Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-05 09:20:47
Ermənistanın bərbad vəziyyətdə olan təhsili - narazı tələbələr, uçuq məktəblər, formal universitetlər

Ermənistan Milli Təhsil İnstitutunun məlumatlarına əsasən, ölkədə təhsil islahatı tətbiq olunduğu bir neçə il ərzində kurikulum sisteminə keçid olmasa da, dərslər interaktiv formada keçirilir. İnteraktiv təlim metodları dedikdə, şagirdin tədqiqat bacarıqları nəzərdə tutulur. Fəal dərs prosesində şagird müəllimdən izah gözləmir, onunla birgə məsələni araşdırır və nəticəsini qrup halında təqdim edir.

Ermənistanın 10 illik təhsil islahatı

Ermənistanda universitetlərə qəbul imtahansızdır...

Ermənistanda 12 illik ümumi təhsil sisteminə keçid artıq bir neçə ildir ki, təsdiqlənib. Erməni məktəblərində dərslər kurikulum standartları əsasında deyil, ənənəvi qaydada aparılır. Orta məktəblərdə 10 ballıq qiymətləndirmə sistemi tətbiq olunur. Mütəxəssislərin fikrincə, bunun nəticəsində şagirdləri daha obyektiv qiymətləndirmək mümkündür.

Ermənistan Milli Təhsil İnstitutunun məlumatlarına əsasən, burada orta məktəblər əsas və yuxarı siniflər olmaqla, iki hissəyə ayrılır. Əsas siniflər dedikdə, 1-8-ci, yuxarı siniflər dedikdə isə 9-12-ci siniflər nəzərdə tutulur. 8-ci sinfi başa vuran şagird, artıq, yeni binalara- “yuxarı sinif” kriteriyalarına uyğun hazırlanan məktəblərə keçirlər. 8-ci və 12-ci sinfi başa vuran şagirdlər Azərbaycandakı kimi şəhadətnamə və attestat sənədlərini alırlar.

Yuxarı sinif şagirdlərinin təhsilinə, məktəbin onlar oxuyan hissəsinin təmirinə və oradakı müəllimlərə dövlət büdcəsindən daha çox vəsaitin ayrılması digər müəllim və şagirdləri narahat edir…

269.jpg

Hesabatlarda, 2009-2010-cu illərdə Ermənistanda orta məktəblərin sayı təxminən, 1400 göstərilib. Bu məktəblərin 1350-si dövlət, 53-ü isə özəl müəssisələr olub. Bunların 585-i şəhər, 872-si isə kənd məktəbləridir. Erməni mənbələrinə əsasən, 2017-ci ilə qədər daxili miqrasiya nəticəsində bu məktəblərin sayı 100-dən çox azalıb. Lakin bəzi mənbələrdə qeyd olunur ki, bu, dəqiq rəqəm deyil. Bağlanan məktəblərin sayı 200-300 arasında dəyişir. KİV-lərdə gedən məlumatlara əsasən, Ermənistanda 60-dan çox məktəb 3-4-cü dərəcəli qəzalı binalarda yerləşdirilib ki, orada dərs keçmək, ümumiyyətlə, mümkün deyil.

2010-cu ilə qədər Ermənistandakı şagirdlərin sayı 40-45 min aralığında müəyyən edilib.  2015-2016-ci il hesablamalarına görə isə, ümumi təhsil müəssisələrindəki şagirdlərin sayı 35 minə qədər enib.

Ermənistan Təhsil Nazirliyinin verdiyi məlumatlara əsasən, tələbələrin sayı ölkə üzrə, son 7 ildə kəskin şəkildə azalıb. Belə ki, 2012-ci ildə Ermənistanda olan tələbələrin sayı 36.600 nəfər idisə, bu rəqəm 2013-cü ildə 28.000, 2015-də 24.000, 2017-də isə 22.000-ə qədər azalıb.

Universitetə qəbul olunan tələbələrin sayı 2012-ci ildə 16.200, 2013-cü ildə 14.200, 2014-cü ildə 12.350, 2016-cı ildə isə 10.990 nəfər olub. Ən çox azalma isə 2017-ci ilə qədər müddətdə müşahidə olunub. Belə ki, 2017-2018 tədris ili üçün birinci kursa qəbul olunan tələbələrin sayı cəmi 8.700 nəfərə bərabərdir. 2015-2016-ci illər isə tələbələrin ölkəni tərk etdiyi bir dövr kimi yadda qalıb. Bu vaxt ərzində 6.500 tələbə ölkəni tərk edib. Bu tələbələrin təxminən, 40%-i  Qərbə - Fransa, Amerika və Ermənistana yardım edəcək başqa kapitalist dövlətlərdə pulsuz təhsil almağa üz tutublar.

140.jpg

Ermənişünas İsmayıl Tanrıverdi AzEDU.az-a açıqlamasında qeyd edir ki, orta məktəblərdə olduğu kimi, Ermənistanda universitet binalarının da təmiri bərbad vəziyyətdədir: “Başqa bir problem də hazırda universitetlərə tələbə qəbuludur. Demək olar, burada qəbul imtahansızdır. Məzunlar universitetə çox asan yolla qəbul olurlar. Ermənistanda əslən bakılı olan icmalçılardan biri Anahit Baxişyan həm də Azərbaycan əleyhinə güclü təbliğatçılardan biridir. Onun istehza ilə qeyd etdiyi bir cümlədə həqiqət var:

“Bu gün Ermənistanda uşaq bağçalarına daxil olmaq daha çətindir, nəinki universitetlərə…”

Son prezident seçkilərindən sonra təhsilin vəziyyəti

Aksiyanın nəticəsiz qaldığını görən erməni tələbələr, aksiyanın istiqamətini dəyişib, indi də Serj Sarkisyanın baş nazir olmasına qarşı çıxırlar...

2018-ci ilin mart ayının 2-də Ermənistanda növbəti prezident seçkiləri keçirilib. Yeni prezident Armen Sarkisyan prezidentliyə namizədliyi dövründə seçkilərdən sonra Ermənistan təhsilində bir sıra dəyişikliklər ediləcəyinə söz versə də, ermənişünas İsmayıl Tanrıverdi deyir ki, seçkilərdən sonra hələ ki təhsil sistemində heç bir irəliləyiş hiss olunmur:

1456215886.jpg

“Ali məktəb tələbələri uzunmüddətli aksiya keçirdilər. Onlar istəyirdilər ki, tələbələr əsgərliyə aparılmasın. Lakin tələbələrin aksiyası heç bir nəticə vermədi. Ona görə də indi Serj Sarkisyanın baş nazir olmasına qarşı çıxıblar və aksiyalar təşkil edirlər. Orta məktəblərdə də dözülməz vəziyyətdir. 5-6 kənd üçün 1 orta məktəb nəzərdə tutulub. Bu kəndlərdən şagirdlər məktəbə ya şəxsi maşınla, ya da dövlət tərəfindən ayrılan avtobusla gəlirlər”.

Ermənistanda 1-ci kursu bitirən tələbələr, magistratura təhsilinə qədər mütləq hərbi xidmətə yollanmalıdırlar. Bu da bir çox tələbələrin narazılığına səbəb olur. Hazırda prezident vəzifəsini icra edən Serj Sarkisyan isə əsgərlərin sayının getdikcə azalması səbəbi ilə tələbələrin hərbi xidmət möhlətinə razı olmur.

Ermənistanın Yuxarı Ağbaba mahalında Amasiya rayonunda 7 kəndə yalnız 1 orta məktəb düşür. Bu kəndlər arasındakı məsafə isə 10-12 km-dir.

İsmayıl Tanrıverdi deyir ki, 7 kənddən uşaqların hamısı Təpəkənd orta məktəbinə gəlirlər. Ekspert, adıçəkilən məktəbin də yararsız halda olduğunu vurğulayır:

“Bu məktəbin ciddi təmirə ehtiyacı var. Məktəb binasının damını külək dağıdıb, qalıblar çöldə. Yəni, hazırda Ermənistanda, demək olar, əksər orta məktəblərdə vəziyyət acınacaqlıdır.

Eynilə, şəhər məktəblərində də vəziyyət qənaətbəxş deyil. Siniflərdə şagirdlərin sayı olduqca azdır. Əvvəllər ən böyük kənd məktəblərində 500-dən artıq şagird var idisə, indi 20 şagird olar ya olmaz”.

varditer_karapetyan.jpg

Ermənistanda “milliləşmə”

Kənd məktəblərində texniki avadanlıq, bəzilərində isə, hətta, coğrafiya atlası belə olmasa da, internet həmişə var…

“Orta məktəblərdə rus dili dərslərinə çox az saat ayrılır. Bu da rusların heç xoşuna gəlmir. Bu məsələ rəsmi Moskva tərəfindən də bir neçə dəfə kəskin tənqid olunub. Ancaq üstünlüyü erməni dilinə verirlər.

2017-ci ilin 25 sentyabrında Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva ermənistanlı həmkarı Levon Mkrtçyanla görüşü baş tutub. Ermənistanın təhsil və elm naziri yekunda bildirib ki, rus dili bundan sonra ölkədə xarici dil statusuna malikdir və Ermənistanda yeganə rəsmi dövlət dili erməni dilidir”, - İ.Tanrıverdi deyir.

Ermənişünas qeyd edir ki, bəzi ucqar kəndlərdə, ümumiyyətlə, kompüter yoxdur: 

“Məktəblər yalnız xarici dövlətlər tərəfindən texniki avadanlıqlarla təmin edilir. Dövlət bununla bağlı heç bir yardım göstərmir. Hansısa amerikalı işgüzar insan, biznesmen sifarişlə həmin kəndlərə kompüter və bir sıra başqa texniki avadanlıqlar, kitablar göndərir və s.”. 

Ermənistan məktəblərinin problemlərindən biri də ciddi müəllim çatışmazlığıdır. Müəllimlərin əksəriyyəti köçüb başqa yerlərdə fərqli peşələrə yiyələnirlər. Ermənişünaslar bunu ölkədə müəllimlərin yaşayışının çətin olması ilə əlaqələndirir. Belə ki, təhsil işçilərinin aldığı maaş onlar üçün yetərli deyil. Həm də yeni metodların tətbiqi öyrədilməyən müəllimlər bundan narazı qalırlar. Müəllim-şagird qarşıdırması onlar üçün yolverilməzdir. Çünki erməni məktəblərində dərs deyən yaşlı müəllimlər hələ də sovet ənənələrindən qurtula bilmirlər.

83677_b.jpg

Ermənistan təhsilini ayaqda saxlayan diaspora ianələri

Azərbaycan tarixinin saxta təqdim olunduğu erməni tarixi və ədəbiyyatı dərslikləri gömrükdən keçmir…

Diaspor ilə münasibətlər Serj Sarkisyanın 2008-ci ildə prezident olmasından sonra güclənib. 2016-cı ildə Ermənistanın hakim Respublika Partiyasının 16-cı qurultayında ölkə prezidenti Serj Sarkisyan gözlənilmədən diaspor ilə münasibətlərə böyük yer ayırıb. Siyasi şərhçilər prezidentin bu çıxışını Ermənistanı diaspora ilə “birləşdirmək” istədiyinə işarə hesab edib.

İ.Tanrıverdinin sözlərinə görə, diasporun köməkliyi nəticəsində ermənilər Cavaxetiyanı müəyyən vasitələrlə təmin edirlər.

gurcustanda mekteb.png

Cavaxetiya – Gürcüstanın ermənilərin kütləvi şəkildə yaşadığı ən böyük regionudur. Ümumilikdə Gürcüstanda 130-dan çox erməni məktəbi var. Gürcüstanın Axalkalaki və Ninotsminda (Cavaxetiya) rayonları erməni icmasının toplu şəkildə yaşadığı ərazi olduğundan məktəblərindəki uşaqların 95 faizi də ermənilərdir. Burada artıq illərdir ki, ana dili, ədəbiyyat, tarix dərslikləri üçün köhnə kitablardan istifadə olunur. Onlar bu kitabların surətini çıxarmaqla sinifdən sinifə ötürürlər.

İsmayıl Tanrıverdi bunun səbəblərini belə açıqlayır:

“Cavaxetiya ermənilərinin erməni tarixi və ədəbiyyatı kitabları çatışmır. Ona görə, Ermənistandan götürülən 18 min tarix və ədəbiyyat kitabları 2016-2017-ci illərdə Gürcüstana göndərilib, lakin gürcülər onu gömrükdən keçirməyiblər. Ermənilərin dediyinə görə, gürcülər guya bəhanə edirlər ki, siz Azərbaycan tarixini öz tarix kitablarınızda saxtalaşdırıbsınız. Gürcülər düşünür ki, ermənilər bunu belə edibsə, deməli yaxın gələcəkdə onların da tarixini saxtalaşdıra bilərlər. Məhz bu saxtalaşdırmaya görə Gürcüstan Ermənistandan göndərilən tarix kitablarını qəbul etmir. 

Cavaxetiyaya çatdırılan dərsliklərin hamısı qanunsuz yolla çatdırılır. Eynən Ermənistanda olduğu kimi orada da ciddi müəllim çatışmazlığı var. Çünki müəllimlərin əksəriyyətini aldıqları əməkhaqqı qane etmir. Buna gör, onlar əsasən, Türkiyə və Rusiyaya işləməyə gedirlər”.

Ekspert açıqlamasında, həmçinin, qeyd edib ki, diasporun hesabına Yerəvan Dövlət Universitetinin tarix fakültəsi Şuşada talış və azərbaycan dillərində radio veriliş hazırlayır: “Verilişə, gündə bir dəfə - axşam saat 17:00-18:00-da efir vaxtı ayrılır. Azərbaycan dilində yalnız mahnılar səslənsə də, talış dilində Azərbaycanın əleyhinə çağırışlar olur. Müxtəlif millətləri (ləzgi, tat, talış və s.) ölkəmizə qarşı qaldırmağa çalışırlar”.  

Ermənistanda urbanizasiya

Ermənistan təhsil sistemindəki boşluqlar erməni kəndlərinin boşalmasına gətirib çıxarır...

Ermənistanda urbanizasiya göstəriciləri olduqca yüksəlib. Qeyd etdiyimiz kimi, hazırda ölkədə 5-6 kəndə ümumilikdə cəmi 1 orta məktəb düşür. 10 il əvvəlki təhsil islahatlarına əsasən, şagirdlər kənd orta məktəblərində yetkinlik yaşına qədər oxuyurdular və yalnız abituriyent olduqdan sonra, adətən, özləri təkbaşına şəhərə köçürdülər. İndi isə kənd məktəblərinin əksəriyyətinin yararsız vəziyyətdə olması səbəbi ilə ailələr övladlarının məktəblərini dəyişib, şəhər məktəblərində oxutmaq istəyirlər. Çünki şəhər məktəbləri kənd məktəblərinə nisbətən daha yararlı vəziyyətdədir. Bütün bunlara görə, hazırda 14-15 yaşlı məktəblini yeni məktəbə keçirmək lazım gəldikdə, bir çox hallarda ailə öz uşağı ilə birlikdə şəhərə köçməyə qərar verir. Bu daxili miqrasiya nəticəsində isə Ermənistan kəndləri boşalaraq, şəhərlərdəki əhalinin sayı çoxalır.