Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-08 14:00:33
Rektor rəhbərlik etdiyi universitetin tarixi uğurundan yazdı - MƏQALƏ

 ADNSU Azərbaycanda ilk dəfə olaraq müstəqil surətdə ixtisaslarını beynəlxalq akkreditasiyadan keçirib. Ali məktəbin rektoru, professor Mustafa Babanlı ADNSU-nun bu uğuru barəsində "Respublika" qəzetində  geniş məqalə yazıb. 

 

AzEDU.az həmin məqaləni təqdim edir:

Ali məktəb seçimi bütün vaxtlarda hər bir insanın həyatında əsas seçimlərdən biri olub, çünki ixtisasa və diploma yiyələnmək gələcək uğurlu karyeraya doğru ilk addımdır. Müasir dövrdə keyfiyyətli təhsil almaq xüsusilə böyük əhəmiyyət kəsb edir, çünki dünya inkişaf edir və bu inkişafa xidmət edən elm və təhsil də davamlı şəkildə irəliyə gedir. Hazırda ölkədə onlarca ali məktəb vardır. Bundan əlavə, Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyası ölkəmizin Avropa və dünya təhsil məkanına da inteqrasiyasını şərtləndirdiyindən azərbaycanlı gənclər harada ali təhsilə yiyələnmək sualı qarşısında yalnız yerli deyil, xarici ölkələrdəki ali məktəbləri də seçmək imkanına malikdirlər. Belə bir seçim bolluğu şəraitində keyfiyyətinə etibar olunası ali məktəbi seçməkdə yanılmamaq çox çətindir. Lakin çıxış yolu var və gənclərə bu sahədə akkreditasiya (latıncadan tərcümədə Accredo - “etibar etmək”) kömək göstərə bilər.


Azərbaycanda ali təhsil islahatları: qısa ekskurs 
Vaxtilə güclü təhsil sistemi kimi səciyyələndirilən SSRİ təhsil sistemi mənsub olduğu ölkənin süqutundan sonra müasir dünyanın tələbləri prizmasından özünün yetərsizliyini nümayiş etdirdi. Təbiət, mühəndislik və riyaziyyat istisna olmaqla digər elm sahələri ideologiyanın təsirinə məruz qaldığına və 19-cu əsrin köhnəlmiş marksist nəzəriyyələrinə əsasən və “burjua elmi” kimi tədris olunduğuna görə elə əvvəldən zəif idi. Vaxtaşırı olaraq böhran və reqress dövrləri inkişaf və tərəqqi dövrü ilə əvəzlənən ənənəvi iqtisadiyyatlara malik Qərb ölkələrində elm və təhsil bu iqtisadiyyatların tələblərinə cavab vermək üçün uzun təkmilləşmə yolu keçmiş və qarşıya çıxan çağırışlara hər an hazır olmaq üçün mütəmadi olaraq yeni ideyalarla zənginləşərək inkişaf etmişdi. 1991-ci ildə müstəqillik qazanan Azərbaycan Respublikası SSRİ-dən həmin təhsil sistemini miras olaraq alır. Müstəqilliyin ilk illərində daxili siyasi çəkişmələr, Ermənistanın ölkəmizə təcavüzü və iqtisadi vəziyyətin ağırlaşması onsuz da böhran içində olan təhsilin daha da çökməsinə səbəb olur. 
1993-cü ildə xalqın təkidli xahişi ilə yenidən ölkəyə rəhbərlik edən ümummilli lider Heydər Əliyev təhsilin inkişafını, müasir təfəkkürlü, düşüncəli, hərtərəfli biliyə malik savadlı, bilikli gənclərin yetişdirilməsini vacib sayaraq təhsildə köklü islahatların aparılmasını prioritet vəzifə kimi qarşıya qoydu. Ulu öndər ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. 1993-cü ildə respublikada ikipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə başlanılması ilə sovet təhsil sistemindən modern və dünya standartlarına uyğun təhsil sisteminə keçid prosesi başlandı. Sonradan bakalavr təhsilinin məzmununda köklü dəyişikliklər və yenilənmələr baş verib. Qaydalar daha da təkmilləşdirilib, dünya təhsil sisteminin tələblərinə uyğun standartlar tətbiq edilib və təhsildə kredit sisteminin tətbiqi prosesi başlayıb. 1997-ci ildə ali təhsilin bakalavriat pilləsində ilk buraxılış olduqdan sonra ali məktəblərdə ali təhsilin ikinci - magistratura pilləsinə keçilməsinin tətbiqi başlayıb. 1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatlar sistemli xarakter alıb. Ali təhsil sahəsindəki islahatlarda Azərbaycanın Boloniya prosesinə qoşulmasının xüsusi rolu var. Bu istiqamətdə aparılan işləri 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş ulu öndərin ən layiqli syasi varisi cənab İlham Əliyev uğurla davam etdirmiş və həmin istiqamətdə fəaliyyətin nəticəsi olaraq 1999-cu ildə başlamış və Avropada vahid ali təhsil məkanının yaranmasını nəzərdə tutan Boloniya prosesinə 2005-ci ildə Azərbaycan da qoşuldu. Bundan sonra ölkədə vahid Avropa standartlarına cavab verən ali təhsil sisteminin formalaşdırılması prosesi sürətləndirilib. Boloniya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006-2010-cu illəri əhatə edən Tədbirlər Planı təsdiq edilmişdir. Ali təhsil islahatlarında ən mühüm mərhələ isə 2009-cu il mayın 22-də Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş Dövlət Proqramının qəbul edilməsidir. “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabətqabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır. Azərbaycanda təhsil islahatlarının genişləndirilməsi və dünya standartlarına uyğunlaşdırılması siyasətini həyata keçirmək üçün yeni qanunvercilik bazasının formalaşdırılması da zəruri olmuşdur. Bu məqsədlə 2009-cu ilin iyun ayında “Təhsil Haqqında” yeni qanun geniş ictimai müzakirələrdən sonra parlamentdə qəbul edildi və onun tətbiqinə başlanıldı.
Ölkə daxilində ali təhsil standartlarının təkmilləşdirilməsi ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə gənclərin xaricdə təhsilinə də ciddi diqqət ayrılır. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq Azərbaycan dövləti gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində təhsilini maliyyələşdirməyə başlayıb və bu məqsədlə ayrıca Dövlət Proqramı - “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul olunub. 
Ölkədə təhsil sahəsində görülən işlər haqqında danışdıqda xüsusi vurğulanmalı məqamlardan biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə hələ 2004-cü ildə gerçəkləşdirilməsinə başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsidir. Genişmiqyaslı hərəkatın başlanmasına təkan verən bu layihə sayəsində dövlət də bu işə xüsusi diqqət ayırdı və ötən müddət ərzində 3000-dən çox məktəbdə əsaslı təmir işlər aparıldı, bir çox məktəblər yenidən tikildi. Orta məktəb təhsilinin keyfiyyətinin yüksəlməsinə xidmət edən bu layihə son nəticədə ali məktəbə qəbul olan gənclərin biliklərinin keyfiyyətinin yüksəlməsini şərtləndirdi. 
Hazırda Azərbaycan Respublikasında ali təhsil sahəsində islahatlar davam etdirilməkdədir və dövlət başçısı bu məsələyə xüsusi qayğı ilə yanaşır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev gənc nəslin keyfiyyətli təhsil almasını günün başlıca tələbi kimi səciyyələndirir: “Hər bir ölkənin inkişafını ölkənin intellektual potensialı müəyyən edir. İnkişaf etmiş ölkələrin təcrübəsinə, onların uğurlarına baxmaq kifayətdir ki, biz bunu deyə bilək. O ölkələrdə ki, innovasiyalar, texnologiyalar inkişaf edir, o ölkələr dünya miqyasında da aparıcı mövqelərə malikdir. Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək. Biz görürük ki, iqtisadi sahədə, sənaye sahəsində, hərbi sahədə texnologiyalar nə qədər inkişaf edir. O texnologiyaların sahibləri bu gün dünyada da söz sahibləridir. Biz Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun”.

ADNSU-nun nailiyyətləri
Bəşəriyyətin öz inkişafında növbəti, daha yüksək mərhələyə qədəm qoyduğu bir ərəfədə innovasiyalara söykənən sənaye və iqtisadiyyatın özəyini təşkil edəcək insan kapitalının formalaşdırılması mühüm vəzifə olaraq qarşıda durur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il sentyabrın 3-də imzaladığı Sərəncamla ali məktəbin adının dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılması universitetdə sadəcə ad dəyşikliyi kimi qiymətləndirilmədi. Həmin sərəncam ali məktəbin hansı istiqamətdə inkişaf etməli olduğunu göstərdi.
Müasir dövrdə həyat tempinin yüksəlməsi, texniki-texnoloji və innovasiyalar sahəsində dəyişikliklərin gündəlik olaraq baş verdiyi nəzərə alınaraq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlandı. ADNSU-da tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbələrin biliklərinin qiymətləndirilməsinin obyektivliyinin təmin olunması sahəsində ciddi addımlar atıldı. Universitetin elm sahəsində fəaliyyətində ciddi dönüşə səbəb olan həvəsləndirici tədbirlərin sayəsində 2016-cı ildə ali məktəbin professor-müəllim heyətinin “Web of science” informasiya bazasına daxil olan məqalələrinin sayı əvvəlki illə müqayisədə 2,5 dəfədən çox artaraq 144-dən 378-ə, “Thomson Reuters” seriyalı jurnallarda dərc olunmuş məqalələrin sayı 6 dəfəyədək artaraq 51-ə çatdı. Yaxın günlərdə 2017-ci ilin nəticələri açıqlanacaq və ilkin hesablamalar yeni rekordun əldə olunacağından xəbər verir. 
2015-ci ilin dekabrında ADNSU-nun nəzdində yaradılmış “eazi START” Startap və İnnovasiya Mərkəzinin yetirmələri olan tələbələrin 40-dək layihəsinın hazırlanması üzərində iş aparılır. Bir neçə layihənin - “GRP”, “ComeTouch”, Multivizor və s. layihələr əsasında hazırlanmış prototiplər artıq ilk müştərilərini tapıblar. “eazi START” Startap və İnnovasiya Mərkəzi ölkədə fəaliyyət göstərən uğurlu startap məktəblərindən biri kimi artıq ölkə miqyasında geniş tanınır və martın 30-da İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə əməkdaşlıq memorandumu imzalayan 18 startap məktəbindən biridir. ADNSU-nun gənc startapçılarının bir neçə ideyası Dövlət Məşğulluq Xidmətinin diqqətini cəlb edib və hazırda onların bir neçəsinə maliyyə dəstəyi verilməsi istiqamətində iş aparılır. 
ADNSU-da tədrisin ketfiyyətinin yüksəlməsində xarici ölkələrdən dəvət olunmuş professorların da payı vardır. Təkcə 2017/2018-ci tədris ilinin əvvəlindən ADNSU-da xarici ölkələrdən 40-dək dəvətli mütəxəssis tədris prosesində iştirak edib. ADNSU-nun daha bir nailiyyəti ingilis dilində tədrisə başlanmasıdır. 2 il bundan əvvəl Azİİ-də bəzi proqramları (MBA, ZU) çıxmaq şərtilə ingilis dilində təhsil olmadığı halda ötən tədris ilində 14 ixtisas, 2017/2018-ci tədris ilindən isə 22 ixtisas üzrə ingilis dilində tədris təşkil olunub. Hazırda yalnız I kursda 600 nəfərə yaxın tələbə (UFAZ-la birlikdə) ingilis bölməsində təhsil alır. 
İngilis dilində tədrisin genişlənməsi əcnəbilərin universitetə marağının artmasına səbəb olub. Hazırda universitetdə 450-dək əcnəbi tələbə təhsil alır və onların sayı durmadan artmaqdadır. Əcnəbi tələbələrin ADNSU-da təhsil alması sahəsində ən mühüm nailiyyətlərdən biri də son iki il ərzində aparılan işlərin nəticəsində universitetdə təhsil almaq istəyən əcnəbilərin təmsil etdikləri ölkələrin coğrafiyasının genişlənməsidir. 2017/2018-ci tədris ilindən başlayan tendensiya ADNSU-da ənənəvi olaraq təhsil alan Türkmənistan, İraq və Vyetnam kimi ölkələrdən olan əcnəbi tələbələrin sırasına Çin, Banqladeş, Misir və digər ölkələrdən olan gənclərin də qoşulması ilə səciyyələnir. Bu ölkələrlə əldə olunmuş razılaşmalalara əsasən növbəti tədris ilindən yüzlərlə əcnəbi tələbənin ADNSU-ya təhsil almağa gələcəyi gözlənilir. Mühüm nailiyyətlərdən biri də, heç şübhəsiz, həmin ölkələrdə ADNSU-nun filialının açılması ilə bağlı danışıqların aparılmasıdır ki, bu da universitetdə tədrisin yüksək keyfiyyəti ilə şərtlənir. 
2017/2018-ci tədris ilində ADNSU-da təhsilin magistratura səviyyəsinə ali məktəbin tarixində ilk dəfə olaraq rekord sayda - 511 nəfər tələbə qəbul olunub. Tələbələrin orta bal göstəricisi ötən ilki 89,4-dən 100,6-a yüksəlib. Respublika üzrə ən yüksək rəqəmlərdən biri olan bu göstərici universitetin üzərinə gənclərin etimadını doğrultmaq kimi böyük məsuliyyət qoyur. ADNSU-da magistrantların çalışa bilməsi üçün dərslər axşam saat 17:50-də başlayır. Bunun nəticəsində I kurs magistrantların 72 faizi, II kursların isə 92 faizi təhsil almaqla paralel işləyir. Magistrantların çalışması ilə bağlı vacib məqam onların 80 faizinin ixtisasları üzrə işləməsidir. 
Universitetin son 2 ildə əldə etdiyi mühüm nailiyyətlərdən biri də tələbələrin istehsalat təcrübəsinin formal xarakterinin aradan qaldırılmasıdır. 2017/2018-ci tədris ilində 1800-dək tələbəmiz 100-dən artıq müəssisədə istehsalat təcrübəsi keçir və nəzəri biliklərinin praktiki vərdişlərlə zənginləşdirirlər. Universitetdə gerçəkləşdirilən gündəlik təcrübə proqramı cari tədris ilindən etibarən daha geniş vüsət alıb və növbəti tədris ilindən etibarən bu prosesin ADNSU-da təhsil alan bütün müvafiq kurs tələbələrini əhatə etməsi planlaşdırılır. 
ADNSU məzunlarının işlə təmin olunmasına xüsusi diqqət göstərir və bu istiqamətdə mütəmadi olaraq ayrı-ayrı şirkət və müəssisələrlə danışıqlar aparılır və görüşlər keçirilir. Bundan əlavə, 2016/2017-ci tədris ilindən etibarən ADNSU-da ilk növbədə məzun və magistrantların işlə təmin olunmasına dəstək vermək məqsədilə Məzun-Karyera Mərkəzi yaradılıb. 2017-ci ilin dekabrında keçirilən Məzun-Karyera sərgisində 98 şirkət tərəfindən tələbə və məzunlarımıza 625 vakant yer təklif olunub. ADNSU-nun onlarca məzunu işlə təmin olunub və ya müəssisələrdə təcrübə keçmək imkanı qazanıblar.
ADNSU-nun qazandığı uğurlardan biri də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə universitetin nəzdində Azərbaycan-Fransız Universitetinin - UFAZ-ın yaradılmasıdır. Hazırda 280 gəncin təhsil aldığı UFAZ-ın yeni laboratoriyalarının istismara verilməsi üzərində iş aparılır. ADNSU-nun II tədris binasında aparılan işlər tamamlandıqdan sonra burada texniki-texnoloji ixtisaslar üzrə təhsil alan tələbələr ölkədə analoqu olmayan səviyyədə laborator şəraitlə təmin olunacaq. UFAZ-ın ADNSU-nun nəzdində fəaliyyət göstərməsi universitetdə tədrisin keyfiyyətinin fransız tədris standartlarına yüksəltməyə imkan verəcək.
ADNSU-da təhsilin keyfiyyətinin yüksəlməsi gənclərin ali təhsil almaq üçün universitetmizi daha çox seçmələrini şərtləndirib. 2017/2018-ci tədris ilində ADNSU-ya rekord sayda - 2618 tələbə qəbul olub və ən əsası tələbələrin sayının artması ilə yanaşı, keyfiyyət artımı da baş verib - universitetə qəbul olunan tələbələrin orta balı 439-a yüksəlib.

ADNSU-nun BA proqramları beynəlxalq akkreditasiyadan keçib
ADNSU-ya marağı şərtləndirən mühüm səbəblərdən biri gənclərin öz gələcəklərinin təməl daşı rolunu oynayacaq ali təhsil ocağı kimi universitetə etibar etmələridir. ADNSU-da gerçəkləşdirilən islahatlar ölkənin ictimai rəyində ali məktəb haqqında müsbət imic formalaşdırıb və hər bir uğuru bu imici daha da gücləndirir. Xalqın gözü tərəzidir deyiblər və gənclərimiz sapı samandan seçməyi bacarırlar. Ən əhəmiyyətlisi budur ki, ADNSU-nun etibar olunası ali məktəb olmasını beynəlxalq qurumlar və ekspertlər də təsdiqləyir. 
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə aparılan fəaliyyət sayəsində Almaniyanın Təhsil Proqramları üzrə Akkreditasiya Agentliyi (ASIIN) və Mühəndislik üzrə Akkreditasiya üçün Avropa Şəbəkəsi (ENAEE) 2015-ci ildən etibarən ADNSU-da tədris olunan üç ixtisasın akkreditasiya olunması işinə start veriblər. İki il ərzində aparılan işin nəticəsində 16 yanvar 2017-ci il tarixində bakalavriat səviyyəsində “Elektroenergetika mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, magistratura səviyyəsində isə “Enerji menecmenti” (neft sənayesində) ixtisasları Avropa Standartlarının tələblərinə uyğun sayılaraq 30 sentyabr 2020-ci il tarixədək akkreditə olunublar. Bu ixtisasların akkreditə olunması universitet ilə yanaşı, tələbələrin həyatında da önəmli rol oynayacaq. Belə ki, bu ixtisaslar Avropa standartlarına cavab verdikləri üçün tələbələr bakalavr təhsillərini bitirdikdən sonra asanlıqla Avropada magistr təhsilini davam etdirə biləcəklər. Onlar eyni zamanda da Avropa təhsil sisteminə daha rahat adaptasiya ola biləcəklər ki, bu da qarşılarında böyük fürsətlərə yol açacaq. Təhsillə yanaşı gələcəkdə öz ixtisasları üzrə beynəlxalq şirkətlərdə işləmək istəyən tələbələr üçün də bu böyük fürsət olacaq. Çünki onların ixtisasları xaricdə daha rahat və problemsiz tanınacaq. 
Təhsil Nazirliyinin vasitəsi ilə analoji ixtisaslar başqa ali məktəbərdə də akkreditasiya olunub. Akkreditasiya prosesi kifayət qədər vəsait, həm də müxtəlif meyarlar baxımından uyğunluq tələb edən mürəkkəb və vaxt aparan bir prosesdir. ADNSU Azərbaycanda universitetlər arasında birinci olaraq müstəqil surətdə belə bir məsuliyyətli işin həyata keçirilməsi üçün Almaniyanın və Avropanın məşhur akkreditasiya təşkilatlarından biri olan və mərkəz ofisi Bonn şəhərində yerləşən Foundation for International Business Administration Accreditation (FİBAA) təşkilatına müraciət edib. FİBAA ali təhsilin akkreditasiyası və ekspertizası üzrə beynəlxalq agentlikdir. 1994-cü ildə Almaniya, İsveçrə və Avstriyanın aparıcı ticarət və sənaye şirkətlərinin təsis etdiyi FİBAA Avropa və dünyanın bir sıra ölkələrində 1900 təhsil proqramını akkreditasiyadan keçirib. FİBAA Ali təhsildə keyfiyyətin təminatı üzrə Avropa Assosiasiyasnın - ENQA, Akkreditasiya üzrə Avropa Konsorsiumunun - ECA, Mərkəzi və Şərqi Avropa ölkələrinin ali təhsilində keyfiyyətin təminatı üzrə Agentliklər Şəbəkəsinin - CEENQA, Ali təhsildə keyfiyyətin təminatı üzrə Beynəlxalq agentliklər şəbəkəsinin - İNQAAHE, Avropa universitetləri Assosiasiyasnın - EUA və digər qurumların üzvü, bəzisinin həmtəsisçisidir. 
Təhsil proqramlarının akkreditasiyası üzrə prosedurlar zamanı FİBAA akademik dairələrdə yüksək dəyərləndirilən ekspert qiymətləndirməsi (“peer review”) metodundan istifadə edir. Keyfiyyətin qiymətləndirilməsi kompetensiyalı və müstəqil beynəlxalq ekspertlər tərəfindən aparılır. 
FİBAA nümayəndələri BA proqramlarının ilkin akkreditasiyası üçün 2017-ci il 24-26 oktyabr tarixlərində ADNSU-da olub. 7 nəfərlik nümayəndə heyəti bu müddət ərzində onlara təqdim olunmuş tədris və tədris materialları, imtahan çıxışları, imtahanlar və yekun tezislər, qiymətləndirmə nəticələri, hər bir təhsil proqramı üçün nümunə tədqiqatları, təhsil proqramlarının məlumat broşürləri, illik fəaliyyət hesabatları, tələbələr və digər sənədlərlə tanış olub, yoxlamalar aparıb və həmçinin Corciya və Zigen universitetləri ilə əməkdaşlıq edən BA proqram rəhbərləri ilə bir sıra görüşlər və müzakirələr keçiriblər. 
ADNSU-da bu səfərdən əvvəl universitet haqqında cildlərlə məlumat topladıqdan sonra Azərbaycana gəlmiş ekspertlər nəhayət ki, bir ildən artıq davam edən prosesin sonunda ADNSU-nun BA proqramlarının aşağıda göstərilən beş ixtisası FİBAA tərəfindən beynəlxalq akkreditasiya keçib. 
- İqtisadiyyat (Business Informatics (B.Sc))
- Kompüter Mühəndisliyi (Computer Engineering (B.Sc.)) 
- Sənayenin təşkili və idarə olunması (Industrial Engineering (B.Sc.))
- İdarəetmədə İnformasiya Sistemləri (Computer Information Systems (MBA))
- Biznesin təşkili və idarə edilməsi (Operations Management (MBA))
Qeyd edək ki, Business Administration (BA) proqramları ADNSU-da 1999-cu ildən fəaliyyət göstərir. 2001-ci ildən isə bakalavr üzrə ilk qəbul aparılıb. Hazırda BA proqramları üzrə ADNSU-da təxminən 750 nəfər tələbə təhsil alır. Onlardan təxminən 300-ə qədəri (270 nəfər) magistr, 480 nəfəri isə bakalavr pilləsi üzrə təhsil alır. 2017/2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə əsasən BA proqramları üzrə təhsil alan tələbələrin müvəffəqiyyət göstəricisi 92,86%, keyfiyyət göstəriciləri isə 53,97% təşkil edib. 
Əlbəttə, FİBAA kimi təhsilin keyfiyyətinə tələbkar bir akkrediyasiya agentliyindən keyfiyyət möhürünün alınması ADNSU üçün böyük şərəf və eyni zamanda böyük məsuliyyətdir. Akkrediyasiyaya hazırlıq müddəti uzun bir proses olsa da, hər bir təhsil ocağının illərlə əməyinin bəhrəsidir, təhsilin keyfiyyət standartıdır. Bu keyfiyyət standartının əldə olunması üçün proqramın professor-müəllim, işçi heyəti və tələbələri əllərindən gələni əsirgəməmişlər. 
ADNSU-nun BA Proqramları tamamilə ingilis dilində tədris olunur və beynəlxalq tədris standartlarına uyğun təşkil edilib. FİBAA müəllimlərlə, tələbələrlə, işçilərlə görüşlər keçirərək müəllimlərin, işçilərin kvalifikasiyalarının beynəlxalq standartlara uyğunluğunu, tələbələrin ingilis dilində fikirlərini sərbəst ifadə etmələrini, məntiqi danışıqlarını, bilik və bacarıqlarını, dünyagörüşünü müsahibə nəticəsində yoxlamış və nəticələrin beynəlxalq standarlara uyğunluğunu müəyyənləşdirmişdir. Eləcə də tələbələrin ümumi müvəffəqiyyət faizi məqbul sayılmışdır. 
Proqramların kurikulumları ixtisasların məqsədlərini kifayət qədər əks etdirir, fənlərin məzmunu düzgün balanslaşdırılmışdır, məntiqli və bir-biri ilə əlaqəlidir və nəzərdə tutulan öyrənmə nəticələrinə yönəldilmişdir. Seçmə fənlər tələbələrin fərdi maraqlarına uyğun əlavə bilik və bacarıqlar əldə etmələrinə imkan yaradır. Proqramların beynəlmiləl yönümlü struktura malik olması kurikulumlara daxil edilmiş hər bir fənnin modulunda aydın nəzərə çarpır. 
MBA proqramları tələbələri beynəlxalq səviyyədə liderliyə hazırlamaq üçün inteqrasiya olunmuş bir təcrübə təqdim edir. Buna görə də proqramların dizaynı məzunların işə götürülməsini təmin etmək üçün tələb olunan beynəlxalq aspektləri nəzərə alır. Beynəlxalq məzmunlar kurikulumun bir hissəsidir. Beləliklə, tələbələr beynəlxalq iş mühitində mümkün problemlər üçün hazırlanırlar. Praktiki nümunələr vasitəsilə tələbələrə mədəniyyətlərarası bir mühitdə qərar vermək imkanı yaradılır. 
FİBAA-nın akkreditasiya sənədlərində qeyd olunub ki, tələbələr son kurslarda dissertasiya yazır və təhsil aldıqları müddətdə hər bir fənn üzrə əldə etdiklər bilikləri elmi nöqteyi-nəzərdən dissertasiyalarına müvəffəqiyətlə tətbiq edir və elmi fəaliyyət qabiliyyətlərini isbat edirlər. Modullar/sillabuslar hər bir fənnin təsvirini, nəzərdə tutulan öyrənmə nəticələrini, prirekvizitləri, tədris metodlarını, əsas və əlavə oxu materiallarını, yeni tədris texnologiyalarını, simulyasiyaları və tədrisin strukturuna və məzmununa dair məlumatların ətraflı təsvirini verməlidir. Universitet professor-müəllim və işçi heyəti, eyni zamanda tələbələrlə münasibətdə gender bərabərliyini və ayrı-seçkilik olmamasını təmin edir. Xüsusi vəziyyətlərdə olan tələbələrə, xüsusilə xarici tələbələrə zəruri kömək göstərilir. Əlilliyi olan tələbələr müvafiq tədbirlərlə dəstəklənir və bu dəstək xüsusi təlimata uyğun olaraq təmin edilir. 
Universitet tələbələrə imtahan prosesi haqqında məlumat verən qaydalarını təqdim edir. Eyni zamanda tələbələrə digər yerli və ya xarici universitetlərə transfer qaydaları da müəyyənləşdirilmişdir ki, bu da təhsil proqramı üzrə müəyyən bir müddətdə tələbələrin başqa universitetlərdə təhsil ala bilməsi üçün nəzərdə tutulmuşdur. Universitetin beynəlmiləlləşmə strategiyasının bir hissəsi olaraq tələbələr beynəlxalq mübadilə proqramlarında aktiv iştirak edirlər. Onların təhsil dövrü xaricdə tanınır. Belə ki, imtahan təlimatlarında və diplom əlavələrində (nisbi qiymətləndirmə) Lissabon Konvensiyasına uyğun olaraq diplomların tanınması prinsiplərinə istinad edilmişdir. Azərbaycan Boloniya prosesinə 2005-ci ildə Boloniya Bəyannaməsinin və 2006-cı ildə Lissabon Tanınma Konvensiyasının qəbul edilmələri ilə daxil olmuşdur. Belə ki, tədbirlərin məqsədi Azərbaycan təhsil sisteminin Avropa ölkələrinin təhsil sistemlərinə uyğunlaşdırılmasıdır. Bu, ADNSU tələbələrinə diplomlarının Avropa ölkələrinin müxtəlif universitetlərində tanınması şansı verilir. 
FİBAA ekspetrləri qənaətə gəliblər ki, tədris heyətinin strukturu, sayı və potensialı proqramların icrası üçün beynəlxalq tələblərə tam uyğundur. Müəllimlərin CV-ləri analiz edilərək belə qənaətə gəlinmişdir ki, professor-müəllim heyətinin akademik qabiliyyəti və praktiki təcrübəsi proqramların tələblərinə uyğun gəlir. İşçi heyətinin pedaqoji/didaktik kvalifikasiyaları onların vəzifələri ilə uyğundur. Bununla yanaşı, müəllimlərin əksəriyyəti tədrisdə uzunmüddətli təcrübəyə malikdir. Müəllimlər beynəlxalq elmi konfranslarda mütəmadi olaraq iştirak edir və elmi fəaliyyətlərini davam etdirirlər. Onların praktiki iş təcrübəsi də tələb olunan meyarlara cavab verir, belə ki, tədris müddətində nəzəriyyə və praktika inteqrasiya edilir. Müəllimlər bir-biri ilə sıx əməkdaşlıq edirlər ki, ayrı-ayrı fənlərin məqsədi ümumi proqramın məqsədi ilə tam uyğunlaşsın. 
ADNSU digər ali təhsil müəssisələri ilə müxtəlif əməkdaşlıq müqavilələrinə malikdir. BBA və MBA proqramları ABŞ-ın Corcia Dövlət Universiteti / Robinson Biznes Məktəbi proqramlarına uyğun olaraq qurulmuşdur. Müəllim və tələbə mübadilə proqramları hələ də davam edir. Proqramın infrastukturu tədrisin beynəlxalq standartlara uyğun aparılmasına imkanlar yaradır. Tədris otaqlarının miqdarı, keyfiyyəti, media və İT obyektləri tələb olunan beynəlxalq standartlara cavab verir. İnternetə çıxış pulsuzdur.
Kitabxananın açılış saatları həm tələbə, həm də müəllimlər üçün məqbuldur. Rəqəmsal kitabxanaya giriş (məsələn, elektron kitabxana, verilənlər bazası) təmin edilir. BA Proqramlarının kitabxanasında tədqiqatlar üçün tələb olunan ədəbiyyatlar mövcuddur. Proqram yerli kitabxanada kitab çeşidini daim yeniləyir. Proqram tələbə və məzunları iş ilə təmin etmək üçün karyera məsləhət və yerləşdirmə xidmətləri təklif edir. Məzunlar şəbəkəsini inkişaf etdirmək məqsədi ilə məzun şəbəkəsi qurulmuşdur. Bundan əlavə, proqram məzunların fəaliyyətləri barədə məlumatlar almaq üçün görüşlər və ekspert kursları təşkil etmək planlaşdırır. Bu, proqramın xidmətlərinin ayrılmaz bir hissəsidir və müntəzəm olaraq təklif olunur.
Proqramları tam qiymətləndirdikdən sonra FİBAA belə qənaətə gəlmişdir ki, ADNSU-nun BA Proqramlarının inkişafı üçün müəyyənləşdirilmiş keyfiyyət hədəfləri vardır və onların icrasını müntəzəm olaraq qiymətləndirir. Onun keyfiyyətə təminat sistemi davamlı keyfiyyətin təmin edilməsi və təşkilatın təkmilləşdirilməsi üçün hərtərəfli şəkildə tətbiq edilirr. Eyni zamanda sistematik şəkildə proqramların keyfiyyətinə davamlı nəzarət və monitorinq üçün istifadə edilən inkişaf prosedurları da mövcuddur. 
Məzunlar, işəgötürənlər və digər tərəflər tərəfindən xarici qiymətləndirmə də aparılır. Bütün bu tədbirlər keyfiyyətin təminatına dərin zəmin yaradır.
Beləliklə, ADNSU Azərbaycan Respublikasında bir ilkə imza atıb. Universitet akkreditasiyadan keçmək üçün Avropanın ən nüfuzlu akkreditasiya üzrə agentliyinə müraciət edib və yüksək qiymət alaraq beş ixtisasının akkreditasiyadan keçməsinə nail olub. Əgər 600-dək beynəlxalq səviyyəli kompetensiyalı eksperti olan FİBAA bir illik hərtərəfli və dərin yoxlamadan sonra ADNSU-nu akkreditasiyadan keçirirsə, demək, bu ali məktəbə, burada tədris olunan proqramlara etibar etmək olar. 
Bu beş ixtisasla birlikdə ADNSU-da akkreditasiyadan keçmiş ixtisasların sayı 8-ə çatıb. Bu ixtisasların akkreditə olunması universitet ilə yanaşı, tələbələrin həyatında da önəmli rol oynayacaq. Belə ki, ixtisaslar Avropa standartlarına cavab verdikləri üçün tələbələr bakalavr təhsillərini bitirdikdən sonra asanlıqla Avropada magistr təhsilini davam etdirə biləcəklər. Eyni zamanda da tələbələr Avropa təhsil sisteminə daha rahat adaptasiya ola biləcəklər ki, bu da onların qarşısında böyük fürsətlərə yol açacaq. Təhsillə yanaşı, gələcəkdə öz ixtisasları üzrə beynəlxalq şirkətlərdə işləmək istəyən tələbələr üçün də bu böyük fürsət olacaq. Çünki onların ixtisasları xaricdə daha rahat və problemsiz tanınacaq. 
Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ingilis dilində tədris olunan on ixtisasın akkreditasiyası ilə bağlı hazırlıq işləri aparılır. Bu çərçivədə də bir sıra uğurlu adımlar atılıb və artıq müsbət nəticələr əldə olunub. 
Eyni zamanda ADNSU “İgor Sikorski adına Kiyev Politexnik İnsitutu”nun rektoru akademik M.Zqurovskinin təklifini qəbul edərək, “Şərq Tərəfdaşlığı ölkələrində mühəndislik təhsilinin keyfiyyətinə zəmanət” ERASMUS+ proqramının layihəsinə qoşulmaq haqqında razılığını bildirib. Avropa Birliyinin Təhsil və Mədəniyyət üzrə Komissiyasının müsbət qərarı alınan halda, Ukrayna, Gürcüstan və Azərbaycan ali texniki məktəbləri üçün müstəqil akkreditasiya agentliyinin yaradılması reallaşa bilər. Bu isə həm ADNSU, həm də digər universitetlər üçün daha çox ixtisasları akkreditə edə bilmək üçün böyük fürsət hesab oluna bilər.
Göründüyü kimi, ADNSU-da tədirs olunan ixtisasların akkreditasiyadan keçirilməsi prosesi davam edəcək və burada başlıca məqsəd ali təhsil almaq üçün universitetə üz tutan gənclərin etimadını doğrultmaq və ölkə iqtisadiyyatının tələblərinə cavab verən peşəkar kadrların hazırlanmasıdır. ADNSU gələcəkdə də bu amallar uğrunda əzmlə çalışacaqdır.