Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-06 08:53:41
“Şagirdlərin çoxunun hədəfi 200 bal toplamaqdır” - Peşə seçimi problemi

Hər kəsin uşaqlıq dövründən müəyyən maraq dairəsi olur. Bu, gələcəkdə onun peşə seçiminə də təsir edir. Amma təəssüf ki, onların peşə seçimində tək maraq dairələri yox, valideyn müdaxiləsi və yaşadığı mühit də rol oynayır. Bəs 8-ci sinfədək olan yeniyetmələrin əsas meylləri hansı sahələrədir?

Mövzu ilə bağlı AzEDU.az-a danışan təhsil eksperti Məlahət Mürşüdlü şagirdlərdə hansısa peşəyə meyl formalaşdıran səbəbləri izah edib:

“Çox oğlan uşaqları sürücü, hüquqşünas, polis olmaq istəyirlər. Xüsusilə də 6-7-ci sinif şagirdləri bu peşələrə meyillidirlər. Belə bir ixtisasın olmamasına baxmayaq, əsgər olmaq istəyənlər də var. Qız uşaqları isə həkimliyə meyil edirlər.

Burada təkcə ailə müdaxiləsinin rol oynadığını da demək olmaz. Ona ailə və mühit birgə təsir edir. Təsadüfi deyil ki, hüquqşünas olmaq istəyənlərin ailəsində əksər vaxtlarda hüquqşünas, məhkəmə və ya prokurorluq işçisi olur. Polis olmaq istəyənin qohum-əqrabasında polis işçisi var. Onların yaşayış səviyyəsi bu uşaqlarda maraq doğurur. Uşaq baxır ki,  onun polis əmisi müəllim əmisindən qat-qat yaxşı dolanır, daha zəngindir. Yaxud da  görür ki, hüquq-mühafizə orqanında işləyən qonşu onu atasından daha yaxşı yaşayır.  Bu amillər onun meylinin formalaşmasına təsir edir. Ailə 7-8-ci sinifdə oxuyan uşağa hansı ixtisası seçməsi haqda çox vaxt heç məsləhət də vermir, düşünmür. Bu proses bizdə bir qədər gec başlayır. Mən özüm də uşaqlarla söhbət etməyə maraqlıyam. Söhbət əsnasında məlum olur ki, uşaq müxtəlif peşə sahiblərinin yaşayışını müqayisə edərək maraqlanır. Mühitin sosial-iqtisadi amilləri də uşağın bu fikri söyləməsinə təsir edir”.

407521008.jpg

O, həm də bizdə qəbul proqramına salınmayan ixtisasların mövcudluğunu, bu səbəbdən dünya ölkələrindən geri qaldığımızı dilə gətirib:

“Azərbaycanın əmək bazarında müəyyən sahələrdə kadra ehtiyac var. Məsələn, turizmin inkişafı üzrə çalışanların sayı olduqca azdır. Düşünürəm ki, bu sektoru diqqət mərkəzində saxlamaq lazımdır. Adi xörək paylayan və otel təmizləyəndən tutmuş, yuxarı səviyyəli menecerlərə qədər-hamısı çatışmayan ixtisaslardır. Bunların hazırlanması, müasir tələblərə cavab verməsi çox vacibdir. Xüsusilə də bölgələrə gedərkən bunun şahidi oluruq. 21-ci əsrin peşələri var. Məsələn, embrional  ekologiya deyilən ixtisas var. Bizdə isə onunla bağlı heç bir iş görülmür və ehtiyac var. Maşınqayırma sənayesi, hərbi sənayedə müasir biliklərə sahib olan kadrlara ehtiyac var.

Düşünürəm ki, bu ixtisaslar hökumətin diqqət mərkəzindən kənarda qalıb. Vaxt gələcək embrional, sosial  pedaqogika dünya təcrübəsində geniş yayılacaq. Əgər biz doğrudan da dünyaya inteqrasiya olunmaq istəyiriksə, sosial işçilərin çatışmazlığını aradan qaldırmalıyıq.  Ümumiyyətlə, Azərbaycanda embrional pedaqogika ixtisasının adı heç çəkilmir. Tələbə qəbulunun sayı az olan, qəbul proqramına salınmayan ixtisaslardır. Onları iqtisadi çətinliklə əlaqələndirmək olmaz”.

Ekspert bildirib ki, uşaqkən əsgər olmaq istəyən adamı 11-ci sinfi bitirdikdən sonra hərbi xidmətə göndərmək faciəyə çevrilir:

“Sürücülük ixtisasına meyl edənlər də çoxdur. Bu, həmin peşə sahiblərinin yaxşı yaşamasından yox, uşaqların maşına olan marağından irəli gəlir. Uşaqların bəziləri yaşayış səviyyəsinə görə, bəziləri həmin peşə sahibinin cəmiyyətdə tutduğu mövqeyə görə, digərləri isə sırf özünün marağına görə meyl edir. 

Sözsüz ki yaşa dolduqca onların maraqları dəyişir. Məsələn, qız uşağı 4-cü sinifdə oxuyanda deyir ki, ibtidai sinif müəllimi olacam. 6-cı sinfə gəldikdə isə deyir ki, tarix müəllimi olacam. İki il sonra artıq fikrini dəyişib. Amma elə uşaqlar da var ki, bir neçə peşəni arzulayır. Sonuncu siniflərdə isə deyir ki, bunların heç birini istəmirəm, hələ ki, düşünürəm.  Yəni, bu maraqlar dəyişkəndir.

Belə bir ixtisasın olmamasına baxmayaraq, bəzi uşaqlar əsgər olmaq istəyirlər. Çünki  hərbidə çalışan qohumlarının söhbətlərionda bu sahəyə maraq yaradıb. Amma uşaqkən əsgər olmaq istəyən adamı 11-ci sinfi bitirdikdən sonra hərbi xidmətə göndərmək faciəyə çevrilir. Buna bir faciə kimi də yanaşmaq olmaz. Çünki bu, uşaq psixologiyasıdır”.

O, orta məktəb şagirdlərini ixtisaslarla bağlı maarifləndirmək üçün yaradılmış agentliyin fəaliyyətindən də söz açıb:

“Təhsil Nazirliyinin nəznində Peşə təhsili üzrə bir agentlik yaranıb. Yeni yaransa da, onun çox gözəl proqramı var. Orta məktəb müəllimləri lazım olan təbliğat işlərini həmin agentliyin əməkdaşları ilə aparırlar. Bu gün təbliğat işləri çox da yüksək səviyyədə deyil. Amma mən agentliyin proqramı ilə tanışam. Düşünürəm ki, yaxın zamanlarda  orta məktəblərdə peşə və ixtisasları tanıtmaq prosesi geniş, kütləvi hal alacaq. Şagirdlər ixtisaslarla bağlı məlumatlanacaqlar”.

Mövzu ilə bağlı AzEDU.az-a danışan şairə, pedaqoq Kəmalə Abıyeva isə çox az sayda məktəblinin əvvəldən məqsədinin bəlli olduğunu bildirib:

“Mən öz müşahidələrimə əsasən deyə bilərəm ki, 20-25 nəfərlik sinifdə yalnız 2-3 nəfərin məqsədi olur. Çoxu peşələrlə bağlı məlumatlı deyil. Burada tək məktəb yox, valideynlər də günahkardır. Bunları dəfələrlə müzakirə etmişik. Sonuncu iclasda valideynlərdən övladlarının maraq dairələrini soruşduq. Cəmi bir valideyn uşağının peşə meyli haqda danışa bildi. Elə uşaq var ki, yaxşı rəsm çəkir, biz rəssam olmasını məsləhət bilirik. Evdə isə etiraz edib deyirlər ki, iqtisadçı ol. Uşaq özü də elə bilir ki, qız rəssam olmaz, ağlayır. Sonda atası ilə danışıb razılaşdıq. Amma artıq imtahan vaxtına az qalmışdı.

27637264a001ca8a947cec5c9472636b.jpg

Uşaqlar arsasında  həkim, aktyor, jurnalist olmaq istəyənlər var. Aşağı siniflər dəqiq elmlərə yox, daha çox humanitar sahələrə meyl var. Onlar riyaziyyat, fizikanın nə qədər dünyəvi elm olduğunu bilmirlər. Televiziyada müxtəlif tamaşalar görürlər. Buna görə də əksəriyyətinin aktyorluğa, incəsənətə marağı var. Uşaqların yaş artdıqca maraqları da dəyişir. Bu da ailədən və məktəbdən asılıdır”.

O, bildirib ki, çox şagirdlərin əsas hədəfi 200 balı toplamaqdır:

“Çox dünyagörüşlü, ağıllı uşaqlar da var. Amma əksəriyyəti məktəbə sadəcə oxumağa gəlir. Gələcəkdə nəsə ixtisas sahibi olmaq haqda düşünmürlər. Onların  bunu bilməməsi təbiidir.  Bu həm bizim, həm də müəllimlərin günahıdır. Məktəbliləri maarifləndirməliyik ki, məqsədləri olsun. Təsəvvür edin, uşaq soruşur ki, “olar biz məktəbə getməyək, bunları evdə oxuyaq?” Yəni seçilən, məqəsdini bilən 10-12 yaşlı uşaqlar azdır. Yuxarı siniflərin də çoxu düşünür ki, hara düşməyimin fərqi yoxdur, əsas qəbul olum. Onların hədəfi 200 bal yığmaqdır. Bu  bir vətəndaş olaraq məni çox incidir. Testin ən mənfi cəhəti də məhz budur: Uşaq konkret sənət seçmir. O sadəcə qrup seçir və ona uyğun 15 ixtisas arasından seçim edə bilir”.

K.Abıyeva müəllim peşəsinə hörmətin azaldığını vurğulayıb:

“1-ci siniflərdə sorğu keçirsəz, müəllim olmaq istəyən abituriyent tapmazsız.  Çox nadir, 50 uşaqdan biri ola, ya olmaya. Bunun səbəbini dəqiq bilmirəm. Bəlkə də müəllimlər çox şikayətlənirlər, uşaqlarda bu sahəyə həvəs yaranmır. Əvvəllər də müəllimin maaşı az idi. Amma  vəziyyət belə deyildi.  O vaxtlar müəllim uşağı olmaq, müəllim ailəsindən olmaq məktəbdə üstünlük hesab olunurdu. Amma indi kimin biznesi, pulu varsa, üstünlük ona verilir. Müəllim uşağına fikir verən yoxdu. Müəllim anlayışı, hörməti azalıb. Müəllimi maaş yaxşı, ya pis etmir. O, elə yaxşı olmalıdır”.

O, şagirdləri peşələrlə bağlı maarfləndirmək lazım olduğunu qeyd edib:

“Əvvəllər məktəblərdə peşə yönümlü görüşlər keçirilir, yayda bir ay müddətində  nəşriyyata, kardon zavoduna, tikiş fabrikinə təcrübəyə aparırdılar. Beləcə uşaq müxtəlif peşələr haqda məlumatlı olurdu. Ora gedən şagirdlər artıq öz məqsədlərini müəyyənləşdirirdilər. Məsələn nəşriyyata gedən zəif oxuyan məktəbli düşünürdü ki, mən korrektor olaram. Digəri qəzet müxbiri olmaq istəyirdi və s. İndi isə bu yoxdur.

Məktəblərdə bununla bağlı müzakirələr, valideynlərlə diskusiyalar olmalıdır. Müəllimlər ancaq dərs deyib gedirlər, şagirdləri həvəsləndirmək onların marağında deyil. Məktəbin bu səpkidə iş planı olmalıdır, amma yoxdur”.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları