Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-25 22:30:00
 Bakıda “Məktəb seminarları”na start verildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Məktəb seminarları”na start verilib. BŞTİ-dən AzEdu.az-a verilən məlumata görə, seminarların ilk sessiyası Səbail rayonunun ümumtəhsil məktəblərini əhatə edib.

Seminarların keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və məktəblərin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdir.

 

“Məktəb seminarları” layihəsinin direktorlar üçün keçirilən sessiyasında çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar həyata keçirilən inkişafyönümlü tədbirlərdən, paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.

 

R.Tağıyev layihənin əhəmiyyətindən və müzakirə olunan məsələlərin nəticələrindən də danışıb.

 

Müxtəlif sessiyalarda rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, məktəbdaxili qiymətləndirmə işinin təşkili, I sinfə qəbul, məktəbəhazırlığın təşkili, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, ictimaiyyətlə əlaqələr, təhsil müəssisələrinin uğurlarının daha dolğun təbliği və digər mövzularda çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb.

 

Qruplar şəklində təşkil olunan sessiyalarda ümumtəhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, məktəbdaxili metodiki işə nəzarət, məktəbdənkənar təhsilin mövcud ehtiyaclar əsasında düzgün qurulması, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, şagirdlərə psixoloji xidmətin düzgün təşkili, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi məsələləri də müzakirə olunub.

 

Layihə çərçivəsində, həmçinin BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun əməkdaşları tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər keçirilib.

 

Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

 

Qeyd edək ki, sessiyalar paytaxtın 12 inzibati rayonu üzrə keçiriləcək.