Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-15 16:46:00
Jurnalistikanı tərk edib,  xaricdə təhsil alan xanım:”9 ildir, ailəmdən uzaqda yaşayıram” -MÜSAHİBƏ

“Tələbələrin sərbəst şəkildə bir mövzunu araşdırmasına , onu təqdim etməsinə imkan vermək lazımdır. Dərslərdəki monotonluğun qarşısı alınmalı, daha çox müzakirələrə açıq sistem qurulmalıdır”-

 Bu sözləri  AzEdu.az-a müsahibəsində Polşada təhsil alan müsahibimiz deyir.

Müsahibimiz kimdir? Tələsməyək, bu saat təqdim edəcəyik:

Öz dilindən DOSYE: Mən Leyla Məhərrəmova - 2013-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika ixtisasını bitirmişəm. Amma universitet illərindən jurnalist kimi çalışmışam. Həmçinin, “Şərq” qəzetində işləmişəm. Universiteti bitirəndən sonra 2013-cü ildən etibarən, Azadinform İnformasiya Agentliyində işləməyə başladım. 2018-ci ildə isə oradan ayrıldım. Daha sonra İnsider.az saytı ilə əməkdaşlıq etdim. 2018-ci ildə Estoniyanın Tartu Universiteti və Polşanın WSB Akademiyasına qəbul olundum. Hazırda Polşanın  WSB Akademiyasına Beynəlxalq Biznes ixtisası üzrə magistr dərəcəsində təhsil alıram.  

AzEdu.az Leyla Məhərrəmova ilə müsahibəni təqdim edir:

Uşaqlıq arzusu….Və daha sonra isə…

-Bir çox gəncin arzusu xarici ölkələrdə təhsil almaqdır. Leyla xanım, istərdik ki, xaricdə təhsil almağınızın əsas  səbəblərindən danışardınız…

-Azərbaycanda 5 ildən çox jurnalist kimi fəaliyyət göstərirdim. Hələ universitet illərindən qəzetlərlə əməkdaşlıq edirdim. Aktiv jurnalist fəaliyyətinə başladıqdan sonra parlament müxbiri kimi çalışdım. Amma xarakterim bir az fərqlidir. Jurnalistikanı uşaqlıqdan sevsəm də, bir müddət çalışdıqdan sonra anladım ki, dəyişiklik vaxtıdır və yenilik etməliyəm. Xarici ölkələrin birində magistr dərəcəsində təhsil almaq qərarına gəldim. Bir neçə universitetə müraciət etdim. Lakin son qərarım isə Polşa da təhsil almaq oldu.   

-Fərqli ölkə, mühit, təhsil sistemində oxuyursunuz. Bəs, Polşa, Estoniya təhsil sistemində nəyi bəyənib və ya xoşlamırsız?

-Polşanın təhsil sistemi haqqında danışa bilərəm. Estoniyanın çox nüfuzlu Tartu Universitetinə qəbul olsam da, təəssüf ki, təhsil ala bilmədim. Hazırda oxuduğum Polşa  universitetində   bəyəndiyim cəhətlər çoxdur. Məsələn: Polşada müəllim mühazirəsini oxuyub bitirməklə kifayətlənmir. Tələbələrə prezentasiyaları təqdim edərək, onlarla fikir mübadiləsi aparırlar. Yəni, tələbələrin fikri və nə düşündükləri müəllim üçün çox önəmlidir.

-Hazırda Polşada yaşayırsınız: ailədən, doğmalardan kənar qalmaq sizə çox  çətin gəlmir ki?

-2009-cu ildə Bakı Dövlət Universitetinə qəbul olanda uzun yolun başlanğıcını görürdüm. Çünki, rayonda yaşayan ailəmdən ayrılıb,  Bakıya gəlməli oldum. Əvvəl Polşaya gəldiyim zaman çox darıxırdım və daha sonra isə öyrəşdim. 9 ildir ki, ailəmdən uzaqdayam. Ona görə də buna artıq öyrəşmişəm.

-İndi azərbaycanlıların çoxusu Polşada təhsil almaq istəyir. Sizcə, onları Polşaya çəkən hansı cazibədir?

-Fikrimcə, tək Polşa yox, ümumiyyətlə Avropada yaşamaq, təhsil almaq gənclərimiz üçün cəzb edicidir. Bunun da bir çox səbəbi var: daha yaxşı təhsil, iş  və yeni dostlar qazanmaq… Öz təcrübəm əsasında deyə bilərəm ki, bir şəhərdə çox yaşamaq bəzən insanı yorur. Məhz ona görə də dəyişiklik etmək lazımdır.

TƏKLİF: “Dərslərdə müzakirələrə açıq sistem qurulmalıdır”

-Sizcə, Azərbaycan təhsilində nələrin dəyişməsinə ehtiyac var?

-Təhsilimin bakalavr dərəcəsini 6 il öncə bitirmişəm. Məhz ona görə də hazırda ölkəmizdəki təhsil sistemi barədə çox məlumatlı deyiləm. Amma təhsil aldığım dönəmlərdə müəllimlərin dayanmadan oxuduğu mühazirələri dinləyirdik. Əgər bu sistem qalıbsa, onu aradan qaldırmaq lazımdır. Tələbələrin sərbəst şəkildə bir mövzunu araşdırıb, onu təqdim etməsinə imkan vermək lazımdır. Dərslərdəki monotonluğun qarşısı alınmalı, daha çox müzakirələrə açıq sistem qurulmalıdır. 

-Bəzən insanlar xarici ölkədə olanda hər hansı bir nüansı öz vətəni ilə müqayisə edir. Maraqlıdır, Leyla xanım Polşa və Azərbaycan müəllimini müqayisə etmisinizmi? Sizcə, nə kimi fərqlər var?

-Hesab edirəm ki, ən böyük fərq Polşadakı müəllimlərin tələbəni dinləməyidir. Müəllimlər hər bir tələbənin fikrini dinləməyə və ona münasibət bildirməyə çalışır. Onlar dərsdə mövzu qoyaraq tələbələrə öz yanaşmalarını ifadə etməyə tam ixtiyar verirlər. Bu Polşadakı müəllimlərin əsas fərqidir.

“Azərbaycandakı universitetlərdən fərqləndirən əsas cəhət burada tələbəyə fikrini ifadə etmək azadlığının  verilməsidir”

-Azərbaycanda bakalavr pilləsində təhsil almısınız. Sizcə, Polşa və Azərbaycan ali təhsil müəssisələri arasında nə kimi fərqləri var?

-Azərbaycanda bakalavr təhsilimi Jurnalistika ixtisası üzrə oxumuşam. Lakin indi Beynəlxalq biznes ixtisası üzrə magistr dərəcəsində təhsili alıram. Demək olar ki, böyük dəyişiklik etmişəm. Yəni fərqli bir sahəni öyrənməyə çalışıram. Azərbaycandakı universitetlərdən fərqləndirən əsas cəhət burada tələbəyə fikrini ifadə etmək azadlığının  verilməsidir. Həmçinin, dərslərin daha maraqlı keçirilməsi, diskussiyaların aparılmasıdır. Eyni zamanda, burada başqa ölkələrdən olan tələbələrin fikirləri ilə tanış olmaq imkanı var. Məsələn: müxtəlif mövzulara aid münasibət bildirən tək azərbaycanlı tələbə olmur. Polyak tələbənin də fikrini dinləmək şansın olur, ukraynalının ,türkün, rusun da... Yəni müzakirələr daha geniş və maraqlı olur.

-"Facebook" və bu kimi sosial şəbəkələr  tələbə və müəllim kütləsinin sosiallaşması üçün ideal vasitədir, amma..."- zəhmət  olmasa,  cümləni tamamlayın.

-“Amma hər şeyin bir həddi var” kimi  fikir bildirməyəcəm… (gülür) Sosiallaşmaq lazımdır. Polşada yarı ispan, yarı portuqal bir müəllimim var. Dərslə bağlı məsələləri “Facebook”da onunla müzakirə edirəm.  Fikrimcə, bu çox normaldır.

 -Leyla xanım maraqlıdır, Polşada jurnalistlərin maddi durumu necədir? Onlara hansısa imtiyazlar varmı?

-Hazırda jurrnalistikadan uzaq olduğum  üçün bu barədə bir fikir bildirə bilməyəcəm. Tək bildiyim deputatların maaşıdır, o da 6000 zlotidir.

-Polşa mətbuatı ilə Azərbaycan mediasının oxşar və fərqli cəhətləri barədə nə deyə bilərsiniz?

 -Təəssüf ki, bilmirəm. Çünki, bu barədə maraqlanmamışam.

-Bəs, jurnalistika ilə bağlı reallaşdırmaq istədiyiniz layihə varmı?

-Hazırda jurnalistika ilə bağlı heç nə düşünmürəm. Ola bilər ki, ikinci dəfə təhsilin magistr dərəcəsində oxuyum. Daha başqa sahədə özümü sınayım. Amma jurnalistika ilə bağlı heç bir fikrim yoxdur.

“Polyaklar Azərbaycandan gəldiyimi biləndə təəccüblənirlər”

-Hər bir azərbaycanlı üçün maraqlı suallardan biri də odur ki, xaricdə vətənimiz necə tanınır. Maraqlıdır bəs, Polşada Azərbaycanı necə tanıyırlar?

 -Polşada,  təhsil aldığım şəhərdə artıq Azərbaycan haqqında müəyyən təəssürat var. Çünki, oxuduğum universitetdə azərbaycanlı tələbələr çoxdur. Azərbaycanı əsasən neft ölkəsi kimi tanıyırlar.  Amma ölkəmiz barədə təsəvvürlərinin çox olduğunu düşünmürəm. Hətta bəzən təzə tanış olduğum polyaklar Azərbaycandan gəldiyimi biləndə təəccüblənirlər

- Bəzən düşünürlər ki, Beynəlxalq biznes ixtisası üzrə yalnız xaricdə oxumaqla mütəxəssis olmaq olar. Sizcə də belədir?

-Bu sahədə hələ  mütəxəssis olmaq fikrim yoxdur. Sadəcə, öyrənirəm…  Bir sahədə mütəxəssis olmaq üçün birinci növbədə onu sevmək lazımdır. Sonra isə müqayisə aparıb hansı ölkədə müvafiq sahədəki təhsilin daha üstün olduğunu düşünmək vacibdir. İstənilən sahədə xarici ölkədə alınan təhsil öz sözünü deyir. Çünki xaricdə təhsil almaqla daha təcrübə qazanırsan, müqayisəli şəkildə analiz etmək qabiliyyətinə sahiblənirsən.

-Leyla xanım, maraqlıdır, gənc jurnalistlərdən daha çox kimlərin fəaliyyətini dəyərləndirərsiniz?

-Jurnalist dostlarım çoxdur. Gənc həmkarların hamısının yaradıcılığını bəyənirəm. Əsas odur ki, hər gün yeni mövzu tapıb işləyirlər.

-Sizcə, Polşa və Estoniyada təhsil gənclərimizə nə qazandırır?

-Xaricdə təhsil gənclərə dünyagörüşü, fərqli mədəniyyətə sahib olan  insanlarla tanış olmaq və  səyahət etmək imkanı qazandırır. Həmçinin, ailədən uzaqda yaşayaraq məsuliyyətlərini dərk etmək  kimi şanslar qazandırır

-Təhsil aldığınız müddətdə əcnəbi tələbə kimi hansısa problemlə qarşılaşmısınızmı? Ümumiyyətlə,  şəhərdə əcnəbilərə qarşı necə yanaşma var?

-Ciddi problemlə qarşılaşdığımı düşünmürəm. Ola bilər ki , hava şəraitinə adaptasiya ola bilməməyim problemdir. Çünki, Azərbaycanla müqayisədə Polşada hava çox soyuqdur.  

-Son olaraq AzEdu.az-a sözünüz?

-Xaricdə yaşayan azərbaycanlı tələbələri unutmadığı üçün AzEdu.az-a təşəkkür edirəm. Təhsilə və gənclərə  bu qədər dəyər verib müsahibələr hazırladığınız üçün minnətdaram. Uğurlar arzulayıram...

Günel Yaşarqızı
Müəllifin digər yazıları