Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-18 14:41:00
On minlərlə tələbənin artan təqaüdü, minlərlə abituriyentin gözlədiyi xəbərlər, azalan ixtisaslar – Həftənin təhsil icmalı  

AzEdu.az həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Tələbələr üçün Prezident təqaüdünün məbləği artdı

Geridə buraxdığımız həftədə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, ölkəmizdə təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 (iki yüz on) manat müəyyən edilib.

Tələbə, magistr və doktorantların təqaüdü artırıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilir:

- Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat

- ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

adlı təqaüd alan tələbələrə – 170 manat

- magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat

- bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat

- orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

- Peşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat.

Müəyyən edilir ki, təqaüdlərin ödənilməsi, doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.

Bu sərəncam 2019-cu il martın 1-dən qüvvəyə minir.

Ali məktəblərə qəbul imtahanlarının dəqiq tarixləri açıqlandı 

DİM  2019-cu ildə keçirilməsi nəzərdə tutulan ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, I - V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının, ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya ixtisaslaşma seçiminin, kolleclərə ərizə qəbulunun, eləcə də digər tədbirlərin tarixləri açıqlayıb.

Təhsil Nazirliyi tələbə kreditləri ilə bağlı yeni sənəd hazırladı

"Azərbaycanda yeni tələbə kredit sisteminin yaradılması ilə bağlı sənəd layihəsi yaxın zamanlarda hökumətə təqdim ediləcək".

Bu sözləri  təhsil naziri Ceyhun Bayramov deyib.

2015-ci ildən Azərbaycanda “Maarifçi” Tələbə Kredit Fondunun yaradıldığını deyən C.Bayramov əlavə edib ki, hazırda fond bir necə ali məktəbin təsisçiliyi ilə fəaliyyət göstərir.

Lakin nazir hesab edir ki, yalnız ali məktəblərin daxili potensialları hesabına bütün ölkədə bu ehtiyacı ödəmək mümkün deyil: "Tələbələr üçün uzunmüddətli kredit sistemi qurulmalıdır və bunun üçün hərtərəfli işlənmiş qanunvericilik bazası hazırlanmalıdır. Tələbə kreditləri digər kreditlərdənfərqli şəkildə verilməlidir. Onlar daha uzunmüddətli olmalıdırlar. Həmin sistemin qurulması ilə bağlı beynəlxalq təcrübə göstərir ki, dövlətin dəstəyi hər zaman bu sistemin üzərində olur. Bununla bağlı aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaradılan işçi qrup çox sürətlə işləyir. Hesab edirəm ki, yekun layihə yaxın zamanlarda hökumətə təqdim ediləcək. Düşünürük ki, 2019-2020-ci tədris ilində Azərbaycanda artıq işlək tələbə kredit sistemini yaratmaq mümkün olacaq".

2015-ci ildən bəri tələbələrə 220-dən çox təhsil kreditinin verildiyini söyləyən C.Bayramov əlavə edib ki, bu sahədə əldə edilən təcrübə çox müsbət bir platforma rolunu oynayıb.

Prezident məktəb tikintisinə 2 milyon manat ayırdı

Prezident İlham Əliyev Beyləqan rayonunun Dünyamalılar kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Beyləqan rayonunun Dünyamalılar kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Ali məktəblərə qəbul imtahanlarının dəqiq tarixləri açıqlandı

DİM  2019-cu ildə keçirilməsi nəzərdə tutulan ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, I - V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının, ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya ixtisaslaşma seçiminin, kolleclərə ərizə qəbulunun, eləcə də digər tədbirlərin tarixləri açıqlayıb.

Nazirlik təhsili olmayan şəxslərin bacarıqlarının tanınması üçün layihə hazırladı

"İnformal və qeyri-formal üsullarla əldə edilən səriştələrin tanınması üçün normativ hüquqi aktın qəbul olunması ilə bağlı layihə hazırlanıb. Bu, Nazirlər Kabinetinin qərar layihəsi olacaq".

Bu sözləri  təhsil nazirinin müavini İdris İsayev deyib.

Layihənin razılaşdırılması üçün aidiyyatı orqanlara təqdim olunacağını qeyd edən nazir müavini bildirib ki, bəzi insanlar müəyyən bilik və bacarıqlara malikdirlər:

"Onlar bunu müxtəlif vasitələrlə alıblar - kiminsə yanında öyrəniblər və yaxud hanısa kurslarda iştirak ediblər".

O vurğulayıb ki, həmin şəxslərin bilik və bacarıqları dövlət nümunəli təhsil sənədi ilə təsdiq olunmur: "Onlar da əmək bazarına çıxmaqda çətinlik çəkirlər. Bu gün qeyri-rəsmi işləyənlərin müəyyən bir qismi həmin şəxslərdir. İstərdik ki, onlar əmək bazarına asan daxil ola bilsinlər və təminatlarından istifadə etsinlər. Bunun üçün də onların bilik və bacarıqlarını həmin qaydalara uyğun olaraq müəyyən məhələlərdən keçirərək tanıyacağıq. Bu dünya ölkələrinin hər birində var. Bu 4 pilləli sistemi ölkəmizdə tətbiq edərək həmin şəxslərin bilik və bacarıqlarını tanınması ilə bağlı sənəd verəcəyik”.

Baş nazir ali təhsil üzrə ixtisaslaşmalarda dəyişiklik etdi

Azərbaycanda ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda dəyişikliklər edilib.

Qeyd edək ki, dəyişiklik Baş nazir Novruz Məmmədovun imzaladığı qərar  2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minəcək.

Ali məktəblərin bakalavriat pilləsi üzrə yeni ixtisaslar yaradılıb

“Bakalavriat səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb, bir çox ixtisaslar ləğv olunub”.

15 yanvarda DİM-in çap etdiyi “Abituriyent” jurnalında  balakavr pilləsi üzrə 174 ixtisas olsa da, bu gün Nazirlər Kabinetinin təstiq etdiyi “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nda 140 ixtisas var ( əlavə 8 ixtisas da Xüsusi təyinatlı ixtisaslardır).

Əlavə edilən, yeni yaradılan bəzi ixtisaslar: (bu ixtisasların bəziləri kolleclərdə var idi, indi bakalavr pilləsində də yaradılıb).

Həftənin təhsil  informasiyaları

Rezidenturaya sənəd qəbulu başladı

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul elan edib.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün namizəd 2019-cu il fevralın 14-dən 21-dək mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 manat) “Şəxsi kabinet”indəki hesabına əlavə edərək qeydiyyatdan keçə bilər.

Qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd 2019-cu il fevralın 14-dən 21-dək mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 manat) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Ali məktəb ixtisaslarının sayı 175-dən 148-ə qədər azaldıldı

Nazirlər Kabinetinin qərarı ilə “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” təsdiq olunub.

Təsnifatın yenilənməsində əsas məqsəd beynəlxalq təcrübəyə və müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanması və ali təhsil müəssisələrində tətbiqindən ibarətdir.

Qərara əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, bir sıra ixtisasların adları Avropa universitetlərinin təcrübəsinə uyğun müasirləşdirilib. Bəzi ixtisasların adlarında dəyişiklik olmasa da, onların təhsil proqramlarının məzmununun təkmilləşdirilməsi nəzərdə tutulur. Tvinninq layihəsi çərçivəsində 15 ixtisasın tamamilə yeni məzmunlu təhsil proqramının hazırlanması planlaşdırılır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları