Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-13 12:16:23
DİM-də  cavabların yoxlanması, şifrələnməsi, xüsusi qorunan möhürlü arxiv- Özəl reportaj-II hissə  

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi  10 fevralda yeni təhsil proqramları üzrə 2019-cu ilin qəbul imtahanı modelinə uyğun respublikanın 26 şəhər və rayonunda sınaq imtahanları keçirib.

Fevralın 11-dən etibarən, DİM-də İctimai Şura üzvlərinin nəzarəti altında sınaq imtahanı materiallarının emalı prosesinə başlanılıb.

Məlum olduğu kimi, ixtisas qrupları üzrə təqdim olunan 30 tapşırıqdan 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır.

Yazı işlərinin qiymətləndirilməsi özlüyündə yeni yanaşmalar tələb edən ciddi mərhələdir.

12 fevraldan etibarən materialların “scan” olunub şifrələnməsinə və sözügedən yazı işlərinin proqram vasitəsilə hər bir tapşırıq üzrə ayrılmasına (elektron kəsilməsinə) start verilib.

Əməkdaşımız bu prosesləri də yaxından izləyib.

AzEdu.az DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi və İctimai Şura üzvlərinin iştirakı ilə imtahan materiallarının emalı prosesindən hazırlanan reportajın II hissəsini təqdim edir:

(I hissə burada): http://azedu.az/az/news/11440

Şifrələnmə…

Materialların emalına başlanılan ilk gündə cavab vərəqlərinin və cavab kartlarının “scan”olunması üçün necə hazır vəziyyətə gətirildiyi barədə məlumat vermişdik.

İndi tanış olduğumuz məqam isə “scan” olunmuş materialların şifrələnməsi prosesi idi.

Daxil olduğumuz otaqda sınaq imtahanında iştirak edən 23.337 abituriyentin cavab vərəqləri (açıq tipli tapşırıqlarının cavabları əks olunan)ilə qarşılaşdıq.

Bu mərhələdə imtahan verən bütün abituriyentlərin yazı işləri “scan” edilir. Daha sonra elektron təsvirlərdən şagirdi identifikasiya edə biləcək bütün məlumatlar silinir və hər bir şagirdə aid yazı işinə şərti kod verilir.

Yazı işlərinin kimə aid olması yalnız nəticələr elan olunan zaman abituriyentlərin real iş nömrələri ilə uyğunlaşdırılır.

Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə şəxsən məlumat verərək bizi proseslə əyani tanış etdi.

Möhürlənmiş ARXİV

Sınaq imtahanı materiallarının emalı barədə danışan Məleykə Abbaszadə bu prosesin qəbul imtahanlarında bir qədər fərqli aparıldığını diqqətə çatdırdı:

Cavab vərəqləri və kartları yalnız sınaq imtahanı olduğuna görə gördüyünüz otaqda cəmləşdirilib. Ali məktəblərə qəbul imtahanları zamanı bütün kartlar arxivə yerləşdirilir və 4 möhür vurulur. Buraya, 4 nəfərin, mənim və Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) 3 generalının yalnız birlikdə daxil olmaq hüququmuz var”.

HAŞİYƏ: Qəbul imtahanlarında sənədlərin daşınma prosesi də fərqlidir. Belə ki, materialların imtahan binalarınapaylanılmasından tutmuş, cavab kartlarının DİM-ə təhvil verilməsinə qədər aparılan bütün proseslər XDMX-nınəməkdaşlarının müşayiəti ilə həyata keçirilir.

Protokolların emalı

Bütün imtahanların, eləcə də 10 fevralda keçirilən sınağın təşkil olunmasındahər otaq üzrə bir-iki nəzarətçi, hər 3-7 zal üzrə bir imtahan rəhbəri və bina üzrə bir ümumi imtahan rəhbəri təyin edilir. Hər nəzarətçi, imtahan rəhbəri və ümumi imtahan rəhbəri imtahan müddətində baş verən ən xırda hadisəni beləöz protokoluna qeyd etməyə borcludur.

Məleykə Abbaszadə bizi sözügedən protokollarla da tanış etdi.

Bu sənədlərə baxış keçirən zaman şahidi olduq ki, protokollara nəzarətçilər tərəfindən daha çox abituriyentlərin imtahanda iştirak edib-etməməsi, onların cavab kartlarını dolduran zaman yol verdiyi səhvlər barədə məlumatlar qeyd olunub.

Sənədlərdə, eyni zamanda şagirdin səhhətində yaranan hər hansı problem səbəbindənimtahan otağını tərk etməsi halları və qaydaların pozulmasına görəzaldan kənarlaşdırılan abituriyentlər haqqında bilgilər əks olunmuşdu.

Məleykə Abbaszadə bildirdi ki, abituriyent imtahan zamanı baş verən hadisəni nəzarətçiyə bildirməli və nəzarətçi bu hadisəni protokola mütləq qeyd etməlidir. Əgər abituriyent etdiyi səhvi vaxtında bildirərsə və bu, protokolda əksini taparsa, şagirdin imtahandan sonrakı müraciəti Apelyasiya Komissiyasında diqqətə alına bilər.

Bütün protokollar emal olunandan sonra ümumi arayış hazırlanaraq, DİM sədrinə təqdim olundu. Burada sınaq imtahanında bütün binalar üzrə baş verən hadisələr ümumiləşdirilmiş formada əksini tapmışdı.

İmtahan materiallarının şifrələnmə prosesi başa çatdıqdan sonra şifrələnmiş “cavab vərəqi” faylları xarici yaddaş qurğusuna köçürülərək xüsusi proqram vasitəsilə kəsilmək üçün Şura üzvlərinin də müşayiəti ilə DİM-in digər korpusuna göndərildi.

Yazı işlərinin tapşırıqlar üzrə ayrılması, etalonların seçilməsi və kalibrləmə üçün materialların hazırlanması barədə növbəti reportajda məlumat verəcəyik.

AzEdu.az sınaq imtahanlarının yoxlanılma prosesini yaxından izləyərək hər kəsin marağında olan məqamları silsilə yazılarla təqdim etməyə davam edəcək.... (ardı var)

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları