Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-09 12:33:54
Keyfiyyətsiz təhsilə görə təzminat ala bilərikmi? – Ekspert cavabları

 

Təhsil haqqında Azərbaycan Respublikasının  qanununun 42-ci  maddəsi “Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi” haqqındadır.

Qanunda yazılır: “Təhsil müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri оlan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddia qaldırıla bilər”.

Qanunun 42.1-ci maddəsinə uyğun olaraq iddia yalnız akkreditasiya olunmuş təhsil müəssisəsi barədə akkreditasiya xidməti tərəfindən verilən mənfi rəyə əsasında mümkündür.

Bəs, xatırlatdığımız qanuna əsaslanaraq, indiyədək məhkəməyə müraciət edən tələbə olubmu və hansı şəkildə zərərin qarşılığı ödənilib? Həmçinin, dünya təcrübəsində hansı hallarda təzminat ödənilir?

AzEDU.az –a açıqlama verən təhsil eksperti Fuad Hacıyev bildirib ki, Avropa təhsil sistemində bu tipli halları aşkarlayan qurumlar fəaliyyət göstərir:

“Keyfiyyətsiz təhsil verən bir müəssisə, yaxud professorun fəaliyyət göstərməsi mümkünsüz həddə çatdırılıb. Ancaq oxşar hallar olur. Məsələn, Macarıstanda bir professorun dərslərdəki izahetmə metoduna görə, tələbələr illərlə imtahandan keçə bilmirdilər. Daxili məhkəməyə verib problemi dərhal həll edə bildilər. Bu alınmasaydı, Avropa Məhkəməsinə müraciət ediləcəkdi. Azərbaycanda isə belə bir təcrübənin nəyinki olmadığı, hətta ağla gəlməsi belə gülünc səslənir. Keyfiyyətli təhsilverən qurumları barmaqla göstərmək olar. 5 aya yaxındır təhsil nazirimiz olmadan təhsilsizlik davam edir. Ancaq ümumi baxanda təhsil sistemimizdə cəmi 2 problem var: təhsil, bir də sistem”.

Məsələylə bağlı danışan hüquqşünas Anar Ramazanov bildirib ki, “Təhsil haqqında” qanunun 42-ci maddəsindəki “Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi” ilə bağlı iddialar bu qanuna əsasən,  yalnız Təhsil Nazirliyi tərəfindən qaldırıla bilər:

“Əgər hansısa təhsil müəssisəsində verilən təhsil dövlətin həmin təhsil pilləsinə   uyğun müəyyən etdiyi təhsil standartlarına uyğun təşkil olunmaması, təhsilalan şəxslərin keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulan zərərərin, o cümlədən təhsilalan şəxslərin yenidən təhsil alması üçün xərclərin ödənilməsi ilə bağlı TN iddia qaldıra bilər. İddianın qaldırılması üçün də qanunda  vacib bir şərt var. Bu kimi iddia həmin təhsil müəssisəsinin akkreditasiya edən xidmət tərəfindən verilən mənfi rəy əsasında qaldırıla bilər. Akkreditasiya  təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil  standartlarına uyğunluğunun və statusunun müəyyənləşdirilib təsdiq edilməsi prosedurudur. Təhsil müəssisələrin akkreditasiyası təhsil prosesinin təşkili, maddi-texniki baza, təhsil proqramları, kadr potensialı, həmin müəssisənin maliyyə imkanları, ümumilikdə  təhsil infrastrukturunun qəbul edilən dövlət standartlarına  və normativ hüquq haqlarına tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə aparılır. Təhsil müəssisəsinin statusunun müəyyən edilməsi onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Bu proses Dövlət Akkreditasiyası  tərəfindən həyata keçirilir. Müvafiq keyfiyyət sənədinin- sertifikatın verilməsi ilə başa çatır”.

Hüquqşünas deyir ki, qanun yazır ki, TN akkreditasiya xidməti tərəfindən verilən mənfi rəyə əsasən təhsilalanların keyfiyyətsiz hazırlığını müəyyən etdiyi halda vurulan zərərin ödənilməsi ilə bağlı iddia qaldıra bilər:

“Bəs təhsilalanların keyfiyyətsiz təhsil aldığını necə müəyyən edirlər? Bəlkə təhsil müəssisəsi əla təhsil verib, amma tələbələr,şagirdlər özləri oxumayıb. Fikrimcə, hansısa orta məktəb, liseydən məzun olanların böyük əksəriyyəti və ya hamısı ali  təhsil müəssisələrinə sənəd vermələrinə baxmayaraq ora qəbul olmasalar, yaxud  müxtəlif imtahanlardan uğurla keçməsələr bu, ola bilər. Bu kütləvi hal və sosial həyəcana səbəb olarsa TN təhsilalanların özünün savadsızlığı yox, onlara verilən təhsilin keyfiyyəti ilə bağlı araşdırma aparıb müvafiq iddia qaldırmalıdır”.

Əsmər Qabil