Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-21 17:48:00
Deputat, ürək-damar cərrahı Rəşad Mahmudov: "Həkimi günahlandırarkən onun təhsilinə fikir vermək lazımdır"

Azərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov “Report”a müsahibə verib.

AzEdu.az müsahibədə toxunulan bir neçə məqamı diqqətə çatdırır:

-Ölkədə həkimlərin savadlılıq səviyyəsi hansı dərəcədədir?

- Həkiməm, siyasətçiyəm, həm də şikayət edən vətəndaşın qardaşıyam – ailə üzvüyəm. Ona görə cavab vermək çətin olur. Həkim də, başqa ixtisas sahibi də bu ölkənin vətəndaşıdır. Yəni cəmiyyət savadlıdırsa, bütün sahələrdə özünü göstərəcək. Burada “Həkimlik zəifdir, mühəndislik güclüdür” demək doğru olmaz. Məsələyə kənardan baxıb dəyərdirmə aparmaq çox asandır. Şikayət edən də, şikayət edilən də, onu qiymətləndirən də bir ananın övladıdır. Yəni haqsız yerə şikayət edirsə, deməli, haqsızlıq etmək ona doğuşdan öyrədilib. Haqsız yerə zülm edən də o cürdür... Ümumiyyətlə, qız övladlarımızı savadlı, sevgi içində böyütməliyik. Ona görə ki, gələcəyimiz onların böyüdəcəyi övladlardan asılıdır. Həkimlərin savadlılıq məsələsinə gəldikdə isə deyə bilərəm ki, bəzi hallarda həkimlər haqsız yerə günahlandırılır. Həkimlik riyazi hesablama ilə həll edilən sənət deyil. Həkimlik məktəb təhsilindən başlayır - məktəbdə riyazi, məntiqi biliklər əldə edirik. Bu biliklərə sahib insan Tibb Universitetinə qəbul olur, digərlərindən fərqli olaraq 6 il təhsil alır, ixtisas üçün də 5-6 il əlavə oxuyur. Təhsil normal verilirsə, müsbət nəticə əldə etmək mümkün olur. 2005-ci ildən indiyədək Azərbaycan səhiyyəsi çox irəli gedib. Bu sahə hələ inkişaf etdirilməlidir. Tibb personalının akkreditasiyadan keçirilməsi vacibdir. Sertifikasiya nəzəri bilgiləri dəyərləndirir, akkreditasiya isə praktik biliklərə əsaslanır. Bunu dəyərləndirənləri doğru seçmək lazımdır. Həkimi günahlandırarkən onun təhsilinə diqqət etmək lazımdır, bəlkə onun təhsilində çatışmazlıq olub? Verilməyən şeyi necə almaq olar? Hansısa problemlə qarşılaşmışıqsa, bunun səbəbi SSRİ dağıldıqdan sonra boşluq dönəminə görə olub. Həmin vaxt güclü ixtisasçılar xarici ölkələrə getdilər. Təhsil sistemində hansısa boşluğun olduğunu kimsə dana bilməzdi, bu, mümkün də deyildi. Bunu tənzimləmək istiqamətində xeyli çətinliklər oldu. Bu gün tibb təhsili sahəsində dəyişikliklər davam edir. Həkim olmaq, həkim olmaqla bərabər müəllim olmaq şərəfli bir işdir.

- Bəs niyə özünüz pedoqoji fəaliyyətlə məşğul olmursunuz?

- Tibb Universitetində dərs keçməsəm də, 2011-ci ildən indiyədək rezidentura proqramı çərçivəsində onlarla tələbə yanımıza gəlib, təcrübə keçiblər. Ölkədə 25-ə yaxın beynəlxalq konfransın təşkilatçılığı ilə məşğul olmuşam. Çünki tibb təhsili üçün təlimlər, master-klasslar vacibdir. Bayaqkı sualınıza cavab olaraq demək istəyirəm ki, 2011-ci ilə qədər 6 il tibb təhsili alan insana ixtisasçı kağızı verilirdi, hər hansı xəstəxanaya göndərilirdi. Bu, təkcə Azərbaycanın deyil, post-sovet məkanının problemi idi. Hazırki dəyişikliklərin nəticəsini indi görə bilmərik. İndi əvvəllər təhsil alan həkimlər üçün master-klasslar keçirilir. Uşaq ölümlərinin sayında artım olduğu reallıq idi. Mən yenidən seçim etsəydim, ginekoloq və neantoloq olmazdım. Bilirsiniz niyə? Bilirsiniz, həkim üçün xəstəsini itirmək nə deməkdir? Bunu dəyərləndirməyə çətinlik çəkirəm... Digər tərəfdən, fəaliyyətində neqativ hallar aşkarlanan həkimin fəaliyyəti dayandırılmalıdır, deyilməlidir ki, müəyyən treninqlərdən keçməklə işinə başlaya bilər. Həkim bu mərhələləri keçdikdən sonra neqativ hal baş verdiyində cavab verə bilər, prosesi dəqiq izah edə bilər. Məsələn, sənədlərlə deyə biləcək ki, lazım olan tibbi müdaxilə etdim, amma alınmadı. Uşaq ölümlərinin qarşısını almaq üçün dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə əsaslanmalıyıq. Bir daha vurğulayıram ki, ilkin təhsildə əskik olanda, sonrakı mərhələlərdə problem olur.

- Neçə tələbəniz var?

- 12-13 ürək cərrahı artıq fəaliyyət göstərir. Bakı Ürək Mərkəzi ürək xəstəlikləri üzrə reanimatoloqların, anestezioloqların, ən əsası orta tibb personalının hazırlanmasına çox ciddi yer ayırıb. Sən sənəti ortaya qoya, həkimlik dəyərlərini qoruya bilirsənsə, mütləq tələbələrin olmalıdır