Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-06 05:00:46
"Evlər yalnız ailələrə və qızlara verilir..." - Tələbə oğlanların kirayə problemi

Azərbaycandakı ali məktəblər daha çox paytaxtda cəmləşdiyinə görə regionlardan gələn tələbələr əksər hallarda kirayə qalmalı olurlar. Mənzil kirayələmək isə xüsusilə də oğlan tələbələr üçün müşkülə çevrilir.

Mövzu ilə bağlı AzEdu.az-a  danışan Azərbaycan Texniki Universitetinin mətbuat katibi Nicat Abdullayev bu halın tələbələrin davamiyyətinə ciddi mənfi təsir göstərdiyini bildirib:

“Müşahidələrimə əsasən,  deyə bilərəm ki, yataqxanaların yoxluğu və ya tələbələrin oxuduğu universitetlərdən uzaq yaşaması onların dərsə gecikməsinə səbəb olur. Tələbələr  müəyyən edə bilmirlər ki, məsələn, filan məsafəyə nə qədər müddətə gedib çata bilərlər. Şəhərin müxtəlif yerlərində olan tıxaclar da gecikməyə səbəb olur. Bu, hər bir halda davamiyyətə mənfi təsir edir. Gecikən tələbə deyir ki, evim uzaqdadır, tıxacda idim və s.  Bunların hamısının səbəbi yataqxananın olmamasıdır.

1445255623 0001

Bizim yataqxana kompleksi 5 korpusdan ibarətdir. Vaxtilə ölkənin ən böyük yataqxana kompleksi Texniki Universitetə məxsus olub. Lakin sonradan burada  məcburi köçkünlər məskunlaşmalı oldu.  Dörd korpusda onlar yaşayır. Yalnız bir korpusun üç mərtəbəsi tələbələrin ixtiyarındadır. Burada maddi imkanı daha aşağı olan tələbələrin məskunlaşmasına şərait yaradılır”.

İqtisadçı ekspert Rəşad Həsənov isə öncəliklə kirayə qiymətlərinin tələbələr üçün baha olduğunu bildirib:

“Nəzərə alsaq ki, Azərbaycan kirayə bazarında ali təhsil məqsədli  ehtiyac Bakı və onun ətrafında formalaşıb, kirayə qiymətlərinin gəlirlər fonunda nəinki, tələblər, hətta əhalinin böyük qismi üçün yüksək olması aydın olar.

Bizdə kirayə bazarındakı rəqəmləri digər ölkələrlə müqayisə etmək olmaz. Sadəcə Azərbaycandakı gəlirləri hesablasaq, görərik ki, kirayə qiymətlərinin yüksək olduğu danılmazdır. Əksər ailələr bu yükü paylaşmaq qərarına gəlir və bir neçə tələbə eyni evi tutmaqla kirayə xərcini müəyyən qədər azaltmağa çalışırlar. Nəzərə alsaq ki, Bakıda kirayəyə ehtiyac daha çox rayonlardan gələn tələbələr üçün xarakterikdir. Bu zaman vəziyyətin xeyli çətin olduğu məlum olar. Çünki region əhalisinin dolanışığında çətinliklər daha çoxdur”.

412684273

O, bunun səbəbini universitet yataqxanalarının salınması üçün heç bir işin görülməməsi ilə əlaqələndirib və çıxış yollarını izah edib:

“Çətinliyi yaradan əsas səbəb universitetlərdə yataqxana və kampusların fəaliyyət göstərməməsidir. Bəziləri isə məcburi köçkünlərin mənzil tələbatını ödəmək məqsədilə istifadə olunur. Amma maraqlıdır ki, Azərbaycanın bu istiqamətdə heç bir təşəbbüskarlığı yoxdur.

Hər hansı universitetin razılığı, dövlət qurumlarının dəstəyi əsasında layihələr həyata keçirmək, kampuslar tikmək və bunu daha aşağı qiymətlərlə tələbələrə təklif etmək olar. Bu həm də normal bir biznes fəaliyyəti ola bilər. Bizim həmin istiqamətdə təcrübəmiz formalaşmayıb. Daha yaxşı olardı ki, universitetlər özləri tələblərinin yaşayış problemini həll etmək üçün layihələri reallaşdırmaqda maraqlı olsunlar. Amma ali təhsil müəssisələrinin bunun üçün maddi imkanı yoxdur. Son illərdə isə Publik Hüquqi Şəxs olaraq universitetlərin özünümaliyyələşdirilməsinə başlanıb. Dövlət tərəfindən hansısa xüsusi proqram həyata keçirilməsə, inanmıram ki, yaxın gələcəkdə universitetlər bu şəraiti yaratmaq üçün maliyyə imkanları əldə etsinlər. Burada biznesin iştirakını tətbiq etmək olar. Məsələn qanunvericilikdə hansısa güzəşt mexanizmlərini təşkil edə bilərik. Beləcə, tələbə yataqxanalarını tikən biznes subyektləri müəyyən dövr üçün vergi və ya kommunal xidmətlərdə güzəşt əldə edə bilərlər.

Bu, ciddi problemdir. Dünya sürətlə inkişaf edir. Əgər Azərbaycan neftdən xilas olmaq istəyirsə beyni, insan kapitalını  inkişaf etdirməlidir. İndiki şərtlər daxilində tələbələrin böyük əksəriyyəti işləyərək oxumağa çalışır. Bu çətinliklərlə üz-üzə qaldıqlarından daha keyfiyyətli təhsil almaq imkanlarından yararlana bilmirlər. Buna heç həvəs də olmur. Amma onlar üçün daha yaxşı infrastrukturun formalaşması Azərbaycanda təhsil mühitinin inkişaf etditrilməsinə gətirib çıxara bilər. Həm dövlət, həm universitetlər, həm də biznes üçü bir arada daha əlverişli şəraitin yaradılması istqamətində ciddi proyektlər həyata keçirməlidir”.

Ekspert ev sahiblərinin evlərini oğlan tələblərə etibar etmək istəməməsinin səbəblərini açıqlayıb:

“Hazırda Bakıda müşahidə edilən ciddi problemlərdə biri də oğlan tələbələrə ev verilməməsidir. Bu, çox vaxt həmin mənzildən istifadənin  keyfiyyətsizliyi baxımından baş verir. Çünki qız uşaqları evdən daha səliqəli istifadə edirlər. Oğlanlar isə bu istiqamətdə xeyli çətinliklərlə üzləşirlər.

Təbii ki, mentalitet məsələlərinin də rolu böyükdür. Bəzən, ailələr öz həyətlərində olan mənzilləri kirayə verir və istəmirlər ki, burada yad adamlar, xüsusilə də oğlan uşaqları yaşasınlar. Bəzi ailələr evdəki bir otağı kirayə verirlər. Bu, daha çox qızlara əlverişli şərait yaradır. Oğlanlar üçün imkanlar məhdudlaşır. Buna görə də bir sıra proyektlərin həyata keçirilməsinə ehtiyac yaranıb. Belə layihələri həyata keçirərkən oğlan tələbələrin yerləşdirilməsinə fokuslanmaq lazımdır. Bu, onların tərbiyəsi ilə bağlı cəmiyyətdə neqativ halların formalaşmasının da qarşısını alar. Düşünürəm ki, belə olsa, onların təhsilə meyli də artar. Proqramın genişləndirilməsi fonunda növbəti mərhələdə qız uşaqlarının kirayə problemini həll etmək lazımdır”.

AzEDU.az bu problem yaşamış tələblərin də fikirlərini  öyrənib. Oğlanların əksəriyyəti ev sahibinin onlara mənzil etibar etməkdən çəkindiyini bildiriblər.

Rizvan Fikrətoğlu: “Evini kirayə verənlərin çoxu oğlan tələbələrə ev vermək istəmir. Səbəblər məlumdur: oğlan tələbələr qızlarla müqayisədə təmizliyə az diqqət ayırır, səs-küy yaradır və s. Bu problemlə əksər tələbələr qarşılaşır. Hətta bəzən, heç xanım tələbələrə də ev verilmir, yalnız ailələrə verilir. Həqiqətən, bizdə prosedur maşınlarının çoxu xarabdır. Dövlət abituriyenti universitetə qəbul etdirir, amma gerisi ilə maraqlanmır. Hətta öz pulumla belə mənə ev vermir. Şəhərdə az sayda universitetlərin yataqxanaları var. Onların bir hissəsində başqaları yerləşir. Qalan hissəsi isə  az sayda tələbəni qəbul etmək imkanına malikdir. Məncə, bu, ciddi məsələdir və dövlət problemi diqqət mərkəzində saxlamalıdır. Tələbə adlandırdığımız bu gənclər ki var, onlar dövlətin bel sütunudur”.

Məmmədov İlkin: “Bakıya ilk gələndə kimə müraciət edirdiksə, evini kirayə vermək istəmirdi. Bizə də ancaq şəraitsiz evlərdə yaşamaq qalırdı. Bütün yaxşı evlər ya ailə, ya da yalnız qız tələbələrə verilirdi. Ona görə qaldığımız bütün evlər demək olar ki, insanlıq üçün təhqir idi.

Problemimiz ancaq şəraitsizliklə bağlı olurdu. Həftədə bir dəfə evə usta gəlirdi. Qaz,  su xətti və digər bu kimi problemlərlə məşğul olurdu. Amma səliqə-sahman baxımından problem yaranmayıb. Çünki ev sahibi özü də bilirdi ki, verdiyi evi nə qədər səliqəli saxlamağa çalışsaq da, səliqəsiz görünəcək”.

Anar İbadov: “Bu problemlə qarşılaşmışam. Səbəb kimi isə bizdən əvvəl həmin evdə qalan oğlanların evi dağıtmasını göstəriblər. Deyirlər ki, oğlanlar çox səs-küy salıb qonşuları narahat edirlər. Evdə yaşadığım müddətdə isə təmizlik məsələsinə görə ev sahibi ilə aramızda problemlər olub. Qızlar bizə nisbətən təmizkar olduğuna görə onlara üstünlük verilir. Bizi evdən çıxarmayıblar, amma aramızda müəyyən narazılıqlar olub. Ya da ev sahibi hər işə çox qarışdığına görə özümüz mənzildən  çıxmışıq”.

Gündüz Camalzadə: “Bununla bağlı hər hansı problem yaşamamışam. Amma kirayə pulunun yüksək olması həmişə çətinlik yaradıb”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları