Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-06 08:17:01
“Şəngülüm, Şüngülüm və Məngülüm” haqqında bilmədiklərimiz - Nağılın tarixi haralara gedir?

Az qala, hər bir uşağın bildiyi və sevdiyi, elə özümüzün də zaman-zaman yaddaşımızda gəzdirdiyimiz və bizi uşaqlıq çağımızla birləşdirən rabitəyə çevirdiyimiz “Şəngülüm, Şüngülüm və Məngülüm” nağılının bu qədər məşhurlaşması, bəyənilməsi sual doğurmaya bilməz. Azərbaycan folklorunda süjet xəttinə görə bundan da maraqlı və düşündürücü nağıllar olduğu halda, uşaqlar (elə özümüz də) adətən, “Cırtdan”, “Göyçək Fatma”, “Qırmızıpapaq” kimi nağıllarla birgə “Şəngülüm, Şüngülüm və Məngülüm”ü də yaddaşlarında hifz edirlər.

Nağılın çox sadə süjet xətti var ki, ondan yararlanan xalqlara görə nisbətən dəyişdirilib. Məsələn rus xalq nağılı olan “Canavar və yeddi çəpiş” nağılı bu süjetdən törəmədir. Amma burada bizdəki kimi üç yox, 7  keçi balası var. Elə Azərbaycan folkloruna aid nağılın iki versiyası var. Süjet sabitdir: Çöldə, bayırda otlayıb hər gün balalarına ot, süd və su gətirən ana keçi əsas motivdir. O, balalarını şirin və oynaq dillə çağırar və gətirdiklərini onlara verərək, yenidən otlağa gedər. Bunu görən qurd keçini necə təqlid etməyi öyrənir və balaları bununla aldadır. Qurdu anası zənn edən çəpişlər qapını açır və onlardan ikisi – Şəngülümlə, Şüngülüm qurdun qurbanı olur. Qorxusundan gizlənən Məngülüm isə baş verənləri sonradan evə dönən ana keçiyə danışır. Buynuzlarını dəmirçiyə itilədən keçi qurdun qarnını yırtaraq balalarını xilas edir.

Yazılı ədəbiyyat  və incəsənət də bu nağıla biganə qalmayıb.


AzEDU.az uşaq folklorunun araşdırırıcısı, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, filologiya elmlər doktoru  Ramazan Qafarlı ilə birgə “Şəngülüm, Şüngülüm və Məngülüm” nağılının sehrini, özünəməxsus cazibədarlığını incələməyə çalışıb:


““Şəngülüm, Şüngülüm və Məngülüm” nağılının beynəlxalq süjet xəttinə malik olması onun mahiyyəti barəsində xeyli versiyaların səslənməsinə səbəb olur.  “Şəngülüm, Şüngülüm və Məngülüm”ü təkcə Azərbaycana, ümumiyyətlə, türk xalqlarına aid etmək doğru olmaz. Bu nağıl səyyar süjet xəttinə malikdir. Bəşəriyyətin ilkin düşüncə tərzi, mifoloji dünyagörüşünün məhsulu olub. Daha sonra isə hər xalq buna öz yanaşmasını sərgiləyib. Ona görə də bu gün “Şəngülüm, Şüngülüm və Məngülüm” nağılı həm slavyan, həm türk, həm də uzaq Şərq xalqlarında var. Süjet xətti eynidir. Sadəcə, müəyyən dəyişikliklər var. Məsələn, slavyan xalqlarına aid olan versiyada keçinin üç yox, daha çox balası var”.

Nağılı fərqləndirən üstünlüklər-rəmzlər

Azərbaycan şifahi xalq ədəbiyyatında uşaqlar üçün  “Şəngülüm, Şüngülüm və Məngülüm”dən çox maraqlı ola biləcək nağıllar kifayət qədərdi. Amma bu nağıl öz qəribə sehri ilə sanki hamının dillər əzbərinə çevrilib. Bağçada və orta məktəbin aşağı siniflərində oxuyan uşaqların nağıla çox maraq göstərmələrinin əsas səbəbi ondakı mifik dünyagörüşə xas olan detalların macəra, dram formatında deyil, əyləncə şəklində çatdırılmasıdır. Təkcə nağılın adında keçi balalarının bütün şıltaqlığını, şirinliyini və dəcəl xarakterini oxumaq mümkündür. Şəngülüm, Şüngülüm və Məngülüm adları keçi balalarının xarakterinə biçilib sanki... Bu səbəbdən də böyük Mikayıl Müşfiq bu nağıldan yararlanaraq, uşaqlar üçün poema yazmışdı. Folklorçu R.Qafarlı nağılın çox sevilmə səbəblərindən danışarkən, bunları əlavə edir:

 

“Bu, başqa beynəlmiləl nağıllar kimi başdan-başa alleqoriyadır. İnsana aid olan xüsusiyyətlər meşənin və heyvanların-canavarla, keçinin və onun balalarının üzərinə köçürülüb. Canavar Şəri, Keçi isə Xeyiri təmsil edir. Bu iki məfhum arasındakı əbədi mübarizə nağılda yer alıb. Şər Xeyiri məğlub etmək üçün ona aid olan ən dəyərli sərvətini məhv etmək istəyir. Bu bəşəri dramdır. Burada faciə var. Amma “Şəngülüm, Şüngülüm və Məngülüm” nağılının üstünlüyü budur ki, burada bəşəri mübarizə çox oynaq və əyləndirici dillə çatdırılır. Adicə keçinin öz balalarını çağırması, onlara süd, ot və suyu gətirməsini şeirlə deməsi və s. kimi elementlər nağıldakı mürəkkəb mübarizəni xeyli üstələdi. Bu səbəbdəndir ki, Mikayıl Müşfiq nağılın əsasında poema yazdı. Bəstəkar Oqtay Zülfüqarov musiqili pyes bəstələdi”.

Mövsüm-yazla-qışın mübarizəsi

Nağılla bağlı başqa bir yanaşmanı isə böyük folklorşünas Mirəli Seyidov sərgiləyib. O, səyyar nağılın beynəlxalq süjetinin əksinə gedərək, ona tamam ayrı aspektdən yanaşıb. M.Seyidov “Şəngülüm, Şüngülüm və Məngülüm”ü Yaz bayramının gəlişindən əvvəlki təbiət mübarizəsi kimi göstərib. O, “Azərbaycan mifik təfəkkürünün qaynaqları” və “Yaz bayramı” kimi fundamental araşdırmalarında nağılı qışla yaz mübarizəsi kimi dəyərləndirib:

“Böyük folklorçumuz Mirəli müəllim isə nağılı tamam fərqli yöndən dəyərləndirir. Onun fikrincə, nağıl bütünlüklə qışla yazın mübarizəsi və sonda yazın qalib gəlməsini əks etdirən bir mətn,  mövsümlərə mifik yöndən yanaşan düşüncə məhsuludur. Nağılda canavar qışın, ana keçi isə yazın simvoludur. Keçinin balaları isə yazın üç ayıdır. Qış yazın üç ayını məhv edib, onun gəlişini əngəlləmək istəyir. Buna nisbətən nail olur. Amma bolluq və bərəkət rəmzi olan və yazı simvollaşdıran keçi qışın bu mənfur niyyətinə mane olur. Amma bunlar təbii ki, mifik dünyagörüşün məhsuludur. Bəşəri düşüncənin ilkin inkişafı olan mifik dünyagörüşün məhsulları sonradan uşaq nağılı kimi özünü qoruyub saxlaya bildi. Çünki insanların düşüncəsi get-gedə inkişaf etdi və onların sakral mənalardan xilas olub əsl mahiyyəti dərk etdikcə, bu kimi nağıllara həqiqət kimi yox, uşaqları əyləndirən vasitə kimi baxmağa başladılar”.

 

Niyə məhz Şəngülüm, Şüngülüm və Məngülüm...

Nağılın niyə bu qədər çox sevilməsi və az qala, hamı tərəfindən əzbər bilinməsindən sonra, insanlarda yaranan  ikinci sual keçi balalarının adları ilə bağlıdır. Niyə məhz Şəngülüm, Şüngülüm və Məngülüm... Uşaq folklorunun bilicisi bu suala da maraqlı cavab verir:

“Nağılda oynaq və əyləndirici dilin, təhkiyə üsulunun  üstün olması onu bütün xalqların nümayəndələrinə sevdirdi. Amma Azərbaycan versiyasında bu oynaqlıq və şirinlik daha çoxdur. Adları da həm oynaqlıq naminə o cür verilib. Bunlar keçi balalarıdır və nəyisə simvolizə edən elementlərdir. Amma adətən, şıltaq və sevimli olan keçi balalarının adları da onların xüsusiyyətinə uyğun olmalı idi. Bu nağıl süjetində Şəngülüm, Şüngülüm və Məngülüm adları yalnız Azərbaycana aid olan versiyada var. Düşünürəm ki, folklorumuzun biliciləri hələ əsrin əvvəllərində bu nağıl süjetini mühafizə məqsədilə yazıya alarkən, keçi balalarını bu cür adlandırıblar. Bu, çox uğurlu yanaşmadır”.

Elmin Nuri