, yenidən testdən keçməlidir. Direktoru başa düşürəm; bəzən, olur ki, 20-30 ildir dərs deyir, amma həvəsdən düşüb, köhnəlmiş ədəbiyyatlardır. Bunların beynini yeniləmək üçün lazımdır ki, yenidən hazırlaşıb test imtahanından keçsinlər. Amma aldığı qiymətlərin hələ mürəkkəbi qurumamış,  yenə eynisini tələb edirlər. Bu, ən böyük ədalətsizlik, eyni zamanda da ali məktəb kollektivinə böyük hörmətsizlikdir.

Sual oluna bilər ki, universiteti qırmızı diplomla bitirən tələbənin qiymətləri realdırmı? Realdırsa, onu test sistemindən keçirməyə nə ehtiyac var? Bəs, sizin bu boyda universitetə, onun professor kollektivinə  inamsızlığınızın arxasında nə durur? Çünki hamı əyri yoldadır, saxta qiymət yazır. Təhsil sistemində olan eybəcərliklər aradan qaldırılmalıdır. Bunlar zaman tələb edən yox, bir sərəncamla baş verə biləcək məsələlərdir. Ali məktəbləri qırmızı diplomla bitirənlərin test imtahanına girməyə heç bir əsası olmamalıdır”.

O, test imtahanındakı bu üsulun tələbənin hüquqlarına müdaxilə olduğunu bildirib:

“Test imtahanında dörd səhv bir düzü aparır. Belə şey olar?! Bu, cinayətdir. Niyə bəs dörd düz bir səhvə güzəşt etmir? Bəzən cığal uşaqlar olur, oyunun gedişində deyir ki, bunu düz etmədin, sənin xeyrinə sayılmır. Bu hal da eyni onu xatırladır. Bu, sadəcə biabırçılıqdır. Tələbənin hüquqlarına müdaxilə, elmə təcavüzdür. Təhsilimizdə olan problemlər oradan başlanır. Biz test sistemi ilə sanki lal, kar olduq. Düzdür, müəyyən üstünlükləri var, kasıb, savadlı uşaqlar rahatlıqla qəbul olunurlar. Mən bircə 4 səhv-1 düz prinsipini qəbul etmirəm. O səhv yemək deyil, adam yeməkdir. Ləğv olunmalıdır. Bu necə ola bilər? Mən bu qaydanı düşünəndə dəhşətə gəlirəm. Axı bu, hansı ölkənin təcrübəsindən götürülüb?”

Deputat Azərbaycandakı boloniya sistemini maraqlı şəkildə müqayisə edib:

“Bizim problemimiz bilirsiz haradan başlandı? Boloniya sisteminə keçməkdən. Avropada 900 illik tarixi olan boloniya şəhərində Avropanın rektorları İtaliyanın Boloniya universitetinin  yubileyinə yığışdılar. Orada inteqrasiya üçün müqavilə imzaladılar. Biz isə elə-belə dabanımıza tüpürüb qaçdıq ona qoşulmağa. İllərlə stadionda qaçan adamlar artıq buna vərdiş edir. Hesab edin ki, bir dəfə də meydançaya çıxmayan biri qoşulub onlara qaçmağa başlayır. Təbii ki, onun yolda ürəyi partlamalıdır, sonacan gedə bilməz. Və ya professor 100 minlik müqavilə bağlayıb. Onun bütün təminatı var. Biz isə həmin müqaviləni bağlasaq da professorların maaşı 500 manatdır. Bu sistemə tədricən keçməli idik. Biz isə boloniya sisteminin prosesini inqilab yolu ilə keçdik”.

publika.az1434092038fezail_ibrahimli_2015-1.jpg

O, hər ixtisasa uyğun şəkildə seçim etmək lazım olduğunu bildirib:

“Jurnalist danışmağı, yazmağı və sual verməyi bacarmalıdır. Dərin təfəkkür və məntiqə malik olmayan birindən hüquqşünas olmaz. Ədəbiyyatçının dili oxdan çıxmış yay kimi olmalıdır. Təlxəkdən, bir cümlə qurmaq üçün bir saat əlləşənlərdən filoloq olmaz. Bu seçimlər üzərində düşünülməlidir. Təhsilin təməli buradan əyri qoyulur. Hər ixtisasın özünəməxsus şərtləri var. Riyaziyyatçının təfəkkürü yoxlanmalıdır”.

O, hazırda öz tarix və mədəniyyətini yaxşı bilənlərin kənarda qaldığını vurğulayıb:

“Bu gün İngiltərə heç kimə demir ki, yapon dilini bilmədən mənim uğurlu vətəndaşım ola bilməzsən.  Yaxud, Amerika heç vaxt tələb etmir ki, sən fransız və alman dilini bilməlisən. Vətəndaş ilk növbədə öz dilini bilməli, qürur duymalıdır. Axı biz dövlət himnimizi ingiliscə oxumuruq. Vaxtilə kommunist rejimi dövründə belə idi ki, rus dilini bilirsənsə, gəlib yuxarı başa keçə bilirdin. Ona görə də Andreylər həmişə yuxarı başa keçirdi. İndi də Conlar belə edir. Öz dilini, mədəniyyətini, tarixini yaxşı bilənlər kənarda qalırlar.

Bir faktı deyim: 1920-ci ildə aprelin 28-də Azərbaycan işğal olundu. Oktyabr ayında Azərbaycan Kommunist Partiyasının ikinci qurultayı çağırıldı. Hələ o vaxt işğalın yaraları sağalmamışdı. Başını imperator qılıncının cızdığı səviyyədən yuxarı qaldıran hər kəsin başı kəsilirdi. Həmən dövrdə Böyükağa Talıblı qurultayın tribunasından elan etdi. Dedi ki, Mirzəyanlar Azərbaycan rəhbərliyində təmsil olunmamalıdır. “Onlar yalnız Bakının Xəzər dənizi sahilində yerləşməsindən başqa bu millət haqqında heç nə  bilmirlər. Millətin idarəçiliyi onun tarixini, mədəniyyət və mənəviyyatını bilən adamlara verilməlidir”. Biz bolşevik deyib möhürü də vururuq ki, satqındırlar. O, hələ qılınclar insanların başı üstündə parlayanda  millətin tarixini mədəniyyətini bilməyi tələb edirdi”.

F.İbrahimli orta məktəblərdə dünya tarixinin tədris olunmasının əleyhinə olduğunu bildirib:

“Tarix fənnindən qəbul imtahanı verən tələbə yetərincə yüklənir. Dəvənin yükünü ata vururlar. Qədim dünya, orta əsrlər, yeni tarix, ən yeni tarix və s. Yaponiya bircə dəfə qəbul imtahanına mənim  tarixim haqda sual salır? Amerikanın belə bir ölkənin varlığından xəbəri var?!  Bütün dünyanın tarixindən imtahan olar?! Yanlış yanaşmadır. Qəbul imtahanı Azərbaycan tarixindən olmalıdır. Artıq ali məktəbdə qədim dünya, orta əsrlər, yeni, ən yeni tarix, hətta Amerika tarixi  kafedraları var. İxtisası üzrə tarixçi kimi formalaşmaq istəyən tələbə buyurub universitetdə bu bilikləri ala bilər. Orta məktəbdə isə biz şagirddən monqolun da, ingilisin də tarixini öyrənməyi tələb edir, öz tariximizdən də onun içinə pay qoyuruq. Bu yanaşma kökündə yanlışdır. Razıyam, bütün fənləri tam öyrənmədən uğur qazanmaq olmaz. Uşağın təhsil və tərbiyəsinin təməli orta məktəbdə qoyulur. Uşaq  4-cü sinifdən də ixtisas seçə bilər. Beynində həkim olacağını tuta bilər. Amma bu, o demək deyil ki başqa fənləri oxumamalıdır. Onun düşüncəsi bütövlükdə olmalı, tələblər möhkəm olmalıdır. Amma şagirdi  bu qədər yükləmək olmaz. Təhsil sistemimizdə orta məktəbdən tutmuş, işə düzəlməyə qədər problemlər var”.

Millət vəkili Aran zonasındakı orta məktəblərin təmir və təchizat məsələsinə də toxunub:

“Elə bu yaxınlarda Masallının bir kəndindəki məktəblə bağlı müraciətlər olundu. Onu gündəmə gətirəcəyik, rayon rəhbərliyi ilə də bu haqda söhbət olunub. Fikrimcə biz bu məsələ ilə bağlı nikbin danışa bilərik. Azərbaycanda məktəblərin maddi texniki bazasının yaradılmasında çox böyük uğurlarımız var. Ən ucqar yerlərdə də modul məktəblər tikilir. Bu məsələni gündəmə gətirib ahu-zarla, fəryadla təqdim etmək olmaz. Müəyyən məktəblər var. Təbii ki, biz ən sonuncu məktəbə qədər bu məsələni həll etməliyik. Amma hesab edirəm ki, təhsil sahəsindəki ən böyük uğurumuz elə məktəblərə yeni baxışdır. Bir ay içində dövlət proqramı qəbul edib respublikanın bütün məktəbləri iki ayı ərzində yenilənə bilər. Amma təhsil sistemindəki o evin fundamentidir. Gələcək bütün nəsillər onun üzərində şaxələnib böyüyür. Bu səbəbdən  müəyyən islahatlar diqqətdə saxlanmalıdır”.

O, müasir texnologiyaların insanların işini asanlaşdırdığını, amma bunun bəzi problemlərə yol açdığını qeyd edib:

“Bir düyməni basmaqla çox savadlı bir obraz yaranır. Çox problemlər də elə ondan yaranır. Elə bilin ki, xaricdə yaşayan adam cəmi bir otelin küçəsini tanıyır. Onu itirən kimi şəhərdə azır. Bizim bugünkü problemimiz də belədir. İnsan zəhmət çəkməlidir. Mən demirəm ki, müasir texnologiyadan imtina edək. Təkcə meyarlar yox, sanballar müəyyən olunmalı, üzə çıxmalıdır. Hər kəs də ona uyğun dəyərini almalıdır”.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları