Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-09 10:04:39
Cümhuriyyətin ali təhsil almayan yeganə naziri - Bütün əskinazların üzərində onun imzası olub

AzEDU.az 2018-ci ilin “Xalq Cümhuriyyəti” ili olduğunu  nəzərə alaraq, 23 ay ömür sürən şanlı dövlətin təhsil məsələləri ilə bağlı yazılara davam edir.

Qeyd edək ki, ADR-in müxtəlif hökumət kabinələrində təmsil olunan nazirləri (bəzi mənbələrə görə, onların sayı 26-dır) əsasən, Rusiya, Gürcüstan, Türkiyə və Avropada ali təhsil alıblar.

Aralarında birinin – maliyyə naziri və Dövlət Bankının rəhbəri Əliağa Həsənovun isə ali təhsili olmayıb. Bu günümüzlə müqayisə etsək, yalnız orta ixtisas məktəbi səviyyəsində təhsil alan Həsənov sonradan nazir səviyyəsinə xüsusi bacarığı ilə yüksələ bilib:

Ə.Həsənov 1871-ci ildə Bakıda anadan olub. Bakı Kommersiya Məktəbini bitirib. Təhsil illərində Əliağa Həsənov türk, ərəb, fars və rus dillərini  mükəmməl öyrənib.

Bakının ictimai həyatında fəal iştirak edən Ə.Həsənov sonradan şəhər Dumasının üzvü seçilir. Bakıya Şollar su kəmərinin, kanalizasiya şəbəkəsinin çəkilməsində, Dənizkənarı parkın salınmasında onun da böyük xidmətləri olub.

Ə.Həsənovun rəhbərliyi altında 1919-cu il sentyabrın 30-da Bakıda Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı. Bankın Gəncədə, Şamaxıda, Lənkəranda və başqa şəhərlərdə şöbələri təşkil olundu. 1919-1920-ci illərdə ADR-nın 25, 50, 100, 250 və 500 manatlıq dəyərində kağız pulları dövriyyəyə buraxıldı. Yüksək bədii zövqlə tərtib olunan bu əskinasların üzərində nazirlər şurasının sədri  Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Əliağa Həsənovun imzaları olub.

1933-cü ilin martında Bakıda vəfat edib.

1919-cu il dekabrın ortalarında N.Yusifbəylinin kabinəsi istefaya çıxdığı üçün Ə.Həsənov tutduğu vəzifəni tərk edir. O, sonra Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində çalışıb.

Tarix elmləri doktoru, Cümhuriyyət dövrünün araşdırmaçısı Nəsiman Yaqublu Cümhuriyyətin yeganə ali təhsilsiz naziri kimi Əliağa Həsənovu qeyd edib. Buna baxmayaraq, araşdırmaşı ADR nazirinin fövqəladə bacarığının, çox yaxşı iqtisadi bilgilərə malik olmasını, kifayət qədər məntiqi düşüncəyə sahibliyini vurğulayır. Onun sözlərinə görə, Ə.Həsənovun təkcə iqtisadiyyat deyil, şəhərsalınma işində də ciddi xidmətləri  olub. Bulvarın salınmasından tutmuş, bir xeyli  məşhur binaların tikilməsinə qədər, bütün işlərdə əsas söz sahiblərindən olub.

Gənc yaşlarından təşkilati və praktiki işlərə meyillilik, onun Rusiya, eləcə də Avropada təhsil almasına mane olub. Amma bu heç də o demək deyil ki, tam ali təhsili olmayan nazir digər həmkarlarından geri qalıb. Əsla! Hamı Əliağa Həsənovu fövqəlzəka insan, gözəl təşkilatçı kimi tanıyırdı.

Cümhuriyyət parlamentinin iclaslarında etdiyi çıxışlar, verdiyi təkliflər onun maliyyə işini nə qədərəcə gözəl bilməsinə, praqmatik düşüncə tərzinə bir sübutdur. AXC parlamentinin stenoqramlarına istinadən, maliyyə naziri Əliağa Həsənovun bir neçə çıxışını təqdim edirik. Müəllifin dil və üslubuna toxunmadan…

“Möhtərəm məbuslar! Azərbaycan maliyyə və iqtisadi əhvalını təsvir etmək üçün lazım olan materiallar bugün də əldə deyildir. Bir məmləkətin əhvalini təsvir etmək və onun maliyyə və iqtisadi işlərini bir neçə gündə öyrənmək çətin məsələdir. Bilirsiniz ki, maliyyə nəzarəti iki həftədir ki, bu işlər ilə məşğuldur. Və onu ətraflıca müzakirə eyləmək bu günlərdə bizim üçün mümkün deyildir. Lakin müxtəsər də olsa izahat vermək olar. Əvvəla, bunu istəyirəm ərz edim ki, aləmşümül Cahan müharibəsinin cəmi dünyada sui-təsiri olduğu kimi bizim məmləkətdə də olmuşdur. Bizim məmləkət də bu bəladan uzaq qalmayıbdır. Beş il tamamdır ki, adi məişət mümkün deyildir. Hər şey öz yolundan çıxmışdır. Səfərbərlik başlanıb. Tamam kişilər nə o yerdəki işləmək lazım idi, fabrikalarda, zavodlarda işlərin məhsulatı ilə gərək mənfəətbərdar olaydıq, işləməyiblər. Odur ki, məmləkətin məhsulu az olubdur. Məhsul az olanda da dövlət az olur. Biz də müşkülata düçar olmuşuq. Bizim ticarətimiz ki, ümdə neft ticarətidir, indi pozulubdur. Bazarlar bağlı, yollar bağlı heç bir yerə çıxmır. Mal çıxanda da pul olmaz, müşkülat üz verər. O müəssisələr ki, neft ilə işləyir, o müəssisələr dayanıbdır. Maddi cəhətdən xeyli müşkülat əmələ gəlibdir, anarxiya olub, inqilab olub, cürbəcür iğtişaş olub, milli siyasi qarışıqlıqlar olub. Deməli, hər bir şey öz adi yolundan çıxmış ticarət işləri pozulub, bazarlar bağlı qalmış, mal hasilə gəlməyib, cəmaat qeyri işlər ilə məşğul olub, qeyri məmləkət ilə əlaqə kəsilib, ticarət dayanmışdır və bunların nəticəsində bu cür böyük müşkülat qarşısında qalmışıq. Ticarətimiz necə ki, bir növ tətil edən kimidir. Ticarətimiz kimi ziraətimiz və qeyri işlərimizdə bərhəm olub. Bir yerdəki anarxiya olsun ora, əlbət ki, fəna halda olar. Kəndistan əhli də şəhərdə olduğu kimi öz işlərinə məşğul deyildir. 5 ildir ki, məmləkətdə anarxiya dəvam edir. Bundan əqdəm Azərbaycan hər bir uyezdinə lazım olan şeyləri özgə yerdən alardı. Rusiya kimi geniş bir bazar yüzümüzə açıq idi. Öz daxilimizdən hasil olan və xaricdən gələn mallar gəlib satılırdı. Biz heç vaxt özümüz öz başımıza qalıb öz fikrimizi özümüz çəkməyə öyrənməmişik. Biz öyrənmişik ki, hazır mallar gəlsin alıb işlədək. Elə güman edirdik ki, Volqa və yollar açıq olacaq, mallarımız gedib o yerdə satılacaq və oradan da bizim üçün hazır mallar gələcəkdir. Lakin müharibə bu işləri dəyişdirdi.

Yollar bağlandı. Ödəməklə mal alırdıq və malımız gedib satılırdı, əvəzində qızıl gəlirdi. İndi o yerlərə yaxın düşmək mümkün deyil. İndi bir halda qalmışıq ki, öz məmləkətimizin məhsulu ilə gərək bir növ dolanaq. Öz malımız da daxildə satılsın. Aşkar işdir ki, bizim məhsulumuz özümüzə kifayət etməz. Çünki biz heç vaxt bu fikirdə olmamışıq. Lakin istəsən öz məhsulumuz ilə özümüzü dolandıra bilərik. Azərbaycan o qədər dövlətlidir ki, hər cəhətcə öz işlərini aparar. Və öz məhsulu ilə dolanar. Bu fikir indi araya gəlibdir. Çətini də burasıdır ki, bu vaxta qədər biz özümüz-özümüz üçün mal hazırlamamışıq. Bəlkə bu sonralar düzəlsin. İstiqlal elan etdikdə hökumətin əlində heç bir şey yox idi. Ancaq bunu deyə bilərik ki, xəzinədə altmış milyon pul varmış, hökumət nə ilə dolana bilər, hökumət gərək varidat ilə dolansın. Bu bir ümumi qanundur, varidat da nə yol ilə hasil ola bilər. Beş ildən bəridir ki, nə fəlakətlər olub. Müharibə təsiri olaraq kəndlər dağılıb, yollar dağılıb, əhalinin 10-15 faizi qırılıb, tələf olub. Dörd-beş ildir ki, heç bir şey eləməmişik. Bu beş ildə nə əkmişik, nə biçmişik. Bu cür hal ilə var-dövlət haradan olsun? Gərək əkin əkilsin, yollar açıq olsun, ticarət olsun, əmniyyət olsun. Vaqon, tramvaylar işləsin, var-dövlət olsun. Keçən 1918-ci il gözümüzün qabağındadır. O barədə danışmaq istəmirəm. Hər kəs bunu özü görmüşdür. Bir haldayıq ki, xalqın mümkünü yoxdur naloq versin. Varı olan da fikir etmir ki, hökumətə gərək öz xərcini-borcunu versin. Hər kəs bu fikirdədir ki, azadlıqdır, vergi vermək lazım deyil. Bu fikir xalqın zehnindən götürülməlidir.

1918-ci ili görmüşük. İş bu halda olanda malı və iqtisadi heç bir qanuna münasib olmadığı işə şuru edənlər cümləsində biz də etmişik. Kağız pul buraxmaq ilə xərcimizi istəmişik düzəldək. Bunu istəyirəm ərz edim ki, buraxılan kağız pullar nəzərə çox görünür. Bu pullar məmləkətin adi məxaricinə sərf edilmişdir.

Məmləkətin fövqəladə xərclərinə sərf olunubdur. Məmləkətin öz xərcindən ötəri ancaq 170 milyon xərc olunubdur. Cəmi kağız pul (qarşısındakı kağızları vərəqləyir, məclisdə sükut) hərgah fövqəladə xərclər olmasaydı biz az pul ilə dolana bilərdik. 510 milyon sizdən istənilir, təbii bu da fövqəladə xərclər üçündür. Məsələn, o pullar ki, ingilislərə verilir, neftçilərə verilir. Bunlar smetdan xaric xərclərdir. Budur ki, biz böyük və çox pul buraxmağa məcbur olmuşuq. İstənilən 510 milyonun 300 milyonu çap edilibdir. İndi 210 milyon qalıbdır. Bu pullar yuxarıdakı xərclərə sərf olunur. Bu da bizə bir ayacan kifayət edər. Rica edirəm məclis onu qəbul eyləsin və hökumətin işi dayanmasın”.

Başqa bir çıxışında isə o, Cümhuriyyətin üzləşdiyi başqa iqtisadi problemlərdən, pulun dəyərindən, eləcə də digər məsələlərdən danışır:

“Pulların ingilislərə verilməsi barəsində danışmaq istərdim. Məndən əvvəl pul kəsilmək işi var; onlar bizim əlimizdə deyil idi. Bankın ixtiyarında idi. Mən nəzarətə getdim, bankın ixtiyarında gördüm pul kəsilir, gedir banka, sonra sərf olur. İngilislərə verilir, neft mədənçilərinə verilir. 176 milyon hesabi-cariyədədir. Bu barədə də hökumətin nə qisim rizası olub mənə məlum deyildir. Ancaq onu bilirəm ki, hesabi-cariyə açılıb. 176 milyon ki, var bank göstəribdir ki, ingilislərə, neft mədənçilərinə vermişik. Hökumətin bu barədə də rizası olub bilmirəm. Ancaq əlanlıqda əhval belədir. Mən ki, ora getmişəm ekspedisiya əhvalını dəyişdirmişəm: əvvəl gündən öz ixtiyarımıza almışam. Böyük danışıqdan sonra qərar qoymuşam ki, mənim əmrim olmadan heç bir yerə pul getməsin. Pulun yolunu ayırmışıq. Pul indi banka getmir, gedir xəzinəyə. Xəzinədə onun üçün əlahiddə bir depozit açılıb. Pul çapdan ora gedir. Qalır xəzinəxanəmizdə və öz ixtiyarımız ilə xərclənir. İngilislərə bir hissə verilir. Hökumətin ixtiyarı olmadan ingilislərə pul verilmir. Bu puldan bu cür verilir ki, biz ilə ingilislər arasında müvəqqəti bir saziş var. O saziş imzalansın, sonra parlamana gələcəkdir.

Sonra parlaman təsdiq edər, etməz o parlamanın öz işidir. Nə qətnamə olar biz də əməl edərik. İngilislərə pul lazım idi. Hökumət öz öhdəsinə götürüb verir. Onlar deyirlər ki, pul banka verilsin. Ancaq biz bərk dururuq, razı olmuruq, banka vermirik. Banka verməyi mən də lazım bilmirəm. Biz ingilislərə pul veririk, borc hesabına. Onlar da deyirlər biz borc götürürük. Şərtnamədə kağız verirlər ki, borc alırlar. Bu barədə ingilislər ilə olan şərtnamə qəti surətdə qurtarmayıb.

İkinci məsələ böylədir ki, varidat üçün rəhn göstərsinlər. Mən bu barədə çox danışmaq istəmədim. Çünki məsələ aşkardır. Və aşkar məsələ haqqında danışmağa lüzum yoxdur. Gələcəkdə dəxi xərc gələcək; məclis aylar, həftələr ilə bu məsələ üstündə dayanacaqdır. Bu yavuq günlərdə bir aya, bir həftəyə tez-gec dəxl xərc layihələri, smetaları gələcəkdir. Hər nəzarətdə bizə dəxl xərc layihəsi gəlmişdir.

Ancaq bir neçə nəzarətdən gəlməmişdir, o da gələr və parlamana dəxl olandan sonra onun barəsində ətraflı danışmaq olar. O vaxt material olar. Deyən də, eşidən də işin kursunda olub bir şey anlaya bilər. Ancaq onu ərz edirəm ki, iki həftədə bir məmləkətin bütün əhvalını və maliyyə işlərini öyrənmək mümkün olmaz. Olar desəm də dürüst deyildir. Bu iki həftədə ancaq cari məsələlər ilə məşğuluq ki, gündə lazım olan məsələni sabaha qoymaq olmaz. Bu məsələlər çox ağır məsələlərdir. Ona görə məşğuluq. Üzr istəyirəm ki, türkcə təqririm yaxşı deyildir.

Elə deyil ki, savadım olmasın və əsla türkcə bilmirəm. Xeyir. On ildən artıqdır ki, məclisdə türkcə danışmamışam. Ona görə günah məndə deyil ki, danışmaq istəyirəm danışa bilmirəm. (Səslər: Yaxşıdır, yaxşı danışırsınız).

Mən ərz edirəm ki, ağır məsələlər var. Bu vaxta qədər neft ticarəti üçün 140 milyon pul verilib. Mən bildiyimə bu pul təmin olunmuyub. Əvvəl gündən təmin olunmamış bu böyük iş nəzərdə bir şey deyilsə də nəticəsi çox ağır olardı. 147 milyon gedirdi. Bunun 120 milyonunun yolunu dəyişmişik, bu iki həftənin ərzində öz ixtiyarımıza almışıq, bu böyük işdir. İndi özümüzü təmin eləmişik. Hər bir pul ki, kəsilir öz ixtiyarımızdadır. İki həftə bundan əvvəl pulun ixtiyarı bizdə deyil idi.

Üçüncü məsələ hökuməti təmin edən neft ticarətidir. İndiyə qədər hökumət neft mədənçilərinə 140 milyon verib, hər ayda da 30 milyon verilir. Onlar isə 40 milyon istəyirlər. Ayda 40 milyon bizim cavan hökumətimiz üçün böyük puldur. İllik dəxl xərcimiz üçün böyük sərmayədir. Mən ki, bunu görmüşəm əldə bir təminat yoxdur. Burada neftçilərin nümayəndələri varsa deyə bilərlər. Hərçəndi razı da qalmasalar yenə təsdiq edərlər ki, 80 milyon iki həftədə təminat almışıq. Bu bizi xatircəm edibdir. Hərgah o iki həftə keçsə 140 milyon ki, verilib bunun əvəzində təminat alıb malı öz ixtiyarımıza alarıq.

Qaldı məmləkətin qeyri varidatına: Bu iki həftədə bu məsələ də heç nəzərdən düşməyibdir. Gələn layihələrdən məlum olar, varidatı artırmaq üçün hökumətdə çox layihələr düzəltmişik. Bunlardan bəziləri gəlib, bəzisidə hökumətdə natamamdır. Bunlarda tamam olduqdan sonra gələcəkdir. Mən elə bildim ki, bu qədər kafidir. Hərgah təfsil ilə istəsəniz gələcəkdə deyərəm. Burada dedilər ki, mən kafi cavab vermədim. Bunu mən də başa düşürəm. Lakin lazım olarsa gələcəkdə tətil ilə cavab verməyə səy eylərəm. Dəxl, xərc tutulubdur. Öylə dəyilki biz bilməyək məmləkətin dəxl və xərci nədir? Şübhə altında olmayan mədaxilimiz yarım milyarda baliğdir. Heç şübhəsiz ki, bu varidat toplanacaqdır. Şübhəli layihələr əgər tətbiq edilərsə, o zaman mədaxilimiz milyarda çıxar. Hərgah Hacıtərxan yolu açılarsa, neft ticarəti yoluna qoyularsa, neftimiz xaricə çıxarsa mədaxilimiz milyarda qədər artacaqdır. Məxaric milyarddan ziyadədir. Çünkü nəzarətin həmişə fikri bu olur ki, xərci artıq, yəni maksimum, mədaxili isə minimum göstərsin. Ona görə də xərcimizi bir milyard, mədaxilimizi yarım milyard göstərdik. Hərgah məclis lazım bilsə dəxl və xərc barəsində təfsilat verə bilərəm. Və hər bir məsələ barəsində cavab verməyə hazıram”.

Elmin Nuri