Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-16 09:53:00
Repetitorluğun qarşısının alınması nəyə görə vacibdir? – Şəmil Sadiqdən qalmaqallı açıqlama

Filologiya üzrə fəlsəfə doktoru, pedaqoq Şəmil Sadiq sosial şəbəkədə qalmaqallı fikirlərlə çıxış edib. Ona görə, təhsil proqramının qarışıqlığı şagirdlərin imtahan prosesində çətinə düşməsi ilə nəticələnir. Beləliklə, şagird məktəb, repetitor və dərs vəsaitləri ilə əlavə nəşrlərin arasında özünü itirir. Sitatı olduğu kimi təqdim edirik.

  1. Buraxılış imtahanı məktəb bitmədən və bu qədər ağır proqramla keçirilməməlidir. Martda 9-cu, aprelin əvvəli 11-ci siniflər olacaq. İmtahana salınan suallar 5-11-ci sinifləri əhatə edir və heç bir məktəb tədris ili boyunca öz tədris proqramını kənara qoyub, şagirdləri təkrar hazırlaşdıra bilməz. Məktəb proqramına görə, iyun ayının 14-ə qədər dərslər davam etməlidir. Proqramı kənara qoyub hansı müəllim əlavə təkrarla məşğul ola bilər, ya da hansı məktəb rəhbərliyi buna icazə verər və niyə də verməlidir?! Amma istər qəbul, istərsə də buraxılış imtahanlarına düşən mövzular 5-11-ci sinifləri əhatə edir, həm çox çətin şəkildə.
  2. Qəbul proqramının formatını DİM həmişə yanvarda açıqlayır. Birmənalı şəkildə böyük yanlışdır. Çünki bununla da ayaqlaşmaq heç bir məktəbin imkanı daxilində deyil. Əlavə müəllim dəstəyi olmadan bu ağır proqramı şagirdlər yerinə yetirə bilməz.
  3. Bir şagird imtahana hazırlaşmaq üçün həm Təhsil Nazirliyinin qrifi ilə çap edilən dərslikləri, iş dəftərlərini, həmçinin DİM-in əlavə vəsaitlərini işləməli olur. Qəbul Proqramı o qədər ağırdır ki, üstəlik, digər özəl nəşriyyatların vəsaitlərindən istifadəyə ehtiyac duyur. Bu, həm əlavə xərc, həm də yükdür. Niyə şagirdin başqa vəsaitlərə üz tutduğunu soruşsanız, bildirim ki, qəbul proqramında bəzən elə mövzu və ya elə fikirlər olur ki, dərslikdə ya yoxdur, ya da üstüörtülü şəkildə verilib. Bu cür suallar olduğu üçün açıq izahlı vəsaitə ehtuyac duyulur. Düzünü desək, DİM nə qədər obyektiv və demokratik qurum olsa da, qəbul prosesi məktəblə adətən ayaqlaşmır. Yəni məktəb tamam başqa məqsədlə fəaliyyət göstərir, qəbul prosesi isə tamam ayrı. Əgər şagirdlər DİM-in vəsaitlərindən və digər nəşriyyatların kitablarından istifadə etməsələr, heç bir halda qəbulda normal nəticə göstərə bilməzlər. Buna görə də şagird əlavə hazırlığa ciddi ehtiyac duyur.
  4. Təsəvvür edin ki, şagird bir məktəbdə oxuyur və 8-ci sinifdə məcbur olub ailə vəziyyətinə görə məktəb dəyişir. Əvvəlki məktəbdə ingilis, yeni məktəbində fransız dili xarici dildir. 9-cu sinif buraxılışda 8 il ingilis dili keçən şagird fransız dilində imtahan verəcək və sözsüz ki, uğursuz olacaq. Burda məktəb müəlliminin nə günahı var?! O şagird əlavə hazırlığa getməsə, heç buraxılışda da nəticə göstərə bilməz. 
  5. Bir neçə il öncə valideynlər və məktəblər hardasa qəbul prosesini çözmüş, hazırlıq prosesi xeyli asanlaşmışdı. Bu il qəbul prosesini o qədər xaotik etdilər ki, baş açmaq üçün xüsusi mütəxəssisə ehtiyac var. Təsəvvür edin, I qrupa hazırlaşan şagird apreldə 300 balı toplamaq üçün üç fəndən – Riyaziyyat, Azərbaycan dili, İngilis dilindən intahan verməlidir, 400 balı toplamaq üçünsə iyulda Riyaziyyat, Kimya və Fizikadan yenidən imtahan verməlidir. Bir fəndən iki dəfə imtahan vermək digər qruplarda da var. Axı niyə? Bunu bir dəfə ilə bitirmək varkən, bu, nəyə lazımdır?!
  6. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi nə vaxta qədər ki, ortaq məxrəcə gəlməyəcək, eyni yerə çəkic vurmayacaq, o vaxta qədər şagird və valideynlər məktəbdən kənarda bu iki qrumun işini öz qübbəsində birləşdirən kurslara və ya repetitorlara üz tutacaqlar.