Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-06 07:05:52
Təhsil hüququ pozulan saysız-hesabsız uşaqlar - Müharibələrin bəxş etdiyi görünməyən dəhşətlər

Müharibə, silahlı münaqişələrdən ən çox zərər çəkən uşaqlar olur. Bu, onların psixologiyasına, gələcək həyatına çox təsir edir. Həmin ölkələrdə uşaqlar təhsildən kənarda qalır.

Bəs , bu cür zonalarda müharibədən zərərçəkmiş uşaqların təhsili üçün beynəlxalq qanunvericiliyə əsasən nələr edilir?  Belə uşaqlara hansısa şəkildə kompensasiya ödənilirmi?

AzEDU.az-a açıqlama verən BDU-nun Jurnalistika  fakültəsinin Beynəlxalq Jurnalistika kafedrasının müəllimi, filologiya elmləri namizədi Təranə Mahmudova bildirib ki, uşaqların təhsil hüququ ilə ən çox BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasından çıxış edirlər:  

“II Dünya Müharibəsindən sonra İnsan Haqları üzrə Konvensiya qəbul olunub. İtkilər və qurbanlar o qədər çox oldu ki, insanların sülh uğrunda birgə iştirakı üçün  tədbirlər görüldü. İnsan Haqları haqqında Konvensiya bunlardan biridir. Dünyanı idarəedən və humanizm məsələlərinin həllinə çalışan qüvvələr qərara aldılar ki,  İHÜK yetərli deyil. Uşaqlar üçün xüsusi konvensiya hazırlandı.  Bu, 1989-cu il noyabrın  20-də qəbul olunub. Bizdə səhvən onu iyunun 1-də qeyd edirlər. Bu da  Sovet İttifaqının bu tarixə müəyyən etməsiylə bağlıdır. Əslində, dünya üzrə BMT-nin qərarına əsasən, Uşaqlar Günü  noyabrın 20-i qeyd olunur. Konvensiya 54 maddədən ibarətdir. Konvensiya bütün ölkələrin  eyni qanunu yerinə yetirməsi üçün hazırlanan sənəddir,yəni bunu qəbul edən və təsdiqləyən ölkələr üzərinə öhdəliklər götürür. 43 və 54-cü maddələr bunu əsas götürür ki, həm böyüklər, həm də dövlətlər  uşaqların rifahı üçün çalışmalıdırlar. Uşaqların təhsil hüquqlarına gəldikdə bu, konvensiyanın 28-29-cu maddələrində öz əksini tapıb. Hər bir uşağın təhsil almaq hüququ var, dövlət bunu onun üçün təmin etməyə borcludur. Həmçinin ilkin təhsil məcburidir və pulsuzdur”.

T.Mahmudova deyir ki, Konvensiyada əksini tapan digər məsələ isə hər hansı ölkədən digərinə müharibə, silahlı münaqişə səbəbindən qaçqınlar  qəbul edilirsə, bunlar arasında uşaqların olması  o deməkdir ki, onlar üçün həmin ölkədəki  uşaqlarla eyni imkanlar yaradılmalıdır.

Beynəlxalq hüquq təhsil haqqını bütün uşaqlara şamil edir. Dördünü tez- tez vurğulayırlar. Bunlar uşaqların yaşamaq , inkişaf etmək, istirahət etmək və təhsil hüququdur. Bu konvensiya qlobal xarakter daşıdığına görə, orada olan bütün şərtlər bütün dövlətlər tərəfindən yerinə yetirilməlidir. Bu sahədə ölkəmizdə bəzi imkanlar var. Silahlı münaqişələr,müharibə  əlavə çətinliklər yaradır. Burada yaşayanlar imtina edib, başqa yerə köçürlər,həmçinin uşaqların bəzən həmin yerlərdə dərs keçməsi təhlükəli olur. Bunun üçün səyyar məktəblər yaradılır. İstənilən halda dərslərə ara verilməməlidir. Dövlət təhsilin davamlı olması üçün işlər görməlidir”.

O bildirib ki, kompensasiya məsələsiylə rastlaşmadığını bildirib:

“Müharibə deyəndə hər iki tərəfin iştirakı nəzərdə tutulur. Hücum edən tərəfin digərinə uşaqların təhsili ilə bağlı və ya digər məsələlərdə nələrinsə təşkil etməsi çətin ki olsun.  Bu o zaman ola bilər ki, beynəlxalq tribunala çıxarılsın. Adətən buna illər lazım olur. Bosniya və Herseqovina məsələsini götürək. Soyqırımı kimi qəbul olunub. Hadisənin 20 ildən çoxdur baş verməsinə baxmayaraq, bəzilərinin məhkəmələri hələ də davam edir. Digərləri məhkum olunub. Ölkənin və idarəedənlərin  günahı təsdiqlənərsə ki, onlar dinc əhaliyə qarşı qətliam törədiblər,  nəticədə əhali, eləcə də uşaqlar əziyyət çəkiblər o halda həmin ölkə təzminat ödəməyə məcbur edilir. Bununla yenidən məktəblər tikilir”.

Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov bildirib ki, həmin uşaqların təhsili ilə  bağlı ayrıca konvensiya yoxdur.

“1961-ci il Qaçqınlar üzrə konvensiya var. Burada qaçqınlar və məcburi köçkünlərin  bir kateqoriya kimi həm təhsil almaq hüququ, həm humanitar yardım, vətəndaşlıq verilməsi kimi məsələlər təsdiq olunub. Belə uşaqlar vətəndaşlıq aldıqları məqama qədər, sığınacaq tapdıqları ölkənin bütün qanunvericilikləri onlara şamil edilir. Məcburi köçkünlərdə bu çox asandır, çünki onlar Azərbaycan vətəndaşlarıdır. Onlar azərbaycanlıların malik olduqları bütün hüquqlara  sahibdirlər. Sadəcə onların yeri dəyişib. Məcburi köçkün məktəbləri mövcuddur. Hökumət, hətta işğal olunmuş rayonların strukturunu dağıtmır. Onlar həmin şəkildə təhsil almağa davam edirlər.  Köçkünlərin rayonları işğal altında olduğu üçün müəyyən məhdudiyyətlərlə qarşılaşırlar. Onlar istədiyi məktəbdə oxuya bilərlər. Ancaq hökumət onların strukturlarını saxladığı üçün məsləhət görür ki, onlar məhz yaşadıqları ərazilərdə mövcud olan, onlar üçün yaradılmış məktəblərə getsinlər. Bu, həm də Təhsil Nazirliyinin işidir ki, uşaqları həmin məktəblərə cəlb etsin. Əgər yaşadıqları ərazidə həmin məktəb yoxdursa, o halda yerli məktəbə gedə bilərlər. Heç bir qadağa yoxdur”.

trend_evez_hasanov_260515.jpg

Onun sözlərinə qaçqınlarla bağlı vəziyyət  bir az fərqlidir. Ölkəmizdə Ermənistandan olan qaçqınlarla yanaşı, Əfqanıstan, İran, Pakistan, digər Afrika ölkələrindən olanlar da var:

“Onlar da təhsil seçimində sərbəstdirlər.  Dövlət onlar üçün xüsusi məktəb təşkil edibsə   ora , ya da qaçqınlar üzrə BMT-nin komissarlığı  hansısa məktəb təyin edibsə ora gedirlər. Onlar da Azərbaycan vətəndaşlarının təhsil aldığı  kimi istədikləri ali və ümumtəhsil  məktəblərində təhsil ala bilərlər. Məcbur köçkünlər üçün olan məktəblərin digərlərindən heç bir fərqi yoxdur. Deyərdim ki, Azərbaycanda ali təhsil müəssisələrinə  qəbul  olan yüksək ballı uşaqlar  onluğa daxil olurlar.  Ola bilər ki, şəraiti digər məktəblərə nisbətən aşağıdır. Məcburi köçkünlərin kompakt yaşamadığı yerlər var ki, orada dövlət tam olaraq  məktəb tikə bilmir. Hansısa ictimai binada yerləşirlər və ya direktorun özünün səyi ilə məktəb tikirlər. Qaçqınların birgə yaşadığı yerlərdə də adətən məktəblər təşkil olunur. Onlar hansısa ictimai binaya yerləşdirilirsə, onlar üçün xüsusi məktəblər tikməyə çalışırlar. Türkiyədə Suriyadan olan qaçqınların yerləşdiyi çadır şəhərciklərində dövlət bacardığı qədər orta  məktəbi tikə bilir. Filippində olmuşam. Mindanau- müsəlmanların yaşadığı adada məcburi köçkünlərin, sunami nəticəsində evlərini tərk etmiş adamlar üçün tikilən məktəblərə baxanda, Azərbaycanla onları müqayisə etdikdə çox fərqlər var. Bizdə şərait və yanaşma daha yüksəkdir. Məcburi köçkünlük və qaçqınlığın ilk 5 ilində ola bilsin ki, onlar yaxşı təmin oluna bilmirlər. Dövlətin əsas vəzifəsi ondan ibarət olur ki, onları minimum yaşayış şəraiti ilə təmin etsin. Müəyyən dövrdən sonra təhsil haqqında düşünürlər. Azərbaycan o dövrü keçdiyi üçün bizdə daha rahatdır. İndi inkişaf üçün vəsait xərclənir”.

Ə.Həsənov deyir ki, təhsil hüququ qaçqınların ümumi hüquqlarının içərisindədir: “Tutaq ki, ölkə qaçqını qovubsa, gələcəkdə ona kompensasiyanı itirdiyi əmlaka görə ödəyəcək. Təhsil ümumi fondadır, yəni ayrıca təhsilə nəsə ödəmək təcrübəsi azdır. Hansısa tələbə qaçqın düşür və sonuncu ili oxuya bilmirsə, o adam məhkəməyə müraciət edə bilər. O pənah gətirdiyi ölkənin məhkəməsinə müraciət etdikdən sonra, Avropa Məhkəməsinə də edə bilər. Təhsilini başa vura bilmədiyi üçün qaçdığı ölkədən kompensasiya ala bilər.  Bu individual hal kimi mümkündür. Amma kimsə orada doğulub, uşaq vaxtı valideynləri oradan qaçıbsa, bununla bağlı kiminsə kompensasiya ödəməsi inandırıcı deyil. Sənədləri itibsə, həmin ölkədən tələb edə bilər.  Sənəd verilibsə, bu sizin probleminizdir, almamısınızsa tələb edə bilərsiz. Hətta arxivdən o sənədi vermədikləri üçün də məhkəməyə müraciət edib kompensasiya ala bilərsiz.

Bəzən kompensasiya ödəməkdən boyun qaçırırlar. O halda Avropa İnsan Hüquqları Məhkəməsi növbəti addımlar atır. Onların cəzalandırma mexanizmləri var, amma elə də sərt deyil. Ölkə haqqında hesabat verilir, Nazirlər Kabinetinə məlumat verilir, müəyyən səs hüququ əlindən alına bilər”.