Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-11 15:55:00
Bu şagirdlərin buraxılış imtahanı nəticələri ləğv olunacaq - RƏSMİ

10 martda respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilib.

Mart ayından start götürən imtahanlar bölgələr üzrə fərqli tarixlərdə baş tutur.

Son günlər sosial şəbəkələrdə imtahanlarla bağlı müxtəlif şaiyələr yayılıb. Abituriyentlər iddia edir ki, imtahan bitdikdə sual kitabçası nəzarətçiyə təhvil verilməli olduğu halda, bəzi şagirdlər internetdə imtahana düşən sualları paylaşırlar.

İddialara görə, həmin şagirdlərdən sualları əldə edən bəzi müəllimlər yutub kanalları və ya feysbukda abituriyent qrupları vasitəsilə cavabları və sualların həll yollarını insanlara təqdim edirlər.

İmtahanlar bölgələr üzrə fərqli tarixlərdə keçirildiyindən bu cavablar və həll yolları hələ imtahan verməmiş hər hansı bölgə abituriyentinin, sadə dildə desək, işinə yarayır.

Məsələn, Bakıda imtahan verən şagird sual kitabçasını hər hansı qeyri-qanuni  yolla əldə edibsə, bunu sosial şəbəkədə paylaşaraq və ya sualları müəlliminə ötürərək növbəti günlər ərzində imtahan verəcək şagirdlərə “yardım” etməyə çalışır.

Bəs qeyd olunan iddialar nə dərəcədə düzgündür? Ümumiyyətlə, belə hadisələr Dövlət İmtahan Mərkəzi tərəfindən aşkarlandıqda hansı tədbirlər görülür?

Mövzuyla bağlı DİM-in mövqeyi qəti və sərtdir.

Sektor müdiri Xanlar Xanlarzadə AzEdu.az-a açıqlamasında bildirib ki, buraxılış imtahanlarından sual kitabçalarının çıxarılması qəti şəkildə qadağandır. Onun sözlərinə görə, bu kimi qeyri-qanuni hallar aşkar olunduğu təqdirdə, şagird mütləq şəkildə cəzalandırılır:

“Əgər hər hansı vasitə ilə sual kitabçası imtahandan çıxarılarsa və fakt Dövlət İmtahan Mərkəzi tərəfindən aşkarlanarsa, həmin şagirdin imtahan nəticələri birmənalı şəkildə ləğv olunacaq”.

DİM müxtəlif tarixlərdə  keçirilən buraxılış imtahanlarında istifadə olunan sualların, yalnız çətinlik dərəcələrinin eyni olduğunu da nəzərə çatdırıb. Bu, o deməkdir ki, bölgələr üzrə fərqli tarixlərdə keçirilən buraxılış imtahanlarında istifadə olunan suallar bir-birindən tamamilə fərqlidir.

Qeyd edək ki, martın 17-də Mingəçevir şəhərində, Ağcabədi, Ağdaş, Ağstafa, Balakən, Beyləqan, Cəlilabad, Füzuli, Gədəbəy, Göyçay, Hacıqabul, İsmayılllı, Lerik, Masallı, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Qusar, Salyan, Siyəzən, Şəmkir, Tovuz, Ucar, Xızı, Xocavənd, Yardımlı, Zaqatala rayonlarında, həmçinin, Bakı şəhərində yerləşən internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, cəzaçəkmə müəssisələrində olan məktəblərdə və Çilov adasında yerləşən məktəblərdə IX sinif üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər  https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları