Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-15 11:56:00
Prezidentə Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adı verildi - FOTO

Albaniya Prezidenti İlir Meta ölkəmizə səfəri çərçivəsində martın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) olub.

AzEdu.az xəbər verir ki, görüşdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Albaniya Prezidentini kollektiv adından salamlayıb, müasir dünyada elm və təhsilin inkişafına layiqli töhfələr vermiş ali qonağın akademiyaya gəlişini önəmli hadisə kimi dəyərləndirib.

Albaniya Prezidenti İlir Metanın Azərbaycana VII Qlobal Bakı Forumunda iştirak etmək üçün gəldiyini diqqətə çatdıran U.Ələkbərov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında qonağa ətraflı məlumat verib. Qonağı tədbir iştirakçılarına təqdim edən rektor bildirib ki, Dövlət İdarəçilik Akademiyasının elmi şurası Azərbaycan ilə Albaniya arasında elm və təhsil sahəsində əlaqələrin inkişafındakı xidmətlərinə görə Prezident İlir Metaya DİA-nın fəxri doktoru adının verilməsi barədə qərar qəbul edib.

Daha sonra Albaniya Prezidentinə fəxri doktor adı verilməsi ilə bağlı DİA-nın elmi şurasının qərarı elan olunub.

Prezident İlir Metaya DİA-nın fəxri doktoru diplomu, xatirə paketi, mantiya və hədiyyələr təqdim edilib.

Albaniya Prezidenti DİA-nın fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu bildirib, bu ali təhsil müəssisəsinin kollektivinə uğurlar arzulayıb. İlir Meta Azərbaycanın sürətli və davamlı inkişaf yolunda olduğunu vurğulayıb.