Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-06 11:40:05
“Şagirdlər repetitor yanına getmədən də universitetə qəbul oluna bilərlər” - 37 ilin direktoru

Müsahibimiz Həmid Abdullayev 48 ilin Azərbaycan dili və ədəbiyyat müəllimidir.

Müxtəlif məktəblərdə 37 il direktor kimi işləyib. 1980-ci ildən 2011-ci ilə qədər Bərdə rayon Hacallı kənd orta məktəbində, 2011-ci ildən 2012-ci ilə qədər isə Texniki-Yaradıcılıq Məktəbində direktor kimi çalışıb. 2012-ci ilin noyabrından Mirzəxan kənd tam orta məktəbinə direktor köçürülərək, burada 5 il fəaliyyət göstərib. Hazırda yaş həddiylə əlaqədar həmin məktəbdə dəstə müdiri vəzifəsində çalışır.

AzEDU.az 48 ilin müəllimi, 37 ilin direktoru ilə müsahibəni təqdim edir:

- Həmid müəllim, əvvəlcə sizi daha yaxından  tanıyaq…

- Mən Həmid Abdullayev, 48 ildir, müəlliməm. 1980-ci ildən 2011-ci ilə qədər Hacallı kənd orta məktəbində, 2011-ci ildən 2012-ci ilə qədər isə Bərdə rayon texniki-yaradıcılıq məktəbində direktor kimi çalışmışam. 2012-ci ilin noyabrından Mirzəxan kənd tam orta məktəbinə direktor köçürülərək, burada  5 il fəaliyyət göstərmişəm. Hazırda həmin məktəbdə yaş həddimlə bağlı dəstə müdiri vəzifəsində çalışıram.

- Məlumdur ki, əvvəllər kənd məktəblərinin bəziləri təmirsiz, istifadəyə yararsız olub və bu təhsilin keyfiyyətinə müəyyən maneələr törədib. Bəs, sizin çalışdığınız orta təhsil müəssisələrindəki şərait keyfiyyətli dərs keçəyə imkan veribmi?

- İşlədiyim məktəblərdə həm çətin, həm də yaxşı dövrlərdən keçmişik. Müəllim kimi fəaliyyətə başladığım ilk məktəb  köhnə, amma təhsil sisteminə uyğunlaşdırılmış bina olub. 1975-76-cı illərdə çalışdığım Mehdixanlı kənd orta məktəbində, eləcə də  digər məktəblərdə   uyğunlaşdırılmış binalar olub. Lakin sonrakı illərdə həmin kəndlərdə müasir tipli təhsil müəssisələri tikilib. Məsələn, hazırda Hacallı kənd orta məktəbinin müasir tələblərə cavab verən 2 laboratoriyası var. Dəstə müdiri kimi işlədiyim Mirzəxan kənd orta məktəbi də köhnə binadır. Son illər məktəblərə laboratoriya avadanlıqları lazımı qaydada verilmir. Yeni tikilən məktəblərdə müasir tələblərə cavab verən laboratoriyalar qurulduğuna görə, köhnə avadanlıqlar gətirilmir. Belə şəraitdə dərslərin peşəkar keçilməsi müəllimin bacarığından asılıdır.

30127716_1737237153004998_1520792123593457664_n.jpg

- Reallıq belədir ki, müəllim olmaq istəyən gənclərin bir çoxu işləmək üçün daha çox mərkəzə meyl edirlər. Bu səbəbdən, çalışdığınız orta təhsil müəssisələrində müəllim çatışmazlığı halları yaşanıbmı?

- Əksinə, deyərdim ki, kənd məktəblərində müəllim çoxluğu var. Hazırda çalışdığım məktəbdə şagird kontingenti getdikcə azalır. Bu da əhalinin şəhərə, mərkəzə meylli olmasından irəli gəlir. Gənc ailələrin əksəriyyəti Bakıya köçüb gedir. Hər kəs uşağını daha müasir tipli məktəblərdə oxutmaq istəyir. Mən çalışdığım məktəbdə 16 sinif olduğu halda, 7 xarici dil, 7 ədəbiyyat,  6 riyaziyyat, 6 tarix və  16 ibtidai sinif müəllimi var. Qeyd etdiyim ixtisaslar üzrə müəllim sıxlığı yaşanır. Ona görə də hər müəllimə düşən dərs saatı daha az olur. Bu da onların lazımi qaydada dərslə təmin edilə bilməməsi deməkdir. Təsəvvür edin, ən çox dərs yükü olan müəllim 12-14 saat dərs keçir. Müəllimlərin sayının çoxluğu, sinif kantingentinin azlığı problemin əsas səbəbidir. Diaqnostik qiymətləndirmənin nəticələrindən sonra dərslərin bölünməsi yaranan çətinliyi bir qədər aradan qaldırıb. Az bal toplayan müəllimlərə daha az dərs saatı verməklə problem qismən  həll edilib.

- Qeyd etdiniz ki, sinif kontingenti getdikcə azalır…

-Bəli, ümumi məktəb üzrə şagird sayı azdır. 5 il bundan qabaq  18 sinif varıydısa, bu gün 16 sinif var. Bunun digər səbəbi də, şəhərdə təhsilin bəlasına çevrilən hazırlıq qruplarına-repetitorların yanına şagirdləri cəlb etməkdir. Buna baxmayaraq, son illərin fəaliyyəti nəticəsində 2016-2017-ci tədris  ilində 11 şagirdimiz ali məktəblərə qəbul olunub. Ən yüksək nəticə də bu illərə aiddir.  29 məzundan 14 nəfəri qəbul imtahanlarında iştirak etmək üçün  sənədlərini Dövlət İmtahan Mərkəzinə təqdim edib. Onlardan 12-si  mümkün balı toplayıb. 1 nəfər ödənişli ixtisasa daxil olduğundan, təhsil almaqdan imtina edib. 2 abituriyent isə kollecə daxil olub.

Reallıq budur ki, 9-cu sinif şagirdləri kurikulumla bağlı buraxılış imtahanlarında çətinlik çəkirlər. Bu çətinlik Riyaziyyat fənnində daha çox özünü göstərir. İnanıram ki, aidiyyatı qurumlar gələcəkdə bununla bağlı ən doğru addımı atacaqlar.

- Həmid müəllim, şagird orta məktəb proqramına uyğun hazırlaşmaqla, yəni heç bir repetitor yanına getmədən ali məktəbə daxil ola bilərmi?

- Mən repetitorluğun əleyhinə deyiləm. Bu model son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər  orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə  daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə  həm valideyn ciddi nəzarət eləsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin.

30261810_1737237056338341_6466045265236197376_o.jpg

- Valideynlər övladlarını repetitor yanına göndərmələrini  orta məktəblərdə dərslərin normal keçirilməməsi ilə əsaslandırırlar…

- Birmənalı şəkildə bu fikirlə razı deyiləm. Məktəblərdə dərs keçilmirsə, müəllimlər savadsızdırsa, repetitor yanına gedən uşaqlara kim bilik öyrədir? Problem, tam başqadır; bizdə valideyn ibtidai sinifləri şagirdlə bərabər oxuyur. Elə ki, məktəbli yuxarı siniflərə qalxdı, proqram çətinləşdi, valideyn o dəqiqə geri çəkilir. Düzdür, bütün evlərdə ziyalı ata-ana yoxdur. Buna baxmayaraq, yuxarı siniflərə də nəzarət mütləqdir, hətta  onlar böyüdükcə nəzarət daha da güclənməlidir. Yəni, günahı məktəbdə görməklə heç nə həll olunmur. Hər şey valideyndən asılıdır. Valideynlər istəsələr ki, övladları repetitor yanına getməsin və özü oxuduğu məktəbdə proqrama uyğun  hazırlaşsın, onda bu müsbət nəticə verə bilər.

- Həmid müəllim, sinif kontingentinin getdikcə azaldığını söylədiyiniz məktəbdə şagirdlərin dərsə marağı necədir?

- Əgər davamiyyət varsa, deməli, dərsə maraq da var. 1-4-cü siniflərdə davamiyyət 99-100 faizdir. Müəllimlər arasında rəqabət olanda da çox yaxşı nəticələr əldə edirik. Bu il rayonda ibtidai siniflər arasında keçirilən  test imtahanında  şagirdlərimiz rayon üzrə 2-3-cü yerləri tutublar. Valideynlərin ibtidai siniflərdə müəllimlərlə sıx əlaqə saxlamaları  özünü müsbət tərəfdən göstərir. Dərsə maraq 8-ci sinifə qədər yüksəkdir. 8-ci sinifdən sonra proqram çətinləşir, şagirdlərin həyata baxışı dəyişir və bir qədər dərsə maraq azalır.

- Bu gün daha çox yaşlı müəllimlərin tətbiq etdiyi ənənəvi dərs metodu özünü nə dərəcədə doğruldur?

- Müşahidələr göstərir ki, gənc müəllimlər müasir texnologiya ilə tanış olduqları üçün bir qədər arxayınlaşıb mütaliəyə geniş yer ayırmırlar və  ənənəvi dərsə “yox” deyirlər. Fikrimcə, ənənəvi dərsi silib atmaq olmaz. Ənənəvi tədris üzərində qurulan müasir dərs daha yaxşı nəticə verər, nəinki gənc müəllimin tətbiq etdiyi tamamilə yeni forma…

Gənc müəllim sinif otağına daxil olarkən sıfırdan başlamalıdır. Çünki  şagird əvvəlki illərdə başqa müəllimin sərəncamında olub. Gənc pedaqoqlara tövsiyəm budur ki, çoxlu mütaliə etsinlər. Demirəm, köhnə fikirli olsunlar, onlar şagirdlərin yerli şəraitinə uyğun dərsini qurmalı,  yenilikləri tətbiq etməlidirlər. Məktəbimizə son illərdə 2-3 gənc müəllim gəlib. Onlar işə qəbul imtahanlarında yüksək nəticə toplasalar da, yaşlı müəllimlərin qurduqları dərs, təcrübə onların təcrübəsindən daha üstündür.

- Sizcə, kurikulum sistemi Azərbaycan təhsilinə nəsə qazandıra bildimi?

- Dövlət siyasətinin heç vaxt əleyhinə olmamışam. Bu gün də, həm işim həm təcrübəm deyir ki, Azərbaycanda bir şey süzgəcdən keçilib sonra qanuna mindirilir. Lakin bizim yerli şərait bu sistemin yaxşı nəticə verməsinə imkan vermədi. Bir halda ki, dövlət bu sistemi bəyənib və 9 ildir hər yerdə tətbiq edilir, deməli, nəticəsindən asılı olaraq mütləq hansısa addım atılacaq. Biz də kurikulum sisteminə cavab verən dərslərin qurulmasına çalışırıq.

- Bakıdakı məktəb direktorları  özlərini sanki “kiçik padşahlar” kimi aparırlar. Direktor olaraq çalışdığınız illər ərzində şagirdlərlə hansı ünsiyyət formasına üstünlük vermisiniz?

- 37 il ərzində şagirdlərin son ümid yeri olmağa çalışmışam. Şagird direktora inanmalıdır ki, son anda sözünü direktora deyə bilsin. Mənim təbiətim həmişə yoldaşlığa, insanlığa söykənib. Həmişə insani rəftarı direktorluqdan  üstün tutsam da,  vəzifə eqoizmi deyilən anlayış var. Bu həddini aşanda vəzifə qabarıq nəzərə çarpır,  yerində tədbiq edilməyəndə isə   bayağı görünür. Vəzifəni gərək, elə aparasan ki, nə onu hörmətdən salmayasan, nə də ondan sui-istifadə etməyəsən. İctimaiyyət içində seçilən şəxsiyyət kimi hər kəs səni müzakirə edir. Müzakirə zamanı sənə verilən qiymət əsl ziyalı, əsl insan qiyməti olmalıdır.

30221815_1737237159671664_6725018594750496768_n.jpg

- Sizcə, yaxşı müəllim necə olmalıdır?

- Yaxşı müəllim olmaq üçün ən birinci  yaxşı insan olmaq lazımdır. İkincisi, yaxşı müəllim öz işinə can yandıran, yenilikçi, şagirdlərin qayğısıyla axşam yatıb, səhər oyanandır. Bəzi müəllimlər şagirdlərinin uğuruna onların valideynlərindən çox sevinirlər. “Bulaq gözün kor istəməz”,  deyiblər. Müəllim də heç vaxt istəməz ki, zəhməti bəhrəsiz qalsın. Onun zəhmətinin bəhrəsi  şagirdlərinin səsinin yüksək zirvələrdən gəlməsidir.

- Hər hansı müəllimin diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərməsi, onun dərs demək qabiliyyətində  olmadığının göstəricisi hesab oluna bilərmi?

- Xeyr! Ola bilsin ki, bu sualları tərtib edən şəxslər  müasir gənclərdir. Əvvəllər yeniliklərdən xəbərdar olmaq üçün müəllimlər kursa gedirdilər. Bu proses son vaxtlar dayandırılıb.  Bu gün mətbuat da qıtlaşıb. Düzdür, onlar “Müəllim” qəzeti və digər müxtəlif qəzetlərə abunə yazılırlar. Televiziyalarda da son zamanlar Təhsil Nazirliyi tərəfindən dəyirmi masalar təşkil olunur.  Lakin bu yetərincə deyil. Bəzi müəllimlərin isə ali məktəbdə keçdiyi dərslər indi başqalaşıb. Bu günün ziyalısı keçmişin ziyalısından fərqlənir. Bundan başqa, sualların tərtibatında bəzən yanlışlığa yol verilir, bəzən də müəllimi lap dəridən yoxlamaq məqsədiylə qəliz suallar salınır. Bütün bunlara baxmayaraq, Diaqnostik qiymətləndirmə müəllimlərin savadını əsaslı şəkildə aşkara çıxartdı. Bir daha qeyd edirəm, bəzi xırda məqamları nəzərə almamaq da olar. Məsələn, ola bilsin ki, müəllim illərdir imtahan vermir və imtahan vermək ona qəribə görünür, test adı gələndə həyəcanlanır. Bəzi müəllimlərin müasir texnologiyadan xəbəri olmadığına görə də müəyyən çətinliklər yaranır. Bəziləri deyir ki, sualımı təsdiq etmək əvəzinə yanlış düyməni sıxırdım. Bir sözlə, Diaqnostik qiymətləndirmənin ilkin mərhələsində müəyyən çətinliklər özünü göstərsə də, düşünürəm ki, zaman keçdikcə həmin müəllimlərin deməyə sözü olmayacaq.

- Təhsilimizin əsas problemlərindən biri də dərsliklərdə rast gəlinən səhvlərdir. Azərbaycan dili və ədəbiyyat müəllimi kimi bu dərslikləri necə qiymətləndirirsiniz?

- Bu barədə həm susmağım qəbahətdir, həm də dövlətin tərtib etdiyi proqrama qarşı çıxmağım. Susmaq hökmən kiməsə, xüsusilə də şagirdlərə ağır zərbə deməkdir. Keçən il 8-ci sinfin Azərbaycan dili dərsliyində səhvlər çox olduğuna görə,  dərslik müzakirə obyektinə çevrildi və  yeni kitab hazırlandı. Kitabı yenidən hazırlamaqla heç kəsin yarası sağalmır. Şagirdlər əvvəlki illərdə tərtib edilən dərslikləri daha yaxşı mənimsəyirdilər.  İndi isə şagirdin intellekt səviyyəsi çox yüksək olmalıdır ki, müasir proqramı dərk edə bilsin. Dərslik yazarlarının tənqid edilməsi dövlət tərəfindən nəzarətə götürülüb və gələcəkdə belə qüsurlar olmayacaq. Bu gün xüsusilə dilçiliklə bağlı bəzi məsələlər tez-tez müzakirəyə çıxarılır. Düşünürəm ki,  bəzi sözlərin  mənasının, yazılış qaydasının dəyişdirilməsi və bunun birdən-birə şagirdlərə tətbiqi Azərbaycan təhsilinə durğunluq gətirəcək. Şübhəsiz, hər bir qaydaya alışacağıq, lakin bunun müsbət  nəticə verəcəyinə o qədər də inanmıram. Hansısa bir söz dəyişirsə, bəs bu günə qədər yazılan kitabların aqibəti necə  olacaq? Dilçilik institutu, AMEA və ya Təhsil Nazirliyi tərəfindən  adların sıralanmasında, yazılmasında dəyişiklik etmək, lüğətdən ərəb-fars mənşəli sözləri çıxarmaq dilə zərbədir. Neçə illərdir bu söz özünküləşibsə, bu gün həmin sözü əcnəbi söz kimi çıxarıb yerinə başqasını gətirmək düzgün deyil. Əvvəllər dırnaq işarəsi  başlanğıc hərfin aşağı hissəsindən və  son hərfin yuxarısından qoyulurdu.  İndi  isə tələb edilir ki, bu işarə hər iki tərəfdə də eyni istqamətdə açılsın. 50 ildir, bu qaydadan istifadə edən mən, yazdığım yerdə səhvə yol verirəm. Vərdiş bəzən ağıla üstün gəlir. Bu barədə düşünüb-daşınıb bir qərar vermək yaxşıdır.  10 ildə bir dərsliyin keçilib,  gələn 10 ildə yeni dərsliyin tərtib olunmasının əleyhinəyəm. Bir  kitabı daim keçmək lazımdır. Həmin dərsliyi 5 ildən sonra başqalaşdırmaq təhsilə zərbədir. 

-Bəzi ziyalılar ədəbiyyat dərsliklərində klassik ədiblərin uzun illərdir keçirilməsinə etiraz edirlər. Bu fikrə münasibətiniz necədir?

- Mən klassiklərimizin ədəbiyyatdan silinməsinin əleyhinəyəm. Nizami hamı keçib, hamı da tanımalıdır. Eləcə də Fizulini keçmək vacibdir. Müasir, yeni formalara cavab verəcək əsərlərin müəlliflərinin də dərsliklərə daxil edilməsini istərdim. Bu gün gənc şairlər, yazarlar ədəbiyyata gəlirlər. Onların da dərsliklərə əlavə olunması yaxşı olardı.  Gənclərimiz Mirzə Ələkbər Sabiri və ya Cəfər  Cabbarlını bəyənmirlər. Çünki Sabirin əsərindən sitat gətirib əsaslandırırlar ki, Sabir müsəlmanlarla erməniləri dost olmağa səsləyib. Bu gün də hamı istəyir ki, erməni müsəlman davası bitsin, sakitçilik olsun. Cəfər Cabbarlı niyə 1905-ci il əsərini yazıb? İndi də hamı istəyir ki, müharibə olmasın. Bu əsərlər indiki dövrə tam cavab verir. Deyirlər ki, guya Sabir millətini təhqir edib. O, “Fəhlə” şeirini yazmaqla xalqını pisləməyib, əksinə millətimizi tənqidi, satirik formada oyatmağa çalışıb. Bax, belə ədiblərin ədəbiyyatda qalmağının tərəfdarıyam. Ən əsası isə  ədəbiyyat kitabı bir qədər qalın  və bədii materiallarla zəngin olmalıdır. Təəssüflər olsun ki, uzun illərdir, ədəbiyyatda müntəxabat kitabı nəşr olunmur. Əvvəllər isə hər hansı yazıçının bədii əsərləri qısa şəkildə də olsa müntəxəbatda verilirdi. Ədəbiyyatı nəzəriyyəsiz təsəvvür etmək mümkün deyil. Dərsliklərdə digər problem, dram əsərləri keçildikdən sonra  sonluqda dram janrı və ya başqa janrlar barədə qısa məlumatların verilməsidir. Bir sözlə desək, kitablar bəsit tərtib olunur. Yəqin ki, bu şagirdlərin artıq yüklənməməsi üçündür. Şagird müəyyən ixtisas qrupunu seçirsə, lazım olan materialı öyrənəcək, lazım olmayanı yox. Lakin orta məktəbi bitirən şagird hansı qrupa hazırlaşmasından asılı olmayaraq orta məktəb proqramını lazimi səviyyədə bilməlidir. Məktəblilərdən soruşsaq, əksəriyyəti Azərbaycanın sudan, qurudan olan sərhədlərini saya bilməyəcək. Ümumiyyətlə , istər tarix, istər ədəbiyyat, istər  dilçilik, istərsə də dəqiq elmlərdə öz sözünü  deyən dahi şəxsiyyətləri o millətin bütün övladı   tanımalıdır.

- Bir çox ziyalı hesab edir ki, məktəblərdə müəllimlərin əksəriyyətinin qadınlardan ibarət olması oğlan şagirdlərin yerişini belə dəyişir. Bu fikirlərlə razısınızmı?

- Bəli, bu müasir bəladır. Bir neçə ildir, bünövrəsi qoyulub və  indi də fəsadlarını törədir. Kişi müəllimlər bütün müəllimlərin 10 faizini belə də təşkil etmir. İşlədiyim məktəbdə 57 müəllim olduğu halda, cəmi 4-5 kişi var. Bu vəziyyət bütün məktəblərdə belədir. Kişilər ailə başçısıdır və maaş onları qane etmədiyinə görə müəllim olmaqdan imtina edirlər. Müəllimlərin imtahanla işə qəbulundan sonra ucqar kəndlərdə çalışanlara yüksək əmək haqqı verildi, müəyyən güzəştlər tətbiq olundu. Bu, az da olsa fərqi aradan qaldıra bildi.

Hər bir şagird baxır ki, mən məktəbin darvazasından girəndə hansı qayda ilə girirəm, özümü necə aparıram və başlayır məni kəşf etməyə.  Eləcə də müəlliməyə baxaraq özü üçün nəticə çıxarır.  Şagirdlər, xüsusilə də yuxarı sinif şagirdləri kişi müəllimlə qadın müəllimə olan münasibətdə kəskin fərq qoyurlar. Bəzi savadlı və istedadlı gənc qızlar da var ki, şagirdlər ona oxşamaq,  onun ixtisasına yiyələnmək istəyirlər. Müəllimin xarici görkəminə fikir verən şagirdə də var, təhsilinə fikir verən də. Qadın müəllimlərin kişilərdən çox olmasının gələcək nəsil üçün nə dərəcədə zərərli olduğunu hər kəs görür. Uşaqlar o qədər qadın müəllimlərlə oturub dururlar ki, oğlan uşaqlarının yerişi də, danışığı da onlar kimi olur. Kişidə kişi addımı, kişi yerişi, kişi zəhmi olmalıdır. Evdə atasından məktəbdə müəllimdən nümunə götürməlidir.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları