Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-26 16:05:00
Abituriyentlərin çoxsaylı suallarına cavab: "Keçid balı müsabiqədən əvvəl məlum ola bilməz"

2019-сu ildə yeni model əsasında keçiriləcək qəbul imtahanlarıyla bağlı sosial şəbəkələrdə müxtəlif istiqamətlər üzrə müzakirələr aparılır.

Abituriyentləri və valideynləri ən çox maraqlandıran suallardan biri bu il qəbul imtahanlarında formalaşacaq keçid balları ilə əlaqədardır.

Məlumdur ki, abituriyentlər müvafiq balı topladıqdan sonra ixtisas seçimi edərkən ötən il formalaşan keçid balları əsasında qərar verirdilər.

2019-cu ildə qəbul qaydaları yeni formatda keçiriləcəyindən ötən ilki ballarla bu ilki keçid balları arasında fərqlərin yarana biləcəyi qeyd olunur.

Bununla belə, abituriyentlərin keçid ballarını öyrənmək üçün çoxsaylı suallar verdiklərinin şahidi oluruq.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, formalaşacaq keçid balları müsabiqədən əvvəl məlum ola bilməz.

Məlumatda qeyd olunub ki, keçid balı müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır. Bu haqda indidən proqnoz vermək mümkün deyil.

Yəni, abituriyentə təqdim olunan ixtisaslar üzrə keçid balları ən yaxşı ehtimalla, 2018-ci ildə formalaşan ballar ola bilər. Bu il imtahan modeli dəyişdiyindən ballar arasında kəskin fərqlərin yaranması və ya ümumiyyətlə ballar arasında fərqlərin müşahidə olunmaması istisna olunmur. Rəsmi məlumatda da qeyd edildiyi ki, bu haqda indidən proqnoz vermək mümkün deyil.

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları