Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-05 05:00:37
“Çağıraq, türklər bizə dərs keçsin!” - “Vətəndaşın sağlığını qoruma mexanizmi yoxdur”

Azərbaycanda səhiyyə sistemindən narazılıq getdikcə artmaqdadır. Xəstəliklərin artması fonunda səhiyyəmizin geri qalması, bu sahədə qeyri-peşəkarların önə çəkilməsi cəmiyyətdə narahatlıqla qarşılanır. Bu sahənin şəffaflaşması, insanlara tibbi xidmətlərin vaxtında və keyfiyyətli şəkildə göstərilməsi üçün dövlət xeyli vəsait sərf etsə də, hələlik ciddi bir nəticə yoxdur.

Yenə həkim səhlənkarlığı ucbatından ölənlər var, yenə keyfiyyətsiz müalicəyə görə pulunu və sağlamlığını itirənlərə rast gəlinir, yenə insanlarımız şəfasını xaricdə axtarır... Belə bir məqamda milli məclisdə maraqlı bir təklif səslənib. Millət vəkili Fazil Mustafa Türkiyənin Azərbaycanda yeni, özəl tibb unversiteti açmasını təklif edib, bunu ölkəmizdəki Tibb Universitetinin yüksək səviyyəli kadr hazırlamaq gücündə olmaması ilə əsaslandırıb. Bəs görəsən bu, mümkündürmü? Belə bir universitetin aşılmasının səhiyyəmizə doğrudanmı müsbət təsiri ola bilər?

Bu suallarla bağlı AzEdu.az saytına  danışan Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev hesab edir ki, belə bir universitetin açılmasına ehtiyac yoxdur:

“Təhsil sistemi hər yerdə müxtəlifdir. Hər ölkənin özünəməxsus, fərqli standartları var. Ola bilər ki, hansısa Türkiyə vətəndaşı və ya siyasət adamı da Almaniyanın gəlib orada tibb universiteti açmasını təklif etsin. Yəni bunlar subyektiv fikirlərdir.

Azərbaycanda dünyanın ən tanınmış ali təhsil müəssisələrindən biri olan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı açılıb və fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan Tibb Universitetinin Türkiyə, Almaniya və digər ölkələrin ali təhsil müəssisələri ilə əlaqələri var, tələbə mübadiləsi aparır. Qanunvericilik Azərbaycanda ayrı bir universitetin açılmasına heç bir maneə törətmir. Azərbaycan qanunlarına uyğun universitet açıla bilər, amma buna ehtiyac da görmürəm”.

musa.jpg

O, Azərbaycan səhiyyəsini aşağılayacaq, sıfırlayacaq fikirləri qəbul etmədiyini qeyd edib:

“Azərbaycan Tibb Universitetində son illərdə çox ciddi islahatlar aparılıb. Yeni texnologiyaların öyrənilməsi ilə bağlı laboratoriyalar yaradılıb, yaxşı avadanlıqlar, tədris materialları alınıb. Cərrahiyyə və terapiya korpusları tikilib, müasir klinikalar açılıb. Amma təbii ki, bizim universitet reytinqə görə hələ çox işlər görməlidir ki, dünya səviyyəsinə gəlib çatsın. Amma mən Azərbaycan səhiyyəsini, tibb təhsilini aşağılamaq, sıfırlamaq fikirlərini qəbul etmirəm. Bəli, problemlərimiz var və onları həll etmək üçün işlər görülür. Lakin səhiyyə sahəsində kifayət qədər uğurlarımız da var.  Yəni, biz  irəliyə addımlayırıq, amma Azərbaycanın dövlətçilik, səhiyyə, müstəqil universitet təcrübəsi ilə Türkiyəni, Almaniyanı müqayisə edə bilmərik.

Azərbaycanda bu gün səhiyyə xidmətinin qeyri-kafi vəziyyətdə olduğunu, Tibb Universitetinni bitirən kadrların yarasızlığını demək ədalətsiz olar. Çünki, onlar 10 milyon insana xidmət edir. Amma tənqidlər də normal qarşılanmalıdır.

Tibb universitetinin uğurları var. Tələbə mebadiləsi aparır, əcnəbi universitetlərlə əlaqəsi var. Tələbələri xarici ölkələrə oxumağa göndərirlər. Hətta əcnəbi tələbələrdən də gəlib bizdə oxuyanlar var”.

Millət vəkili Tibb Universitetində yeni kadrlara, yanaşma üsullarına ehtiyac olduğunu qeyd edib:

“Sadəcə müəllim kadr potensialının yenilənməsinə ehtiyac var. Çünki son illər müsair elmi texniki tərəqqi tibb sahəsinə nüfuz etməkdədir. Yeni avadanlıqlar, diaqnostika və müalicə aparatlarının  öyrənilməsinə, yeni yanaşma  üsullarına ehtiyac var. Mən hesab edirəm ki, xaricdə təhsil almış kadrları, uzmanları müəllim kimi dəvət etmək olar. Onlar klinikalarda işləməklə bərabər tibb universitetində də dərs deyə bilərlər. Mənim hazırda Tibb Universitetinin fəaliyyətindən narazılığım yoxdur, amma təbii ki, hər kəs daha yüksək pillələrin fəth olunmasını arzu edər”.

Borçalı İctimai Birliyinin sədri, tanınmış həkim Zəlimxan Məmmədli isə tibb sahəsində çox danışılıb, az iş gördüyümüzü deyib:

“İlk növbədə səhiyyənin vəziyyəti yaxşılaşdırılmalıdır. Mən səhiyyə işçisiyəm, xəstələrlə gündəlik təmasda oluram. Ümumiyyətlə, inkişaf etmiş dövlətlər-postsovet ölkələri, Pribaltika və Şərqi Avropa dövlətlərinin, Gürcüstanın islahatlar modelini bilirəm. Təəssüf ki, biz çox danışıb, az iş görürük. Azərbaycan siyasi sistemi səhiyyənin çağdaş zamanın tələblərinə uyğun formada olmasını əngəlləyən bir mexanizmə çevrilib. Sovet səhiyyə sistemindən nə qalıbsa, odur. Özəl klinikalar faktiki olaraq birincidir. Amma dövlət səhiyyə xidməti, ümumi götürsək səhiyyə institutlarında, tibbi kadrlar hazırlayan institutlarda, təhsilin səviyyəsində və ya ixtisasartırmada çox ciddi boşluqlar var. Sovet səhiyyə sistemindən qalanlar hələ də yerində sayır. Səhiyyə sistemimizdə ciddi islahatlara ehtiyac var. Onların aparılması üçün modellər götürə bilərik.

2017-12-26-00-53-0563.jpg

Amma Azərbaycanın imkanları da zəngindir. İntellektual imkanları yetərlidir. Sadəcə təhsil sistemi yerindən oynamalıdır. İntellektual insanın, alimin, yaradıcı insanın, tibb personalının sosial müdafiəsi, yüksək səviyyədə təminatı  üzərində düşünülməlidir. Belə olsa, mənə elə gəlir ki, şərqi Avropa dövlətlərinin, Türkiyənin səhiyyə sistemi səviyyəsinə çata bilərik. Öz resurslarımız buna yetərlidir”.

O, F.Mustafanın yeni tibb universitetinin açılması təklifinə də münasibətini bildirib:

“Fazil bəyin qaldırdığı məsələ Türkiyə təhsil modelinin Azərbaycanda tətbiqi baxımından doğru ola bilər. Həm də Türkiyədəki səhiyyə Avropa və Amerika səhiyyə sisteminə daha yaxındır. Orada klinikaların, kadr potensialının, təhsil sisteminin yüksək səviyyədə olması faktdır. Mən təəssübkeşlik edərək öz imkanlarımızdan istifadə etməyi təklif edirəm. Onları həyat keçirmək üçün siyasi iradə lazımdır. Dövlət siyasətinin strateji hədəflənməsi olmalıdır ki, bunları quraq”.

Həkim həm də alimə olan münasibətin dəyişməli olduğunu vurğulayıb:

“Mən bir az əvvəl ixtisastəkmilləşdirmə institutunda kursda idim. Təsəvvür edin ki, bizdə mühazirə oxuyan müəllimlərin maaşı ortalama 350 manatdır. Bu pulun müqavilində professor auditoriyada dərs deyir, tələbkarlıq edir. Amma belə olmur. Alimə olan münasibət dəyişməlidir. O alimlər hər bir mühazirəyə görə o qədər vəsait almalıdırlar. Tədqiq etməli, öyrənməlidirlər. Ana dilimizdə tibbi, maarifləndirici  kitablar kifayət qədər çox olmalıdır. Bunun olmamasına səbəb kadr çatışmazlığı deyil . Sadəcə maddi stimul, sosial müdafiə yoxdur. Bunlar hamısı kompleks halında olarsa, qısa zamanda Azərbaycanda fərqli səhiyyə qura bilərik”.

fazil-mustafanin-sou-biznes-gundemi.jpg

O, icbari sosial sığorta probleminə görə də səhiyyəmizin dünya ölkələrindən geri qaldığınıqeyd edib:

“Məsələn pilot layihələr həyata keçiririk. Niyə pilot etməliyik? Axı dünya təcrübəsinə görə dövlət yumruğunu bir yerə qoyub bütün müəssisələrdə sicbari sosial sğortanı həyata keçirir. Hər bir vətəndaş  dövlət qarşısında sağlığını qoruyan mexanizmdir. Amma bu gün Azərbaycanda harda qırıldısa, orada da ölür. Vətəndaşın sağlığını qoruma mexanizmi yoxdur. Onun ən yaxın yollarından biri sosial sığortadır. Belə olanda kimsə infarkt olub 5000 manat tapa bilmirsə, dövlət o pulu ödəyəcək. Gürcüstanda neft, qaz yoxdur, amma sosial sığorta var. Səhiyyə sistemi vətəndaşın sağlığını qoruyan, yaxşılaşdıran mexanizmə çevrilməlidir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları